|
|
|
|
#90(314)
|
 |
Xəbər verildiyi kimi, respublika prezidenti Heydər Əliyev televiziya ilə çıxışında gecə barlarının və diskotekaların fəaliyyət göstərməsinə kəskin neqativ münasibətini bəyan edib. Prezidentin sözlərinə görə, bar və diskotekaların fəaliyyəti Azərbaycan xalqının dini və mə`nəvi dəyərləri ilə ziddiyyət təşkil edir. Heydər Əliyev çıxışında bildirmişdi ki, bununla bağlı hüquq-mühafizə orqanlarına və Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq göstərişlər verilib.
Prezident erotik xarakterli qəzet və jurnalların nəşr olunmasına da neqativ münasibətini kəskin şəkildə izhar edib.
Bakı Şəhər İcra Hakimiyyəti artıq 2 aydır ki, gecə barlarının fəaliyyəti barədə mə`lumat toplamaq məqsədilə müntəzəm olaraq reydlər keçirir. Bununla bağlı meriyadan verilən mə`lumata görə, Bakıda 140-dan çox bar fəaliyyət göstərir. Polis orqanlarının hesablamalarına görə isə barların sayı 270-dən çoxdur. Onların bir hissəsinin işləməyə rəsmi icazəsi yoxdur. Yaşayış binalarının 1-ci mərtəbələrində, zirzəmilərdə yerləşən barlar sakinlərin şikayəti əsasında bağlanıb. Beşulduzlu otellərdəki barlara isə gecə saat 3-4-dək işləməyə icazə verilir. Digər əyləncə yerləri isə saat 24-də bağlanmalıdır. Qeyd edək ki, prezidentin televiziya ilə çıxışından sonra meriya və polis orqanlarının 60 əməkdaşından ibarət operativ qrup yaradılıb. Srağagün gecə keçirilən reydlər zamanı mə`lum olub ki, barların əksəriyyəti vaxtında bağlanır. Eyni zamanda əxlaqsız qadınların toplaşdığı yerlər də aşkar edilib. Bunlar əsasən, "Nizami" kinoteatrı yaxınlığında yerləşən barlardır. Reydlər nəticəsində gecə barlarının bir hissəsinin fəaliyyəti məhdudlaşdırılıb, bə`zilərinin lisenziyaları isə geri alınıb. Dünən "Bizim ƏSR"in ekspedisiya qrupu paytaxtda yerləşən bir sıra barlara baxış keçirmək məqsədilə reyd keçirib. Gündüz saat 2-dək davam edən reydlərdə təkcə "Kakadu", "Royal China club" barlarının işlədiyinin şahidi olduq. Bu ondan xəbər verir ki, prezidentin çıxışından sonra hüquq-mühafizə orqanları barların üstünə ciddi düşüblər. Bundan başqa, əldə etdiyimiz mə`lumata görə, prokurorluq oranları pornoqrafik materiallar dərc edən qəzetlər barədə araşdırma aparır, cinayət işi qaldırılacaq.
Qeyri-hökumət təşkilatlarının müəyyən etdiyi statistikaya görə, hazırda ölkədə 2000-dən çox fahişə var. Bu rəqəm bir qədər qeyri-rəsmi olduğundan fahişəliklə məşğul olanların sayını dəqiq əks etdirmir. Şəhərimizdə fəaliyyətdə olan qeyri-qanuni pritonların sayı ilə bağlı əldə edilən göstəriciləri də tam düzgün hesab etmək olmaz. "Təmiz dünya" cəmiyyətinin hüquq-mühafizə orqanları ilə birgə apardığı dəqiqləşməyə əsasən, hazırda paytaxtımızda 40-a yaxın qanunsuz priton fəaliyyət göstərir və ya saxlanılır. Nəzərə alaq ki, hələlik şəhərimizdə günbəgün artan gecə barları pritonlar siyahısına aid edilmir. Halbuki, əxlaqsızlıq yuvasına çevrilmiş bu barlarda istənilən formada fahişəlik biznesi baş alıb gedir .
"Təmiz dünya" cəmiyyətinin rəhbəri Mehriban Zeynalovanın gəldiyi qənaətə görə, Azərbaycanda baş verən adı çəkilən cinayətlərin arxasında rəsmi orqanlarda çalışan bə`zi adamlar dayanır. Çünki mə`mur dairələrdən xüsusi himayə olmadan bu kimi əməllərlə məşğul olmaq absurddur: "Biz həddən artıq təzyiqlərlə üzləşməli oluruq. Bə`zən hansısa bir cinayətin izinə düşdükdə hüquq-mühafizə orqanları tərəfindən maneələr yaradılır. Açıq-açığına olmasa da əl altından işimizə mane olmağa çalışırlar. Sual olunur, niyə? Buradan belə mə`lum olur ki, böyük miqyasda həyata keçirilən çirkin əməllərə kimlərsə havadarlıq edir, öz günahlarını ört-basdır etmək üçün polisin və digər rəsmi orqanların köməyindən istifadə edirlər".
Çoxlarımız elə bilirik ki, qadınları fahişəliyə sürükləyən faktorlardan biri, bəlkə də ən başlıcası, maddi-sosial çətinliklər, dolanışıq vəziyyətinin dözülməzliyidir. Amma məsələyə bir qədər geniş aspektdən yanaşdıqda mə`lum olur ki, insanları fahişəlik və digər əxlaqsız əməllərə sövq edən təkcə yuxarıda söylənilən amillər deyil. Məsələn, qadınlar, ələlxüsus da yeniyetmə qızlar güclü psixoloji tə`sir altına düşdükdə də bu kimi əxlaqsız əməllərlə məşğul olurlar. Paytaxtımızda yaşayan ailələrin birinin başına gəlmiş əhvalat buna sübut ola bilər. 16 yaşlı Nübar Nağıyevanın valideynləri bir axşam xəbər tutublar ki, qızları evdən qaçıb. Hətta qız valideynlərinə belə bir namə də yazıb ki, "bu cür yaşamaqdan bezmişəm, mən də rəfiqələrim kimi azad yaşamaq istəyirəm, daha məni axtarmayın!" Həmin valideynlər övladlarını bir neçə gün axtarıb tapmadıqda "Təmiz dünya" cəmiyyətinə müraciət ediblər. Onlara təklif olunub ki, bir-bir gecə barlarını, pritonları axtarsınlar. Elə də ediblər. Üç gün keçdikdən sonra isə Nübar gecə barlarının birindən tapılıb. Mə`lum olub ki, rəfiqələrinin birinə qoşulub evdən qaçdıqdan sonra bir gecə bağda qalan qızı zorlayıblar. Qalan günləri də barlarda keçirməli olub.
Digər bir fakta diqqət yetirək. Bir neçə ay bundan əvvəl təhsil naziri M.Mərdanov məktəb yaşlı yeniyetmələrin təhsildən yayınması və bə`zi azyaşlı uşaqların paytaxtın gecə barlarında pozğun həyat keçirməsinə qarşı tədbirlər görülməsi haqda göstəriş vermişdi. Həmin göstərişdən sonra Bakı Şəhər Baş Polis İdarəsinin yeniyetmələrin işi üzrə müfəttişliyi və Təhsil Nazirliyinin tərbiyə idarəsinin əməkdaşları paytaxtın bir neçə gecə barında reydlər keçirdi. Onlardan biri "Vətən" kinoteatrının nəzdindəki diskobarda aparılmışdı. BŞBPİ-nin yeniyetmələrin işi üzrə müfəttişliyinin rəisi Əlihüseyn Əlihüseynovun "Bizim ƏSR"ə verdiyi açıqlamaya görə, "Vətən" kinoteatrının diskotekasında təşkil edilən reyd zamanı 60-dan çox yeniyetmə qızın təkcə 48 nəfəri məktəb yaşlı olublar. Əlihüseyn Əlihüseynov onu da qeyd edib ki, sözügedən diskotekada satışa qoyulan lisenziyasız spirtli içkilər və aksiz markası olmayan tütün mə`mulatları aşkar edilib. Mənbənin sözlərinə görə, onun rəhbərlik etdiyi müfəttişlik milli mə`nəviyyatımıza zidd olan, yeniyetmələrimizin tərbiyəsini pozan diskoteka və barların fəaliyyət göstərməsinin əleyhinədir. Diskotekada yaxalanan yeniyetmələrin hansı məs`uliyyət daşımalarına gəldikdə, Əlihüseyn Əlihüseynov "Bizim ƏSR"ə belə demişdi: "Onlar hüquqi məs`uliyyət daşımır. Hər bir şəxs öz həyatını sərbəst şəkildə qura bilər. Lakin bu o demək deyil ki, gənclər diskotekalara yığılıb əxlaqsız hərəkətlərə yol verməlidirlər. Bu halda onlar mə`nəvi məs`uliyyət daşıyır".
Sonda bildirək ki, ümumxalq səsverməsi ilə 12 noyabr 1995-ci ildə qəbul olunmuş və 27 noyabr 1995-ci ildə qüvvəyə minmiş Azərbaycan Respublikasının Konstitusiyasının 37-ci maddəsinin 1-ci bəndində deyilir ki, hər bir şəxs istirahət hüququna malikdir. Təbii ki, hər bir kəs sərbəst şəkildə istirahətini qura, barlara, əyləncə obyektlərinə gedə bilər. Bar və diskotekaların kor-koranə şəkildə qapadılması da azad cəmiyyət üçün ziddiyyət təşkil edir. Sadəcə, bütün bunları hüquqi çərçivəyə salmaq lazımdır. Barlara, diskotekalara 20 yaşınadək gənclərin buraxılmasına qadağa qoyulmalı, spirtli içkilərin satışı məhdudlaşdırılmalıdır. Digər tərəfdən barların çoxu axşamlar arxa qapıdan fəaliyyət göstərir. Bunun üçün barların qarşısında xüsusi adamlar dayanır. Onlar müxtəlif işarələrlə müştərinin bara yararlı olması barədə mə`lumat verirlər. Bundan sonra həmin şəxs obyektin içərisinə buraxılır. Hüquq-mühafizə orqanları bu məsələyə xüsusi diqqət yetirməlidirlər. Və sonda bildirək ki, ABŞ prezidenti Corc Buşun qızını yaşını artıraraq pivə aldığına, barlara getdiyinə görə və s. artıq üçüncü dəfədir ki, polislər saxlayır. Bax belə...
Bu həftə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) respublikada fəaliyyət göstərən lotereya şirkətlərinin fəaliyyətini araşdırmağa başlayacaq. Bu barədə sözügedən komitədən əldə olunan mə`lumata görə, adı çəkilən tədbir QKDK-nin nəzarət funksiyaları çərçivəsində mütəmadi olaraq keçirilir.
Həmçinin respublikanın rayonlarında dövriyyədə olan qeyri-qanuni lotereyalarla əlaqədar reydlər keçiriləcək. Qeyd edək ki, artıq 24 rayonda yoxlamalar aparılıb. Nəticədə QKDK tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edib. Qanun pozanlara qarşı görülən tədbirlər təqribən 10-12 hüquqi şəxsin fəaliyyətini dayandırmasına gətirib çıxarıb. Lakin yenə də lotereyaların qeyri-qanuni dövriyyəsi ilə bağlı əyalətlərdən siqnallar daxil olmaqdadır. Lotereya şirkətləri üzərində nəzarətin gücləndirilməsinə səbəb QKDK-nın təşkilatlanmış lotereya sistemini yaratmaq istəyindən irəli gəlir.
|