Firqələrdə

Ana səhifə
Xəbərlər
Müsahib
Firqələrdə
Pauza
Aləm
Tarixçə
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
Sabotage
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#92(316) 
"Polis nəzarəti gücləndirilməlidir"
"Düşmənlərimiz yerinə oturacaq"
"Deməyə sözümüz olacaq"


"Polis nəzarəti gücləndirilməlidir"
Tofiq Zülfüqarov: "Məncə, şimal rayonlarında fövqəl`adə vəziyyət e`lan olunmasına ehtiyac yoxdur"

Şimal bölgəsində vəziyyət yenidən gərginləşib. Bir neçə ay əvvəl na`məlum şəxslər tərəfindən etnik qarşıdurma təhlükəsi yaradan vərəqələrin paylanmasının ardınca XIX əsrdə Qafqaz xalqlarının Rusiya İmperiyasına qarşı milli-azadlıq hərəkatına liderlik edən Şeyx Şamilin abidəsi partladıldı. İlkin ehtimallara görə, Şeyx Şamilin büstünün partladılması bilavasitə Azərbaycanın şimalında etnik qaşıdurma ssenarisini cızanların işidir.ÿ Bu günlərdə Balakəndə 5 evin na`məlum şəxslər tərəfindən yandırılması və bu hadisənin ardınca Zaqatala rayon Polis Şö`bəsinə basqın nəticəsində 5 polis işçisinin güllələnməsi vəziyyətin günü-gündən gərginləşdiyini çılpaq şəkildə ortaya qoydu. İrəli sürülən ehtimalların ən inandırıcısı isə hələlik odur ki, kriminal hadisələri Rusiya kəşfiyyat orqanlarının əli ilə həmin ərazidə yaşayan avarlar həyata keçirir. Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov vəziyyətin qənaətbəxş olmadığını desə də, yerli sakinlər arasında etnik qarşıdurmanın başlayacağına o qədər də inanmır:
- Açığı, bu işdə Rusiyanın əlinin olub-olmadığını deməkdə çətinlik çəkirəm. Çünki bu hadisə ilə bağlı əlimizdə hələ ki, dəqiq sənədlər, faktlar yoxdur. Amma digər tərəfdən onu da qeyd etmək lazımdır ki, əgər Azərbaycanda qeyri-stabil vəziyyət yaransa bu, istər-istəməz Rusiyanın cənub ərazilərinə də öz mənfi tə`sirini göstərəcək. Hesab edirəm ki, Azərbaycanın şimal bölgələrində vəziyyətin gərginləşməsində Rusiya maraqlı olmamalıdır.
Bəs Sizcə, şimal rayonlarında etnik qarşıdurma gözlənilir? Çünki mə`lumatlar sızır ki, həmin rayonlarda yaşayan etniklər, daha dəqiq desək, avarlar fəallaşır.
- Konkret olaraq avarların fəallaşıb-fəallaşmaması ilə bağlı məndə hələ ki, faktlar yoxdur. Ona görə indidən həmin hadisələrə birmə`nalı qiymət vermək olmaz. Yenə də deyirəm, bunların hamısında Rusiyanın əlini axtarmaq o qədər də düzgün deyil. Çünki, ruslar bu ərazilərdə vəziyyətin gərginləşməsində maraqlı deyillər.

Niyə?
- Çünki qeyri-stabil vəziyyət Rusiyanın özünə də sərf etmir. Qeyri-stabil vəziyyət isə o deməkdir ki, silahlar qeyri-qanuni şəkildə yayılır, qarşıdurmalar, toqquşmalar güclənir, terror aktlarının sayı artır. Bu isə istər-istəməz Dağıstana da öz tə`sirini göstərəcək. Təbii ki, Rusiya bunu istəmir. Bu ərazilərdə stabillik pozulsa, bu, Rusiyanın şimali Qafqazda mövqelərini zəiflədə bilər. Ona görə də Rusiya ilə bağlı həmin versiyaları inandırıcı hesab etmirəm.

Son hadisələrin etnik qarşıdurma, milli münaqişə ocaqları yaradılmasına hesablandığını deyənlər əsas kimi Şeyx Şamilin abidəsinin partladılmasını göstərirlər.
- Şeyx Şamil şimali Qafqaz xalqlarının azadlıq rəmzi hesab olunur. Hamıya da mə`lumdur ki, Azərbaycan ərazisində onun heykəli var idi. Üstəlik, Azərbaycan hökuməti ona büst qoydurursa, küçə adı verirsə, nəyə görə onun abidəsini partlatmalıdır? Açığı, həmin versiyanı irəli sürənləri hələ də başa düşə bilmirəm. Həmin abidə şimali Qafqaz xalqlarının dostluq, qardaşlıq rəmzi idi.

Elə şübhə yaradan da odur ki, etnik qarşıdurmada maraqlı olan qüvvələr dostluq, qadaşlıq rəmzini partlatdılar.
- Hesab edirəm ki, bu, həmin ərazidə məskunlaşan kriminal ünsürlərin əməlləridir. Şəxsən mən hələlik bu qənaətdəyəm. Çünki Rusiyanın bunlardan nə isə əldə etməsi fikrində heç bir məntiq görə bilmirəm.

Onda belə çıxır ki, Siz Zaqatala rayon Polis Şö`bəsinə basqın nəticəsində 5 polisin güllələnməsini də adi kriminal ünsür kimi qəbul edirsiniz.
- Bəli, Zaqatala rayonunda baş verən həmin qanlı olay da kriminal ünsürlərin xoşagəlməz hərəkətləridir. Sizcə, həmin rayonlarda fövqəl`adə vəziyyət e`lan olunmasına ehtiyac varmı?
- Bu barədə Azərbaycanın hüquq-mühafizə orqanları qərar verməlidir.İstənilən rayonda, ərazidə xoşagəlməz hadisələr baş verə bilər. Ona görə də bu cür hadisələrdən sonra fövqəl`adə vəziyyətin e`lan olunmasına ehtiyac görmürəm. Hesab edirəm ki, vəziyyətdən yeganə çıxış yolu Azərbaycanın şimal rayonlarında güc orqanlarını daha da gücləndirmək, kriminal ünsürləri maksimum izolə etməkdir. Mənə belə gəlir ki, bunlar həyata keçirilsə, nə fövqəl`adə vəziyyətin e`lan olunmasına, nə də ki, əlavə tədbirlərin həyata keçirilməsinə ehtiyac qalmayacaq.
P.S. Xatırladaq ki,ÿ bu gün (dünən-red.) bir neçə partiya şimal rayonlarında baş verən hadisələrlə bağlı Azərbaycanda yaşayan avarlara müraciət edib. Müraciətdə bildirilir ki, avarlar Rusiyanın kəşfiyyat orqanlarının etnik qarşıdurma oyununa getməməlidir.

"Düşmənlərimiz yerinə oturacaq"

Xəbər verildiyi kimi, avqustun 23-25-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 10 ədəd F-16 təyyarəsi Bakıda hərbi uçuşlar nümayiş etdirəcək. "Türkiyə ulduzları" adlanan hərbi eskadrilyanın uçuşları Türkiyə ordusunun Baş Qərargah rəisi Hüseyn Kıvrıkoğlunun səfərinə həsr olunub.
Maraqlıdır ki, bir çox hərbi ekspertlər bu addımı Türkiyənin Azərbaycana hərbi yardımlarının gücləndiriləcəyinə işarə kimi səciyyələndirirlər. Ehtiyatda olan Zabitlər Birliyinin sədri, polkovnik İsa Sadıxovun fikrincə, Türkiyə qırıcılarının Bakıda keçirəcəkləri parad həm də rəsmi mahiyyət daşıyır: "Bu münasibətlə Azərbaycan xalqını təbrik etmək olar. Çünki biz artıq müttəfiqimiz olan bir ölkədən hər cür real hərbi dəstək alırıq. Bu uçuşlar da Türkiyənin dar gündə Azərbaycanla birgə olacağının nümayişidir. Bu mesaj daha çox Azərbaycanın düşmənlərini yerində otuzdurmağa hesablanıb. Yə’ni düşmən dövlətlərə göstərilir ki, Azərbaycan tənha, müdafiəsiz ölkə deyil və onun Türkiyə kimi hərbi potensialı olan müttəfiqi var. İkinci bir tərəfdən, bu onu sübut edir ki, hər iki dövlət kiminsə e’tirazlarına baxmayaraq hərbi sahədə də əməkdaşlıq edəcək".
Polkovnikin fikrincə, Türkiyə qoşunlarının Azərbaycan ərazisində yerləşdirilməsi zərurəti də artıq reallığa çevrilib: "Belə olarsa, Azərbaycan tez bir müddətdə regionun ən güclü dövlətlərindən birinə çevriləcək".

"Deməyə sözümüz olacaq"
Millət vəkili Zahid Oruc AVP-nin Məşvərət Məclisindən gedəcəyini istisna etmədi

Məşvərət Məclisi (MM) strukturunun təkmilləşdirilməsi ilə bağlı quruma daxil olan partiyalar arasındakı ziddiyyətlər səngimək bilmir. Həftəsonu aparılan müzakirələr barədə mətbuata açıqlama verən Demokratik Maarifçilik Partiyasının sədri Məmmədhənifə Musayev AVP-nin struktur islahatı ilə bağlı təkliflərinin MM-də dəstəklənmədiyini bildirib. Xatırladaq ki, AVP rəhbərliyi sözügedən blokun fəaliyyətinin gücləndirilməsi üçün struktur islahatlarının aparılmasını, eyni zamanda, rotasiya qaydasında sədrlik prinsipinə əməl olunmasını təklif edir.
Məsələ ilə bağlı müraciət etdiyimiz AVP-çi millət vəkili Zahid Oruc Məmmədhənifə Musayevin dediklərinə şübhə ilə yanaşdığını bildirdi: "Mən Məşvərət Məclisində bununla bağlı müzakirələrin aparılmasından xəbərsizəm. Bu isə mə’lumatsızlıqdan deyil, belə bir iclasın keçirilməməsindən irəli gəlir. Yə’ni Məmmədhənifə Musayevin dediklərinin həqiqiliyi məndə şübhə doğurur. Bir çox partiyalar AVP-nin tələblərini haqlı saydığı halda, belə bir açıqlamanın həqiqəti əks etdirdiyinə inanmaq olmur".
Millət vəkili bildirdi ki, ASRP sədri Xanhüseyn Kazımlı öz iddialarından əl çəkməməklə, bütövlükdə MM-in fəaliyyətini iflic vəziyyətinə gətirib: "Söhbət MM-in nizamnaməsinə əməl olunmasından gedir. Əgər Xanhüseyn Kazımlı öz iddialarını təşkilatın maraqlarından üstün tutursa, bu, belə bir rə`yin formalaşmasına gətirib çıxaracaq ki, MM ciddi qurum deyil. Bu təşkilat nizamnaməyə deyil, ayrı-ayrı şəxslərin ambisiyalarına tabedir. Bu heç bir halda, AVP-nin fəaliyyət prinsipləri ilə üst-üstə düşmür".
Zahid Oruc tələblərinin nəzərə alınmayacağı təqdirdə, AVP-nin MM-dən gedəcəyini də istisna etmədi: "Ümumiyyətlə, AVP MM-in cəmiyyətdə ciddi siyasi bloka çevrilməsi üçün çalışır və mübarizə aparır. Əgər bu alınmasa, onda AVP-nin bu qurumda qalıb-qalmaması məsələsini müzakirə edəcəyik. Əgər doğrudan da onları Azərbaycan televiziyasının ekranlarına hesablanan "fəaliyyət" qane edirsə, onda bizim müttəfiqlərimizə deməyə sözümüz olacaq".

 Ana səhifə | Xəbərlər | Müsahib | Firqələrdə | Pauza | Aləm | Tarixçə | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə | Sabotage

Copyright©by Media LTD,2001 E-mail:webmaster@media-az.com

©WEB Design Group Media Ltd