İc siyasət

Ana səhifə
Xəbərlər
Müsahib
İc siyasət
Pauza
Aləm
Tarixçə
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
İks nəsil
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#91(315) 
"ABŞ və İran toqquşa bilər"
ADİP Demkonqresdən gedir
"İslam dininin tədrisi vacibdir"
Amnistiyaya kimlər düşəcək?


"ABŞ və İran toqquşa bilər"
Mübariz Əhmədoğlu: "Bu halda, Azərbaycanın Vaşinqtonun platsdarmına çevrilməsi yolverilməzdir"

Xəzərin statusu ilə bağlı mübahisələr region hüdudlarını aşaraq ABŞ-İran münasibətlərini də "dalana salıb". Rəsmi Vaşinqton Azərbaycanın hava sərhədlərini pozan İranı "provokasion addımlardan çəkinməyə" çağırsa da, rəsmi Tehran Xəzərdəki maraqlarını qorumaq üçün sonadək mübarizə aparacağını bəyan edir. Vəziyyət o yerə çatıb ki, ABŞ-ın bir çox qeyri-hökumət təşkilatları Corc Buş administrasiyasını Azərbaycana hərbi yardım göstərməyə çağırıb. ABŞ-ın nüfuzlu "Neritage" fondunun siyasi eksperti Ariyel Koen Azərbaycanın təhlükəsizliyinin tə’minatı naminə ABŞ-ın BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmasını vurğulayıb.
Yaranmış vəziyyəti şərh edən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlunun fikrincə, regionda müharibə ehtimalı kifayət qədər realdır. Onun fikrincə, hazırda İranda məsələnin hərbi müstəvidə inkişafını dəstəkləyən qüvvələr var: "İrana indiki halda regional gərginliyin lazım olduğunu ehtimal etmək olar. Bu dövlətin daxilində elə qüvvələr var ki, hətta yaranmış vəziyyətdə çıxış yolunu hərbi əməliyyatların başlanmasında görürlər. Bu versiyanı onunla əsaslandırmaq olar ki, İranın özündə vəziyyət o qədər də yaxşı deyil. İslam inqilabından sonra əhalinin sosial-iqtisadi vəziyyəti indiki qədər pis olmayıb. Ona görə də İran dövləti diqqəti guya xaricdən gələn təhlükəyə yönəldərək daxildə sosial-iqtisadi durumla bağlı narazılıqların baş qaldırmasına yol vermək istəmir. Digər bir versiya ondan ibarətdir ki, indi mühafizəkarlarla liberallar arasında gedən mübarizədə xalq liberalları dəstəkləyir. Mühafizəkarlar isə indi hakimiyyətdə olan liberalların mövqelərini zəiflətmək üçün İranın hərbi təhlükə ilə üzləşməsində maraqlıdırlar".
nPolitloqun fikrincə, ABŞ-ın da İrana qarşı əməliyyatlara başlaması ehtimalı böyükdür. O bunu Vaşinqtonun maraqları ilə izah edir: "ABŞ da İranla baş-başa gəlməkdə maraqlıdır. Hələ 1991-ci ildə ABŞ İraqa hücum etdi və bu zaman neftin qiyməti kulminasiya nöqtəsinə çatdı. Hərbi əməliyyatlardan sonra isə neftin bir barreli 32 dollardan 9 dollara düşdü. Bundan da ABŞ iqtisadiyyatına ciddi zərbə dəydi. İndi əsas gəlir mənbəyi neftin istismarı olan ABŞ iqtisadiyyatında yenə də tənəzzül başlayıb. ABŞ istəyir ki, hərbi qarşıdurmalar yaratmaqla neftin qiymətinin sün’i şəkildə artımına nail olsun. İran rəhbərliyi də bunu nəzərə almalıdır. Fikrimcə, ABŞ-a öz maraqlarını reallaşdırmaq imkanı verməmək üçün İran Azərbaycana güc nümayişindən əl çəkməlidir".

