Pauza

Ana səhifə
Xəbərlər
Müsahib
İc siyasət
Pauza
Aləm
Tarixçə
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
İks nəsil
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#91(315) 

Bakı əks-hücuma keçir

Xəzərdə yeritdiyi siyasətə və haqlı prinsiplərinə beynəlxalq müstəvidə kifayət qədər dəstək qazanan Azərbaycan artıq ona ünvanlanan təhdidlərin önünü kəsməyə başlayıb. İranın hədələrinə qarşı adekvat tədbirlərin görüləcəyini və Tehranın israr etdiyi bölgünün heç vaxt reallaşmayacağını açıq bəyan edən Bakı Aşqabadın notasına da sərt cavab göndərdi.
Türkmənistanın Azərbaycan üzərinə "ayaq açması" İran hərbi gəmisinin törətdiyi 23 iyul insidentindən sonra güclənmişdi. Mə`lum hadisə ilə Bakını küncə sıxıldığını zənn edən Aşqabad iyulun 27-də göndərdiyi notada nəinki Tehrana qahmar çıxmış, üstəlik mübahisə doğuran "Alov-Araz-Şərq" strukturunun bir hissəsinin məhz ona məxsus olduğunu ("Altın əsr" yatağı) bəyan etmişdi. Türkmənistan XİN Xəzərdə orta xəttin müəyyənləşməsinə dair beynəlxalq praktikada görünməmiş qondarma ölçü prinsipini ortaya atmaqla Bakıdan "Əsrin müqaviləsi" ("Azəri-Çıraq") çərçivəsində işləri dayandırmağı tələb etmişdi. Eyni zamanda Aşqabad Azərbaycanın qaz borcunu (bir neçə dəfə şişirdilmiş) tə`cili ödəməyə çağırmışdı. Bu məqsədlə vitse-premyer Abbas Abbasovun Türkmənistana səfəri uğursuz oldu.
Azərbaycan XİN-in notasında istər Türkmənistanın təklif etdiyi orta xəttin en dairələri üzrə hesablanması (bu təqdirdə Azərbaycan orta xətti Abşeron yarımadasından deyil, 30-40 kilometr geridən hesablamalıdır) prinsipi, istərsə də "mübahisəli yataqlar" iddiası əsassız hesab olunur. Notada bildirilir ki, beynəlxalq hüquq praktikasına zidd iddialarını sün`i surətdə siyasiləşdirərək Xəzərdəki beynəlxalq əməkdaşlıq ətrafında mə`nasız hay-küy qaldıran Türkmənistan əslində öz mövqeyinin zəifliyini aşkara çıxarır. Bakı açıq şəkildə bildirir ki, Azərbaycanla Türkmənistan arasında orta xətt koordinatları müəyyənləşənə qədər Aşqabadın ayrı-ayrı yataqlar barəsində iddiaları ümumiyyətlə, müzakirə mövzusu ola bilməz. Notada vurğulanır ki, Azərbaycan Xəzərdə özünə aid sektorda apardığı istismar işləri ilə beynəlxalq hüquq normalarına tam əməl edir və buna qarşı yönələn hər hansı təhdid və iddianı qəbul etməyəcək.
Qeyd edək ki, Türkmənistanla Azərbaycan arasında orta xətt mübahisəsinin davam etdiyi üç il ərzində Bakı ilk dəfə öz mövqeyini belə sərt ortaya qoyur və Aşqabadın siyasi şıltaqlığına bunca kəskin cavab verir. Şübhəsiz, burada Aşqabadın ardıcıl qeyri-konstruktivliyi müəyyən rol oynayıb. Amma diqqətçəkən mühüm məqam Azərbaycan XİN-in cavab notasının Vaşinqtondan eşidilən növbəti dəstək bəyanatından və ABŞ siyasi dairələrində Bakıya hərbi-təhlükəsizlik yardımı göstərmək barədə çağırışların intensivləşməsindən sonraya təsadüf etməsidir. Ən vacibi isə odur ki, rəsmi Bakı bunu heç də təsadüf kimi qiymətləndirmir. Azərbaycan Xəzərdə üzləşdiyi təhdidlərə: haqsız ittihamlara məhz zəruri pauza verəndən və gözlədiyi beynəlxalq rezonans və dəstək ortaya çıxandan sonra "əks-hücuma" keçməyi ən ağıllı və düşünülmüş taktika kimi gerçəkləşdirir. ABŞ Dövlət Departamentinin son bəyanatında İranın Azərbaycanın hava sərhədini pozması (faktı ABŞ region üzərindəki aerokosmik müşahidələri də təsdiqləyib) kəskin pislənməklə yanaşı, Bakının Xəzər hövzəsində yeritdiyi siyasət tamamilə dəstəklənir. Odur ki, ABŞ-ın Azərbaycanın yanında olduğunu açıq bəyan etməsi Bakıda əlamətdar razılıq və arxayınlıq doğurmalı idi.
Türkmənistana nota göndərən gün XİN başçısı Vilayət Quliyevin iranlı həmkarı ilə telefon danışığında Azərbaycanın mə`lum mövqeyindən geri çəkilməyəcəyini bəyan etməsi də bu arxayınlıq atmosferindən qaynaqlanır. Bakı istər Aşqabada, istərsə də Tehrana nümayiş etdirir ki, özünün təmkinli siyasəti ilə ilk baxımdan mövqeyi zəif görünsə də, strateji-taktiki nöqteyi-nəzərdən ən düzgün və uduşlu vəziyyətdədir.
Prezident Aparatı xarici əlaqələr şö`bəsinin müdiri Novruz Məmmədovun sözlərinə görə, Azərbaycan Xəzərdəki son hadisələrlə bağlı yaranan beynəlxalq rezonansdan və müxtəlif ölkələrdən aldığı dəstəkdən məmnundur və onu cari situasiya üçün kifayət hesab edir. PA rəsmisi əmindir ki, sözügedən rezonans və dəstəkdən sonra Azərbaycana qarşı əsassız təhdidlərlə çıxış edənlər hərəkətləri barədə düşünüb-danışacaqlar. N.Məmmədov ABŞ siyasi və araşdırma mərkəzlərinin Bakıya daha geniş dəstək göstərilməsi barədə çağırışlarını da yüksək qiymətləndirir. Xatırladaq ki, ABŞ-ın nüfuzlu "Neritage" fondu Vaşinqton administrasiyasını 907-ci qadağanı ləğv edib Azərbaycanın sərhədlərinin mühafizəsi üçün hərbi-texniki yardım göstərməyə çağırıb. N.Məmmədovun sözlərinə görə, son hadisələr Azərbaycanın əhəmiyyətini Qərbin, o cümlədən ABŞ-ın gözündə yüksəltməklə yanaşı, Vaşintonun indiyədək Bakıya münasibətdə səhvlərə yol verdiyini ("907") bir daha təsdiqlədi.
Lakin PA rəsmisi Azərbaycanın yaranmış vəziyyətdən sui-istifadə etmək niyyətində olmadığını da vurğulayır. Onun sözlərinə görə, Bakı məmnunluq doğuran beynəlxalq dəstəkdən Xəzərdə mübahisə etdiyi qonşularına qarşı istifadə etmək fikrində deyil: "Biz hamı ilə dinc qonşuluğa və siyasi dialoqa tərəfdarıq". PA rəsmisi Xəzərdəki hadisələrlə bağlı qardaş Türkiyənin mövqeyini də yüksək dəyərləndirir və hesab edir ki, bu mövqe də Azərbaycanın üzərinə "ayaq açmaq" istəyənlərin ambisiyalarına su səpəcək. Bununla belə, Bakı xüsusilə Tehranla münasibətlərin gərginləşmə istiqamətində inkişafını arzulamır. PA rəsmisinin fikrincə, artıq Tehran da Xəzərdə nümayiş etdirdiyi hərəkətin yanlış olduğunu və bu yolla Azərbaycana hansısa tə`sir göstərməyin qeyri-mümkünlüyünü dərk edir. "Biz mövqeyimizin haqlılığına əminik və onu tələsik deyil, ən zəruri məqamda bütün sərtliyi ilə ortaya qoymağı bacarırıq", - deyə PA rəsmisi vurğulayır.

 Ana səhifə | Xəbərlər | Müsahib | İc siyasət | Pauza | Aləm | Tarixçə | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə| İks nəsil

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd