Aləm

Ana səhifə
Xəbərlər
İc siyasət
Firqələrdə
Pauza
Aləm
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
Sabotage
İks nəsli
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#93(317)
"Biçin" başlayır
Küləklə sovrulanlar
Kəm-kəsir
BMT-dən səs çıxmadı
İstəsən də budur, istəməsən də


"Biçin" başlayır
  NATO Makedoniyaya gəldi

Dünən günortadan sonra Makedoniyada NATO-nun şərti olaraq "Vacib biçin" (Essential Narvest) adlandırdığı əməliyyat başlayıb. Alyans üzvü olan ölkələrdən heç biri öz əsgərlərinin alban döyüşçülərindən silahların yığılması kampaniyasında iştirak etməsinə yasaq qoymayıb. Beləliklə də, bundan sonra əməliyyatın həyata keçirilməsi ilə bağlı olan səlahiyyətlər NATO-nun Avropa bölgəsi üzrə baş komandanı, ABŞ generalı Cozef Rolstenə həvalə edilib.
NATO-nun Avropada həyata keçirməyə başladığı əməliyyatda 3500 əsgərin iştirak edəcəyi dəqiqləşdirilib. Hələlik, NATO əsgərlərinin qarşısında duran əsas məsələ alban yaraqlılarından silahların alınması və məhv edilməsi əməliyyatını həyata keçirməkdir. Əsasnaməyə görə, alyansın əsgərləri qalan əməliyyatlara cəlb edilməməlidir. Bölgədəki son hadisələri təhlil edən müşahidəçilərin fikrincə, Makedoniyadakı cari siyasi vəziyyət, münaqişənin indiki durumu əslində silahların yığılması kampaniyasının başlanması üçün münbit şərait sayıla bilməz. Hələlik tərəflərdən heç birinin əlində bu haqda kamil plan və tə’minat yoxdur. Yalnız ötən həftə Alban Qurtuluş Ordusunun rəhbəri Əli Əhmədi nəzarəti altında olduğu hərbi birləşmələrin silahlarının NATO sülhməramlılarına təhvil verilməsini və’d etmişdi. Amma bundan bir neçə saat sonra həmin birləşmələr yenidən sükutu pozaraq Skopye yaxınlığında gərginliyi artırmışdılar. Xülasə, silahların təhvil verilməsi haqda və’dlərə inanmaq düzgün olmazdı. Sülhün qorunmayacağı, silahların yığılmayacağı halda NATO əsgərlərinin geri çağırılmalı olduğunu nəzərə alsaq, yayın cırhacırında Brüsselin NATO əsgərlərinə yol ölçdürmək niyyəti bir qədər anlaşılan deyil. Çox güman ki, vasitəçilər sadəcə olaraq hadisələri qabaqlamaq istəyirlər. Mə’lum olduğu kimi, alban döyüşçüləri ilk dəfə bu ilin fevral ayında təşkilatlanmış mobil qruplar halında müqavimətə başlayıblar. Vasitəçilər hesab edir ki, Makedoniyada vəziyyətə nəzarət etmək üçün əlverişli məqam yaranıb, daha doğrusu, bu an əldən çıxmayıb. Bir azdan silahlı müqavimət güclənsə, Makedoniya bir dövlət kimi məhv ola bilər. Şəksiz, əhalinin böyük bir hissəsinin albanlardan ibarət olması Skopyenin bu məsələlərə birbaşa nəzarət edə biləcəyini böyük bir sual altına alır. Albanların güclənməsi ilə Skopyedə onları müdafiə edən siyasi qruplaşmaların da dili uzanacaq. O zaman silahların yığılması İrlandiya Azadlıq Ordusunun (İRO) silahsızlaşdırılması kimi ciddi başağrıları yarada bilər. NATO Makedoniyadakı vəziyyətin kövrəkliyindən istifadə etmək istəyir. Qoşunların belə tələm-tələsik bölgəyə yeridilməsi də bu amilin sülhün kövrəkliyi məsələsindən üstün tutulması ilə bağlıdır.
Qərb hərbi ekspertlərinin dəyərləndirmələrinə görə, hazırkı vəziyyət NATO sülhməramlılarının bölgəyə müdaxiləsini vacib edir. Amma onların burada indiki xırda statusla uzun müddət qalacağını söyləmək düzgün olmazdı. Bu heç də o demək deyil ki, döyüşlər başlasa, NATO hərbiyyəsi bölgədən çıxarılacaq. Çox güman ki, Qərb vəziyyətdən çıxış yolunu NATO kontingentinin situasiyaya uyğun statusla tə`min edilməsində görəcək. "Ceyns difens uikli" həftəliyində dərc edilən bir yazıda diqqət maraqlı bir məqama yönəldilir - NATO-nun Balkan missiyasının tarixi göstərir ki, alyansın ən böyük problemi daha çox bölgəyə girmək yox, ondan necə çıxmaq məsələsi olub. İndiki halda NATO-nun əsas vəzifəsi bölgəyə gəlməkdir. Amma silahsızlaşdırma əməliyyatı baş tutmasa, alyans öz kontingentini geri çəkəcəkmi? Şəksiz demək olar ki, yox. Münaqişənin güclənəcəyi halda dünyanın ən güclü, nüfuzlu hərbi təşkilatının alban quşatanlarının səs-küyü altında bölgədən çıxması rüsvayçı bir gediş olardı. Ona görə alyansa əlavə səlahiyyətlər verilməsini gözləməyə dəyər. Ən yaxın zamanlarda NATO silahların yığılması əməliyyatında məsələni başqa cür qoyacaq: "verirsiniz verin, vermirsiniz - alırıq" şəklində. Əgər albanlar buna qarşı olsalar, bax, o zaman əməliyyatın adı olan "zəruri biçin" şərtilikdən çıxacaq.

