|
|
|
|
#91(315)
|
 |
nPrezident Heydər Əliyev dünənki fərmanı ilə 95 məhkumu əfv edib. Onların arasında keçmiş milli təhlükəsizlik naziri Nəriman İmranov da var. Ona verilmiş ömürlük cəza 15 il azadlıqdan məhrumetmə ilə əvəzlənib. N.İmranov 1994-cü ilin payızında həbs edilib. O, dörd məhbusun MTN təcridxanasından qaçmasının təşkilində ittiham olunur.
Həmçinin 7 nəfər Qarabağ müharibəsi əlili əfv edilib. Onlar bu ilin fevralında Bakıda iğtişaşların təşkilində ittiham olunub.
1994-cü ilin oktyabrında Gəncədə baş vermiş dövlət çevrilişinə cəhddə iştirakçı olan 10 nəfər də əfv edilib.
1995-ci ilin mart hadisələrilə bağlı məhkum olunan 39 nəfər azadlığa buraxılacaq. Onların 16-ı Xüsusi Tə’yinatlı Polis Dəstəsinin üzvləridir.
1995-ci ilin iyul-avqust aylarında dövlət başçısının həyatına sui-qəsdin hazırlanmasında iştirak edən 2 məhbus da əfv edilib. Əfv olunan digər 2 məhbus isə 1993-94-cü illərdə Naxçıvanda qanunsuz silahlı birləşmələrin təşkilində iştirak edənlərdir.
Bundan əlavə 19 fərari və müxtəlif cinayətlər törətməyə görə məhkum olunan 47 məhbus əfv edilib. 23 nəfərin cəzası yarıyadək azaldılıb.
Dünən iqtidaryönlü siyasi partiyaların birliyi olan Məşvərət Məclisi (MM) "Milli mə`nəviyyatımız, milli sərvətimiz" mövzusunda "dəyirmi masa" keçirib. Tədbir işitrakçıları son vaxtlar milli əxlaq və davranışa zidd olan meyllərin artdığını, bunun bütünlükdə cəmiyyət üçün təhlükəli ola biləcəyini vurğulayıblar. Onların fikrincə, meyllərin arxasında harınlaşan sərvət sahibləri və xalqın ağır iqtisadi vəziyyəti durur.
Orduda əsgərlər arasında ölüm hallarının artdığını vurğulayan görüş iştirakçıları bunu orduda mövcud olan rüşvətxorluq və korrupsiya ilə əlaqələndiriblər. Onların fikrincə, sərhəd qoşunlarına aid hissələrdə ölüm hallarının olmaması, əksinə Müdafiə Nazirliyi sistemindəki hissələrdə kütləvi hal alması məhz bunun göstəricisidir.
Toplantı iştirakçıları Məşvərət Məclisinin üzvü, Milli Hərəkat Partiyasının sədri Samir Cəfərovun qurumun parçalanması və bə`zi partiyaların onu tərk etmək istəyində olması barədə mə`lumatını əsassız adlandırıblar.
MM üzvləri milli mə`nəviyyatın müdafiəsi ilə bağlı bəyanat və dövlət başçısı Heydər Əliyevə müraciət qəbul ediblər.
Xəzərlə bağlı fikir ayrılığı üzündən kəskinləşən Azərbaycan-İran münasibətlərini müzakirə etmək üçün avqustun ikinci yarısında İran xarici işlər nazirinin müavini Əli Əhaninin başçılıq etdiyi nümayəndə hey`əti Bakıya gələcək.
Bu barədə razılıq Azərbaycan və İran xarici işlər nazirləri Vilayət Quliyevlə Kamal Xərrazi arasında dünənki telefon söhbəti zamanı əldə edilib.
Azərbaycan XİN mətbuat xidmətinin mə`lumatına görə, tərəflər Xəzərin statusunun hazırlanmasında yaranan problemin "siyasi dialoq" yolu ilə aradan qaldırılmasına tərəfdar olduqlarını bildirib.
Xəzərlə bağlı ikitərəfli münasibətlərin hazırkı durumundan "narahatlığını" bildirən nazirlər yekdil fikrə gəliblər ki, Xəzər sülh, dostluq, əməkdaşlıq və iqtisadi tərəqqi dənizinə çevrilməlidir.
İranlı nazir ümid etdiyini bildirib ki, Xəzər problemi də daxil olmaqla iki ölkə arasındakı bütün məsələlər prezident Heydər Əliyevin sentyabrın ikinci dekadasında Tehrana planlaşdırılan səfəri zamanı geniş müzakirə ediləcək və müvafiq həllini tapacaq. Səfər reallaşana kimi tərəflər intensiv əlaqələr saxlamaq niyyətindədir.
Dünən gecə saat 4 radələrində Zaqatala şəhərindəki Qaladüzü ərazisində Şeyx Şamilin büstü partladılıb. Partlayış nəticəsində büst və postament bütövlükdə dağılıb. Büstün yerində 1 metrdən dərin çuxur əmələ gəlib.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti Şeyx Şamilin büstünün partladılması haqqında mə`lumatı təsdiq edib. Yerli sakinlərin dediyinə görə, güclü yağış yağmasına baxmayaraq, partlayış şəhərin əksər yerində eşidilib.
Xatırladaq ki, Şeyx Şamilin büstü 1992-ci ildə qoyulub. Büst rayon İcra Hakimiyyəti binasının 300-350 metrliyində yerləşir. Yerli sakinlərin dediyinə görə, ötən ilin sonlarında da büstü partlatmağa cəhd edilib.
Faktla bağlı cinayət işi qaldırılıb, təhqiqat aparılır.
Təsdiqlənməmiş qeyri-rəsmi mənbədən TURANa bəlli olub ki, yerli polis cinayətin izinə düşüb. Artıq Zaqatalının Çebeloba kəndində bir neçə nəfər şübhəli şəxs qismində saxlanılıb.
Ağır Cinayət İşlərinə dair Məhkəməyə Bakı meyvə-tərəvəz bazasının direktoru Ramiz Xəlilovun cinayət işi daxil olub. O, CM-nin iki maddəsi - 29.120.1 (qətlə cəhd) və 228 (qanunsuz odlu silah saxlanması) ilə ittiham olunur.
Nizami Rayon Prokurorluğunun apardığı istintaq materiallarına görə, bu il mayın 8-də R.Xəlilov öz iş kabinetində tapança ilə biznesmen Vaqif Həsənovu yaralayıb. Mayın 10-da o, həbs edilib və cinayət məs`uliyyətinə cəlb olunub.
Ramiz Xəlilov tanınmış azərbaycanlı biznesmen İsgəndər Xəlilovun qardaşıdır. Sonuncu Slavneft şirkətinin vitse-prezidenti, həmçinin Türkiyənin KOC konserninin Azərbaycandakı müəssisəsinin payçısıdır.
Parisdə yerləşən Beynəlxalq Epizootiya Bürosunda son bir neçə ildə belə yanlış təsəvvür yaranıb ki, Azərbaycanda guya iri və xırda buynuzlu malqara xəstəliyi yoxdur. Bununla da dabaq, bruselyoz və digər kəskin yoluxucu xəstəliklərin yayılması barədə mə`lumatlar gizlədilib. Eyni zamanda ölkədə bu xəstəliklərlə bağlı mübarizə lazımi səviyyədə aparılmır.
Belə sensasion bəyanatla kənd təsərrüfatı naziri İrşad Əliyev baytarlıq xidməti işçilərinin bugünkü müşavirəsində çıxış edib.
O həmçinin bildirib ki, müvafiq orqanlar yerlərdə malqaranın xəstəliyi barədə uçot aparmayıblar. Vaksin paylanması və vaksinasiya prosesi isə real situasiya nəzərə alınmadan həyata keçirilib.
Nazirin sözlərinə görə, 1998-2000-ci illərdə keçmiş Dövlət Baytarlıq Komitəsi, sonra isə Kənd Təsərrüfatı Nazirliyi Baş Baytarlıq İdarəsi dabağa qarşı lazımsız vaksin alıblar. Bu, baytarlıq xidmətinin keçmiş rəhbərliyilə Rusiyanın "Aqrovet" firması arasındakı sövdələşmə sayəsində mümkün olub. Nəticədə milyard manatlarla dövlət vəsaiti havaya sovrulub.
Bu gün baytarlıq xidmətinin qarşısında duran əsas vəzifə xəstəliklərin dəqiq uçotunu aparmaq, vaksinasiyaya nəzarəti təmin etmək, xəstə heyvanların idxalının qarşısını almaq üçün nəzarəti gücləndirməkdir.
Nazir bildirib ki, baytarlar attestasiyadan keçməlidir. O həmçinin Azərbaycanda vaksin istehsalının təşkilinin zəruriliyini vurğulayıb.
* Beynəlxalq Epizootiya Bürosu bütün dünyada ev heyvanlarının vəziyyətinə nəzarəti həyata keçirir, xəstəliyə yoluxmuş heyvanların, ət və süd məhsullarının yayılmasının qarşısını alır, heyvan xəstəliklərinə qarşı mübarizədə yardım göstərir.
"Göstəricilərə görə, respublikadakı rabitə sistemi keçmiş MDB ölkələri ilə müqayisədə birinci yerdədir". Bu sözləri rabitə naziri Nadir Əhmədov dünən Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında bildirib. Nadir Əhmədov altı ay ərzində gördükləri işlərin nəticələri ilə ilə bağlı media nümayəndələrinə mə`lumat verdi.
"Ötən illə müqayisədə ölkədə mobil telefonlardan istifadə edən abonentlərin sayı xeyli artıb. Belə ki, əvvəllər 436,6 min nəfər mobil telefondan istifadə edirdisə, indi bu rəqəm 530 minə çatıb. "Azercell"və "Bakcell" Birgə Müəssisələrindən başqa, hələlik Azərbaycana üçüncü telefon şirkətinin gəlişi nəzərdə tutulmayıb. Bu da "Azercell"də 500-600 min, "Bakcell"də isə 300 min boş nömrənin qalması ilə bağlıdır. Rabitənin inkişaf etdirilməsi üçün 17 milyona yaxın sərmayə qoyulmuşdu ki, bundan da səmərəli istifadə edə bilmişik. Ölkədə rabitə xidməti yaxşılaşdırılıb. Bir çox rayonlarımız telefonla tə`min edilib. 07 xidmətində kompüterləşdirilmə başa çatıb. Bundan başqa, gələcəkdə ölkədə rabitə optik kabellə tə`min ediləcək. Belə bir sistem Rusiyada 2008-ci il üçün nəzərdə tutulub". N.Əhmədov yaxın günlərdə Nəsrəddin Tusinin 800 illiyi, 20 Yanvar faciəsi və Müstəqilliyimizin 10 illiyi münasibətilə markalar buraxılacağını da söylədi. Rusiya kanallarının ölkəmizdə nümayişinə toxunan nazir ABA teleşirkəti ilə həmin kanallar arasındakı müqaviləyə əsasən bu ilin axırına qədər onların yayımlanmasını ABA-nın ödəyəcəyini dedi."Yay aylarında havaların dəyişməsi ilə əlaqədar Türkmənistan və İran televiziyasının verilişləri Azərbaycanda yayımlanır. Bunun qarşısının alınması üçün iki ölkənin Rabitə Nazirliyinə, İranın ölkəmizdəki səfirliyinə müraciət etmişik", - deyə nazir vurğuladı.
Dünən Bakı Mətbuat Klubunda "RUH"-un təşəbbüsü ilə Əbülfəz Elçibəy və demokratik Azərbaycan mətbuatı mövzusunda "dəyirmi masa" keçirilib.
Toplantını giriş sözü ilə açan Arif Əliyev Azərbaycan mətbuatında
Ə. Elçibəyin özünəməxsus yer tutduğunu söylədi. Sonra o, Elçibəylə bağlı xatirələrindən danışdı. "Elçibəy uzun müddət jurnalistikamızda maraqlı subyekt olub. Onun həyatı jurnalistlərin peşəsi içərisindən keçib. Əbülfəz bəyin təşəbbüsü ilə 1992-ci ildə 700-ə yaxın mətbuat orqanı işıq üzü görüb. Onun mətbuata xüsusi münasibəti var idi. Ötən il bu vaxt Elçibəyin səhhəti ilə bağlı mətbuatda düzgün informasiyalar yayılmırdı. Biz redaktorlar başda olmaqla onun səhhətinin pis olduğunu bildiyimiz halda ictimaiyyətə yalan informasiya verilirdi. Bunda zənn edirəm bizim günahımız daha böyükdür. Elçibəyin ölkə mətbuatının latın qrafikasına keçməsinin tərəfdarı olduğunu deyən A.Əliyev onun hətta jurnalistlərə müsahibələri şərtlə verdiyini də bildirdi. Belə ki, şərtə görə, qəzetdə müsahibənin yarısı latın qrafikası ilə dərc edilməli idi. Sonda tədbir iştirakçıları avqustun 22-də azadlıq öndərinin vəfatının ildönümü ilə bağlı onun xatirəsinə həsr olunmuş ümumi qəzet buraxılması qərarına gəldilər.
Dünən xarici işlər naziri Vilayət Quliyev ilə Roma Papası İohann Pavelin Azərbaycan, Ermənistan və Gürcüstandakı nümayəndəsi arxiyepiskop Peter Zurbriqqenin görüşündə Azərbaycan və Vatikan arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.
Azərbaycan XİN mətbuat xidmətindən verilən mə`lumata görə, Vatikan nümayəndəsi e’timadnaməsinin surətini V.Quliyevə təqdim edib.
Bu ilin sentyabrında Papanın Ermənistana planlaşdırılan səfərinə toxunan nazir qeyd edib ki, Azərbaycanda bu səfər "birmənalı" qarşılanmır. Münaqişə ölkələrindən birinə, üstəlik işğalçı dövlətə səfər edən Papa mərhəmətə daha çox ehtiyacı olan Azərbaycanı diqqətdən kənarda qoyur.
Arxiyepiskop öz növbəsində bildirib ki, Papanın Azərbaycana səfəri gündəlikdədir və mütləq baş tutacaq. O həmçinin ölkədə katolik icmasının durumu və problemləri ilə maraqlanıb.
Coca-Colanın "Yay həyəcanına Sən də qoşul!" uduş kampaniyası davam edir. Bu günədək 2 şanslı istehlakçı Antalyada 2 nəfərlik səyahət paketini udub.
Onlardan biri Lalə Pirverdiyeva, digəri isə Şakir Ələsgərovdur. Ötən gün "ISR rlaza" otelində qaliblərə Antalyada 2 nəfərlik səyahət paketi və 5 milyon manat pul təqdim edildi. Daha 8 "Səyahət" hədiyyəsi isə öz sahiblərini gözləyir. Şanslı 20 nəfər Antalyanın ən gözəl guşəsi olan Kəmərdə tam tə`minatlı (nəqliyyat, qalmaq xərcləri, yemək, əyləncə və s.) 1-ci dərəcəli tə`til məntəqəsində unudulmaz bir həftə keçirəcəklər. Üstəlik, 10 qalibə 5 milyon manat əlavə pul veriləcəkdir. 16 portativ musiqi mərkəzi, 1340 Coca-Cola yazılmış qısaqol köynək, 1251 kepka, 463 gün eynəyi, 576 bel çantası və minlərlə 250 ml-lik Coca-Cola, Fanta portağal, Fanta limon və Srrite istehlakçılar tərəfindən udulub və minlərcə hədiyyə öz sahiblərini gözləyir.
nPƏRVİZ
Azərbaycan ordusununun əsgəri, 1982-ci il təvəllüdlü İlqar Məmmədov intihar edib. İlqar Məmmədov Naxçıvan şəhərində anadan olub.
O avtomatın lüləsini ürəyinə tuşlayaraq tətiyi çəkə bilib. Qeyd edək ki, İ.Məmmədov Şahbuz rayonunun N saylı hərbi hissəsində qulluq edirmiş.
Faktla bağlı Müdafiə Nazirliyində araşdırma aparılır. Əldə etdiyimiz mə`lumata görə, avqustun 15-də döş qəfəsinə atəş açaraq intihar etmək istəyən, Cəlilabad rayonundan hərbi xidmətə çağırılmış və Bərdədə xidmətdə olan Zaur Axundov isə hələ də Ağdamın Sarıcalı qospitalının reanimasiya şö`bəsində, ağır vəziyyətdə saxlanılır.
nELNURÿ
Avqustun 20-də Naxçıvan şəhəri 1, 2, 3-cü mikrorayonları və Çənlibel məhəlləsinin sakinləri içməli su qıtlığı ilə bağlı şəhər İcra Hakimiyyəti qarşısında boş vedrə aksiyası keçirəcək.
Sakinlərdən biri TURANın bölgə müxbirinə bildirib ki, mənzillərinə həftələrlə içməli su verilmir. Onun sözlərinə görə, sakinlər aksiyadan sonra Araz çayına su gətirməyə gedəcək.
Naxçıvan şəhər İcra Hakimiyyətindən
TURANın bölgə müxbirinə bildiriblər ki, həqiqətən mikrorayonlardakı mənzillərə içməli su gec-gec verilir. İcra Hakimiyyəti hazırda vəziyyəti normallaşdırmaq üçün optimal variantlar arayır.
Sədərək rayon İcra Hakimiyyəti başçısı Avtandil Əliyevin göstərişi ilə qəsəbənin 26 ailəsinin şəxsi vəsaiti ilə qurulmuş artezian quyusunun ictimailəşdirilməsinə e`tiraz olaraq iki sakin özünü yandırmağa cəhd edib. Rayon İcra Hakimiyyəti başçısının müavini Məmməd Məmmədov özünə qəsdə cəhdin qarşısını almağa nail olub.
Özünə qəsd edənlərdən biri İsmayıl Heydərov bildirib ki, 26 ailə 46 milyon 800 min manat şəxsi vəsaitini sərf edərək artezian quyusu qazdırıb. Onun sözlərinə görə, quyu hazır olandan sonra İcra Hakimiyyətinin nümayəndələri Avtandil Əliyevin qohumlarına da su kəməri çəkilməsi üçün zor tətbiq edir.
İcra hakimiyyəti başçısının müavini Məmməd Məmmədov TURANın bölgə müxbirinə bildirib ki, artezian quyusu 26 ailənin vəsaiti hesabına qazılsa da, rayonda yaranmış su qıtlığını nəzərə alaraq məsləhət bilinən istiqamətə su kəmərləri çəkiləcək.
|