Müsahib

Ana səhifə
Xəbərlər
Müsahib
Firqələrdə
Pauza
Aləm
Tarixçə
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
Sabotage
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#92(316) 
Novruz Məmmədov:
Azərbaycanı minnətsiz dəstəkləməlidir"

Xəzərdəki 23 iyul insidentindən bir aya yaxın vaxt ötür. Hövzədəki gərginlik təkcə regionun deyil, burada çeşidli maraqları olan dünya güclərinin də diqqətindədir. Hadisələrdə Azərbaycan özünü necə apardı, onun tutduğu taktika nə dərəcədə optimal idi və beynəlxalq müstəvidə bizə nə qazandırdı? Prezident Aparatı xarici əlaqələr şö`bəsinin müdiri Novruz Məmmədovla söhbətimiz bu barədədir.

Novruz müəllim, İranın Azərbaycana yönəlmiş iddialarının Xəzərlə məhdudlaşmadığı və daha geniş spektri əhatə etdiyi bəllidir. Bu baxımdan Tehranın rəvac verdiyi gərginlik dalğası Azərbaycanın xarici siyasətində hansı izi qoydu? İran təhdid siyasətini bundan sonra da davam etdirə bilərmi?
- İran Azərbaycanla siyasi dialoq və mehriban münasibətlər tərəfdarı olduğunu sözdə mütəmadi olaraq bəyan edir. Lakin onun Xəzərdəki son hərəkətləri bizdə dərin təəssüf hissi doğurur. Azərbaycanın seçdiyi strateji inkişaf yolunun, demokratik, hüquqi, dünyəvi dövlət qurmaq xəttinin İranı qane etmədiyi bəllidir. Lakin biz birmə`nalı şəkildə bəyan etmişik ki, öz seçimimizdə suverenik və dövlət olaraq heç kimin daxili işinə qarışmadığımız kimi, bizim yeritdiyimiz siyasətə də hansısa müdaxiləyə imkan vermərik. İranın Azərbaycanın neft strategiyasından narazı olduğu da faktdır. Tehran iddia edir ki, Xəzərin təbii ehtiyatları yalnız beş hövzə dövləti tərəfindən istismar olunmalı və biz hövzədənkənar ölkələrin şirkətlərini bu işə cəlb etməməliyik. Lakin biz bu iddia ilə razılaşa bilmərik. Biz Xəzərdəki sektorumuzda kiminlə və necə səviyyədə əməkdaşlıq etməkdə tamamilə sərbəstik və hansısa diqtəni qəbul etmirik. Azərbaycan 10-dan artıq xarici ölkənin, o cümlədən İran şirkəti ilə neft müqavilələri bağlayıb. Digər yandan, İranın iddiaları ən azı ona görə əsassızdır ki, o özü də neft-qaz ehtiyatlarını xarici şirkətlərin iştirakı ilə istismar edir. İranın Xəzərdə indiyədək mövcud olmuş və onun da razılaşdığı rejimi, o cümlədən beynəlxalq hüquqi praktikanı kənara qoyaraq hövzədən 20 faizlik pay tələb etməsi də absurddur. Tehran tez-tez Rusiya (SSRİ) ilə imzaladığı 1921 və 1940-cı il müqavilələrinə istinad edir. Lakin bəllidir ki, bu sazişlər də İranın Xəzərdəki sərhədi - Astara-Həsənqulu xətti üzrə faktiki olaraq müəyyənləşmişdi və 1930-cu illərdən e`tibarən SSRİ İranla sərhədini məhz bu xətt boyunca qorumuşdur. İran heç vaxt bu yöndə Moskvaya iddia irəli sürməmiş, həmçinin SSRİ (Azərbaycan) neftçilərinin Xəzərdəki fəaliyyətinə qarşı çıxmamışdı. Biz bu gün Xəzərin beş ölkəsi arasında su sərhədlərinin delimitasiyasının yekunlaşmadığını e`tiraf edirik. Ancaq bu iş hədə və ambisiyalarla deyil, dialoq və müzakirələrlə aparılmalıdır. Biz hadisələrin lap əvvəlindən bu tezisi önə çəkərək İranın hərəkətinə soyuqqanlı qiymət verdik. Əlbəttə, bə`ziləri Azərbaycanın notasını yumşaq sayaraq emosinal mülahizələrlə guya rəsmi Bakının zəiflik göstərdiyini vurğulayırdılar. Lakin Azərbaycan prezidentinin nə qədər təmkinli, uzaqgörən və dəqiqliklə düşünülmüş mövqe tutduğunu nəticə e`tibarilə hamı e`tiraf etdi. Biz situasiyanı gərginləşdirməmək üçün fakta veriləcək beynəlxalq reaksiyanı da gözlədik və nəticə gözlədiyimiz kimi oldu. Hesab edirəm ki, Azərbaycana verilən haqlı dəstək və beynəlxalq rezonans İranı ciddi şəkildə düşündürüb və o, gələcək davranışında bunu mütləq nəzərə almalı olacaq.

Hadisələrə xarici ölkələrin münasibət bildirməsindən əsəbləşən Tehran belə bir fikri də vurğuladı ki, kənar qüvvələr İran-Azərbaycan münasibətlərini pozmağa çalışır. İranın qənaətinə görə, Azərbaycan bu cür qüvvələrin felinə uyur...
- Azərbaycan öz siyasətini müstəqil yeridir və heç kimin diqtəsi ilə oturub durmur. O cümlədən bu hadisələr zamanı ayrı-ayrı ölkələrin verdiyi bəyanatları müsbət dəyərləndiririk. İranın sözügedən açıqlaması Birləşmiş Ştatların və Türkiyənin Azərbaycanı dəstəkləyən bəyanatlarından bilavasitə sonra ortaya çıxdı. Azərbaycan həmin bəyanatlardan məmnundur, lakin eyni zamanda qeyd etməyi vacib sayırıq ki, istər ABŞ və Türkiyə, istərsə də İranın təhdid hərəkətini haqlı olaraq məzəmmət etmiş Rusiya, Gürcüstan, Qazaxıstan və s. ölkələr bu addımları ilə məhz beynəlxalq hüquq və ədaləti müdafiə etdilər. Bizim üçün də önəmli olanı Azərbaycanın elə-belə deyil, məhz haqlı olduğu üçün dəstəklənməsi idi. Çünki indi dünyanın elə bir vaxtıdır ki, hər bir ölkə beynəlxalq müstəvidə baş verənlərə öz səlahiyyətləri çərçivəsində və beynəlxalq hüquq prinsiplərini nəzərə almaqla münasibət bildirməlidir. Qloballaşan dünyada hansısa ölkənin "bunun mənə dəxli yoxdur" deyib laqeydlik göstərməsi yolverilməzdir. Çünki bu gün başqasına edilən təhdid və ya təcavüz sabah onun özünə qarşı yönələ bilər. Siz gördünüz ki, hətta bizim təbii və strateji müttəfiqimiz olan Türkiyə öz bəyanatında "Azərbaycan qardaşımızdır deyə onu müdafiə edirik" tezisini deyil, beynəlxalq hüquq normalarının İran tərəfindən kobud şəkildə pozulması faktını önə çəkmişdi. Eyni zamanda bu məsələdə Türkiyə cəmiyyətinin və mediasının bizə veridyi qızğın və emosional dəstək də bizdə təbii iftixar hissi doğurur. Ancaq biz bu dəstək və rezonansdan sui-istifadə edib hansısa siyasi dividendlər qazanmağı qarşıya məqsəd qoymamışıq. Biz İranla konfrontasiya deyil, dinc qonşuluğun tərəfdarıyıq. Sadəcə olaraq baş verənlər göstərdi ki, Azərbaycan tək deyil, onun haqlı prinsipləri beynəlxalq aləmdə dəstək tapır və Azərbaycanı bu cür üsullarla təcrid etmək, küncə sıxıb qorxutmaq əbəs məşğuliyyətdir.

Belə mülahizələr səslənir ki, İranın hərəkətində Rusiyanın da təhrikedici rolu olub və Moskva bu yolla Azərbaycanı MDB-nin xarici sərhədlərinin birgə qorunmasına meylləndirmək məqsədi güdür. Hətta Soçi zirvəsində bu məsələnin gündəmə gəldiyi bildirilir. Bu hadisələrdən sonra Azərbaycan Xəzərdəki sərhədini Rusiya ilə birgə qorumağa razılıq verə bilərmi?
- Bu məsələlərdə Rusiyanın hansısa təhrikedici fəaliyyətlə məşğul olduğunu söyləyə bilmərəm. Biz Rusiyanın bu hadisələrdəki mövqeyini və prezident Putinin mə`lum bəyanatını konstruktiv hesab edirik. Amma bəllidir ki, Rusiya rəhbərliyi əvvəllər də, indi də MDB-nin xarici sərhədlərinin birgə qorunması ideyasını dəstəkləyir və MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsində iştirak etməyən ölkələrinin bu sistemə qoşulmasını istəyir. Mə`lumdur ki, birliyin altı ölkəsi, o cümlədən Azərbaycan bu sistemdə təmsil olunmur. Azərbaycan, Rusiya və Qazaxıstan prezidentlərinin Soçidəki görüşündə Xəzərdəki insident müzakirə olunarkən bu məsələyə də toxunulub. Belə bir fikir söylənilib ki, Xəzərdə hələ SSRİ ilə İran arasında müəyyənləşmiş sərhəd xətti hazırda MDB-nin cənub sərhədinin bir hissəsidir və onun dəyişdirilməsi yolverilməzdir. Bu baxımdan Rusiya və Qazaxıstan da İranın 20 faizlik pay iddiasını əsassız və qəbuledilməz adlandırıb. MDB xarici sərhədi də məhz bu kontekstdə diqqətə alınıb və hətta Rusiya prezidenti bu məqsədlə hövzənin dörd postsovet ölkəsinin (SSRİ-nin payının varisləri kimi) bir araya gəlməsini təklif edib. Yə`ni bu bir siyasi bəyanat olaraq səslənib və Azərbaycan da onu dəstəkləyir. O ki qaldı Azərbaycanın MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsinə münasibətinə, hesab etmirəm ki, Xəzərdəki son hadisələr onu dəyişdirəcək. Bizə bu məsələdə hər hansı təzyiq edilmir. Azərbaycan öz sərhədlərini özü qorumaq iqtidarındadır.

Xəzərdəki İran- Azərbaycan gərginliyindən Türkmənistan da öz xeyrinə istifadə etmək istədi. Sizcə, Türkmənistanın Azərbaycana münasibəti də bu cür təhdidlərlə müşayiət oluna bilərmi?
- Bu hadisələr zamanı Türkmənistanın tutduğu mövqe bizdə təəssüf doğurur. Türkmənistan bununla Xəzərin statusu və bölünməsi məsələsində hüquqi deyil, siyasi oriyentirləri əsas tutduğunu bir daha sübut etdi. Biz Türkmənistanla Xəzərdəki orta xətt mübahisəsini beynəlxalq praktikanın tələblərinə uyğun çözməyə hazırıq. Dünya təcrübəsində mübahisəli su hövzələrində orta xəttin tapılması üsulları çoxdan mövcuddur. Lakin Aşqabad bunları qəbul etmək istəmir. Türkmənistan tələb edir ki, biz orta xətti Abşeron yarımadasından hesablamayaq. Axı bu yarımadanı və Xəzərdəki mövcud coğrafi vəziyyəti Azərbaycan yaratmayıb, bu, Allahın və təbiətin işidir. Amma Türkmənistan bununla barışmaq istəmir və beynəlxalq praktikada görünməmiş qondarma bölgü prinsipi təklif edir. Biz Türkmənistanla Xəzərdə dinc qonşuluq və qarşılıqlı səmərəli əməkdaşlıq etmək istəyirik. Mübahisəyə istənilən beynəlxalq instansiyada baxılmasına da hazırıq.

Bir məqamı da dəqiqləşdirmək istərdik. Xəzərdəki hadisələrə verilən xarci reaksiya və Azərbaycanın aldığı dəstək onun beynəlxalq nüfuzuna necə tə`sir göstərdi? Azərbaycan daha artıq dəstəyə ümidli idi, yoxsa elə bunu da qənaətbəxş sayır?
- Biz bu hadisələr zamanı nüfuz yarışına çıxmamışdıq və nəticəni ciddi siyasət baxımından təhlil etmək, aldığımız dəstək indilik kifayətdir. Əslində hər tərəf öz mesajını alıb və necə deyərlər, payını götürüb. Biz qazandığımız dəstəkdən siyasi bloklaşma, yaxud kimisə cəzalandırmaq yönündə istifadə etmək niyyətində deyilik. Təbii ki, gələcəkdə bizə qarşı yeni təhdidlər olarsa, alacağımız dəstək bundan da güclü olacaq. Çünki Azərbaycanın haqlı olduğu artıq təsbit olundu. Digər yandan, bizə tərəfdar çıxan qüvvələr - xüsusilə də Qərb, Amerika eyni zamanda Azərbaycandakı maraqlarını müdafiə etməkdədir. Bu hadisələr Azərbaycanın bir dövlət kimi strateji əhəmiyyətini və qiymətini təsdiqləməklə bərabər, bizə qarşı qərəzli, subyektiv münasibət bəsləyənlərin nə qədər səhv etdiyini bir daha aşkarladı. Bu hadisələrdə Azərbaycanı dəstəkləyən ABŞ-ın özündə ədalətsiz 907-ci qadağa hələ də qüvvədə qalmaqdadır. Vaşinqton bu barədə ciddi düşünməlidir. Biziimlə tərəfdaşlıq və həmrə`yliyə görə heç kim bizə minnət etməməlidir. Çünki bu tərəfdaşlıq onların da mənafeyinə uyğundur.

 Ana səhifə | Xəbərlər | Müsahib | Firqələrdə | Pauza | Aləm | Tarixçə | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə | Sabotage

Copyright©by Media LTD,2001 E-mail:webmaster@media-az.com

©WEB Design Group Media Ltd