ADİP Demkonqresdən gedir
Vaqif Kərimov: "Əli Kərimova xəbərdarlıq etmişəm ki, E’tibar Məmmədovu qəbul etməyəcəyik"

"Əgər AXCP AMİP sədri E’tibar Məmmədovu vahid namizəd kimi qəbul etsə, ADİP bu qurumdan çıxacaq və ümumiyyətlə, Demkonqres parçalanacaq". Bu fikir "islahatçı" Demkonqresdə təmsil olunan ADİP sədri Vaqif Kərimova məxsusdur.
O, "Bizim ƏSR"ə açıqlamasında deyib ki, AXCP ilə AMİP-in imzalayacağı müttəfiqlik sazişinin Demkonqres üzərinə hansısa öhdəlik qoymasına yol verilməyəcək. E’tibar Məmmədovun prezidentliyə vahid namizəd kimi qəbul olunmasının yolverilməzliyindən danışan ADİP sədri əlavə edib ki, Demkonqresə daxil olan partiyalar bununla barışmayacaqlar: "Mən heç də AMİP-AXCP sazişinin əleyhinə deyiləm. Bu, hər iki partiyanın öz işidir. Məsələ burasındadır ki, artıq Demkonqresə daxil olan partiyalar öz üzərlərinə öhdəlik götürüblər ki, prezident seçkilərində vahid namizədlə çıxış edəcəklər. Belə olduğu halda AXCP-nin digər partiya qarşısında da əlavə öhdəlik götürməsi heç bir məntiqə sığmır. Belə çıxır ki, AXCP bizi AMİP sədri E’tibar Məmmədovu dəstəkləməyə təhrik edir. Biz isə bunu qətiyyən qəbul edə bilmərik. Mən Əli Kərimova da xəbərdarlıq etmişəm ki, ADİP vahid namizəd oyununa dəstək verməyəcək. Əslində, Əli Kərimovun bu məsələdə israrlı olduğunu hiss etməmişəm".
Vaqif Kərimov bildirdi ki, AXCP-AMİP sazişində vahid namizədin müəyyənləşdirilməsi məsələsi öz əksini tapsa, ADİP və bir sıra digər partiyalar Demkonqresi tərk edəcəklər. "Mən E’tibar Məmmədovu dəstəkləyən partiyalarla birgə ola bilmərəm. Bu mənim əqidəmə və həyat prinsiplərimə uyğun gəlmir. Belə çıxır ki, mən onun prezident olması istiqamətində fəaliyyət göstərməli və onun əlinin altında çalışmalıyam. Mən çalışacağam ki, AXCP bu addıma getməsin. Tək mən yox, digər partiyalar da heç bir perspektivi olmayan E’tibar Məmmədovun namizədliyini dəstəkləyən deyillər. Əgər bizə vahid namizəd lazımdırsa, onda daha şanslılarını müzakirə edə bilərik. İnanıram ki, Əli Kərimov düşüncəli siyasətçi kimi xalq arasında nüfuzu, səs toplaya bilmək şansı olmayan E’tibar Məmmədova "stavka" edəcək?".

"İslam dininin tədrisi vacibdir"
Piruz Dilənçi:
Qurban Cəbrayıl: "Missionerliklə mübarizə aparmaq istəyiriksə, xalqı maarifləndirməliyik"

Orta məktəblərdə İslam dini tarixinin tədrisi ilə bağlı Təhsil Nazirliyi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi arasındakı mübahisələrə siyasi partiyalar da qoşulub. Bu məsələ ilə bağlı Təhsil Nazirliyinin mövqeyini qəbul etməyən "İslam" Partiyası ümumtəhsil məktəblərində dini biliklərin tədrisini vacib sayır.
Partiya funksioneri Qurban Cəbrayıl "Bizim ƏSR"in müxbiri ilə söhbətində bildirib ki, orta məktəblərdə dinlə bağlı biliklərin tədris olunması ölkədə missionerliyə qarşı ən effektiv mübarizə metodlarından biri ola bilər: "Bizim partiya yarandığı gündən belə təkliflə çıxış edib ki, əhalini dini baxımdan maarifləndirmək üçün orta məktəblərdə İslam dininin əsaslarını tədris etmək vacibdir. Biz çox sevinirik ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi belə təşəbbüslə çıxış edib. Bu gün Azərbaycanda missionerlər ona görə at oynadır ki, xalq öz dinini bilmir. Söhbət ondan gedir ki, dinin tarixi barədə şagirdlərə mə’lumat verilməlidir. Azərbaycan məktəblisi Suvorovun zəfər yürüşlərini oxuyan kimi "İslam"dakı müharibələrin də tarixini, səbəblərini öyrənsə, bunun nə ziyanı var?" Qurban Cəbrayılın fikrincə, Azərbaycan cəmiyyətinin İslam dini ilə bağlı təsəvvürləri yetkin olmadığı ölkədə mə’nəvi aşınma prosesi sür’ətlənib: "İslam dini deyəndə əhalinin təsəvvürünə əmmaməli bozbaş mollaları gəlir. Ona görə insanlar İslam dinindən qorxur. Halbuki, İslam özü bir mükəmməl elmdir və bu dini bilmədiyimizə görə, əcnəbilər yaranmış boşluqdan istifadə edirlər. Ona görə də partiya olaraq dinin tədrisini vacib sayırıq". "İslam" Partiyası funksioneri ölkə başçısının mə’nəvi dəyərlərin qorunması ilə bağlı xalqa müraciətindən sonra görülən işləri də müsbət qiymətləndirir: "Əxlaqsızlıq yuvalarının bağlanması, mə’nəvi dəyərlərin qorunması istiqamətində atılan bütün addımlar dəstəklənməlidir".

Amnistiyaya kimlər düşəcək?
Əli Mustafayev: "Surət Hüseynov, Rəhim Qazıyev və Əlikram Hümbətov siyasi məhbus deyil"

Avqustun sonlarında gözlənilən növbəti amnistiya fərmanı hüquq müdafiəçiləri arasında fikir ayrılıqları yaradıb.
İnsan Haqları və Qanunçuluğu Müdafiə Bürosunun direktoru Səidə Qocamanlı Avropa Şurasının "siyasi məhbus" adlandırdığı Rəhim Qazıyev, Surət Hüseynov və Əlikram Hümbətovun əfv edilməsi zəruriliyindən danışsa da, İnsan Haqları üzrə Helsinki komitəsinin sədri Əli Mustafayev bunun yolverilməz olduğunu deyir. Onun sözlərinə görə, Avropa Şurasının siyasi məhbuslarla bağlı arayışı heç də mükəmməl deyil: "Bununla bağlı hüquq müdafiəçiləri arasında həmişə mübahisələr olub. Avropa Şurasının hazırladığı siyahıya bir çox həqiqi siyasi məhbusların adı düşməyib. Bunun əvəzində isə həqiqətən də cinayət törətmiş şəxslərin siyasi məhbus olduğu iddia edilir. Təbii ki, siyasi məhbuslarla cinayətkarları qarışdırmaq olmaz. Əlikram Hümbətovu, Surət Hüseynovu və Rəhim Qazıyevi cinayət törətmiş şəxslər hesab edirik".
Mustafayev kimlərin amnistiyaya düşəcəyindən xəbərsiz olduğunu dedi: "Bu barədə ehtimalla danışmaq düzgün olmaz. Ancaq özü-özlüyündə humanist addım kimi amnistiya fərmanını alqışlamaq lazımdır".

 Ana səhifə | Xəbərlər | Müsahib | İc siyasət | Pauza | Aləm | Tarixçə | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə| İks nəsil

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd