Tarixçə

Ana səhifə
Xəbərlər
Müsahib
Firqələrdə
Pauza
Aləm
Tarixçə
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
Sabotage
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#92(316) 

Maestro Niyazi
Bildiklərimiz və bilmədiklərimiz

Əvvəli ötən sayımızda

Həcər: "Niyazi o qədər çətin xarakterli insan idi ki, hərdən düşünürdüm, görəsən, o bu gün özünü necə aparacaq"?
51 il bu suala cavab axtaran Həcər xanım Niyazi üçün hər kəs idi. Daha dəqiq desək, bu dünyada onun ən əziz, doğma adamına çevrilmişdi. 1933-cü ildə isə bütün bunlar ağla gəlmir. Qarşıdan onları birgə yaşayacaqları illər gözləyir...

Onun Niyazidən ayrılmayacağından qorxurlar. Həcərsə hər gün onlara gələn yaxın rəfiqələrinin əl sumkalarında pal-paltarını evdən çıxarır.
Həmin dövr Hacıbəyovlar ailəsində vəziyyət elə də yaxşı deyil; maddi durumları gənclərə yardım eləməyə imkan vermir. Harda, necə yaşayacaqlar? Bu sualları gələcəyin ümidinə buraxıblar. Həcər Mahaçqalada yaşadıqları son günlərdə qardaşı övladlarını gəzdirmək istəyir. Heç kim e`tiraz eləmir.
"1933-cü il, iyulun 31-i bizim qaçdığımız tarixdir. Həmişə bu günü ailə həyatımızın ildönümü kimi qeyd edirdik. Qardaşım uşaqlarını teatra "Qırmızı papaq" tamaşasına apardım, özüm isə vağzala getdim. Bizi Ağdaşda Niyazinin atası qarşıladı".
Bu ailənin ilk problemi nikahlanmaqla bağlı olub. "Evdən çıxanda pasportumu nə qədər axtarsam da, tapmamışdım. Deyəsən, onu qardaşım gizlətmişdi. Lap pasportum üstümdə olsaydı da bunun heç bir əhəmiyyəti olmayacaqdı. Çünki mən İran vətəndaşı sayılırdım. Vəziyyəti belə görüb qərara gəldik ki, mollaya gedim kəbinimizi kəsdirək".

Onlar rəsmi nikahı sonralar bağlayırlar.
Düz 51 il qoşa ömür sürüblər. "Qızıl toy"larını da görüblər.
Onların arasında sözə gəlməyən qəribə bir bağlılıq olub.
Bir-birlərini başa düşüblər deyə bilərdim, şəksiz, bu sözlərlə yanlışlığa yol verərik. Sadəcə, Həcər başa düşüb, illər boyu özünün də e`tiraf elədiyi kimi, Niyazini sevməkdən usanmayıb. "Məndən tez-tez soruşurdular, bu cür mürəkkəb xarakterli adamla necə yaşamışam, hətta ailəmizi qoruyub saxlaya bilmişəm. Bunun çavabı çox sadə bir gerçəklik idi: mən onu sevirdim, təbii ki, o da mənə biganə deyildi. Ancaq adamlar olub ki, bir-birini sevsələr də, uzun müddət bir yerdə yaşaya bilməyiblər. Çünki təkcə sevgi ilə ötüşmək olmur, qayğıkeşlik, diqqət də gərəkdir. Bilirdim ki, o, çox emosional, həssas insandır. Toyumuzdan azca sonra anladım ki, o, görkəmli və iste`dadlı adamdır. Ona şərait və mə`nəvi rahatlıq gərəkdir. Niyazi o qədər çətin xarakterli insan idi ki, hərdən düşünürdüm, görəsən, o bu gün özünü necə aparacaq? Başqası bəlkə də götürə bilməzdi, mənsə hər şeyə soyuqqanlıqla reaksiya verirdim. Hərdən səhərlər çox əsəbi oyanardı, fikir verməzdim, həvəslə ona səhər yeməyi hazırlayıb, gülərüzlə işə yola salardım. Heç yarım saat keçməmiş bir də gördüm zəng edirdi, "Kefin necədir, darıxmırsan, gələndə sənə nə alım". Bilirdim ki, səhərki əhvala görə özünü günahkar bilir və öz günahını eyhamla e`tiraf edərək sanki üzr istəməyə çalışır".
Niyazi gözlənilməz reaksiyaları olan bir insan idi, bə`zən şirin sözünün yanına elə acı qatarmış ki, hünər lazımmış onu udasan.
Gümüş toylarıdır. 25 illiklərini qeyd eləmək üçün dost-tanışları, qohum-əqraba hamı onlara cəm olub. Xoş ovqatlı məclisdə Niyazi birdən-birə ciddiləşir, qaş-qabaqlı halda üzünü tutur Həcərə, "Güllələnmə ləğv edilib, bu ölkədə ən böyük cəza isə 25 illik həbsdir. Müddətimi başa vurmuşam. Bəlkə məni azad edəsən".
Onun zarafatlarına nə qədər bələd olsalar da, Niyazinin ciddi görkəmi məclis əhli üçün inanmamağa yer qoymayıb. Bir Həcər sakitdir. Heç tövrünü də pozmur: "Sən ömürlük həbsdəsən". Həcər özü də çox yaxşı bilir ki, Niyazi üçün o əvəzedilməzdir. Niyazi dəfələrlə e`tiraf etmişdi ki, "Həcərin yerinə ayrı qadın olsa idi, biz çoxdan ayrılmışdıq. O məni özümdən də yaxşı başa düşür".
"Ömürlük həbsin" günlərini vərəqləyək.
... Niyazi yazdıqlarını birinci Həcər xanıma oxuyarmış.
Özü də elə o dəqiqə. Yazsın, tamamlasın, sonra əbəb-ərkanla onu Həcər üçün çalsın, əsla. Cızma-qara cilalana qədər Həcər onu dəfələrlə dinləyəcəkdi.
Niyazi adətən gecələr işləyərmiş.
İllər boyu bu gecələr yüzlərlə, minlərlə təkrarlanıb. Niyazi pianonun arxasında, Həcərsə divanın üstündə əyləşirmiş. Niyazi ətrafı duyacaq halda deyil, bütün fikri əsərin üzərində cəmlənib. Gecənin bir aləmi başını qaldırır. "Həcər, bax, necə səslənir". Həcər dinləyir. Gecənin yarısı olduğunu Niyazi sanki indi sezir: "Sən yatmısan?" Yuxudan göz qapaqlarını güclə saxlayan Həcərsə gümrah səslə, "Yox, yox, yatmamışam".
...Niyazi Həcərsiz çox nadir hallarda səfərlərə çıxıb. Təsadüfən qısa müddətə ayrılanda isə, məktubu məktub ardınca göndərirmiş, telefon zənglərinin ardı-arası kəsilmirmiş. "Az zəng edirsən. Hər gün telefonu çəkirəm, çarpayının yanına, birdən telefonun səsini eşitmərəm. Gözləyirəm ki, telefon səslənsin, sənin mehriban, doğma, həmişə məni sakitləşdirən səsini eşidim. Xahiş edirəm, hər gün zəng elə". Bir məqamı nəzərdən qaçırmayın ki, bu səfərlər qibtə doğuracaq, maraqlı, ən gözlənilməz görüşlərlə, hadisələrlə zəngin olub. Bütün günü keçən məşqlərdən, konsertdən sonra, mehmanxanaya çatınca, qələm-dəftər götürüb, Həcərə məktub yazarmış. Həcərdən uzaqda onun doğmalığını, əvəzedilməzliyini daha dərindən duyurmuş: "Bu dünyada ən əziz adamıma" xitabı ilə başlayan məktubun sonu adətən təəssüf dolu bu sözlərlə bitərmiş: "Bir ona heyfslənirəm ki, sən yanımda deyilsən".
Yuxarıda qeyd etdiyim kimi, uzun illər Həcəri doğmaları ilə kağız parçası görüşdürüb. Nəhayət, 1977-ci ildə, 44 illik ayrılıqdan sonra Həcər İrana, ailəsinin yanına gedə bilir.
44 illik ayrılığı ovutmaq üçün bir aylıq viza müddətinin yetirincə olmadığı göz önünə gəlir. Həcərsə elə düşünmür. Viza müddətinin hələ düz yarısı qalıb. Ancaq o darıxır. "Görəsən, Niyazi nə edir? Birdən xəstələnər. Heç özünə baxan deyil", - narahatlığı canına dolub. Yuxusunu qarışdıran günü isə səhər tezdən durub, "Mən gedirəm" - deyir. Hamı təəccüb içindədir. Uzun illərdən sonra qısamüddətli görüş imkanı yaranıb, onda da Həcər belə edir? Həcərsə bu təəccübə fikir verəsi halda deyil, onu bir Bakıya tez çatmaq maraqlandırır, "Bircə Niyazini tez görsəydim".
Bu ömür tarixçəsi çətin unudula.
Sonda Niyazinin ev-muzeyi barədə söhbət açmaq istərdim.
Əvvəla onu deyək ki, muzeyin yaradılması haqqında fərman 1990-cı ildə imzalansa da, fəaliyyətə 1994-cü ildən başlayıb. Təəssüf ki, Niyazinin irsinin qorunub saxlanılmasında pərakəndəlik müşahidə olunur. Həcər xanım hələ öz sağlığında Niyazinin bə`zi əlyazmalarını, sənədlərini İncəsənət və Ədəbiyyat Arxivinə, Azərbaycan Tarixi muzeyinə verib.
Onun ölümündən sonra isə Niyazinin ev-muzeyini yaratmaq istəyənlər elə də zəngin irs ilə qarşılaşmayıblar.
Hazırda Niyazinin ev-muzeyində 4 min eksponat qorunub saxlanılsa da, bu, onun sağlığında evdə gözə görünənləri tam əhatələmir.
Bu haqda Niyazi ev-muzeyinin direktoru Rza Bayramovu dinləyək. "Bu, həqiqətdir, Niyazinin ev-muzeyi sahibinə məxsus xatirə əşyalarını və əlyazmaları tam əhatə eləmir. Muzey yaradılmazdan əvvəl, 1984-90-cı illər ərzində müəyyən səbəblərə görə, Niyaziyə məxsus olanlar pərakəndə şəkildə ayrı-ayrı qurumlara verilib, bə`zilərinin isə ümumiyyətlə taleyi bilinmir. Məsələn, Niyazinin bə`zi əsərlərinin əlyazması yoxdur. Daha sonra, həmişə barmağına taxdığı bir üzüyü olub, Almaniyada isə ona qızıldan hazırlanmış dirijor çubuğu bağışlayıblar, indi heç biri yoxdur. Bu siyahını uzatmaq olar". Niyazi ilə bağlı çox zaman xatırlanmayan bir məqam var. Biz də üstündən sükutla keçə bilərdik. Amma keçmədik. Niyazinin oğulluğu olub. Böyük sevgi ilə qəbul olunan Ceyhun adlı bu oğlan böyüdükcə, onların bu hissini peşmançılıqla əvəzləyib. Təsadüfi deyil ki, Həcər xanım xatirələrində bir dəfə də olsun, onun adını çəkməyib. Biz də çəkməzdik, ancaq xeyirxahlarına e`tinasız yanaşan Ceyhunun deyilənə görə, ev- muzeyinin bugünkü aqibətində "xidməti" az deyil. İndi də o, hərdən uşaqlığı, gəncliyi keçən bu evdən yolunu salır... Niyazini, Həcər xanımı xiffətlə xatırlayan Ceyhun olanlara təəssüflənirmi?

 Ana səhifə | Xəbərlər | Müsahib | Firqələrdə | Pauza | Aləm | Tarixçə | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə | Sabotage

Copyright©by Media LTD,2001 E-mail:webmaster@media-az.com

©WEB Design Group Media Ltd