|
|
|
|
#90(314)
|
 |
Sülh və Demokratiya İnstitutunun sədri Leyla Yunusun "Dördlər"in "Qarabağ Xartiyası" ilə bağlı söylədiyi təndiqi fikirlər Vəhdət Partiyasında e’tirazla qarşılanıb. Əldə etdiyimiz mə’lumatlara görə, bir çox funksionerlər "Ermənistanla güc mövqeyindən danışmaq lazım deyil" - deyən partiya üzvü Leyla Yunusun cəzalandırılmasını tələb edirlər. Bildirilir ki, o, partiya mövqeyinə zidd çıxışlar etməkdə ittiham olunur.
Mə’lumatla bağlı müraciət etdiyimiz Leyla Yunus söylədiyi fikirlərlə bağlı Vəhdət rəhbərliyindən hər hansı narazılıq görmədiyini bildirdi. Bununla belə, əlavə etdi ki, söylədiyi fikirlər partiya mövqeyi kimi başa düşülməməlidir: "Partiya üzvü olsam da, 3 ildir ki, müstəqil fəaliyyət göstərirəm və çıxışlarım Vəhdət Partiyasının mövqeyi kimi başa düşülməməlidir".
Leyla Yunus əlavə etdi ki, çoxluğun əleyhinə getmək asan məsələ olmasa da, mövqeyindən geri çəkilən deyil: "Əvvəlcədən bilirdim ki, çoxluğun fikrinə qarşı çıxıram. Amma mən tarixçiyəm və bilirəm ki, çoxluğun fikri həmişə düzgün sayılır. Amma azlıqda qalan düz fikir söyləsə də, onu düz kimi qəbul edən olmur. Bu baxımdan, çoxluğun düşündüyünün əksinə bir söz demək doğrudan da, təhlükəlidir. Bu halda, sənə qarşı olduqca sərt ittihamlar irəli sürüləcək. Ancaq bu heç də o demək deyil ki, mənə düşündüklərimi dilə gətirməyə nəsə mane ola bilər".
Ermənistanla güc dilində danışmağın düzgün olmadığını bir daha vurğulayan Leyla xanım hesab edir ki, "Dördlər"in hazırladığı xartiya sülh danışıqlarının pozulmasına yönəlib: "Gücü göstərmək yox, tətbiq etmək lazımdır. İndi isə biz sülh danışıqları aparırıq. Ancaq "Dördlər"in hazırladıqları sənəd sülh danışıqlarını pozmağa yönəlib. Bu ultimativ sənəd Ermənistandakı konstruktiv qüvvələrin mövqeyinə mənfi tə’sir göstərə bilər".
Politoloq Eldar Namazov Ermənistanda Azərbaycanın ərazi bütövlüyünü tanıyan qüvvənin olmadığını desə də, Leyla Yunus onunla razılaşmır. "Eldar Namazovun ya siyasi bilikləri zəifdir, ya da dünyadan xəbəri yoxdur. Onlar bu addımları ilə avantüraya gedirlər. Ermənistanda elə konstruktiv qüvvələr var ki, onlarla danışıqlar aparmaqla erməni ictimaiyyətinin mövqeyinə tə’sir göstərmək olar. Məsələn, Ermənistanın Milli Demokratik Partiyasının sədri David Şahnazaryan "Nezavisimaya qazeta"ya müsahibəsində bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bir il əvvəl Ermənistanın İnsan hüquqlarının müdafiəçisi Mixael Danelyan bildirmişdi ki, Ermənistan təcavüzkardır. Hətta bildirmişdi ki, Ermənistan ordusu konstitusiyaya zidd olaraq digər dövlətin torpaqlarında qoşun saxlayır. Ermənistanda kifayət qədər konstruktiv qüvvələr var ki, Qarabağın Azərbaycanın tarixi torpağı olduğunu e’tiraf edir. Onlarla işləmək bizim maraqlarımıza uyğundur".
Xəbər verildiyi kimi, Moskvada MDB və Baltikyani dövlətlərin azərbaycanlı icmaları forumunun keçirilməsi üçün təşəbbüs qrupu yaradılıb. Rusiyada yaşayan azərbaycanlı ziyalılar və iş adamları postsovet məkanında məskunlaşan soydaşlarımıza müraciət edərək onları şəxsi ambisiyalardan uzaq olmağa, Azərbaycanın milli maraqları naminə bu təşəbbüsə qoşulmağa çağırıblar.
Onlar Rusiya və Baltikyani ölkələrdəki azərbaycanlı icmalarını birləşdirməklə Azərbaycanın maraqlarının beynəlxalq səviyyədə müdafiəsi istiqamətində fəaliyyət göstərməyi qarşılarına məqsəd qoyuqlarını bəyan ediblər. Həmçinin bildiriblər ki, Rusiyada azərbaycanlılar barədə formalaşmış ictimai rə’yin dəyişdirilməsi istiqamətində də fəaliyyət göstərəcəklər.
Yurddaş Partiyasının sədri, millət vəkili Mais Səfərlinin fikrincə, son vaxtlar xaricdəki azərbaycanlıların fəallaşması güclü diasporanın formalaşdırılması baxımından olduqca mühümdür. Onun fikrincə, bu tədbirlər bir növ dünya azərbaycanlılarının Bakıda keçiriləcək qurultayına hazırlıq məqsədi daşıyır: "Azərbaycanın dövlət başçısı oktyabrda dünya azərbaycanlılarının qurultayının keçirilməsi üçün fərman imzalayıb. Rusiyada və digər ölkələrdə azərbaycanlıların fəallaşmasını bu tədbirə hazırlıq kimi qəbul etmək lazımdır. Əslində, son vaxtlar bu icmalar ona görə passiv fəaliyyət göstərirdilər ki, onları idarə edən vahid qurum olmayıb. Bə’zən həmin icmalar bir-biri ilə yola getmir, qrup maraqlarından çıxış edirdilər. Ona görə də icmaların birləşdirilməsi məqsədi ilə təşəbbüs qrupunun yaradılması olduqca müsbət haldır".
Mətbuat Şurasının yaradılmasından xeyli müddət keçməsinə baxmayaraq, qurumun tərkibində kimlərin olacağı hələ bəlli deyil. Prezident Aparatı ictimai-siyasi şö’bəsinin müdiri Əli Həsənovun sözlərinə görə, qurumun tərkibi həmkarlar ittifaqları, jurnalist birlikləri, siyasi partiyalardan daxil olacaq təkliflər əsasında müəyyənləşdiriləcək.
"RUH" Jurnalistləri Müdafiə Komitəsinin sədri Əflatun Amaşov "Bizim ƏSR"ə açıqlamasında jurnalist təşkilatlarının namizədlərinin indiyə qədər müəyyənləşdirilmədiyini bildirdi. Onun sözlərinə görə, hazırda bu istiqamətdə müzakirələr gedir: "Biz hələ namizədləri müəyyənləşdirməmişik. Bunun üçün hər hansı kriteriya da yoxdur. Amma istəyirik ki, elə adamların namizədliyini irəli sürək ki, onlar mətbuatın problemləri ilə yaxından tanış olsunlar, onun inkişafına sə’y göstərsinlər".
Mərhum AXCP lideri Əbülfəz Elçibəyin vəfatının ildönümü ilə bağlı yaradılmış təşkilat komitəsində iştiraklarına yasaq qoyulmuş "islahatçılar" adekvat tədbirlər barədə düşünmürlər.
Bu barədə partiyanın Ali Məclisinin sədri Qulamhüseyn Əliyev "Bizim ƏSR"ə bildirib. Onun fikrincə, Elçibəyin vəfatının ildönümü ilə bağlı xüsusi komitə yaratmağa ehtiyac yox idi: "Biz o fikirdəyik ki, bu tədbiri keçirmək üçün xüsusi təşkilat komitəsi yaratmağa ehtiyac yoxdur. Mərhum sədrimizin vəfatının ildönümünü onun ailəsi ilə birgə keçirmək fikrindəyik. Eyni zamanda, Elçibəyin ailə üzvləri ilə məsləhətləşmələr əsasında yaradılan komitənin işində iştirakımızı istisna etmirik".
Qulamhüseyn Əliyev iddia edir ki, AXCP (islahatçılar) rəhbərliyinin adı qərəzli olaraq təşkilat komitəsinə salınmayıb. O, "klassiklər"i Elçibəyin adından sui-istifadədə günahlandırır: "Əbülfəz bəyin vəfatından sonra onun adından istifadə edənlərin sayı daha da çoxalıb. Komitənin bu şəkildə yaradılması əyani subutdur. Hər halda, belə bir məsələdə ayrıseçkiliyə yol vermək heç bir mə’nəvi dəyərə sığmır. Müsavatla münasibətləri olmayan partiyalar həmin komitəyə qəsdən salınmayıblar".
"İslahatçılar"ın Elçibəyə mə’nəvi uzaqlığı ilə bağlı söylənilənlərə gəlincə, Qulamhüseyn Əliyev bu ittihamları rədd edir: "Belə fikir söyləyənlər özləri mə’nəviyyatsız hərəkət edənlərdir. Vaxtilə Elçibəyin əleyhinə fəaliyyət göstərən, öz hərəkətləri ilə onun nüfuzuna xələl gətirən adamlar indi özlərini "elçibəyçi" kimi göstərmək istəyirlər".
"Bəli, Müsavat başqanının müavini Arif Hacıyevə həqiqətən də embarqo qoyulub. Bunun da obyektiv səbəbləri var". Bu sözləri dünən "Yeni Müsavat" qəzetinin keçmiş baş redaktoru Rauf Arifoğlu Arif Hacıyevin son açıqlamasına münasibətində bildirib. Xatırladaq ki, Arif Hacıyev qəzet rəhbərliyindən şikayətlənərək ona embarqo qoyulduğunu iddia edib.
Arif Hacıyevin açıqlamasını təsdiqləyən Rauf Arifoğlu bildirib ki, embarqonu o yox, bütövlükdə redaksiya kollektivi qoyub. Onun sözlərinə görə, artıq 4 aydır ki, Müsavat başqanının müavininə embaroqo qoyulub: "Belə qərara gəlmişik ki, partiyadaxili problemləri qabardan, ancaq bu məsələlər barədə açıqlama verən partiya səlahiyyətlilərinə qəzetdə yer ayırmayacağıq. Təəssüflər olsun ki, Arif Hacıyevin də bütün açıqlamaları partiyadaxili məsələlərlə bağlıdır. Daxili məsələləri qabartmaqdan əl çəkməyincə, embarqo qüvvəsini itirməyəcək".
Arif Hacıyev isə Arifoğlunun ittihamlarına cavab vermədi. Əməkdaşımızla söhbətində "Rauf Arifoğlunun açıqlamalarını qəzetdən oxumayınca ona münasibət bildirməyəcəm" söyləyən partiya funksioneri əlavə söz demədi. Maraqlıdır ki, o, "sizin bütün açıqlamalarınız həqiqətənmi partiyadaxili məsələlər barədə olub" sualını da cavabsız qoydu.
|