|
|
|
|
#90(314)
|
 |
Sədrlik məsələsinə görə Məşvərət Məclisində baş qaldıran narazılıq sözügedən qurumu parçalanma təhlükəsi ilə üz-üzə qoydu. Bu günədək Məşvərət Məclisində təmsil olunan partiya səlahiyyətliləri daxildəki narazılıqları və parçalanma təhlükəsini ört-basdır etsələr də, artıq özləri yayılan mə`lumatları təsdiq etməyə başlayıblar.
Elə bu günlərdə Milli Hərəkat Partiyasının (MHP) sədri Samir Səfərovun verdiyi gözlənilməz açıqlama qurum daxilindəki qeyri-müəyyənliyə aydınlıq gətirdi. Samir Səfərov deyir ki, Məşvərət Məclisi parçalanacaq və narazı partiyalar ayrılaraq başqa bir birlik yaradacaq. Yeni birliyin adı hələlik açıqlanmır. MHP sədrinin sözlərinə görə, MM-ə daxil olan partiyalar qurumun daxili nizamnaməsini kobud şəkildə pozur. Səfərovun sözlərinə görə, qurumdakı əsas narazılıq MM-ə sədrlik üstündədir. Yə`ni nisbətən iri partiyalar növbəli əvəzləmə üsulunu pozur və sədrlik məsələsində kiçik təşkilat rəhbərlərinə növbə çatmır. Samir Səfərov belə bir iddia da irəli sürür ki, qurumda hər üç aydan bir sədr dəyişməlidir. Maraqlıdır ki, MHP sədri bu dəfə nizamnaməni pozan partiyaların adlarını da açıqlayır. O, AVP, ANAP və Sosial Rifah Partiyalarının adlarını çəkir.
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı isə deyilənlərin bə`zisini təsdiq, müəyyən qismini isə təkzib etdi. Onun sözlərinə görə sədrlik məsələsində bə`ziləri tutduğu yoldan çəkinməsə, MM parçalanacaq:
- Ana Vətən Partiyası həmişə əsasnaməyə və nizamnaməyə əməl edilməsinin tərəfdarı olub. Bizim də mövqeyimiz belədir ki, Məşvərət Məclisində sədrlik rotasiya üsulu ilə - növbəlilik prinsipi əsasında həyata keçirilməlidir.
Sizcə, konkret narazılıq nədən
yaranıb?
- Narazılıq ona görə yaranır ki, artıq iki ilə yaxındır, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı quruma sədrlik edir. Xanhüseyn Kazımlı bərk-bərk sədrlikdən yapışıb. Baxmayaraq ki, ayrı-ayrı partiyalar onu əsasnaməni pozmaqda ittiham edir. Kimlərin nə deməsindən asılı olmayaraq, AVP bütün hallarda əsasnamə və nizamnaməni rəbhər tutur. Biz buna qeyd-şərtsiz əməl edilməsinin tərəfdarıyıq.
Amma MHP sədrinin "qara
siyahısı"na Sizin də adınız düşüb...
- Açığı, hələ də bilmirəm ki, Samir Səfərov hansı arqumentlərə söykənərək bizi də ittiham edir. Halbuki, əsasnamənin pozulmasına qarşı çıxanlardan biri də bizik.
Sizcə, sədrlik məsələsinə görə,
Məşvərət Məclisində parçalanma gözlənilirmi? MHP sədri iddia edir ki, rotasiya (növbəli əvəzləmə-V.A.) prinsipi ilə sədrlik üç aydan bir dəyişməlidir.
- Samir Səfərov düz demir. Çünki sədrlik üç yox, altı aydan bir dəyişməlidir. Bizim sədrlik etdiyimiz vaxtlarda altı ay bitən kimi öz yerimizi Azərbaycan Naminə Alyans Partiyasına verdik. ANAP-çılar da sədrlik müddətləri başa çatandan sonra rəhbərliyi Azərbaycan Milli Demokrat Partiyasına ötürdülər. AMDP-nin səlahiyyət müddəti bitdi və Məşvərət Məclisinə SRP sədrilk etməyə başladı. O gündən üzübəri Xanhüseyn Kazımlı sədr postunu heç kimə vermək istəmir. Biz də hesab edirik ki, əsasnamədə nəzərdə tutulan bütün maddələri hamı yerinə yetirməlidir.
Nizamnaməyə əməl edilməzsə,
necə olacaq?
- Başqa qurumlarda olduğu kimi, bu, Məşvərət Məclisinin imicinə, nüfuzuna ciddi xələl gətirəcək. Biz demirik ki, quruma Ana Vətən Partiyası rəhbərlik etməlidir. Baxmayaraq ki, biz buna layiqik. Zamanında öz sədrliyimizi yerinə yetirmişik. MM-ə daxil olan başqa partiyalar hələ də quruma sədrlik edə bilməyiblər. Onlar da rotasiya üsulu ilə sədrlik etmək istəyirlər. Açıq şəkildə deyirəm ki, bütün bu qanun pozuntularını yaradan SPR sədri Xanhüseyn Kazımlıdır. Çox təəssüflər olsun ki, Səyyad Aran da onu himayə edir.
Xanhüseyn müəllim sədrlikdən
geri çəkilməzsə, Məşvərət Məclisinin parçalanmasını güman etmək olarmı?
- SRP iddialı olsa, qayda üzrə səsvermə keçirəcəyik. Səsvermə nəticəsində rotasiya tərtib ediləcək.
Əgər parçalanma baş versə,
AVP hansı tərəfdə olacaq?
- Arzu edirik ki, Məşvərət Məclisində parçalanma baş verməsin, bə`zi partiyalar da əsasnaməyə əməl etsin. Biz AVP-nin maraqlarını Sosial Rifah Partiyasının maraqlarına qurban verə bilmərik.
Rəsmi Ankaranınÿ İran-Azərbaycan münasibətləri kifayət qədər kəskinləşəndən bir müddət sonra Tehrana nota verməsi dövlətlərarası münasibətlərə aydınlıq gətirdi. Elə bu ərəfədə Türkiyədə rəsmi səfərdə olan İsrailin baş naziri Ariel Şaron türkiyəli həmkarı Bülənt Ecevitlə təkbətək görüşündə bildirib ki, onlar postsovet dövətlərindən biri ilə daha da yaxından əməkdaşlıq etmək niyyətindədirlər. Türkiyə mətbuatının yazdığına görə, Ariel Şaron Azərbaycanı nəzərdə tutub. Çünki Şaron həmin görüşündə Bülənt Ecevitə "İran Azərbaycana hücum edərsə, İsrail Türkiyə ilə bərabər Azərbaycana kömək edəcək" deyib.
İsrailin Azərbaycana münasibəti çoxdan bəlli olsa da, Ariel Şaronun bu açıqlaması kifayət qədər gözlənilməz oldu. Hələ İran təyyarələri Xəzər dənizinin Azərbaycana aid sektorunda manevr edərkən rəsmi Tehran səlahiyyətliləri bildirmişdilər ki, münasibətlərin gərginləşməsinə səbəb həm də rəsmi Bakının İsraillə əməkdaşlıq etməsidir. Tehran səlahiyyətlilərinin bu məntiqindən belə çıxır ki, Ariel Şaronun bəyanatı İran-Azərbaycan münasibətlərini yenidən gərginləşdirəcək. Görəsən indiki gərgin situasiyada Azərbaycanın İsraillə bu cür sıx əməkdaşlığı lazımdırmı? Müsavat Partiyası Divan üzvü Hikmət Hacızadə hesab edir ki, əgər İran Azərbaycana qarşı mövqeyində dəyişiklik etməzsə, bu, labüddür: "Biz çalışmalıyıq ki, İranla Azərbaycan arasında olan bu məsələni sülh yolu ilə həll edək. Yaxşı olardı ki, Azərbaycan neytral dövlət olsun. Görəndə ki, Rusiya ilə İran bizdən əl çəkmək istəmir, onda Azərbaycan mütləq balans saxlamalıdır".
nHikmət Hacızadənin sözlərinə görə, balansı
NATO, Türkiyə və İsraillə əməkdaşlıq etməklə qurmaq lazımdır: "Bundan başqa hansı çıxış yolumuz var? Təslim olmalı deyilik ki. İran təyyarələrini, Ermənistan isə tanklarını üstümüzə göndərsə, durub onlara tamaşa etməli deyilik. Bu, o demək deyil ki, yalnız müharibə variantında buna getmək lazımdır. Əgər vəziyyət gərginləşərsə, Azərbaycan həmin dövlətlərlə yaxınlaşmalıdır. Ermənistan dost kimi Rusiyanı tapıb. Gərəkdir ki, biz də özümüzə bu cür dostlardan tapaq. Düzdür, İsraillə bu cür yaxınlıq İranı qıcıqlandırır. Amma İsrail məsələsi gündəmdə olmayanda da İran Azərbaycana barmaq silkələyirdi".
İranla Azərbaycan arasında münasibətlər bir qədər kəskinləşəndən sonra iki dövlət arasında münasibətlərin hansı səviyyədə qurulması ilə bağlı təkliflərdə solların açıqlamaları yenə fərqləndi. ASDP həmsədriÿZərdüşt Əlizadə deyir ki, Azərbaycan İranla münasibətləri yenidən bərpa etməlidir. Onun fikrincə, iki dövlət arasındakı əməkdaşlıq əvvəlkindən də sıx olmalıdır. ASDP həmsədri həmçinin iddia edir ki, Azərbaycan buna məhkumdur.
CAMAH sədri Piruz Dilənçi isə tamam başqa fikirdədir. Onun sözlərinə görə, Zərdüşt Əlizadənin fikri solların əbədi və əzəli mövqeyidir: "Onlar həmişə Rusiyanın və İranın əlinin altında yaşamaq, onlara baş əymək istəyiblər. Diqqətlə fikir versəniz görərsiniz ki, onlar son hadisələrdən sevinirlər. Hətta eks-prezident Ayaz Mütəllibov da Rusiyadan bəyanat verib deyir ki, "onsuz da belə olmalı idi". Görürsünüz, sol təmayüllülərin hamısı belə düşünür. Azərbaycan artıq müstəqil dövlətdir. Biz ABŞ, Türkiyə, İsrail kimi güclü dövlətlərin partnyoruyuq. Odur ki, bu cür söhbətləri tam əsassız hesab edirəm".
Piruz Dilənçinin sözlərinə görə, rəsmi Ankaranın bəyanatından sonra İranın bir neçə addım geri çəkilməsi əslində çox şey deməkdir: "Rəsmi Ankara, İsrail və ABŞ bu məsələdə öz mövqeyini ortaya qoyandan sonra İran geri çəkildi. Tam məs`uliyyətlə deyə bilərəm ki, onlar daha tərpənməyəcəklər. İranın Azərbaycana qarşı hər hansı bir müharibə təhlükəsi ola bilməz. Çünki İran bu cür risqə getməz. Onlar öz daxili durumlarının gərgin olduğunu bilirlər. Sadəcə olaraq onların bu addımları diplomatik notanın bir qədər həyasızlaşdırılmış forması idi. Odur ki, biz hesab etmirik, Azərbaycan İrandan aşağıda olmalıdır. Azərbaycan da İrana bərabər dövlətdir".
|