|
|
|
|
#92(316)
|
 |
Manana daha bir bəstəkarla əməkdaşlığa başladı. Belə ki, o, hazırda Cavanşir Quliyevin mahnıları üzərində işləyir.
Əsas diqqətini buna yönəldən müğənni yaxın zamanlarda heç bir proyekt gerçəkləşdirməyəcək. Ən azı ona görə ki, onu qarşıdan ciddi hazırlıq mərhələsi gözləyir. Çünki dekabr ayı Los-Ancelesdə festival qaliblərinin iştirakı ilə gerçəkləşəcək "Festivallar festivalına" qatılacaq.
Aygün Kazımova "Sevdim səni" klipinin təqdimat mərasimində daha bir klipin çəkildiyini bəyanlamışdı. "Qəlbimin şəklini çək" adlanan bu ekran əsərinin təqdimat mərasimi barədə isə heç nə söyləməmişdi. Bu günlərdə mə`lum olub ki, klipin təqdimat mərasimi avqustun sonu olacaq.
Hərgah bir-iki kadrı nəzərə almasaq, çəkilişi getməyən klipin belə tezliklə ərsəyə gələcəyi şübhə doğursa da, Ülviyyə Könül bu məsələdə israrlıdır. "Tamaşaçılar "Qəlbimin şəklini çək" klipini avqustun sonu görəcəklər".
Onu da deyək ki, əsasən pavilyonda ekranlaşacaq klipin qəhrəmanları Aygün və yoxsul şəraitdə yaşayan iste`dadlı bir rəssamdır. Onların məhəbbətindən bəhs edən bu ekran əsərində də Aygün özünə xilaf çıxmayıb. Sonda onlar ayrılırlar.
Hələliksə, Aygün Nabranda dincəlir. Bu günlərdə Bakıya gələcək. Hesablamalara görə, ayın sonuna qədər Aygünün pərəstişkarları ilə iki görüşü gözlənilir. Biri sözügedən klipin təqdimatında, digəri isə avqustun 25-i Zuğulba dəniz klubunda İnterturan moda evinin ən yeni kolleksiyalarının nümayişi zamanı verəciyi solo konsertdə olacaq.
Ötən gün Kinematoqrafçılar İttifaqında "Avtoritet" sənədli filminə ictimai baxış keçirildi. Əmir Pəhləvanın öz ssenarisi əsasında ekranlaşdırdığı bu filmin qəhrəmanı "Azadlıq" radiostansiyasından yaxşı tanıdığınız Mirzə Xəzərdir.
Xatırladaq ki, sözügedən film "Azadlıq" radiostansiyası ilə bilavasitə bağlılığı olan ilk ekran əsəridir. "Azadlıq" radiostansiyasi dünyanın ən müxtəlif yerlərində yayımlansa da, onun haqqında indiyə qədər bir ekran əsəri yaranmayıb.
"Avtoritet" filminin özünə gəlincə, 40 dəqiqəlik ekran əsərində maraqlı rejissor yozumu nəzərə çarpır.
Mirzə Xəzərin həyat və yaradıcılıq yolunu işıqlandıran filmdə dövrün ictimai-siyasi həyatına dair də ştrixlər var. Onun radio dinləmələri fonunda sözügedən mövzunu əks etdirən kadrlar ekranda görünür. Filmin əsas hissəsi Praqada, hazırda Mirzə Xəzərin yaşadığı şəhərdə çəkilib. Bu haqda mə`lumat verən Əmir Pəhləvan bildirdi ki, filmin əsas hissəsini əhatə edən Praqa çəkilişləri zamanı bir sıra problemlərlə qarşılaşıblar. Təbii ki, ən ciddi problemsə, "Azadlıq" radiostansiyasının özündə çəkiliş aparmaq üçün icazə almaq olub. Üç gün aparılan danışıqlar nəticəsində filmi ekranlaşdırmağa şərait yaradıblar.
Filmin adına gəlincə, onun səbəbkarı Opera və Balet Teatrının solisti Azər Zeynalovdur. Ramiz Rövşən, Şirməmməd Hüseynov, Flora Kərimova və başqaları ilə yanaşı Mirzə Xəzər haqqında təəssüratını bölüşən Azər Zeynalovun "Avtoriteti qəbul eləməsəm də, bu haqda söz gedəndə nədənsə, yadıma Mirzə Xəzər düşür. O, avtoritetdi", - çıxışı filmin adını müəyyənləşdirib.
|