Kriminal

Ana səhifə
Xəbərlər
Ölkə
İc siyasət
Firqələrdə
Pauza
Aləm
Tarixçə
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
İks nəsil
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#90(314) 
Peşəkar dələduz
Türmədən qaçmışdı...
"Santa Barbara" qarşısında dava
Krem qabında marixuana


Peşəkar dələduz
O bu dəfə özünü "BDU-nun müəllimi" kimi qələmə verib

Son zamanlar məmləkətimizdə fırıldaqçıların sayı artmaqdadır. Acınacaqlı hal isə odur ki, onların əksəriyyətini qadınlar təşkil edir. Öz "ağlı"na güvənən bu zərif məxluqlar hiyləyə əl atmağı pul qazanmağın asan variantı hesab edirlər. Bakı şəhər sakini, 47 yaşlı Füzulət Dadaşova da belələrindəndir. Dəfələrlə dələduzluğa görə məhkum olunan bu qadın sonuncu dəfə 1999-cu ilin yanvarında bəraət alıb. Həbsxanadan çıxdıqdan bir müddət sonra isə yenidən köhnə "peşə"sinə qayıdıb. Məhkəmədəki ifadəsində özünə haqq qazandıran qadın cinayətkar əməllərini davam etdirməyi məhbəsdən çıxdıqdan sonra xeyli müddət işsiz qalmağı ilə əlaqələndirdi...
"Söz vaxtına çəkər," - deyiblər. Məhz ötən ilin avqustundan "fəaliyyət"ini davam etdirən qadın bu dəfə daha əlverişli iş variantı seçib. İlk öncə tanıdığı şəxslərdən uzaqlaşmaq məqsədilə yaşayış yerini dəyişib.
Musabəyov qəsəbəsindəki 2-ci Yasamal küçəsində məskunlaşan qadın elə buradakı qonşulardan başlamağı qərara alıb.
Qonşular yeni köçmüş qadınını BDU-nun filologiya fakültəsinin müəlliməsi olduğunu eşidiblər. Bundan sonra "müəllimə"yə hörmət artıb.
F.Dadaşovaya ilk minnətçi düşən isə qonşu Ağəli Hüseynov olub. Ağəlinin həyat yoldaşının tez-tez işsizlikdən gileylənməsi Füzulətin planlarının reallaşmasına şərait yaradıb. Ağəlini evinə çağıran Füzulət onun universitetdə yeni açılacaq kafeyə işə götürülməsinə kömək edəcəyini deyib. Bunun əvəzində 500 dollar istəyib. Bu pulun isə universitetin rektoruna çatacağını bildirən Füzulət Ağəlinin kafedə müdir işləməsini tə’min etmək üçün "bütün imkanlarından" istifadə edəcəyinə söz verib. Bu yağlı və`dlərə inanan Ağəli həmin pulu düzəldib tez bir zamanda qadına çatdırıb. Füzulət isə öz növbəsində A.Hüseynovun işə düzəlmək istəməsi haqda rektorun adına ərizə alaraq, bir müddətdən sonra ona bildirib ki, guya, pulu rektora verib.
O, həmçinin kafeyə bir işçi də lazım olduğunu bildirəndə, Ağəli dostu Xəlilin namizədliyini irəli sürüb. Bunun müqabilində Füzulət Xəlildən 200 dollar pul qoparıb və hər ikisinə də dərslərin başlanmasını gözləməyi tapşırıb...
"Universitet müəllimi"nin növbəti hədəfi ali məktəbə qəbul zamanı test imtahanından keçə bilməyən abituriyentlər olub. Bakı şəhər sakini Mədinə Zeynalovanın qızı Ayselin də qəbulda bəxti gətirməyibmiş. Tanışı Dünyamalıdan bu xəbəri eşidən Füzulət Zeynalovlara kömək edə biləcəyini deyib. Beləliklə də Mədinə ilə tanış olub və onun qızını Tibb Universitetinin ödənişli şö’bəsinə düzəltməyə söz verib. Bunun müqabilində Mədinədən 2 min dollar istəyib və and-aman edib ki, həmin məbləğ təhsil nazirinə çatacaq.
