|
|
|
|
#93(317)
|
 |
Haydı "Şəfa"ya!
Azərbaycanda UEFA tələblərinə cavab verən yeganə idman arenasında ilk oyuna biletin qiyməti cəmi 2,5-5 dollardır
|
Bu gün UEFA kuboku yarışlarında iştirak edən digər komandamız - "Şəfa" cavab qarşılaşmasına çıxacaq. Komandamız Sloveniyada keçirdiyi birinci qarşılaşmada yerli "Olimpiya"ya 4:0 hesabı ilə uduzaraq, növbəti mərhələyə çıxmaq imkanlarını itirib.
Ancaq buna baxmayaraq, idman həvəskarları bu gün Azərbaycan futbolu üçün əlamətdar bir hadisənin şahidi olacaqlar.
Bu gün Azərbaycanda beynəlxalq standartlara cavab verən "Şəfa" stadionun açılışı olacaq. Ona görə də, "Şəfa"nın UEFA kubokunda debütü uğursuz olsa, klubun azarkeşləri heç olmasa, bu faktla təskinlik tapa bilərlər.
Bəs, stadiona gələn tamaşaçılar hansı yenilikləri görə biləcəklər?
"Şəfa"- "Olimpiya" qarşılaşmasından iki gün əvvəl bu idman arenasının direktoru ilə söhbət əsnasında mə’lum oldu ki, biletlər stadionun girişindəki 5 kassada satılacaq. Onların qiymətləri çoxlarının düşündüyü kimi, baha da deyil. Beləliklə, qabaq sıralar üçün bir biletin qiyməti 10 min, arxa sıralar üçünsə 20 min manatdır. Bu qiymətləri ABŞ dollarına nisbətdə götürsək, biletlərin 2,5 və 5 dollar arasında olduğunu görərik. Stadionda yeni tablo quraşdırılıb və türk mütəxəssisi tərəfindən sazlanıb. Stadionda təhlükəsizlik məsələləri polislə yanaşı fan-klubun üzvlərinə tapşırılıb. Tribunanın ön sıralarında oturacaq fanatlar nəzarəti öz üzərlərinə götürəcəklər. Oyun zamanı tamaşaçılara içki və yüngül qəlyanaltı təqdim ediləcək. Tribunada günəbaxan tumu çırtlamağa icazə verilməyəcək. Vaxtilə "Termist" stadionu adlanan bu idman arenası 1995-ci ildə yararsız halda AFFA-nın tabeliyinə verilib. AFFA yalnız bundan sonra FİFA və UEFA-dan aldığı maliyyə yardımı hesabına stadionda bərpa işlərinə başlayıb. Bərpa işinə ümumilikdə 2.600.000 ABŞ dolları xərclənib.
Hazırda UEFA standartlarına cavab verən "Şəfa"ya gələcək tamaşaçıları burada bir çox yeniliklər gözləyir. Stadionun içərisində məşqçilər və futbolçular üçün 40 lüks nömrəli mehmanxana tikilib. Mehmanxanada 50 yerlik geniş konfrans zalı və yeməkxana var. Birinci mərtəbədən tribunaların altına tunel çəkilib. Tribunaların altında dopinq nəzarəti, soyunub-geyinmək, massaj və vanna otaqları, müasir avadanlıqlı trinajor zalı, qonaqlar və jurnalistlər üçün otaqlar istifadəyə verilib. Tribunalarda qonaqlar üçün 200, jurnalistlər üçün 280 yer ayrılıb. 9 şərhçi otağının hər biri monitorla təchiz edilib.
"Şəfa" bolqar mütəxəssislərinin köməyi ilə yaradılmış ot örtüyünə görə, çox stadiona nümunə ola bilər.
Ancaq stadionda görüləcək işlər bununla bitmir. Yaxın zamanlarda onun ikinci növbəsinin tikintisi başlanacaq.
Bu məqsədlə FİFA-dan 400.000 min ABŞ dolları ayrılıb.
Həmin layihəyə əsasən, sün’i örtüklü 105x68 ölçülü bir böyük və iki yardımçı meydança tikiləcək. Böyük meydança 3 min yerlik yeni tribunalarla əhatələnəcək. Həmin meydanda milli çempionatın oyunlarının keçirilməsi planlaşdırılır. Sün’i meydançalarda otun qalınlığı 7 santimetr olacaq ki, bu da futbolçulara butsı ilə oynamağa imkan verəcək. İkinci hissəsənin tikintisinin ümumi dəyəri 1.200.000 ABŞ dollarıdır.
"Neftçi" autsayderlə
yarışacaq
Komandamız Sloveniya çempionatında hələ qələbə sevinci yaşamayan və baş məşqçisini
itirən "Hit Qoritsa" səddini aşmağa borcludur
|
Bu gün UEFA Kuboku turnirinin ilk mərhələsinin cavab görüşləri olacaq. Xatırladaq ki, bu turnirdə ölkəmizi təmsil edən Bakının "Neftçi" və "Şəfa" klublarının rəqibi Sloveniya komandalarıdır. "Neftçi" bu gün səfərdə "Hit Qoritsa", "Şəfa" isə öz meydanında "Olimpiya" komandası ilə cavab görüşlərinə çıxacaq.
Qeyd edək ki, "Neftçi" avqustun 19-da Bakıda keçirdiyi ilk görüşdə rəqibin müqavimətini qıra bilməmiş və oyunu heç-heçə başa vurmuşdu. Ancaq komandamız bu mərhələni keçmək üçün bütün imkanlarını saxlayıb. Belə ki, milli çempionatı uğursuz başlayan "Nova Qoritsa"da tənəzzül davam etməkdədir. Milli çempionatda keçirdiyi beş görüşdə bircə dəfə də olsun qalib gəlməyən "Hit Qoritsa" hazırda 1 xalla turnir cədvəlinin axırıncı pilləsindədir. Bu nəticəni arzuolunmaz sayan klubun rəhbərliyi komandanın baş məşqçisi Filip Mendaşı iste’faya göndərib. Rəqibindən fərqli olaraq, "Neftçi"də vəziyyət nisbətən ürəkaçandır. Təcrübəli məşqçi Kazbek Tuayevin komandaya gəlişi və klubun milli çempionata böyük hesablı qələbə ilə başlaması "Neftçi"yə səfər matçına yaxşı əhval-ruhiyyədə çıxmasına əsas verir. Odur ki, mərhələ keçməsi üçün "Neftçi"nin son şansından istifadə edəcəyinə inanırıq.
Hollandiyada dünya çempionatının seçmə yarışlarında iştirak edən qadın voleybolçulardan ibarət Azərbaycanın seçmə komandası vətənə dönüb.
Dünya çempionatının seçmə mərhələsində çıxış edən Azərbaycan voleybolçuları "E" qrupunda mübarizə aparıblar. Həmin qrupda həmyerlilərimizdən başqa Hollandiya, Fransa və Türkiyə komandaları da yarışırdı. Qrupda birinci olan Hollandiya komandası dünya birinciliyinin finalına vəsiqə qazanıb. İlk qarşılaşmada hollandlara uduzan qızlarımız sonradan Türkiyə və Fransa komandalarına qalib gələrək (3:1 və 3:0) qrupda ikinci yeri tutublar. Bu nəticə komandamızın dünya çempionatının final mərhələsinə düşəcəyinə inanmağa müəyyən əsas verir.
Onu deyək ki, 24 komandanın iştirakı ilə keçiriləcək dünya çempionatının 16 iştirakçısının adı mə’lumdur. Dünya birinciliyində Avropanın 9 təmsilçisinə yer ayrılıb. Həmin yarışlara meydan sahibliyi edəcək Almaniya komandası finala mübarizəsiz qoşulub. Qalan səkkiz iştirakçının adını isə seçmə yarışlar müəyyən etməli idi. Seçmə yarışlarda daha uğurla çıxış edən Hollandiya, Rusiya, Çexiya, İtaliya komandaları dünya birinciliyinə vəsiqə qazanıblar. Qalan iki iştirakçının adı avqustun 24-29-dək "F" (Polşa, Latviya, Yuqoslaviya və Sloveniya) və "G" (Xorvatiya, Bolqarıstan, Yunanıstan və Finlandiya) qruplarında keçiriləcək seçmə oyunlardan sonra bilinəcək. Bu qruplarda birinci yerləri tutan komandalar avtomatik olaraq dünya çempionatının final mərhələsinə düşəcək. Dünya birinciliyinin son iki iştirakçısı isə qruplarda ikinci yeri tutub, daha yaxşı nəticə göstərən komanda arasından seçiləcək. Odur ki, Azərbaycana yalnız seçmə yarışların qurtarmasını gözləmək qalır.
|