|
|
|
|
#90(314)
|
 |
Prezident Heydər Əliyev dünən məcburi köçkünlərə ərzaq yardımı göstərilməsi barədə sərəncam imzalayıb. Sərəncamda son vaxtlar xarici humanitar təşkilatlar tərəfindən köçkünlərə yardım göstərilməsinin kəskin şəkildə azaldığı vurğulanır.
Sərəncamda Dövlət Neft Şirkətinə çadır şəhərciklərində yaşayan məcburi köçkünlərə ərzaq yardımı göstərmək üçün vəsait ayırmaq tapşırılır. ARDNŞ hər ay 57 min məcburi köçkünə ərzaq yardımı göstərmək üçün "Dövlətqaçqınkom"un hesabına 906 milyon manat vəsait köçürməlidir. Həmin vəsaitə zəruri ərzağın alınması və müvafiq norma üzrə köçkünlərə paylanılması "Dövlətqaçqınkom" tərəfindən həyata keçiriləcək.
Bu ilin sonuna kimi, Almaniyanın "Gabeg Anlagenbau Engineering GmbN" şirkəti Tofiq Bəhramov adına respublika stadionunun yenidən qurulmasını başa çatdıracaq.
Bu barədə sözügedən şirkətdən verilən mə`lumata görə, tribunalarda yenidənqurma işləri skamyaların oturacaqlarla əvəz olunması ilə başlayıb. Şirkətdən bildirirlər ki, işlər başa çatdıqdan sonra respublika stadionunda 35 min tamaşaçı yerləşə biləcək. Qeyd edək ki, işlərin maliyyələşdirilməsi dövlət büdcəsindən aparılır və bu məqsədlər üçün 1 milyon 300 min dollar vəsait ayrılıb.
Xatırladaq ki, respublika stadionunu yenidənqurulmasına 1998-ci ildə "start" verilib. Sifarişçi qismində Gənclər, İdman və Turizm Nazirliyi çıxış edir. Tender nəticəsində baş podratçı Almaniyanın "Gabeg Anlagenbau Engineering GmbN" şirkəti seçilib. İşçi qüvvəsinin 90 faizini yerli inşaatçılar təşkil edir.
Avqustun 14-də saat 12.30-da mülki geyimli şəxslər Vətəndaş Birliyi Partiyası (VBP) Sumqayıt şəhər şö’bəsinin ofisinə basqın edib.
VBP mətbuat xidmətindən verilən mə’lumata görə, hücumçulara Sumqayıt şəhər meriyası hüquq şö’bəsinin müdiri Yaşar Ağayev və Daxili İşlər İdarəsi 3-cü bölmə rəisinin müavini Rauf Hüseynov "rəhbərlik edib".
Basqınçılar qərargahda olan partiya fəallarını təhqir edərək ofisdən çıxmalarını tələb ediblər. Nəticədə qərargaha ciddi ziyan dəyib.
VBP baş verənlərlə bağlı bəyanatla çıxış edərək yerli hakimiyyətin partiyaya qarşı özbaşınalığını pisləyib. VBP xəbərdarlıq edir ki, təzyiqlərin qarşısı alınmasa, partiya kütləvi e’tiraz aksiyalarına başlayacaq.
Xatırladaq ki, VBP lideri Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovdur.
Dünən Yasamal rayon məhkəməsində hakim Fəxrəddin Ağamirzəyevin sədrliyi ilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) "E`timad" qəzetinə qarşı qaldırılmış mülki iddiasına baxıldı.
Xatırladaq ki, QMİ "E`timad"ı 28 iyul-3 avqust tarixli sayındakı son səhifədə "İsa Qəmbər və üç erməni" başlıqlı lətifə xarakterli yazını dərc etdiyinə görə məhkəməyə verib.
Müəllifi göstərilməyən həmin yazıda QMİ-nin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadənin ünvanına təhqiramiz fikirlər söylənilib.
Qeyd edək ki, iddiada həm mülki, həm də cinayət faktoru olduğundan qəzetin baş redaktoru E.Mansuroğluna qarşı cinayət işi ayrı-ayrı icraata ayrılıb.
Məhkəməyə təqdim olunan iddia sənədində dini liderə qarşı böhtan və təhqir xarakterli yazılar dərc etdiyinə görə "E`timad" qəzetinin fəaliyyətinin dayandırılması tələb edilirdi.
İddiaçı tərəfin nümayəndəsi vəkil Səməd Həsənov çıxışında Şeyxin şərəf və ləyaqətinin alçaldılmasını Azərbaycan xalqına təhqir kimi qiymətləndirdi.
Müdafiəçi həmçinin müəllifsiz verilən məqalənin bütün məs`uliyyətinin qəzetin baş redaktorunun üzərinə düşdüyünü vurğuladı.
Bundan başqa, S.Həsənov məqalədə adı hallanan Müsavat başqanı İ.Qəmbərə müraciət etdiyini söylədi. Onun sözlərinə görə, Müsavat başqanı məsələyə kəskin mövqedən yanaşaraq, bu yazını böhtan adlandırıb.
Məhkəmədə cavabdeh tərəf- qəzetin baş redaktoru E`tibar Mansuroğlu isə sözügedən yazının səhvən qəzet əməkdaşlarının səhlənkarlığı ucbatından dərc edildiyini bildirdi.
Bir sözlə, redaktorun sözlərindən belə çıxdı ki, qəzetdə gedən bu məqalədən xəbəri olmayıb. "Hamı kimi, bizim də Şeyxə böyük hörmətimiz var. Səhvimizi qəbul edirik. Elə ilk gündən də televiziya vasitəsilə üzr istəmişik. Bunun belə şişirdilməsi, ölüm hökmünün çıxarılması nəyə lazımdır"- deyən E.Mansuroğlu bir lətifəyə görə qəzetin bağlanmasını absurd sayır.
Hakim Fəxrəddin Ağamirzəyev məhkəməyə rayonlardan tələb dolu çoxsaylı məktubların gəldiyini bildirdi. Hakimin sözlərinə görə, məktublarda qeyd edilir ki, Şeyx qəzetin günahından keçsə də, biz keçməyəcəyik.
Prosesdə sözügedən yazının müəllifi Məhəmməd Zamanov ifadə verdi. O, lətifəni yazmaqla heç bir məqsəd güdmədiyini bildirdi. Hətta yazdığı məqaləni təcrübəsizliyin nəticəsi adlandıran müxbir səhvinə görə üzr istədi.
Prosesin sonunda müşavirədən qayıdan məhkəmə hey`ətinin qərarına əsasən QMİ-nin iddiası tə`min edildi. E`timad qəzetinin fəaliyyətinə xitam verildi.
Qəzetin baş redaktoruna qarşı CM-nin 148-ci maddəsi ilə qaldırılan cinayət işinə isə avqustun 21-də baxılacaq.
Prezident Heydər Əliyevin dünənki fərmanı ilə Milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunları komandanı, polkovnik Elçin Quliyevə general-mayor rütbəsi verilib.
Prezidentin digər fərmanı ilə Sərhəd Qoşunları komandanının 1-ci müavini, polkovnik İnayət Xəlilova da general-mayor rütbəsi verilib.
ABŞ dövlət katibinin Xəzərin enerji resursları problemi üzrə keçmiş müşaviri, hazırda Avropa işləri üzrə müşavir Elizabet Cons avqustun sonlarında Bakıya gələcək. Bu barədə diplomatik mənbələr mə’lumat verib.
Səfər zamanı E.Cons ölkə rəhbərliyilə Xəzərlə bağlı Azərbaycan-İran münasibətlərində yaranmış gərginliyi və Qarabağ nizamlanması ətrafında situasiyanı müzakirə edəcək.
E.Consun Azərbaycana səfəri Ukrayna və Cənubi Qafqaz ölkələrinə səfər çərçivəsində baş tutacaq.
Dünən Nizami Rayon Məhkəməsində Bakı meri Hacıbala Abutalıbovun "Bakinskiy bulvar" qəzetinə qarşı iddiası üzrə proses başlamalı idi. Lakin mer nümayəndəsinin e’tibarnaməsi notariatda təsdiq olunmadığı üçün məhkəmə yığıncağı avqustun 20-nə keçirilib.
Xatırladaq ki, şəhər meri qəzetin 16 iyun sayında dərc edilən "Dövlət reketi" (müəllif Şamaxinskaya) adlı məqalə ilə bağlı iddia verib.
Yazıda şəhər rəhbərliyinin ticarət obyektlərini qanunsuz sökməsi, paytaxt sakinlərinin hüquqlarının pozulması və digər qanunsuzluq faktlarından danışılır.
İddiaya görə, mer şərəf və ləyaqəti təhqir olunduğu üçün məqalə müəllifindən və qəzetin redaktorundan 100 mln. manat tələb edir. İddiada həmçinin "Bakinskiy bulvar" qəzetinin bağlanması və "cəmiyyətin bu reket qəzetdən xilas edilməsi" tələb olunur.
Türkiyənin bir çox kütləvi informasiya vasitələri Xəzərdə baş verən insidentlə bağlı bir qədər pauza götürdükdən sonra İranın təxribatçı hərəkətlərini pisləmişlər.
Media- PRESS agentliyinin verdiyi mə`lumata görə, Türkiyənin bir çox aparıcı telekanalları - NTV, CNN-Turk, Kanal-6 və Star son günlərdəki informasiya proqramlarında Tehranın hərəkətlərini kəskin formada tənqid etmiş və İranın bu addımlarını regionda sülh və sabitliyə qarşı təhlükə kimi qiymətləndirmişlər.
Telekanallarla birgə Türkiyə qəzetləri də vəziyyətlə bağlı analitik yazılar dərc etdirirlər. Məsələn, "Hürriyyət" qəzetində Tehranın qorxutma taktikası hiddətlə tənqid edilərək, Türkiyənin Azərbaycana bütün sahələrdə köməklik göstərəcəyi qeyd olunur.
"Ortadoğu" qəzetinin "Azərbaycan tənha deyil" məqaləsində bildirilir ki, Türkiyə İranı qəti şəkildə bu hərəkətlərdən çəkinməyə çağırıb. Azərbaycanı Türkiyədən savayı ABŞ və İsrail dəstəkləyir.
"İran qayaya rast gəlib" məqaləsini dərc edən "Radikal" qəzeti Türkiyə xarici işlər nazirinin müavini Faruq Loğoğlunun İranın Ankaradakı səfiri Hüseyn Lavasaniylə görüşü barədə mə`lumatında, türk diplomatının Tehranın hərbi aksiyalarına kəskin e`tirazını bildirməsi və belə hərəkətlərin Tehranın özünə zərər gətirəcəyi barədə xəbərdarlıq etdiyi bildirilir.
Türkiyənin tanınmış siyasi icmalçısı Taha Akuola "Milliyyət" qəzetindəki "İran və azərbaycanlılar" yazısında vurğulayıb ki, İranın son addımları azərbaycanlıların millətçilik əhval- ruhiyyəsinin artmasına gətirib çıxara bilər və bunun da son nəticədə İrana daha çox zərəri dəyər.
İyunun 30-da saat 4.30 radələrində DİN-nin Daxili Qoşunlarına məxsus Zaqatala rayonun Qala adlanan ərazisində yerləşən hərbi hissənin növbətçi postuna avtomatla basqın edən cinayətkarlardan ikisi həbs olunub.
Xatırladaq ki, əlisilahlılar növbətçi sıravi əsgər Şöhrət Bəhmanova başından xəsarət yetirərək, avtomat silahını ələ keçirmişdilər. Onlar növbədə olan kapitan Bəkir Vəliyevi hədələyərək, silah olan otağın açarını tələb etmişdilər. Müqavimətə rast gəldiklərindən atəş açaraq, onu yaralayıb aradan çıxmışdılar. B.Vəliyev ürəyindən ağır yaralandığından əvvəlcə DİN-in Hərbi Qospitalında, sonra isə Müdafiə Nazirliyinin qospitalında müalicə edilsə də, həkimlərin sə`yi nəticəsiz qaldı. Kapitan 45 gündən sonra vəfat etdi. Həmin olayla bağlı DİN-in mətbuat xidmətinin yaydığı mə`lumatda bildirilir ki, əhali arasında çaşqınlıq, dövlətə və hüquq-mühafizə orqanlarına qarşı inamsızlıq yaratmaq məqsədilə törədilən bu ağır cinayət geniş rezonans doğurmuşdu. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkarların şəxsiyyəti müəyyən edilib. Onlardan Zaqatala rayon sakini İsxaq Diniyev respublika ərazisində həbs olunub. Hadisənin daha bir iştirakçısı-Emin Bakayev isə Dağıstan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşlarının köməkliyi ilə Mahaçqalada yaxalanıb. Onlardan bir ədəd "F-1" qumbarası, partlayış üçün hazırlanmış 2 şüşə kerosin, çoxlu sayda 1,45 və 7,47 mm kalibirli avtomat darağı aşkar olunub. E.Bakayevin Azərbaycana təhvil verilməsi üçün müvafiq tədbirlər görülür. Həmin şəxslərin Zaqatala və Beyləqan rayonlarında baş vermiş qanlı olayın iştirakçıları olması istisna edilmir. Xatırladaq ki, "Katex" hadisəsi nəticəsində 5 nəfər Azərbaycan vətəndaşı həlak olub.
Axtarış tədbirləri davam edir.
nİLHAMƏ
Srağagün gecə Bakıya gələn Gürcüstanın xarici işlər naziri İrakli Menaqarişvili öz həmkarı Vilayət Quliyevlə görüşüb.
Gürcüstanın Bakıdakı səfirliyindən verilən mə`lumata görə, Menaqarişvilinin gəlişində əsas məqsəd Gürcüstan prezidenti Eduard Şevardnadzenin Azərbaycana rəsmi səfərinə hazırlıq görməkdir. Qeyd edək ki, Şevardnadzenin səfəri zamanı "Şahdəniz" yatağından Azərbaycan qazının Gürcüstandan Türkiyəyə nəql edilməsi ilə bağlı sənəd imzalanması planlaşdırılır. Artıq dəqiq mə`lumdur ki, Menqarişvili bu gün yerli və xarici neft-qaz şirkətlərinin nümayəndələri ilə görüşəcək. Gürcüstan səfirliyində istisna etmirlər ki, sözügedən ölkənin xarici işlər naziri Azərbaycan prezidenti Heydər Əliyivlə də görüşəcək. Sonda bildirək ki, Menqarişvilinin səfəri avqustun 16-dək davam edəcək.
Bakteleqrafdan aldığımız mə`lumata görə, bu günlərdə əhali üçün yeni xidmət növü açılıb. Belə ki, abonent telefon rabitəsindən istifadə etməklə teleqrafa gəlmədən teleqramm göndərə bilər.
Sözügedən xidmətin işləməsi üçün tam kompüterləşdirilmiş avadanlıq quraşdırılıb. 2001-ci il ərzində bu yenilik, Bakteleqraf tərəfindən yaradılmış yeganə xidmət növü deyil. Belə ki, sözügedən struktur iyun ayında İnternet vasitəsi ilə teleks rabitəsini qaydaya salmışdır. Bu xidmət növü Bakteleqrafın tərkibində olan, beynəlxalq komunikasiya - tarifləşdirmə stansiyasının əsasında təşkil edilib. 1994-cü ildə istismara verilmiş bu stansiyanın resursları hesabına respublikanın bütün beynəlxalq çıxışları hazırlanır. Rabitə xidmətinin inkişaf etdiyi bir dövrdə teleqrafdan istifadə edənlərin sayı xeyli azalıb. Ancaq teleqrafın imkanlarını müasir texnologiyalarla rəqabət apara biləcək xidmət növünə çevirmək olar.
Özəl ali təhsil müəssisələrinin fəaliyyətindən narazı qalan Təhsil Nazirliyinin bununla bağlı bə`zi məktəblərdə araşdırma aparması haqda mə`lumat vermişdik.
Xəbər verilirdi ki, "Naxçıvan", "Müstəqil Azərbaycan" Universitetləri, Gəncə Elm və Təhsil Mərkəzinin tərkibindəki 3 ali məktəb və San-Marino Beynəlxalq Elmlər Akademiyası Akademik Mərkəzinin Azərbaycan filialının (Mingəçevir şəhəri) onlara verilən lisenziya şərtlərinə düzgün əməl etmədiklərinə görə fəaliyyəti yoxlanılıb ölçü götürüləcək. Bu günlər təhsil naziri Misir Mərdanov "Müstəqil Azərbaycan" Universiteti istisna olmaqla adı çəkilən digər özəl təhsil məktəblərinin fəaliyyətini dayandırması barədə əmr verib. Nazirliyin ictimaiyyətlə əlaqələr şö`bəsinin rəisi Bayram Hüseynzadənin verdiyi mə`lumata görə, həmin təhsil müəssisələrində təhsil alan tələbələr yaşadıqları ərazi nəzərə alınmaqla dövlət ali məktəblərinin uyğun ixtisaslarına köçürüləcək. Tələbələrin yerləşdirilmə prosesi sentyabrın 1-ə qədər başa çatdırılacaq.
Milli təhlükəsizlik naziri Namiq Abbasov və Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev Azərbaycan-Rusiya sərhədində yerləşən zastavalara baş çəkiblər.
Onlar həmçinin Xudat sərhəd dəstəsinin tərkibinə daxil olan zastavaların inzibati binalarının açılışında iştirak ediblər.
Qeyd edək ki, Xudat sərhəd zastavası 1992-ci ildə yaradılıb. Zastava uzunluğu 346 km olan Rusiya-Azərbaycan sərhədinə nəzarət edir.
Bundan başqa, nazir Xaçmaz rayonu ərazisində yerləşən N saylı hərbi hissəyə gəlmiş, hərbçilərin xidmət şəraiti ilə maraqlanmış, kazarmaları və digər obyektləri gəzmiş, əsgərlərlə söhbət etmişdir. Sonda Namiq Abbasov Qusar rayonunun zəhmətkeşləri ilə görüşmüşdür.
ABŞ-ın Ermənistandakı səfiri Maykl Lemmon jurnalistlərlə söhbətində bəyan edib ki, Qarabağ probleminin nizamlanmasının açarı münaqişədə olan tərəflərin öz əlindədir.
"İndi əsas məsələ odur ki, hər bir tərəf nədən və nəyin xatirinə imtina etməyə hazır olduğu barədə qərara gəlsin," - deyən səfir münaqişəni yalnız qarşılıqlı güzəştlər yolu ilə həll etməyin mümkünlüyünü bildirib. O, münaqişə tərəflərinin bu məsələdə məs’uliyyət daşıdığını qeyd edib.
Hər bir hala ayrıca baxılır...
Ramiz Məlikov: "Hər bir vətəndaş qarşıda gözlənilən çətinliklərə hazır olmalı və heç bir halda xidmət yerini tərk etməməlidir"
|
"Mən inanmıram ki, Azərbaycan ordusunda rüşvətxorluq var". Bu sözlər dünən press-klubda mətbuat konfransı keçirən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Ramiz Məlikova məxsusdur.
Məlikovun sözlərinə görə, o, komandirlərin bu və ya digər səbəblərdən tabeçiliyində olanlardan müxtəlif məbləğlərdə pul tələb etmələri ilə bağlı yayılan mə`lumatlara şübhə ilə yanaşır. "Bizim zabitlər yüksək əməkhaqqı alır, bundan başqa, sentyabrın 1-dən əməkhaqqların 50 faiz artırılması gözlənilir", - deyə Məlikov mövqeyini bu cür əsaslandırıb.
Məlikov Əsgər Anaları Komitəsinin sədri Roza Əliqızının komandirlərin təzyiqi nəticəsində hərbçilərin öz hərbi hissələrini tərk etmək məcburiyyətində qalmaları barədə dediyi sözlərə qəti e’tirazını bildirib. Onun sözlərinə görə, hərbi xidmətə yollanan hər bir vətəndaş qarşıda gözlənilən çətinliklərə hazır olmalı və heç bir halda xidmət yerini tərk etməməlidir. Son vaxtlar orduda baş verən ölüm hallarına (mə`lumatlara görə, son həftədə 3 əsgər ölüb) münasibət bildirən Məlikov qeyd edib ki, hər bir hadisəyə ayrıca baxılır.
|