Övladını, necə olur-olsun, ali məktəbdə oxutdurmaq istəyən ana əvvəlcə bu qədər pul tapa bilməyəcəyini desə də, son anda evində gümanı gələn qızıl-zinət əşyalarından keçməyi qərara alıb. O, Füzulətin istədiyi məbləğə uyğun dəyərdə boyunbağısını, sırğa və üzüklərini qohumu Dünyamalıya verib ki, onları F.Dadaşovaya çatdırsın. Bütün qızılları pul əvəzinə təhsil nazirinə "ötürdüyünü" deyən qadın bu işdən özünə heç bir xeyir qalmadığını söyləyib. Füzulətin nəyə işarə etdiyini yaxşı başa düşən Mədinə iş düzəldikdən sonra ona hörmət edəcəyinə söz verib. Bir qədər sonra M.Zeynalova F. Dadaşova ilə görüşüb işin nəticəsi ilə maraqlanıb. Dadaşova hər şeyin tezliklə düzələcəyini bildirib. Lakin Mədinə sonradan nə qədər axtarsa da, Füzuləti tapa bilməyib. Ötən ilin oktyabrında F.Dadaşova Mirqasımov adına xəstəxanada tibb bacısı işləyən Məlahət Quliyeva ilə tanış olub. O bu tanışlıq zamanı eşidib ki, Məlahətin bir qızı İqtisadiyyat Universitetinin informatika fakültəsində pullu təhsil alır. İkinci qızı isə instituta daxil olmaq istəyir. F.Dadaşova böyük qızı pulsuz bölməyə keçirmək, ikincini isə instituta qəbul etdirmək və’dilə tibb bacısından 1300 dollar alıb. Bundan əvvəl qadının inamını qazanmaq məqsədini güdən Füzulət onu BDU-nun binasına aparıb oradakı boş otaqlardan birini göstərərək, burada oturduğunu deyib. O həmçinin Misir Mərdanovla çox yaxın münasibəti olduğunu bildirib.
Növbəti aldanılan şəxs də həmin xəstəxananın tibb bacılarından biri Maarifə Süleymanova olub. F.Dadaşova onun özəl "Azərbaycan" Universitetində oxuyan qardaşı qızını BDU-nun pulsuz fakültəsinə keçirmək üçün 200 dollar pul alıb. Yenə də eyni məbləğdə pulu həmin xəstəxananın tibb bacısı Raya Əhmədovadan onun Qızlar Seminariyasında oxuyan qohumunu APU-nin pulsuz fakültəsinə dəyişdirmək adıyla ələ keçirib.
Noyabrda isə Tarifə Əliyeva adlı qadın "Xəzər" Universitetinin kompüter mühəndisliyi fakültəsində oxuyan oğlunun BDU-nun hüquq fakültəsinə dəyişiləcəyinə inanıb və Füzulətə 1500 dollar pul, 500 dollar dəyərində qızıl əşya verib. İstintaq materiallarından da görünür ki, F.Dadaşova dələduzluq yolu ilə xeyli pul qazanıb. Lakin qazandıqlarını fikirləşdiyi kimi, asanlıqla yemək ona nəsib olmayıb.
Məhkəmə zamanı F.Dadaşova özünü təqsirli bilərək, cinayətini e`tiraf edib. Əməllərinə görə peşmanlıq hissi keçirdiyini bildirib. Onu da deyək ki, o, artıq 4-cü dəfədir məhkum olunur və hər dəfə də bu "hissi" keçirib.
Bu dəfə F.Dadaşova ömrünün 10 ilini həbsxana divarları arasında keçirəcək.

Türmədən qaçmışdı...

1992-ci ildə 7 saylı İslah Əmək Müəssisəsindən (İƏM) qaçmış məhbuslardan biri - Sədəfi Həziyev 9 ildən sonra yaxalanıb. Xatırladaq ki, o vaxt cəzaçəkmə müəssisəsinin 31 məhbusu lağım atmaq yolu ilə "azadlığa qovuşmuşdu".
S.Həziyevin mühakiməsi Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Sədrəddin Hacıyevin sədrliyilə keçirildi. Cinayət materiallarında ciddi rejimli 7 saylı İƏM-dən məhbusların qaçışı aşağıdakı kimi təsvir olunub: 1992-ci il iyulun 22-də sözü bir yerə qoyan 31 məhbus saat 4.15 radələrində əvvəlcədən qazıb hazırladıqları yeraltı tunel vasitəsilə türmədən qaçıblar. Onların atdıqları lağım cəzaçəkmə müəssisəsindəki yataqxana binasının zirzəmisindən başlayaraq, kaloniyanın yaxınlığındakı ağaclığa qədər uzanıb. Həmin məhbuslardan biri olan Sədəfi Həziyevə qarşı CM-nin 185-ci maddəsiylə cinayət işi qaldırılıb. Məhkəmə istintaqında ifadə verən müttəhimin sözlərinə görə, sırf təsadüf nəticəsində qaçaq həmkarlarının arasına düşüb. Həmin gün saat 5 radələrində cəza çəkdiyi müəssisənin yataqxanasından çıxanda üzdən tanıdığı, lakin adlarını bilmədiyi 6-7 məhbusun daşdan hörülmüş dördmərtəbəli binanın zirzəmisinə girdiyini görüb. Onların arxasınca gedib. Zirzəmidə yeraltı lağım olduğunu görüb. Qarşıda gedən adı yadında qalmayan məhbusdan tunelin o üzündə çıxış olub-olmadığını soruşub. O isə cavabında "gələrsən, görərsən" deyib. Həmkarlarının dalınca yeraltı tunellə irəliləyib. Bu kifayət qədər əziyyətli olsa da, bir müddətdən sonra müəssisənin hüdudlarından kənardakı ağaclığa çıxıb. Məhkəmə istintaqında həmin cinayətdə iştirak etmiş bir neçə məhbus şahid ifadəsi verib. Məhkəmə kollegiyasının hökmüylə S.Həziyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

"Santa Barbara" qarşısında dava

Nərimanov rayonunda, S.Mustafayev küçəsindəki 4 saylı mənzildə yaşayan İlqar Məmmədov hazırda müttəhimlər kürsüsündə əyləşib.
O, dörd il əvvəl tanış olduğu İlahə Kərimova ilə qeyri-qanuni ailə həyatı qurub. Maddi çətinlik içərisində yaşayan ərlə arvad arasında tez-tez münaqişə düşüb. Bu il fevralın 21-də saat 11 radələrində İ.Kərimova özünə məxsus əşyalarını yağıraq, taksiylə "Anakonda" barında işləyən rəfiqəsinin yanına gəlib. Əri onu geri qaytarmaq istəsə də, qadın razılaşmayıb. "Santa Barbara" barının yaxınlığında mübahisə ediblər. İlahə İlqarı təhqir edib. Bundan əsəbləşən İ.Məmmədov bıçaqla qadına bir neçə zərbə vurub və hadisə yerindən qaçıb. Polis işçiləri onu hadisədən bir ay sonra yaxalaya biliblər.
Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə gedən mühakimə prosesinə hakim Ənvər Seyidov sədrlik edir.

Krem qabında marixuana

Son vaxtlar respublikamıza narkotik maddələrin keçirilməsində qadınlarımız daha fəal iştirak edirlər. Dağıstandan ölkəmizin ərazisinə 772 qram marixuana keçirən 1963-cü il təvəllüdlü Gülbəz Həmzəyevanın mühakiməsi yekunlaşıb.
Onun şampun və krem qablarında gizlətdiyi narkotikanı Samux gömrük məntəqəsinin əməkdaşları aşkar ediblər. G.Həmzəyevanın narkotik maddələr alveriylə məşğul olan hansısa bir cinayətkar qrupun üzvü olması ehtimalı da var. Lakin qadın ibtidai və məhkəmə istintaqlarında cinayəti təkbaşına törətdiyini bildirib. Hakim Eynulla Ağayevin sədrlik etdiyi məhkəmə kollegiyasının hökmüylə G.Həmzəyeva 10 il müddətinə azadlıqdan məhrum edildi.

 Ana səhifə | Xəbərlər | Ölkə | İc siyasət | Firqələrdə | Pauza | Aləm | Tarixçə | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə| İks nəsil

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd