|
|
|
|
#92(316)
|
 |
Son vaxtlar Azərbaycan Ordusunun neqativ imicini formalaşdırmaq cəhdləri xüsusilə intensivləşib. Nazirliyin rəhbərliyinin iste`fası tələbinin gündəmə gətirilməsi də faktdır. Amma bu prosesin mahiyyətini araşdırsaq konkret şəxslərdən savayı həm də məhz ordunun "vurulduğunu" görərik.
Prezident Heydər Əliyev iki ay öncə Silahlı Qüvvələr günü (26 iyun) münasibətilə etdiyi çıxışda mühüm bir tezisi vurğulamışdı. Prezidentin sözlərinə görə, ordudakı nöqsanları aradan qaldırmaq üçün ictimai tənqid dağıdıcı deyil, qurucu olmalı, mətbuat ordudakı əyintilərdən danışarkən bədbinlik aşılamamalı, heç vəchlə qərəzə yol verməməlidir. Ölkə başçısının "İstənilən dövlət instansiyası, lap prezidentin özü haqqında yalan və qərəzə, mənfi fikir formalaşdırılmasına dözmək olar, amma ordu barəsində bunun edilməsi qəti yolverilməzdir" sözləri təsdiqləyir ki, Silahlı Qüvvələrin nüfuzu, onun təəssübü dövlət üçün nə dərəcədə əhəmiyyətlidir. Azərbaycan ordusunda neqativ halların mövcudluğu sirr deyil və prezident də bunu dəfələrlə e`tiraf edib. Ölkə başçısı orduda nizamnaməyə zidd hərəkətlərin baş verdiyindən komandirlərin əsgərləri incitməsi, onlardan pul alaraq evlərinə göndərməsi kimi acınacaqlı faktlardan xəbərdar olduğunu da vurğulayıb. Sözügedən hallar ictimaiyyətə də bəllidir və orduda baş verən ölüm hadisələrinin həmin vəziyyətdən də (komandiri tərəfindən ardıcıl incidilən əsgər intihara əl atır və s.) qaynaqlandığı faktdır. Bu yöndə ictimai narazılıq dalğasının mediaya da sirayət etməsi qaçılmazdır. Lakin maraq doğuran məsələ bu prosesdə əlamətdar operativliyin olmasıdır. Orduda baş verən istənilən neqativ olay, xüsusilə ölüm hadisəsi anındaca ictimai diqqətə çatdırılır. Söhbət ondan getmir ki, bu faktlar ictimaiyyətdən gizlədilməlidir. Əksinə, baş verənlərin səbəbi tə`cili araşdırılmalı, günahkarların cəzalandırılması üçün ciddi tədbirlər görülməlidir. Amma faktların ictimai rə`yə təqdimatındakı məxsusi emosionallıq və ayrı-ayrı hadisələrin bir sapa düzülərək bütövlükdə ordunun böhran keçirməsi, ölkənin hərbi idarəsinə rəhbərliyin səbatsızlığı barədə ümumi rə`y formalaşdırılması diqqətdən yayınmır. Hiss olunur ki, bu cür təqdimat baş verənlərə obyektiv baxıb vəziyyətə şəffaflıq gətirməkdən çox Azərbaycan Ordusunun mümkün qədər daha neqativ və acınacaqlı imicinin vurğulanmasına hədəflənib.
Buna paralel olaraq istər siyasi qüvvələrin, istərsə də vaxtilə ordudakı rəhbər postlardan azad olunaraq indi iste`fada olan zabitlər qrupunu təşkil edənlərin Müdafiə Nazirliyi rəhbərliyinin iste`fasını tələb etməsi də maraq çəkir. Ən maraqlısı isə odur ki, bu tələblər bilavasitə ordu sıralarından da ara-sıra eşidilir. Tendensiyanın istiqaməti bəlli və təhlükəlidir: kənar (ordudan) qüvvələr ordunu siyasiləşdirməyə cəhd edir. Bunun hansı nəticə verə biləcəyini təxmin edə bilərik. 1992-1995-ci illərdə hərbi Qüvvələrinin (o cümlədən, "OMON sindromu") siyasətə cəlb fəsadlarını görmüşük.
Əlbəttə, sözügedən acınacaqlı situasiyanın yenidən təkrarlanacağını və maraqlı qüvvələr tərəfindən şişirdilən ordudan narazılıq tendensiyasının ifrata varacağını düşünmək əbəsdir. Ən azı ona görə ki, Azərbaycan Orudusu artıq bu cür təmayüllərdən yetərincə təmizlənib və ali baş komandan ordunu siyasi cərəyanlardan qorumaq məsələsinə prinsipial diqqət verir. Lakin baş verən motiv maraq doğurur. Bu gün Azərbaycan Ordusunun 10 illik tarixi ərzində ən möhkəm potensiala malik olduğu faktdır. Onu ermənilər də e`tiraf edir və Qarabağ tənzimlənməsinin hərbi müstəviyə qədəm qoyacağından aşkar əndişə etdiklərini biruzə verirlər. Eyni zamanda Azərbaycan Ordusu beynəlxalq əlaqələrini intensivləşdirib: istər ayrı-ayrı ölkələrlə, istərsə də Şimali Atlantika İttifaqı ilə hərbi-texniki əməkdaşlıq güclənməkdədir. Azərbaycan hərbi kadrları Türkiyə, Ukrayna, Pakistan, ABŞ, Britaniya, Almaniya və s. ölkələrdə tə`lim kursları keçirlər. Bu xüsusda qardaş Türkiyə ilə tərəfdaşlıq özəl yer tutur. Azərbaycan prezidentinin bu ilin martında Türkiyəyə rəsmi səfərindən sonra iki ölkə arasında hərbi işbirliyi məsələsi daha da aktuallaşıb, bu yöndə müəyyən saziş layihələri hazırlanır. Türkiyə Silahlı Qüvvələri baş qərargahının rəisi Hüseyn Kıvrıkoğlunun bu həftə (25-26 avqust) Bakıya səfəri gedişində bu layihələrin müzakirəsi gözlənilir. Səfər əsnasında hərbi əməkdaşlıq sənədlərinin imzalanacağı da istisna deyil. Bir sözlə, Azərbaycanın Türkiyə ilə hərbi-texniki əməkdaşlığı bu günlər gündəm mövzusudur. Elə üç gün ərzində Bakı səmasında qıy vuracaq Türkiyə qırıcıları da sözügedən əməkdaşlığın bariz nümunəsidir. Bu aksiya Türkiyə ordusunun Azərbaycanın yanında olduğunu təsdiqləyir. Və məhz belə bir ərəfədə Azərbaycan ordusunun xoşagəlməz imicinin formalaşdırılması, özü də bu işin planlı da olmasa, nəzərəçarpacaq bir qərəzlə aparılması, vaxtilə hərbi səriştəsizliyinə görə orduya rəhbərlikdən uzaqlaşdırılmış şəxslərin müdafiə nazirinin əleyhinə əlaqələndirilmiş tənqid kampaniyası yeritməsi və "Ordunun başına bacarıqlı adamlar gəlməlidir" tezisinin dövriyyəyə buraxılması təsadüfə bənzəmir.
Azərbaycan ordusunun yalnız neqativ prizmadan göstərilməsi və son 6-7 illik ordu quruculuğuna mə`sul olan şəxslərin ardıcıl şəkildə "vurulması" sadəcə vətəndaş, sabiq mə`mur təəssübkeşbliyindən irəli gələn hərəkətə az oxşayır. Çox güman ki, burada müdafiə naziri ilə haqq-hesabı olan sanballı dairələrin maraqları da müəyyən dərəcədə ifadəsini tapır. Hələ iki il öncə maliyyə naziri Fikrət Yusifovun Səfər Əbiyevlə ictimai tamaşa halına gəlmiş dartışmasını yada salmaq kifayətdir. Onu da xatırladaq ki, bu dartışmaya gərəkən münasibəti bildirən dövlət başçısı məhz maliyyə nazirini iste`faya göndərdi. Şübhəsiz, cari situasiyada da ölkənin birinci şəxsinin reaksiyasına ehtiyac var. Hər halda ali baş komandan orduda nəyin baş verdiyini və orduya yönəlik hərəkətlərin haradan qaynaqlandığını yalnız ehtimallara söykənən bizlərdən yaxşı bilir. Bizim üçün bariz olan bir gerçək var: ordunun rəhbərliyində, konkret hərbi postda kiminsə kimdənsə xoşu gəlməyə bilər. Amma kimisə "vurmaq" naminə bütövlükdə Silahlı Qüvvələri ittiham ünvanına çevirmək, Azərbaycan dövlətinin taleyində əsas sözünü hələ deməmiş Milli Ordunun adına qəsd etmək yolverilməzdir.
|