Ana sehife

Duqlas Kouplend. X nesil
IKS NƏSLİ
(roman)

Həyatını dəyiş

  • Bembifikasiya:
    Candan-qandan bir olduğun canlı varlıqları burjua-yəhudi-xristian əxlaqının ideallarını təcəssüm etdirən multfilm personajlarına yozmaq.
  • Öpüş əvəzinə QİÇS (hiperkarma):
    Kök salmış inama görə, cəza həmişə cinayətdən ağır olur. Ozon dəliyi - zibili zibil qabının içinə atmamağımızın cəzasıdır.
  • Katastrofiliya:
    Fövqəl’adə hallara islaholunmaz cazibə.

Əvvəli ötən saylarımızda

Var gücümüzü səfərbər etsək də, Klerlə mən bir-birimizə aşiq ola bilmədik. Belə də olur. Hə, məndən söhbət düşmüşkən, niyə özüm haqda söhbətə girişməyək? Nədən başlayım?.. Hə, adımdan. Adım Endryu Palmerdi. Bu gün-sabah 30 yaşım tamam olacaq. Dilləri öyrənirəm (yaponşünasam). Ailəmiz böyükdü. (Bu haqda ətraflı bir az sonra...) Mən distrofiyalı doğulmuşam: bir dəri-bir sümüyəm. Buna baxmayaraq, pop-rəssam Endi Uorxolun gündəliyindən oxuduğum bir parçadan ilhamlanaraq, çox sürəkli fəaliyyətə girişdim. Bu adam ömrünün altıncı onilliyində başa düşüb ki, əgər gimnastikayla məşğul olsaydı, "bədəni" olardı (bir düşünün, bədənsiz olmaq...). Zəhlətökən hərəkətlərdən sonra döş qəfəsim göyərçin sinəsinə oxşayır. Hə, indi mənim bədənim var! Bir problemi həll etdik. Amma bayaq dediyim kimi, mən sevə bilmirəm: bu da bir cür problemdi... Hər dəfə iş onunla bitir ki, biz "dost" oluruq, deyim ki, bu da çox iyrəncdi. Mən sevmək istəyirəm! Hər halda, bu mənə elə gəlir, dəqiq bilmirəm. Axı, bu bir az... qaranlıq məsələdi. Yaxşı, yaxşı, boynuma alım ki, tənha yaşamaq istəmirəm. Və bu barədə sizə, lap aydın olsun deyə, bir əhvalat söyləyəcəm. Bu əhvalat çox gizlidi. Bu haqda hətta bugünkü piknikdə Kler və Deqlə də bölüşməzdim. Belə!

Biri vardı, biri yoxdu, Edvard adında gənc bir adam vardı. Bu adam öz həyatını ləyaqətlə yaşayırdı. O qədər ləyaqətliydi ki, hətta hər axşam 6.30-da tənha şam yeməyini hazırlarkən çalışırdı yeməyini coşqun cəfəri yarpağı ilə bəzəsin. Onun fikrincə, cəfərinin görkəmi beləydi: coşqun! Coşqun və əsilzadə. Edvard çalışırdı şamdan sonra qabları yuyub-silsin. Özlərinin nahar və şam yeməkləri, yuyulub-silinmiş qabları ilə yalnız tənha adamlar öyünmürlər. Amma Edvard hesab edirdi ki, o, bu adətiylə öyünməlidir - belə baxanda ona heç kəs lazım da deyil. Lakin tək də qalmaq fikri yoxdu. Əlbəttə, tənhalıq elə də şən keçmir. Amma yaxşı ki, səni hövsələdən çıxaran adamlardan da uzaqsan. Bir dəfə Edvard qablarını yumadı, bunun əvəzində isə bir şüşə pivəni başına çəkdi. Elə-belə, əhval-ruhiyyəsini yüksəltmək, gündəlik qayğıları unutmaq üçün. Və tezliklə cəfəri onun gündəlik menyusundan çıxdı, bura pivə əlavə olundu. Edvard üzürlü səbəb də tapdı. Amma nə səbəb idi - xatırlamıram. Tezliklə şam mərasimi söndü. Onun üçün od-ocaq mənasını itirdi. Zavallı Edvardı təklikdə yeyib-içmək lap boğaza yığırdı. Bir qədər sonra mikrodalğalı mətbəx dükanına dadandı; ara-sıra oradan lobyalı-ətli burrito alıb, Polşa albalı şərabı ilə içməyə başladı. Albalı şərabına bir uzun yuxulu yay zamanı dadanmışdı. Həmin yay o, Ənvər Xoca adını daşıyan kommunist ədəbiyyatı dükanında darıxdırıcı bir işlə - kitab satmaqla məşğul idi.
Lakin bir qədər sonra Edvard bunu da özü üçün çox cansıxıcı hesab etdi və nəhayət onun şam yeməyi bir stəkan süd və bir də "Likör anbarı"nın piştaxtalarında satılan ucuz ərzağa qədər azaldı. Edvard "bərk nəcis"in (antonim - duru) nə olduğunu unutdu və ona elə gəlirdi ki, gözlərinin içərisində brilyantlar oynaşır.

Təkrar edək: Zavallı Edvard, deyəsən, onun həyatı tədricən idarəolunmaz hal alırdı. Məsələn: bir dəfə Kanadada məclisdə əylənən Edvard yuxudan ertəsi gün səhər ABŞ-da oyanmışdı. İki saat yolda olmuş, öldürsən də nə evə necə gəlib çıxdığını, nə də sərhədi necə keçdiyini yadına sala bilməmişdi. Gör Edvard nə fikirləşirdi. O fikirləşirdi ki, bəı’zi mətləblərdə çox fərasətli oğlandı. O, məktəbdə oxuyurdu və çoxlu söz bilirdi. Edvard deyə bilərdi ki, "veronika" bir zaman Həzrəti İsanın üzünü örtmüş zərif parçadı. "Qaragül" isə vaxtından əvvəl doğulmuş quzunun dərisidir. Sözlər, sözlər, sözlər... Edvard təsəvvüründə bu sözlərin köməyi ilə öz dünyasını, sakini yalnız onun özü olduğu ikili kubşəkilli (ingilis arxitektoru Adamın təyininə əsasən) sehrli və əsrarəngiz otaq aləmini yaradır. Otağa yalnız tünd rənglənmiş qapıdan girmək olardı. İçəri girməyə cəhd edib, Edvarda fikrini cəm etməyə mane olan hər kəsin ayaq səslərini batırmaq üçün qapıya dəridən və at qılından üz çəkilmişdi.
Bu otaqda Edvard on uzun il keçirdi. Divarlarda kitabların ağırlığından əyilmiş palıdı rəflər, rəflərin arasındakı boş yerlərdə isə ən dərin hovuzların suyu kimi sapfir rəngli çərçivəli xəritələr asılmışdı. Döşəmə başdan-başa Edvardın hər yerdə nəfəsini arxasında duyduğu sədaqətli spanieli Lüdviqin tökülmüş tüklərindən gümüşü rəngə çalan gözəl mavi rəngli Şərq xalçaları ilə örtülmüşdü. Lüdviq günün çox hissəsini yazı masasının arxasında keçirən Edvardın həyat haqqındakı ağıllı fikirlərinə, - bu isə heç də az olmurdu, - təkəbbürlə qulaq asır. Elə bu yazı masasının arxasında Edvard yazır və qəlyan çəkir, pəncərələrin qurğuşunlanmış şüşələrindən landşafta: daim payız yağışlı şotland gündüzünə baxırdı.
Əlbəttə ki, ziyarətçilər bu sehrli otağa buraxılmırdı, Edvard da yalnız missis Yorka ona günorta rasionu gətirməyə icazə vermişdi. Bu tvid paltarlı, saçları səliqə ilə arxaya yığılmış nənə hər gün Edvarda onun daimi şerri-brendisini, yaxud da zaman-zaman bir şüşə qırxunsiyalıq "Cek Deniels" viskisi və bir stəkan süd gətirirdi.
Hə, Edvardın otağı gözəl idi, hərdən o dərəcədə gözəl idi ki, yalnız beləcə, ağ-qara təsvirdə var ola bilərdi, köhnə salon kinokomediyaları kimi. İncə tapıntıdır, deyilmi?
Bəs sonra nə oldu, nə hadisə baş verdi ki?
Bir dəfə Edvard diyircəkli kitabxana nərdivanının son pilləsində olub, bir daha oxumaq istədiyi qədim bir kitabı götürməyə məşğulkən bu gün missis Yorkun içkini gecikdirdiyi barədə düşünməməyə çalışırdı. Nərdivandan düşəndə ayağı Lüdviqin nəcisinin içinə girdi. Edvard bərk qəzəbləndi. Düz Lüdviqin arxasında çömbəlib yatdığı ipək üzlüklü yumşaq kresloya tərəf yeridi. "Lüdviq! - bağırdı, - ay səni yaramaz, ay səni..."

Edvardın sözü ağzında qaldı, belə ki, Lüdviq divana tullanıb ən sehrli (inanın mənə) və ən gözlənilməz şəkildə, sevgisi aşıb-daşan, kəsik quyruğunu sevinclə bulayan maçalkayabənzər küçükdən, sahibinin boğazından yapışıb, təkcə xoşbəxtlikdən şah damarını zədələməmiş, göy-qara rəngli, qara ağızlı qəzəblənmiş rotveylerə çevrildi, Edvard dəhşətlə dartındı. Sonra bu təzə Lüdviq-həm-elə-Serber ağzından köpük daşdıra-daşdıra şossedə yük maşının altına düşmüş bir dəstə itin cansıxıcı ulartısını çıxardı və dişləriylə Edvardın baldırına tərəf dartındı. Edvard təlaş içərisində pilləkənə atılıb, taleyin hökmü ilə elə bu an pəncərədən gördüyü missis Yorku səslədi. Başında açıq rəngli parik, əyninə hamam xalatı geymiş missis York professional tennisçinin qırmızı rəngli balaca idman maşınına atılaraq, Edvardı əbədi baxımsız qoymuşdu. Demək lazımdır ki, missis York Şotlandiyanın payız səmasına bir damcı da bənzəməyən qızmar, ozondan məhrum, yeni sərt səmanın faciəli işıltısı altında çox qəribə görünürdü.
Bəli!
Zavallı Edvard.

Otaq onun üçün tələ olmuşdu. Edvard ancaq rəflərin arası ilə nərdivanla dala-qabağa gedə bilirdi. Həyat onun bir zamanlar füsunkar iqamətgahında dəhşətə çevrilmişdi. Kondisionerə əl uzatmaq mümkün deyildi və içəridə kəsif, üfunətli, Kəlküttə havası vardı. Və şübhəsiz ki, missis Yorkun gedişi ilə vəziyyəti bir qədər dözümlü edə biləsi kokteyllər də yoxa çıxmışdı. Bununla belə, Edvard hələ də titrəyən, qanı qaçmış ayaq barmaqlarından əl çəkmək bilməyən bədheybəti qovmaq ümidi ilə kitabları bir-birinin ardınca acıqla Lüdviqə sarı tolazlayırdı.
Edvard yuxarı rəfdə çoxdan yaddan çıxmış kitabların arxasında mürgüləyən həşəratları oyatmışdı. Onlar Edvardın qollarında gəzişirdilər. Lüdviqə sarı tolazlanan kitablar onun belindən sürüşüb yerə düşür və nəticədə xalçanın üstü boz-qonur rəngli həşəratla dolurdu. Lüdviq isə həşəratları uzun çəhrayı rəngli dili ilə yalayırdı. Edvardın düşdüyü vəziyyət gərgin idi.
Yeganə yol qalırdı. Otağı tərk etmək. Usanmaz Lüdviqin qəzəbli ulartısı altında Edvard nəfəsini içinə çəkib, qorxu və kədər qarışıq bir hisslə ağır palıd qapıları araladı, ilk dəfə və əbədən öz sehrli sarayını tərk etdi.
Əbədiyyət həqiqətən də on ilə bərabərmiş. Qapının arxasında gördükləri Edvardı heyrətə gətirmişdi. Otağında, cazibəli sürgündə özünü ağıl dəryası bildiyi bütün bu vaxt ərzində ondan fərqli, bəşəriyyətin digər qismi bekar qalmayıb nəhəng bir şəhər qurmuşdu. Onlar şəhəri sözlərdən deyil, qarşılıqlı münasibətdən hörmüşdülər. Göz qamaşdıran hüdudsuz Nyu-York, dodaq boyasından, artilleriya gilizlərindən, toy mərasimi üçün bişirilən tortlardan və köynəklər üçün karton içlikdən yapılmış, dəmirdən, papye-maşe və oyun kartlarından tikilən şəhər, dışarıdan dəm qazı, buhenvillərin sırsıra və meynələri ilə işlənmiş iyrənc-gözəl dünya. Bu dünyanın bulvarları plansız, təlaşlı, çılğın idi. Hər tərəfdə siçan tələsi, triffidlər, qapqara çalalar. Fəqət şəhərin valehedici çılğınlığına baxmayaraq, Edvard burda bir şeyin şahidi oldu. Şəhərin çoxsaylı sakinləri hər tində təlxəyin atacağı kremli tortdan, "Qırmızı briqada" döyüşçüsünün, diz qapağını nişan aldığı güllədən və ya füsunkar kino ulduzu Sofi Lorenin busəsindən əsla çıldırmayaraq, laqeyd bir görkəmlə ora-bura gəzişmədə idilər. Yolu soruşmaq istəsən - nə fayda? Edvard bir yerlidən soruşanda ki, hardan xəritə almaq olar, o, müsahibinə dəliyə baxan kimi baxmış və bağırıb uzaqlaşmışdı.

Axır ki, Edvard bu Böyük şəhərdə kəndçi olduğunu etiraf etməli oldu. O anladı ki, üsul və fəndlərə yiyələnmək məsələsində on illik həndikapdan sonra olsa belə, sıfırdan başlamalıdı. Bu perspektiv Edvardı qorxutdu. Amma əyalətdən çıxmış kəndçi yeni, təzə-tər baxışlarına güvənib qədəm qoyduğu şəhəri fəth etməyə and içdiyi sayaq, Edvard da eyzən qərar qəbul elədi. Edvard özünə söz verdi ki, bu dünyada öz yerini tutan kimi (bu dünyanın odekalon qaynayan çoxsaylı fantanlarında ölümcül bişmədən, şəhər küçələrində şütüyən, içərisi cizgi filmlərindən qəzəbli toyuqlar dolu saysız-hesabsız furqonların təkərləri altına düşmədən) ucadan uca bir qala tikəcək. Bu gümüşü qala Edvardın özü kimi bu şəhərə gecikənlər üçün mayak olacaq. Qalanın damında isə bar olacaq. Edvard bu barda üç iş görə biləcəyinə əmindi: pomidor şirəsi və limon dilimləri ilə kokteyl qarışdıracaq, sink lövhələr və unudulmuş pop-ulduzların şəkilləri yapışdırılmış pianoda caz ifa edəcək, uzaq küncdə tualetlərin yanındakı balaca çəhrayı rəngli dükanda (başqa şeylərlə birlikdə) coğrafi xəritələr satacaq.

Ardı var

Copyright © by Media LTD,2001 E-mail:webmaster@media-az.com