Küləklə sovrulanlar
  Yaponiyada qasırğa 7 min nəfəri didərgin salıb

Çərşənbə axşamı Yaponiyanın cənub-qərb rayonlarını bürüyən güclü Pabuk qasırğası nəticəsində 7 min insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.
Qasırğa altı insanın həyatına son qoyub. Sür’əti saniyədə 35 metrə çatan qasırğa küləkləri Tokiodan 152 kilometr şərqdə yerləşən Şizuoka prefekturasına dağıdıcı tə’sir göstərib. Qasırğa hazırda saatda 20 kilometr sür’ətlə Yaponiya paytaxtına tərəf hərəkət etməkdədir. Ölkənin şərqində yerləşən Vakayama, prefekturasının 7000 sakini tə’cili şəkildə evakuasiya edilərək ictimai binalarda yerləşdirilib. Ölkənin mərkəzində yerləşən 50000 nəfər sakin ilk xəbərdarlıq siqnalından sonra evlərini tərk etməyə başlayacaqlar.

Kəm-kəsir
  Rusiya əhalisi sür’ətlə azalır

Rusiya Dövlət Statistika Komitəsinin mə’lumatına görə, 2001-ci ilin ilk yarısında Rusiyanın daimi sakinlərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 458,4 min nəfər, yaxud 0,3 faiz azalıb. Bu, 1992-ci ildən 2000-ci ilədək əhalinin say azalmasının ən böyük göstəricisidir.
İyulun 1-nə olan mə’lumata görə, Rusiya əhalisinin sayı indi 144,4 milyon nəfərdir. Bu ilin birinci rübündə miqrasiya artımı təbii artımın yalnız 5,5 faizini təşkil edib.

BMT-dən səs çıxmadı
 Ərəfat yenidən ərəblərə sığınır

Ərəb ölkələrinin xarici işlər nazirləri Yaxın Şərqdə yaranmış son vəziyyəti müzakirə etmək üçün dünən Misir paytaxtı Qahirədə toplaşıblar.
Görüşün keçirilməsi təşəbbüsü Fələstin muxtariyyətinin başçısı Yasir Ərəfata məxsusdur. O, Yaxın Şərq böhranının tənzimlənməsində ərəb dövlət başçılarının vahid konsepsiyasının işlənib hazırlanmasını təklif edib. Bu arada isə BMT-də Təhlükəsizlik Şurasının Yaxın Şərq məsələləri ilə əlaqədar növbəti iclası öz işini başa çatdırıb. Təhlükəsizlik Şurasının üzvləri İsrail-Fələstin münaqişəsinin həlli yollarının tapılması istiqamətində ümumi razılığa gələ bilməyiblər.

İstəsən də budur, istəməsən də
  Pentaqon yeni raket sisteminin yerini seçir

ABŞ-ın Müdafiə Nazirliyi Milli Raketdən Müdafiə Sistemi üçün Alyaskada sınaq poliqonunun tikilməsinə hazırlıq görülməsi haqqında xüsusi sərəncam verib.
Petaqonun səlahiyyətli nümayəndələrindən birinin mə’lumatına görə, müdafiə sisteminin sınaqdan çıxarılacağı meydanın tikintisi üçün sahənin təmizlənməsi işinə başlanılıb. Müşahidəçilər hesab edirlər ki, bu addım Raketdən Müdafiə Sisteminin yaradılmasına e`tiraz edən Çin və Rusiyaya qarşı Vaşinqtonun özünəməxsus cavabıdır. Amerikalılar bildirirlər ki, həmin ərazilərin təmizlənməsi 1972-ci il müqaviləsinə zidd deyil. ABŞ-ın yüksək mənsəbli digər mə’murunun dediyinə görə, Rusiya və ABŞ həmin sistemlə bağlı olaraq razılaşmaya gələ bilməsələr, Vaşinqton 1972-ci il müqaviləsindən birtərəfli qaydada çıxacaq.

 Ana səhifə | Xəbərlər | İc siyasət | Firqələrdə | Pauza | Aləm | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə | Sabotage | İks nəsli

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd