|
|
|
|
#90(314)
|
 |
Dünən prezident Heydər Əliyev və Gürcüstanın xarici işlər naziri İrakli Menaqarişvilinin görüşündə Gürcüstan prezidenti Eduard Şevardnadzenin Azərbaycana rəsmi səfərinin vaxtı və detalları müzakirə edilib.
Gürcüstanlı nazir bildirib ki, səfər "mə’lum səbəblər" üzündən tə`xirə salınmışdı. Lakin indi Şevardnadze "münasib vaxtda" Azərbaycana gələ bilər.
Nazir deyib ki, bu gün ərzində Azərbaycan XİN və Dövlət Neft şirkətində ikitərəfli məsləhətləşmələr aparıb. Onun sözlərinə görə, "mübahisəli heç bir məsələ yoxdur" və qaza dair ikitərəfli sazişlərin imzalanması üçün hər şey hazırdır. Bu, "mühüm regional önəm" daşıyacaq.
H.Əliyev öz növbəsində bildirib ki, "Bakı Şevardnadzeni "istənilən vaxtda" qəbul etməyə hazırdır". "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan ərazisilə Türkiyəyə nəqlinə dair Gürcüstan-Azərbaycan sazişinə gəlincə, bu sənəd Tbilisi və Bakı arasında strateji əməkdaşlığı daha da möhkəmləndirəcək. Prezidentin sözlərinə görə, Şevardnadzenin Azərbaycana səfəri və onun nəticələri "mühüm beynəlxalq önəm kəsb edəcək".
Sonra görüş bağlı qapı arxasında keçib. Öncə xəbər verildiyi kimi, Şevardnadzenin Bakıya səfəri avqustun ikinci yarısında baş tutacaq.
"Biz iyulun sonunda İran təyyarələrinin Azərbaycanın hava məkanını pozması haqqında təsdiqedici faktları əldə edə bilmişik". Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Filip Riker Xəzərdə situasiya və İran-Azərbaycan münasibətlərində gərginlik barədə sualları cavablandırarkən bildirib.
"Belə hərəkətlər provokasiondur və Xəzərdə mübahisəli sərhəd məsələlərinin dinc yolla həllinə yardım etmir", - deyə o bildirib.
"Biz Azərbaycanı və bu məsələ ilə bağlı razılıq əldə etmək üçün danışıqlar aparan digər ölkələri dəstəkləyirik", - deyə Riker vurğulayıb.
Mətbuat katibi Azərbaycanın hava sərhədlərinin pozulması haqda ABŞ-ın hansı mənbədən mə`lumat əldə etdiyi barədə suala cavab verməyib.
Dünən İran XİN mətbuat katibi Həmid Rza Asəfi Rikerin sözlərinə reaksiya verərək bildirib ki, İran təyyarələri Azərbaycan sərhədlərini pozmayıb. O həmçinin digər dövlətləri Xəzəryanı ölkələrin daxili işlərinə müdaxilə etməməyə çağırıb.
Tədbirdə iştirakçı olmaq istəyən əlil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əlillərin Sosial Müdafiəsi Fondunun yerli orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və informasiya şö`bəsinə sənədlər komplektini, çıxışının videolentini 2001-ci il noyabrın 1-nə kimi göndərməlidir.
RF Ümumrusiya Əlillər Cəmiyyəti və "Filantrop" fondu 1996-cı ildə əlillərin bədii yaradıcılığının əsas növləri olan təsviri sənət, ifa sənəti və ədəbiyyat sahəsində "Filantrop" beynəlxalq mükafatını tə’sis edib. Mükafatın təltifi ilə bağlı tədbirlər ildə iki dəfə keçirilir. Məqsəd incəsənət vasitəsilə əlillərin reabilitasiyasına və sosial adaptasiyasına, yeni iste`dadların üzə çıxmasına xidmət göstərməkdir. Mükafatın ilk təqdimolunma mərasimi keçən il mayın 27-də Moskvada keçirilib.
Mənbənin mə`lumatına görə, builki yarışların nəticəsi olaraq fondun mükafatının təltifolunma mərasiminin 2002-ci il mayın 15-də Kremldə keçirilməsi nəzərdə tutulub. İndiyə qədər bir çox xarici ölkələrdən 700-dən artıq ərizə daxil olub. Fondun mükafatının Əsasnaməsinə görə, incəsənətin 8 növü üzrə 3 nominasiyada 1-ci, 2-ci və 3-cü mükafatlar təı’sis edilib və bundan əlavə 4 xüsusi mükafat nəzərdə tutulub.
Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu avqustun 16-17-də Avropa ölkələri mədəniyyət nazirlərinin toplantısında iştirak etmək üçün Riqaya yola düşüb. Bu barədə TURANa Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Nazirlərin görüşü qeyri-rəsmi xarakter daşıyır. Onlar Riqa şəhərinin 800 illik yubileyində iştirak edəcək.
Azərbaycanın mədəniyyət naziri "Müxtəlif mədəniyyətlər və qloballaşma çərçivəsində mədəni rəngarəngliyin qorunması" və "Mədəniyyətin inkişafında ənı’ənəvi olmayan meyllərin rolu" mövzularında keçiriləcək diskussiyalarda çıxış edəcək.
P.Bülbüloğlu Riqanın 800 və Stokholm şəhərinin 750 illiyi münasibətilə təşkil edilən "Üç Ulduz-Üç Tac və "Metrpolis-Riqa" incəsənət sərgilərinin açılışına da qatılacaq.
Tədbirdə Rusiya, Xorvatiya, İsveç, Polşa, Litva, Almaniya, Portuqaliya, Finlandiya təmsilçiləri də iştirak edəcək.
Dünən Ağır Cinayət İşlərinə dair Məhkəmədə ötən il avqustun 18-də Naxçıvan-Bakı təyyarəsini qaçırmaq cəhdində ittiham olunan Mehdi Hüseynlinin işi üzrə proses davam edib.
Prosesin əvvəlində müttəhim məhkəmə zalında Dövlət televiziyasının çəkiliş aparmasının dayandırılması barədə vəsatətlə çıxış edib. Onun fikrincə, çəkilişlər gələcəkdə onlardan "siyasi şoular" üçün istifadə etmək məqsədilə aparılır. Lakin məhkəmə vəsatəti tə’min etməyib.
Sonra M.Hüseynli ifadə verməkdə davam edib. Bu gün şahidlərin dindirilməsinə başlanacaq.
|