|
|
|
|
#90(314)
|
 |
Ququş Azərbaycana gələcəkmi? Ötən ildən bəri Yaqub Zurufçu Ququşun Azərbaycana gələcəyi barədə və`dlər verir. Hər dəfə də mə`lum olur ki, konsert elə və`d olaraq qalır. Artıq belə təsəvvür yaranıb ki, Ququş Azərbaycana gələnə oxşamır. Nə səbəbə?
Bu haqda yaxın günlərdə Amerikadan dönən Yaqub Zurufçunun özünü dinləyək. Müğənni bildirdi ki, onunla dəfələrlə söhbət aparılmasına baxmayaraq, heç cür razılıq əldə edə bilmirlər. Çünki Ququş ona veriləcək məbləğdən çox artığını istəyir. "Gərək o konsertin biletləri 30-40 dollara satıla ki, Ququşun istədiyi pul ödənilə", - deyən Yaqub Zurufçu isə heç bir vəchlə buna getmək istəmir. Xalqın durumunu göz önünə gətirən müğənni bu sayaq bahalı konsertin təşkilatçılığının məs`uliyyətini üzərinə götürmək istəmir. Ona görə də vəziyyət tam aydınlaşmayıb. Əgər Ququş razılaşarsa, konsert baş tutacaq. Əks təqdirdə isə Yaqub Zurufçu bildirdi ki, "qoy başqaları bu işlə maraqlansınlar".
Yaqub Zurufçu "Səməd Vurğun" adına səsyazma studiyasında növbəti musiqi albomunu hazırlayır. Albomda əsasən xalq mahnıları toplanacaq. Özü də yeni oranjimanda. Vaxtını tam dəqiqləşdirməsə də, payızda konsert verəcək. Respublika sarayında gerçəkləşəcək konsertin sponsorları artıq bəllidir.
Alsunun hamı tərəfindən çoxdan bəri gözlənilən ingilis dilində çıxacaq albomu və`d olunan vaxtdan bir az gec çıxacaq.
Çünki sözügedən albomu hazırlayan "Universal" səsyazma studiyasının İngiltərə, Fransa, Almaniya və Avropanın başqa ölkələrində olan şö`bələri işə başlamayıb. Üstəlik Alsunun kollecdəki imtahanlarının başlaması onun diqqətini albomdan yayındırıb. Bütün bunlara baxmayaraq, təqribən 25 mahnı yazılıb. Xatırladaq ki, Alsu hazırladığı albomları auditoriyasına görə belə müəyyənləşdirib: Avropasayağı və Amerikasayağı. Hər ikisinə eyni mahnılar daxil olsa da, dinləyicilər onları ayrı-ayrı dillərdə eşidəcəklər, oranjimanda da fərq nəzərə çarpacaq. Məşhur "Before Üou Love Me" sinqlı Avropasayağı versiyada birinci olacaq. Alboma daxil ediləcək ikinci mahnı isə ya "Ne Loves Me, Ne Loves Me Not" ya da, "What Üou Girl Don’t Know" musiqi kompoziyasıdır. Güman ki, sözügedən musiqi albomu Şimali Amerika ölkələrində payız aylarında yayımlanacaq.
Yayın sonunadək Faiq Ağayevin daha bir neçə konsertinin şahidi olacaqsınız. İlin sonuna qədərsə, düz iki musiqi albomunun təqdimat mərasimini keçirəcək.
Albomun biri rus dilindədir. Xatırladaq ki, bu mahnıların hamısı sizə tanışdır. Repertuarında ən xoşuna gələn mahnıların mətnini sadəcə, rus dilinə tərcümə elətdirib. İlin sonuna qədər o, sözügedən albomlardan başqa heç nəyə vaxt ayırmayacaq. Çünki, qarşıdan 30 illik yubileyi gəlir. Bu il də ötən illərdə olduğu kimi, ad gününü səhnədə qarşılamaq istəyir. Deyilənə görə, bu konsert daha maraqlı olacaq. Ən azı ona görə ki, indidən hazırlıq işləri görülür.
Mənsum İbrahimov sentyabrın sonları İstanbula gedəcək. O, İstanbul Bələdiyyəsinin xəttilə gerçəkləşən "Muğam gecəsi"nə də`vət alıb.
Hələliksə, Opera və Balet Teatrının səhnəcinin Məcnunu, Qəribi olan solist Şah İsmayıl rolu üzərində işləyir. Ara-sıra məşqlər getsə də, "Şah İsmayıl" operasının tamaşaçıların ixtiyarına nə vaxt - mövsümün əvvəli və ya sonu - veriləcəyi dəqiq bilinmir. Rejissor Hafiz Quliyevin görümündə yozulan bu tamaşanın səhnə mizanlarında ciddi dəyişikliklər olacaq. Onu da deyək ki, yaxın zamanlarda Mənsum İbrahimovun iki musiqi albomunu dinləyəcəksiniz. "Muğam" şirkətinin xəttilə yazılan, "Səbuhi" səsyazma studiyasında lentə alınan hər iki musiqi albomunda muğamlar və xalq mahnıları toplanıb.
Sənətçilər arasında keçirilən futbol üzrə birinci dünya çempionatı və beynəlxalq incəsənət festivalı "Art-futbol-2001" 23 avqust- 1 sentyabr tarixində Moskvada baş tutacaq.
Bu aksiyanın keçirilməsinin təşəbbüskarları ulduzların "Starko" futbol klubu və FİFA-nın prezidenti Yozef Blatterdir. Bu günə qədər Almaniya, İrlandiya, Braziliya, Argentina, Finlandiya, İsveç, Nigeriya, Yuqoslaviya, Cənubi Koreya, Polşa, Çexiya, Ukrayna və sairə ölkələr iştirak etmək üçün rəsmən müraciət ediblər. İtaliya, İngiltərə, Fransa, İspaniya, Türkiyə, Hollandiya isə turnirə qatılmaq üçün danışıqlar aparırlar. Ctinq, Rob Stüart, Xulio İqlesias, Eros Ramazotti, Cani Morandi, Jerar De-Portye, Kris De-Burq, "Def Lerrard" qrupunun solistləri öz ölkələrini futbol çempionatında təmsil edəcəklər.
|