Kriminal

Ana səhifə
Xəbərlər
Müsahib
İc siyasət
Pauza
Aləm
Tarixçə
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
İks nəsil
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#91(315) 
Admiralı kim vurub?
"Özünü qohumdan qoru"


Admiralı kim vurub?
İdmançı paltarı geymiş qatil Əliyusif Tahirov olub

Vətənə xəyanətdə və digər ağır cinayətlərdə ittiham olunan Əliyusif Tahirovla birlikdə 6 nəfərin mühakiməsi dünən 1 saylı Bayıl təcridxanasında davam etdirildi. Xatırladaq ki, Apellyasiya Məhkəməsi müttəhim Canmirzə Mirzəyevin vəkili Elton Quliyevin məhkəmə tərkibinə e`tirazıyla bağlı vəsatətini tə`min etmədi və beləliklə, onun barəsində seçilmiş həbs qəti imkan tədbiri də saxlandı.
Məhkəmə istintaqında mərhum kontr-admiral Eduard Hüseynovun qətli epizodu araşdırıldı. Dəyanət Kərimovun şahid qismində verdiyi ifadə dinlənildi. Ə.Tahirovu və A.Cəfərovu məhkəməyə qeyri-obyektiv ifadə verməkdə günahlandıran D.Kərimov onların bə`zi e`tiraflar edəcəyini bildirdi.
Müttəhimin sözlərinə görə, 1993-cü ildə Ə.Tahirov "hansısa silahın hazırlanmasına mane olduğu üçün" Bakı Ali Hərbi Dənizçilik Məktəbinin rəisi E.Hüseynovun "bir neçə günlüyə aradan götürülməsi" barədə tapşırıq aldığını söyləyib. D.Kərimov bunu Rafiq adlı şəxsin sifariş verdiyini bildirdi. Qeyd edək ki, həmin adamın şəxsiyyəti barədə isə heç bir açıqlama olmadı. İttihamın E.Hüseynovun qətlinin sifarişçisi kimi qələmə verdiyi Canmirzə Mirzəyevi isə D.Kərimov tanımadığını, istintaqda onun adını çəkmədiyini dedi.
Ə.Tahirov Rafiq adlı şəxsin C.Mirzəyev olduğunu, D.Kərimov isə həmin dövrdə dövlət əleyhinə olan(?!) şəxsləri öldürülməyin cinayət sayılmadığını vurğuladı. Məhkəmə istintaqına əsasən, Rövşən Cavadov E.Hüseynovu bir neçə günlük girov saxlamaq üçün Ə.Tahirova "Beretta" markalı tapança verib. Həmin silahla bloka girən Əliyusifin R.Cavadovun əmrindən kənara çıxaraq, kontr-admiralı qətlə yetirməsinin səbəbi isə yenə də qaranlıq qaldı. Mərhumun oğlu atasına atəş açan şəxsin idman paltarında olduğunu xatırlatdı. Bundan sonra Ə.Tahirov söz alaraq E.Hüseynovu Soltan Səlimovun öldürdüyünü israrladı. Qeyd edək ki, S.Səlimov həbsxanada cəza çəkərkən vəfat edib.
"Düzünü danışıb, ömürlük cəza almışam, heç bilmirəm bundan sonra necə yaşayacağam," - deyən D.Kərimov isə suallara cavab verməyəcəyini bəyan etdi. Sözügedən epizodda daha ətraflı ifadə verməsiylə seçilən Həsən Mustafayev isə "düzdür, bir neçə günlük tutub saxladıq - deməklə cəzamızı yüngülləşdirə bilərəm, ancaq biz konkret onu öldürməyə getmişdik" söylədi. Həmin hadisə zamanı Ə.Tahirovun idmançı paltarı geyindiyini vurğulayan H.Mustafayev onun tapşırığını yerinə yetirməyənləri ölüm gözlədiyini bildirdi.
Həsən admiralın qətlinin səbəblərini aşağıdakı kimi izah etdi: "Kəşfiyyatçı olduğundan onu gizli şəraitdə saxlamaq mümkün deyildi, artıq Rusiya İsgəndər Həmidova hədə-qorxu gəlirdi. Qətlə yetirilməsəydi, ruslar admiralı bizdən alacaqdılar".
Onu da qeyd edək ki, məhkəmə istintaqı qalmaqalsız ötüşmür. Bə`zən bir-birinin sözlərini təsdiqləyən müttəhimlər, görünür, nədəsə obyektiv olmaq istəyəndə "hələ çox qaranlıq mətləblər var, açmaq olmur" söyləyirlər. Ə.Tahirov isə bir vaxtlar canciyər olduğu, onun dili ilə desək, "Rövşən, Mahir Cavadovların, İsgəndər Həmidov və onun havadarlarının" ünvanına dönə-dönə lə`nət yağdırır.

"Özünü qohumdan qoru"
Bakı şəhər sakini Fazil Məmmədovu cinayətkarlara öz qohumu nişan verib

Ötən ilin martında Nərimanov Rayon Polis İdarəsinə gələn vətəndaş Fazil Məmmədov yaxınlıqdakı ərazidə iki nəfərin onu odlu silahla hədələyərək, pul tələb etdiyini bildirib. Müəyyən edilmiş vaxtda tələb olunan 5 min dolları verməsə, ailə üzvlərinin həyatını təhlükə gözlədiyini deyən Fazil polis işçilərindən kömək istəyib. Nəticədə cinayətkarların yaxalanmasına şərait yaranıb.
Elə həmin gün əməliyyat qrupunun tədbirlərinə əsasən F.Mustafayev pul tələb edən şəxslərlə görüşəcəkləri yerə -metronun "Nərimanov" stansiyasına gəlib. Polis əməkdaşları isə onu kənardan izləyiblər. Xeyli pul qazanacaqlarını güman edən Əlikram Həsənov və Fərhad Mustafayev Fazilə yaxınlaşıb onun əlindəki bükülünü alarkən polis işçiləri özlərini yetiriblər...
Cinayət başında yaxalanan Ə.Həsənov ilkin dindirmə zamanı onları cinayətə sövq edən şəxsin Sahib Musayev olduğunu bildirib. Belə ki, Sahib uzaq qohumu Fazilin varlı, lakin qorxaq adam olduğunu və bu xüsusiyyətindən istifadə edib ondan yaxşı pul qoparmağın mümkünlüyünü deyib.
İstintaq zamanı hər iki təqsirləndirilən şəxsin ifadəsi bir-birini tamamlayıb. Yə`ni cinayətin təşkilatçısının S.Musayev olduğu sübuta yetirilib. Ə.Həsənov və F.Mustafayev layiqli cəzalarını alsalar da, S.Musayev istintaqdan qaçıb gizləndiyindən barəsində axtarış e`lan edilib.
Polis işçiləri əməliyyat-axtarış tədbirləri sayəsində bu ilin iyununda onu Moskvada yaxalayıblar. İstintaqda ifadə verən S.Musayev özünü təqsirli bilməyib. O göstərib ki, ötən ilin yanvarında təsadüfən metronun "Nərimanov" stansiyası yaxınlığında keçmiş tanışı Əlikramla görüşüb. Həmin əsnada uzaq qohumu Fazil mağazadan çıxıb, avtomaşına minərkən uzaqdan Sahiblə salamlaşıb. Əlikram onun kim olduğunu soruşanda, Sahib bildirib ki, Fazil neft şirkətində işləyir. Əlikram Sahibə benzin alıb satmaq üçün Fazillə danışmağı xahiş edib. Sahib isə danışmaqdan boyun qaçırıb, yalnız xahiş etdiyi üçün Fazilin evinin ünvanını Əlikrama verib.
Sonrakı günlərdə o, Əlikramla bir neçə dəfə Fazilin mənzilinin yaxınlığında görüşüb. Sahib bildirib ki, martın 5-də həmin ərazidə Əlikramın yanında Fərhad adlı bir nəfəri də görüb. O gün rayona getdiyini söyləyən Sahib martın 7-də Əlikramla Fərhadın Fazilə zor tətbiq edib pul alarkən, polis tərəfindən həbs edildiyini və bütün işlərin təşkilatçısı kimi, onun adının hallandığını eşidib.
Bu işlə heç bir əlaqəsi olmadığı təqdirdə axtarışda olduğunu bilən Sahib bir müddət rayondakı qohumunun evində gizlənib.
Lakin polisin izinə düşdüyünü eşidəndə əksəriyyət kimi, o da gizlənmək üçün "əlverişli yer" sayılan Rusiyaya qaçıb.
Bu hərəkətini isə qorxması ilə əlaqələndirib.
Artıq başa çatan istintaq S.Musayevin cinayətini sübuta yetirib. Son söz isə məhkəməyə məxsusdur.

 Ana səhifə | Xəbərlər | Müsahib | İc siyasət | Pauza | Aləm | Tarixçə | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə| İks nəsil

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd