Tarixçə

Ana səhifə
Xəbərlər
Müsahib
İc siyasət
Pauza
Aləm
Tarixçə
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
İks nəsil
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#91(315) 

Maestro Niyazi
Bildiklərimiz və bilmədiklərimiz

Əvvəli ötən sayımızda

O illərə XX əsrin qızıl dövrü də demək olar. Bu gün korifey kimi andıqlarımız o illərin, sadəcə, müasiriləri idi... Bə`zən onların kimliyinin fərqinə də varılmayıb, yaradıcılıqları "yaxşı" dəyərini alıb da, almayıb da.
Ancaq onlar YAŞAYIRDILAR, bir-biriləri ilə GÖRÜŞÜRDÜLƏR və YARADIRDILAR. Bu gün ancaq yaratdıqlarının şahidiyik, uzaq illərin yaşantıları isə keçmişdə qalıb. O keçmişə maraq isə hədsizdir... O mühitdə kimlər olmayıb... Bülbül, Nazim Hikmət, Şəmsi Bədəlbəyli, Qara Qarayev, Fikrət Əmirov və neçə-neçə başqaları. Təbii ki, Niyazinin ünsiyyətdə olduğu müasirlərindən söhbət gedir.
O mühitdə hər birinin öz yeri olub. Əvəzedilməz yerləri. Hər biri ilə Niyazinin münasibəti söhbətimizin mövzusu ola bilərdi. Yaradıcı şəxslərin münasibətlərində o qədər görk ola biləcək məqamlar var ki... Ancaq ikisindən söz açacağıq. Qara Qarayev və Fikrət Əmirovdan.
...Qara Qarayevlə Niyazi gənc yaşlarından tanış olublar. Söz-söhbətləri tutub, bir-birilərinin yaradıcılığını dəstəkləyiblər.
Uzun illər Niyazi Qara Qarayevdən başqa heç bir bəstəkarın əsərini ifa eləməyib. Ətrafdakılar nə qədər tə`kid eləsələr də, Niyazi öz qərarından dönməyib. Sonda işə o vaxt sözü keçən şəxslərdən biri, Nazim Hacıyev qarışır. Yalnız ondan sonra vəziyyət dəyişir, Niyazi ayrı bəstəkarların
əsərlərinə dirijorluq eləmək üçün pult arxasına keçir. Bu, əvvəldə olub, ömürlərinin son illərində isə onlar bir-birilərini, yumşaq formada desək, qəbul etməyiblər. Hətta münasibətləri o həddə çatır ki, Qara Qarayevin yaradıcılığını pərəstişlə izləyən Niyazi onun 3-cü simfoniyasına dirijorluqdan imtina edir. Bununla onsuz da soyuq olan münasibətlər bir az da gərginləşir. Nə baş veribmiş? Allah mərdiməzara lə`nət edincə, o öz işini görübmüş. Yenə də bədxahlar araya girir.
Qara Qarayevin yaradıcılığında eksperimental deyilən bir dövr olub. Modernləşdirilmiş halda yeni formalar axtaran bəstəkar öz əsərlərinə caz və zərb alətlərini daxil edir.
nBəstəkarın eksperimental axtarışları gənc həmkarları arasında xüsusi maraqla qarşılanır. Və onlar bu yolla getməyə başlayırlar. Niyazi isə gənc bəstəkarların bu təkrarçılıq meyli ilə heç cür barışa bilmirmiş: "Gərək gənclər Qarayevin etdiklərini təkararlamağa çalışmasın, axı o, ustadır". Bu sözləri isə Qarayevə elə çatdırırlar ki, guya Niyazi deyir ki, "Qarayev gəncləri korlayır".
Beləliklə, aralarında konflikt başlayır. Halbuki vaxtilə onlar heç kimə e`tibar etmədiklərini bir-birindən əsirgəmirmişlər. Qara Qarayev tərəddüdsüz not yazısını Niyaziyə verib "Necə istəyirsən, elə də işlə" deyirmiş.
Fikrət Əmirovla yaxın münasibətləri isə müharibədən sonra yaranıb. O zamanlar ki, Fikrət cəbhədən yeni qayıdıbmış. Vəziyyəti isə heç ürəkaçan deyildi: Bakıda yaşamağa yeri yoxdu, səhhəti də sözünə baxmır. Bu arada Niyazi ilə rastlaşan Fikrətin problemləri bir gündə həll olunur.
Fikrətdən ayrılan Niyazi evə gəlincə, üz tutur Həcərə:
- Fikrət bizdə yaşayacaq.
- Harda bizdə? Axı cəmi iki otağımız var.
- Eyib etməz. Ötüşərik.
Həmişə olduğu kimi, bu dəfə də Həcər onun sözünü çevirmir. Birtəhər ötüşəsi olurlar. Niyazi iki otaqlı evinin bir gözünü ona verir. Düz üç il Fikrət Əmirov Niyazinin evinin arzuedilən sakininə çevrilir. Ev darısqal olsa da, ürək genişliyi mənzilin bu nöqsanını ört-basdır edir. Təməli belə comərdliklə qoyulan dostluğun da bir gün sonu gəlir. Səbəbini çox axtarmaq gərək deyil, Niyazinin özü söylədiyi kimi: "Kimsə gedib Fikrətə deyib ki, Niyazi sənin əsərlərini pis səsləndirir".
Maraqlıdır ki, onların yolları, bax belə, heç nədən ayrılıb. Heç biri deyilən sözün həqiqət olub-olmadığı ilə maraqlanmayıb, "ağ yalan"ın mövcudluğunu sanki unudublar.
Təbii ki, Niyazi sərt adam idi. Emosionallığı isə bə`zən bu sərtliyi daha qabarıq nəzərə çarpdırırdı. Bunu Həcər xanım da sezirdi: "Adətən onun sərt üzünü görürdülər, çox az adam onun xeyirxahlığını, mülayimliyini bilirdi". Bu xarakterlə isə bədxahlarının sayını birə-beş artırırdı. Bundan qaçmaq üçün Həcər bə`zən ona tə`sir göstərməyə çalışırdı: "Həmişə ondan xahiş edirdim ki, kimdənsə xoşun gəlməyəndə bunu ona hiss etdirməməyə çalış". Niyazi çox nadir hallarda buna çalışıb. Çünki o özünü, sözünü, fikirlərini danmağı bacarmırmış.
Həcər maestronun ömrünün işığı idi. Mübaliğəyə yol versək də, bu məqamda ayrı deyim yerinə düşmür. Onu özündən də yaxşı başa düşən və son dərəcə mürəkkəb xarakterinə könül xoşluğu ilə dözən Həcər xanımdan söhbət gedir.
nHəcər və Niyazi. Bu ailənin tarixçəsi, maestronun yaradıcılığı ilə bərabər xatırlanmağa dəyən ömür sevdasıdır.
Ailəsindən uzaq düşəcəyini göz önünə alaraq, tərrüdüd etmədən Niyazini seçən Həcər ömrü boyu seçimindən gileylənmədi. Uzun illər onu doğmaları ilə əl boyda kağız görüşdürüdü. O da sovet üsul-idarəsini ən müxtəlif instansiyalarından keçərək, kəlmə-kəlmə rus dilinə tərcümə olunurdu, məktubun məsləhət bilinməyən hissələri isə sözsüz ki, ixtisara düşürdü.
Həcərin əsli Cənubi Azərbaycandan olub.
n"Atamla (Teymur Əliyev) anam (Səkinə xanım İmam qızı) əsrin əvvəllərində Bakıya gəliblər. Burada qardaşlarım - Əli İsgəndər və Rəşid dünyaya göz açıblar. Mənsə Krasnodarda doğulmuşam. Ancaq burada doğulsam da, Krasnodarı uşaqlığım keçən şəhər kimi xatırlamıram. Bu şəhərin adı çəkiləndə, ilk yadıma atamın vəfatı düşür. O 1922-ci ildə bu şəhərdə dünyasını dəyişib".
İran təbəəsi olan Həcər xanımın ailəsi sonralar ayrı-ayrı şəhərlərə köçürlər. Bir müddət isə Mahaçqalada yaşamalı olurlar. Həcərlə Niyazini tale elə bu şəhərdə görüşdürüb. O zaman Mahaçqalada elitar zümrə formalaşmaqda idi. Təhsilli, dünyagörüşlü, dövrü üçün yüksək intiligent sahibi olan ailələr sayca çox olmadığından, bir-biriləri ilə əlaqələri sıx imiş. Bu məqamın Həcərlə Niyazinin rastlaşmasında müstəsna rolu olub. Əks təqdirdə bir şəhərdə yaşasalar da, tale onları görüşdürməyə də bilərdi.
Həcər xanım ömrünün xoşbəxtlik taxtına gedən günlərini belə xatırlayırmış: "1931-ci ilin sonları idi. Bir gün necə oldusa, musiqi müəllimi dedi ki, onunla uşaq bağçasında Böyükxanım adlı azərbaycanlı bir həkim işləyir. Özü də Mahaçqalaya yaxın zamanlarda gəlib. Bir sözlə, bu şəhərdə qərib olan bu qadın çox darıxır".
Qərib yerdə eyni millətdən olmaq yetər ki, doğmalaşasan. Beləliklə, Həcər xanımın böyük qardaşı Əli İsgəndərin təşəbbüsü ilə bir gün Böyükxanımı qonaq çağırırlar, yaxın münasibətlər yaranır.
Günlərin birində isə...
Yeni ildir. Bütün ailə bir yerə yığışıb. Leninqradda təhsil alan oğlu Çingiz də Yeni ili ailəsi ilə birgə keçirəcək. Sevinci yerə-göyə sığmayan ana oğullarını götürüb, Həcərgilə bayramlarını təbrik eləməyə gedir.
Qismət tale. Allahın nəzəri üstündə olan insanlara qismət yazılanda, adətən, belə deyirlər ki, "Allah onları bir-biri üçün yaradıb". Bir-biri üçün yaranan insanlarsa elə ilk baxışdan öz yarılarını tanıyırlar.
Onların da ilk görüşü belə olub. Həcəri görən kimi Niyazi başa düşür ki, onun həyatı dəyişəcək. Bir-iki saatlıq görüşdən, bütün ailənin stol başına cəm oduğu şam yeməyindən sonra evə dönən Niyazi artıq seçimini edibmiş.
Sonralar Həcər özü də e`tiraf edirmiş ki, "Niyazinin baxışlarından başa düşdüm ki, onun xoşuna gəlmişəm. Bunu demək olar ki, ətrafdakılar da duymuşdu. Hətta şam yeməyi zamanı bizdə olan ailəmizin yaxın dostu Olqa Kloçman zarafat da elədi: "Bax a, deyəsən, onun xoşuna gəlmisən". Həcərin də biganə qalmadığı Niyazi onlara tez-tez gəlməyə başlayır. Əli İsgəndər onun məramlı gəlişlərinə son qoyunca. Ondan sonra gizlin görüşməyə başlayırlar.
1932-ci ilin sonları İran təbbəsi olan Həcərin ailəsi İrana köçməli olur. Həcərə ailəsindən ayrılmaq nə qədər ağır gəlsə də, o, həyatını Niyazisiz təssəvür edə bilmir. Qərarları qətidir. Gizli surətdə evlənsinlər. Axı vətənə qayıtmaq istəyən Həcərin qardaşları, anası heç cür bu izdivacla razılaşmırlar: onlar ailəinin yeganə qız övladını itirmək istəmirlər.
Hər zamanın öz hökmü olsa da, o zamanın hökmünün qarşıdan gələn uzun illər kəsərdən düşməyəcəyi aydın idi:
mə`lum dövr, mə`lum dövlətlər. Sovetlər sərhədlərini möhkəmlədir. İkiyə bölünmüş Azərbaycan bir-birindən tikanlı məftillərlə ayrılan dövlətlərin tərkibində Araz dərdini yaşatmalı olur. Ötən illərəcən gediş-gəlişi kəsilməyən Xudafərin körpüsünü də ot basmaqdadır.
Bu illərdə ayrı düşənlər doğmalarını ömürlük itirdiklərini, heç bir zaman üzlərini görməyəcəklərini, səslərini eşitməyəcəklərini çox gözəl başa düşürlər. Qardaşları Həcəri addımbaaddım izləyir.

Ardı var

 Ana səhifə | Xəbərlər | Müsahib | İc siyasət | Pauza | Aləm | Tarixçə | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə| İks nəsil

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd