|
|
|
|
#89(313)
|
 |
Azad İstehlakçılar Birliyi prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə müraciət edərək ötən il qəbul edilmiş "Hər cür lotereyaların təşkili və keçirilməsi haqqında" əsasnaməyə dəyişikliklər edilməsi xahişində bulunublar. Bu barədə mə`lumat verən lotereya texnologiyaları sahəsində istehlakçıların hüquqlarını müdafiə komissiyasının sədri Arif Aslanov bildirib ki, təqdim olunan təkliflərdə əsas diqqət lotereya biletlərinin tiraja kimi 100 faiz sığorta olunmasına yönəldilib.
Komissiya sədrinin fikrincə, vacib məqam ondan ibarətdir ki, (sığorta müvəqqətidir və tiraja kimi qüvvədədir) hazırda sözügedən əsasnaməyə əsasən hər bir lotereya biletinə 50 faiz bank zəmanəti verilir. Yə`ni tiraj baş tutmadıqda istehlakçı biletə ödədiyi pulun cəmi 50 faizini geri ala bilər. İstehlakçıların hüquqlarını müdafiə etmək məqsədilə Azad İstehlakçılar Birliyinin mütəxəssisləri dünya praktikasında olduğu kimi, 100 faizlik sığorta tə`minatı haqqında qərar qəbul olunmasına israr edirlər.
Bu barədə AİB-dən bildirirlər ki, elə hallar olub lotereya operatorlarının ("Qızıl açar", "Ümid" və s.) aldıqları lisenziya çərçivəsində keçirilən sonuncu tirajın gedişində onlar əhalinin nəzərinə çatdırmayıblar ki, növbəti tiraj yeni lisenziya alınandan sonra baş tutacaq.
Elə hallar olur ki, operator lisenziya ala bilmir və əhalinin biletlərə sərf etdiyi vəsaitlərinin yarısı itir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, təqdim olunan təkliflər həmçinin uduş fondu, şey uduşlarının sayı ilə əlaqədar bütün məsələlər barədə istehlakçıları mə`lumatlandırmağı nəzərdə tutur. Belə ki, mövcud əsasnaməyə görə, hazırda uduş fondu satılan biletlərin 50 faizindən az ola bilməz. Uduş fondu ilə əlaqədar AİB-in təkliflərinin əsas səbəbi odur ki, adətən bu fond 3-5 faiz, elə vaxtlar olur ki, 9 faiz azaldılır.
Onu da deyək ki, Azad İstehlakçılar Birliyinin mütəxəssisləri bu ilin 6 ayı ərzində lotereya bazarının operatorlarının fəaliyyətinin tədqiqini başa çatdırıblar. Lotereya texnologiyaları sahəsində istehlakçıların müdafiə komissiyasının sədri Arif Aslanovun sözlərinə görə, komissiya lotereya biznesi ilə məşğul olan bütün təşkilatların - "Relko" (lotereya "Super-loto"), "Milan" -("Ümid"), SS - ("Sevinc loto"), "Uğur Ltd."- ("Şeş qoşa" və "Şeş qoşa plyus"), "Azərolimpik interneyşnl" - ("Şans"), "Şans limited"- ("Futbol") və s. firmaların fəaliyyətini araşdırıb. Azad İstehlakçılar Birliyinin nümayəndələrinin sözlərinə görə, respublikanın lotereya bazarı çox cavan olduğundan bu bizneslə məşğul olan şirkətlərin və istehlakçıların çoxlu sayda problemləri mövcuddur.
Onlardan biri keçirilən tiraj haqqında əhalinin tam informasiyaya malik olmamasıdır.
İkincisi, uduşlara görə verginin ödənilməsidir. Lotereya təşkilatçıları öz e`lanlarında qeyd edirlər ki, verginin ödənilməsi məsələsini uduşun qalibi özü həll etməlidir. Lakin Azad İstehlakçılar Birliyinin nümayəndələri hesab edirlər ki, heç bir qanunvericilikdə, o cümlədən Vergi Məcəlləsində bu barədə danışılmır.
Lisenziyalarla bağlı problemlər də mövcuddur. Hansı ki, lotereya bazarının operatorları həmin lisenziyaları istehlakçılar arasında lotereyaları realizə edənlərə təqdim etməlidirlər.
Azad İstehlakçılar Birliyinin mütəxəssisləri bəyan edirlər ki, onlar lotereya bazarını bağlamağı qarşılarına məqsəd kimi qoymayıblar. Onların fikrincə, sözügedən birlik lotereya bazarındakı problemləri həll etmək, operatorların işində qanun pozuntularını ("İstehlakçıların hüquqlarının qorunması haqqında", "Hər cür lotereyaların təşkili, buraxılması və keçirilməsi haqqında" Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin əsasnaməsi) və beynəlxalq prinsiplərin pozulmasını aradan qaldırmaq istəyirlər.
Qeyri-rəsmi mə`lumatlara görə, iyul ayının başlanğıcı ötən ilin əvvəli ilə müqayisədə lotereyaların satışı 80 faiz aşağı düşüb.
Rəsmi mə`lumatlara görə, bu ilin 6 ayı ərzində Azərbaycanda 11 milyon ədəd lotereya bileti satılıb. Göstərilən müddətdə lotereya oyunlarının keçirilməsindən büdcəyə 700 milyon manat vəsait daxil olub. Qeyd olunan dövrdə lotereyaların keçirilməsinə 20 lisenziya verilib. Bundan başqa, "Futproqnoz", "Metropol", "Milan" şirkətlərinin lisenziyaları geri alınıb. Yoxlamalar nəticəsində "Eşqin servis" və "Bonus Amerika" ani uduşlu lotereyaların qeyri-qanuni buraxılması aşkar olunub.
"Exxon Azerbaiyan" əməliyyat şirkəti respublikamızın ali məktəblərinin geologiya üzrə 2 tələbəsinə təqaüd tə`sis edib. Həmin tələbələr sonrakı təhsilini ABŞ-ın ən yaxşı universitetlərindən birində - Texas A&M-də (2001-2002-ci tədris ili) davam etdirəcəklər.
Qeyd edək ki, bu il ABŞ-da təhsil almaq üçün 3 tələbə seçilib. Onların 2-nə "Exxon Azerbaiyan", 1-nə isə "Chevron Overseas Exrloration Limited" yardım göstərəcək. "Exxon Azerbaiyan"ın baş meneceri Corc Makdonaldın sözlərinə görə, şirkətin əsas məqsədi Azərbaycanı yüksək ixtisaslı neft sahəsi mütəxəssisləri ilə tə`min etməkdir.
Bildirək ki, ötən 5 il ərzində "Exxon Azerbaiyan"ın təqaüd proqramını ABŞ-ın Hyüstonda yerləşən Geologiya İnstitutu idarə edib. Adı çəkilən proqram çərçivəsində şirkət 8 tələbəni maliyyələşdirib.
Bakı Şəhər İcra Hakimiyyətinin reklam və informasiya idarəsi ölkə prezidenti Heydər Əliyevin 19 iyun tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" sərəncama uyğun olaraq avqustun 1-ə kimi paytaxtda yerləşdirilmiş bütün reklam şitlərindəki, lövhələrdəki yazıları Azərbaycan dilinin ədəbi normalarına uyğunlaşdırmalı idi. Lakin xarici dillərdə hazırlanmış reklam şitləri, lövhələr və s. çox olduğundan onların sökülməsini hələ də başa çatdırmaq mümkün olmayıb.
Meriyadan bildirirlər ki, avqustun sonuna kimi demontaj əməliyyatı başa çatdırılacaq. Firmaların, mağazaların, adları xarici dildə saxlanılacaq. Lakin elə həmin reklam lövhələrində Azərbaycan dilində aydınlaşdırma aparılmalıdır.
Reklam lövhələrinin sahibləri isə onları demontaj etməkdən boyun qaçırırlar. Onların bu addımına səbəb yeni lövhələrə çəkiləcək xərclərin onların boynuna düşəcəyi ilə əlaqədardır. Qeyd edək ki, hazırda meriya sutka boyu reklam şitlərinin sökülməsini davam etdirir.
Ramstore ticarət mərkəzində baş vermiş yanğının səbəbləri ilə əlaqədar yekun ekspert qiymətləndirilməsi, həmçinin supermarketin sahiblərinə dəyən zərərin hesablanması avqustun sonuna kimi başa çatdırılacaq.
Qeyd edək ki, əslində yuxarıda sadalanan işlər hələ iyun ayında başa çatdırılmalı idi. "Gunay Anadolu Sigorta" Türkiyə-Azərbaycan birgə müəssisəsinin baş direktoru Əlövsət Qocayev işlərin belə gecikməsini beynəlxalq ekspertlərin gəlişi ilə əlaqələndirib. Sözügedən sığorta şirkəti Ramstore-a dəyən ziyanın məbləğini dəqiq müəyyənləşdirməkdə maraqlıdır. Çünki Ramstore "Gunay Anadolu Sigorta"da sığorta olunub.
Bildirək ki, artıq Rusiya, Türkiyə və Almaniyadan ibarət ekspertlər qrupu Bakıda olublar. İndi isə Türkiyədən və Almaniyadan növbəti ekspert qrupunun gəlişi gözlənilir.
Onların gəlişindən sonra Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə İdarəsinin əməkdaşları və ekspert qrupu yekun qərar hazırlayacaq.
Bildirək ki, "Gunay Anadolu Sigorta" ilə ticarət mərkəzi arasında bağlanmış sığorta müqaviləsinin maksimal həcmi 7 milyon 200 min dollardır. Onu da deyək ki, Bakıda fəaliyyət göstərən bütün Ramstore supermarketləri Türkiyənin "Koc" maliyyə qrupunun törəmə şirkəti olan "Gunay Anadolu Sigorta"da sığorta olunub.
Sonda qeyd edək ki, bu vaxta qədər Azərbaycanda ödənilən ən böyük sığorta məbləği 3 milyon dollar təşkil edib.
Həmin məbləğ "AZAL-sığorta" şirkəti tərəfindən 1998-ci ildə zədələnmiş "Boinq-727" təyyarəsi ilə bağlı 1999-cu ildə ödənilib.
|