|
|
|
|
#92(316)
|
 |
Makedoniya NATO sülhməramlılarının avanqardını atəş səsləri ilə qarşıladı. Britaniya əsgərləri tam yerləşdirilməmiş, ölkənin şimalında, Tetovo şəhəri ətrafında alban yaraqlıları ilə hökumət qüvvələri arasında şiddətli döyüşlər başladı.
Müşahidəçilərin dəyərləndirmələrinə görə, bu, ötən həftə imzalanan sülh razılaşmasının qüvvəyə minməsindən sonra ötən zaman ərzində ən ciddi əməliyyatlardır. Skopyedən verilən mə’lumatlarda deyilir ki, lokal atışma cəmi bir neçə dəqiqənin içində güclənərək əməlli-başlı döyüş əməliyyatı səviyyəsinə çatıb. Tərəflər minomyotlardan istifadə etməli olublar. Baş verənlər ötən həftə NATO qoşunlarının regiona e’zamı qərarının çıxarılması ərəfəsində UÇK (Makedoniya Qurtuluş Ordusu) rəhbəri Əli Əhmədinin silahları alyansa təhvil vermək haqqında və’dlərinin səmimi olmadığını güman etməyə əsas verir. Xatırladaq ki, elə o vaxt da Əli Əhmədinin bəyanatı Makedoniya hökuməti tərəfindən ciddi qəbul edilməmişdi.
Əslində NATO-nun bölgəyə yeridilməsi planını kamil saymaq olmaz. Ən azı ona görə ki, Makedoniyaya göndərilən sülhməramlı kontingentin statusu bəlli deyil. Ötən yazılarımızda qeyd etmişdik ki, Makedoniya hökuməti silahların yığılması məsələsini NATO-nun bölgəyə yeridilməsinin əsas şərti kimi qəbul edilməsində çalışır. Aradan ötən müddət göstərir ki, NATO-nun gəlişi həqiqətən də yalnız bu şərtlərlə mümkün olacaq.
Bir məsələ açıq qalır - silahların yığılması proseduru hansı əsaslarla həyata keçiriləcək? Makedoniyada sülh danışıqlarının bəlkə də ən naqis tərəfi məhz silahsızlaşdırma məsələsidir. Və dərd də burasındadır ki, qalan bütün məsələlər həmin problemin nə dərəcədə uğurlu alınmasından asılıdır. Demək olar, bütün razılaşmalarda silahsızlaşdırmanın adı çəkilir. Məsələn, Makedoniya hökuməti ölkə konstitusiyasına dəyişiklik və əlavələr edilməsi məsələsini hələ müzakirələrə belə çıxarmağa hazırlaşmır və bu proseduru silahların yığılması tədbirinin 30 faiz həyata keçirildiyi günədək tə’xirə salmaq istəyir. Şərtlərə görə, yalnız silahlar tam yığıldıqdan sonra səsvermə keçiriləcək. Bax, məhz bu şərt razılaşmanın qaranlıq tərəfini təşkil edir. Ona görə ki, səsvermə müzakirələrin məntiqi davamı olmalıdır. Parlament deputatları əvvəlcə konstitusiyada dəyişiklikliyin edilməsini müzakirəyə çıxarırlar, bunun lehinə və əleyhinə arqumentlər səslənir, sonda səsvermə keçirilir - hər yerdə belədir. İndi təsəvvür edək ki, silahlar 30 faiz yığıldı və Makedoniya parlamenti müzakirələrə başladı. Qərara alındı ki, alban əhalisinin maraqlarını nəzərə almaq lazımdır və konstitusiyada hamı üçün qəbuledilən "Makedoniya vətəndaşları" terminini işlətmək, ali qanunda bütün dinlərin dövlətdən ayrılığını və bərabərliyini təsbit etmək daha məqsədəuyğundur. Bu arada silahların qalan 70 faizi yığılmasa, parlament nə edəcək? Deputatlar müzakirələrdən sonra əllərini-əllərinin üstünə qoyub gözləyəcəklərmi?
Daha bir qaranlıq məqam var - tərəflər hansı rəqəmin faizini hesablayacaqlar? Axı silahların dəqiq sayı mə’lum deyil. Ona görə də yaxın aylarda həmin məsələnin qabarmasını gözləməyə dəyər. Çox güman ki, Makedoniya hökuməti silahların təhvil verilməsinin faizini hesablayarkən "kəm-kəsir" aşkar edəcək və hansısa mərhələdə öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçıracaq, halbuki Makedoniya konstitusiyasında dəyişiklik edilməsinin özü heç bir qarşılıqlı şərt tələb etməməlidir. Hər halda ölkə əhalisinin üçdə biri boyda kəsiyini etnik azlıq adlandırmaq və onun elementar hüquqlarını ali qanunda nəzərə almamaq mümkün deyil.
Belə çıxmırmı ki, hazırda NATO əsgərlərinin qalan hissəsinin bölgəyə yeridilməsi məsələsinin özü böyük bir sual altındadır? NATO-nun Avropa komandanlığı dünən bir daha bəyan edib ki, alyansın qüvvələrinin regiona yeridilməsində əsas məqsəd silahların yığılmasıdır. Əgər münaqişə səngiməsə, NATO sülhməramlıları şələ-külələrini yığışdırıb bölgədən getməli olacaqlar. Tədbir başa çatmayacaq və yarımçıq dayandırılacaq.
Amma bunu da dəqiq söyləmək mümkün deyil. Ortada başqa bir məqsəd olmasaydı, avanqard hərbi hissələri hələlik sülhdən uzaq olan bölgəyə daxil etməzdilər. Demək, NATO sülhməramlılarının statusunda dəyişiklik edilə bilər (başqa statusla bu bölgədə qalmaq sadəcə olaraq mümkün olmayacaq). Yeri gəlmişkən, artıq bu barədə ilk təkliflər eşidilir. Çox güman ki, Brüssel NATO əsgərlərinə yeni səlahiyyətlər verilməsinə nail olacaq. Ola bilər ki, NATO kontingenti artırılacaq və sülhməramlılar bölgədə baş verən atışmalar zamanı tərəfləri bir-birindən ayırmaq imkanına malik olacaqlar. Xülasə, NATO qayıtmaq üçün gəlməyib. Şərtləşməyə qalsaydı, NATO əsgərləri şələ-külələrini yerə qoymamış geri qayıtmalı idilər. Demək, geriyə yol yoxdur.
Makedoniya tərəfi NATO-nun partrul missiyasını qəbul edəcək, ya yox - bunu zaman göstərəcək. Hələlik bəlli olan budur ki, Skopye NATO rəhbərliyini albanlara güzəştə getməkdə, bə’zən onlara silahlı yardım göstərməkdə ittiham edir. Makedoniyada ümumi əhval-ruhiyyə Brüsselin xeyrinə deyil.
Ukraynanın Donetsk əyalətinin Zasyadko adlı şaxtasında partlayış nəticəsində güclü yanğın olub. Yanğın zamanı 36 nəfər ölüb, 40-a yaxın şaxtaçı xəstəxanaya çatdırılıb, onlardan 10-u itkin düşüb.
Yanğından xilas ola bilmiş şaxtaçılar ciddi bədən xəsarəti alıblar. Şaxtanın 1200 metr dərinliyində baş verən partlayışa səbəb, ilkin ehtimallara görə, maye metanla daş kömür tozunun alovlanmasıdır. Qəza baş verən vaxt şaxtada 250 nəfərdən artıq fəhlə çalışırmış. Onlardan yalnız 155-ni şaxtadan çıxarmaq mükün olub. Ölkə prezidenti Leonid Kuçma faciə yerindədir. ÿ
Yuqoslaviyanın eks-prezidenti, ayyarımdır Haaqa tribunalının istintaq təcridxanasında saxlanılan Slobodan Miloşeviç dünən 60 yaşını qeyd edib.
Keçmiş prezident ilk təbrikləri arvadı Mira Markoviç, gəlini Milits Qayiç və nəvəsi Marko Miloşeviçdən qəbul edib. Qeyd edək ki, avqustun 23-də Haaqa məhkəməsində S.Miloşeviçin vəkillərinin Hollandiyaya qarşı irəli sürdükləri iddia ərizəsinə baxılacaq. Həmin ərizədə S.Miloşeviçin oğurlandığı iddia edilir və onun Niderlanda gətirilməsi insan hüquqlarının pozulması kimi yozulur. Bundan başqa, eks-prezidentin özü hesab edir ki, Yuqoslaviya üzrə Beynəlxalq Tribunal saxta qurumdur. Onun fikrincə, tribunal BMT Baş Assambleyasının deyil, bu təşkilatın Təhlükəsizlik Şurasının qərarı ilə yaradılıb.
Qırğızıstan prezidenti Əsgər Akayev dünənki fərmanı ilə tanınmış hüquq müdafiəçisi, dövlət başçısının həyatına sui-qəsd planı hazırladığına görə altı il müddətinə azadlıqdan məhrum edilən Topçubəy Turqunəliyevi əfv edib.
Prezidentin mətbuat xidməti xəbər verir ki, dövlət başçısı bu qərarı çıxararkən bir çox siyasi partiya və təşkilatların, eləcə də
hüquq müdafiəçisinin yaşını və onun ailə vəziyyətini nəzərə alıb. 60 yaşlı Topçubəy Turqunəliyev 2000-ci ilin noyabr ayında Bişkek şəhər məhkəməsi tərəfindən mühakimə edilmişdi.
İran hökuməti küçələrdə mə’nəviyyatın pozulması hallarına qarşı mübarizəni gücləndirmək niyyətindədir.
Bu məqsədlə ölkənin əmniyyət orqanı əməkdaşları qərb musiqisini oxutduran kafe, habelə qadınlara kosmetik və digər xidmətlər göstərən mağaza sahibləri haqqında ölçü götürməyi planlaşdırırlar. Polisin bu günlərdə açıqladığı bəyanatında deyilir ki, reydlər zamanı vitrinlərində mə’nəviyyata və əxlaqa zidd nişanlar və şəkillər qoyulan ticarət obyektləri qapadılacaq. "Nişanlar" deyilərkən vitrinlərdə nümayiş etdirilən qadın alt paltarları və yarıçılpaq manekenlər nəzərdə tutulur. Eləcə də üzərində çılpaq qadın və qərb dünyasının tanınmış simalarının şəkilləri olan predmetlərin satışı da qadağan edilib.
|