Pauza

Ana səhifə
Xəbərlər
İc siyasət
Firqələrdə
Pauza
Aləm
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
Sabotage
İks nəsli
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#93(317)

"Türk Ulduzları" Bakıdadır
Bizim üçün bu gün məhz Ermənistana gözdağı vermək xüsusilə zəruridir

Azərbaycan cəmiyyətinin iftixar dolu intizarla gözlədiyi hadisə baş verdi. Türkiyə Hərbi Hava Qüvvələrinin ali pilotaj eskadrilyası dünən Azərbaycan torpağına endi və bu gün Bakı səmasında ilk uçuşlarını keçirəcək. Hadisənin siyasi əhəmiyyəti danılmaz olduğu qədər, faktın da kimlərdə sancı doğurduğu tamamilə aydındır.
Türkiyə qırıcılarının Azərbaycana gəlişi missiyanın mahiyyətindən asılı olmadan tarixi olaydır. Qardaş ölkənin "şahinləri"nin aviaşou düzənləmək üçün ilk dəfə Azərbaycan torpağına enməsi nə qədər rəsmiyyət çərçivəsinə salınsa da (bu mərasimin xeyli öncədən planlaşdırılması və hərbi-siyasi mahiyyət daşımaması barədə açıqlamalar), faktın gerçək üzü göz qabağındadır. Bu tədbir Azərbaycanla Türkiyənin hərbi əməkdaşlığı kontekstində dəyərləndirilməli və onunla Bakının bədxahlarına bir mesaj (xəbərdarlıq) verildiyi vurğulanmalıdır. Məsələnin ictimai (emosional və bir qədər də irrasional qavrama səviyyəsində) və siyasi (soyuqqanlı, lakin dəqiq və rasional hesablanmış) tərəfi var.
Hadisənin ictimaiyyətdə doğurduğu rezonans, təəssüb və iftixar hissi bəllidir və "Türk ulduzları"nın Bakı səması üzərində sərgiləyəcəyi mənzərə ictimai rə`ydə "Türkiyə bizimlədir" gerçəyini möhkəmlədəcək.
Sözsüz ki, Türkiyə eskadrilyasının bu mərasimi başqa bir ölkədə düzənləməsi (bu aviaşou 20-dən artıq ölkədə gerçəkləşib) analoji rezonansı doğurmayıb və doğura da bilməzdi. Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyəti və hadisənin gerçəkləşdiyi şərait (Azərbaycanın bir ölkənin təcavüzünə, digərinin təhdidinə mə`ruz qalması) tamamilə fərqli rezonansı zəruri edir. Lakin cari vəziyyətdə hadisənin ictimai qənaətdəki inikasından çox, məsələnin daha uzağagedən siyasi tərəfini incələmək daha məqsədəuyğundur.
Rəsmi Bakının fakta münasibəti, təbii ki, hər hansı pafosun üstündə dayanır. Prezident Aparatı (PA) xarici əlaqələr şö`bəsinin müdiri Novruz Məmmədov "Türk ulduzları"nın gəlişini Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müstəvisində təbii hadisə kimi dəyərləndirir. PA rəsmisinin sözlərinə görə, Türkiyənin baş qərargah rəisi Hüseyn Kıvrıkoğlunun səfəri çərçivəsində gerçəkləşən bu tədbir Azərbaycanda haqlı iftixar hissi doğurmaqla yanaşı, iki ölkənin hərbi kadrların hazırlanması, qarşılıqlı təcrübə mübadiləsi sahəsində işbirliyinin növbəti mərhələsidir. Bu isə o deməkdir ki, "Türk ulduzları" Azərbaycana, sadəcə, aviaşou düzənləmək və üç gün ərzində Bakı əhalisini əyləndirmək üçün gəlməyiblər. Yüksək pilotaj ustası olan Türkiyə "şahinlər"inin azərbaycanlı həmkarları ilə söhbətləri də ancaq süfrə arxasında olmayacaq.
Bununla belə, rəsmi Bakı hadisənin üçüncü ölkələrdə mənfi reaksiya və qınaq doğurmasını da əsassız sayır. N.Məmmədovun sözlərinə əsasən, belə tədbirləri, hətta ayrı-ayrı ölkələrin birgə hərbi tə`limlər keçirməsini Azərbaycan sakit qarşılayır. "Odur ki, Azərbaycan da bu tədbiri özünün suveren haqqı sayır və onun əleyhinə səslənən iddia və tənqidləri də qəbul etmir. Biz heç kimi hədələmir və kiməsə meydan oxumuruq, bu olaya belə reaksiya verənləri də narahat olmamağa çağırırıq," - deyə PA rəsmisi bildirir. N.Məmmədovun sözlərinə görə, Azərbaycan Türkiyə ilə hərbi-texniki əməkdaşlığını real şəraitin tələb etdiyi səviyyədə davam etdirir və H.Kıvrıkoğlunun səfərini də bu yöndə əlamətdar mərhələ kimi görür.
Türkiyə Silahlı Qüvvələri rəhbərinin qırıcı təyyarə eskadrilyasının müşayiəti ilə Bakıya gəlişinin İranda siyasi sancı doğurması faktdır. Türkiyə qırıcıları İranın Xəzərdəki təhdid hərəkətindən və rəsmi Ankaranın "Biz Azərbaycanın arxasındayıq" bəyanatından sonraya təsadüf edir.
İran bu simvolik aksiyanın arxasında "Gerçək münaqişə başlayarsa, simvolika da yerini gerçəkliyə verəcək" tezisinin durduğunu görür. Digər yandan, sözügedən aksiya İranın gözündə onu narahat edən Türkiyə-ABŞ-İsrail işbirliyinin Bakı səması üzərində nümayişidir. ABŞ istehsalı olan "F-5" qırıcıları İsrail mütəxəssisləri tərəfindən modernizə olunduqdan sonra Türkiyə HHQ-nin təyyarə parkına daxil edilib.
Bu baxımdan eskadrilyanın uçuş marşrutu da maraq doğurur. Türkiyə qırıcıları Gürcüstan üzərindən uçaraq Azərbaycana gəliblər və bu Bakı-Tbilisi-Ankara tərəfdaşlığının növbəti təcəssümüdür.
Bununla belə, bizim üçün xüsusi maraq doğuran məqam Türkiyə eskadrilyasının aksiyasının məhz Ermənistanda doğuracağı rezonansdır. Çünki cənub qonşumuz bizi nə qədər təhdid etsə də, onun bizə təcavüz edəcəyi istisnadır. Ermənistan isə artıq neçə ildir ki, Azərbaycan ərazisinin beşdə birində meydan sulayır. Türkiyənin bu konfliktdə Azərbaycana verdiyi siyasi-diplomatik dəstək bəllidir və tərəfimizdən yüksək dəyərləndilir. Lakin Ermənistanın siyasi yolla təcavüzə son qoymayacağı aydın olduğu bir vaxtda Azərbaycan üçün alternativ tənzimləmə variantı aktualdır və biz Türkiyənin İrana eşitdirdiyi "Azərbaycana təcavüz etsən, qarşında məni görəcəksən" mesajının Ermənistana münasibətdə tətbiq olunmasını arzu edirik. Çünki bu bir faktdır ki, indiyədək Azərbaycanın rayonlarını işğal edən Ermənistan qarşısında Türkiyəni görsəydi, belə azğın olmazdı. Əlbəttə, Türkiyə qırıcılarının Bakıya gəlişi Ermənistana da gözdağı olacaq.
Ermənistan rəhbərliyi iki gün öncə yekunlaşmış Rusiya ilə birgə hərbi manevrlərdən nə qədər ruhlansa da, "Türk ulduzları"nın bu aksiyasından əndişəsini gizlədə bilməz. Bu əndişənin arxasında "Bu gün Bakı üzərində nümayişə gələn Türkiyə qırıcıları nə vaxtsa Qarabağ səmasında da görünə bilər" qorxusu dayanır. Elə biz də türk (Türkiyə və Azərbaycan) "şahinlər"inin məhz Qarabağa uçmağı arzulyarıq.

 Ana səhifə | Xəbərlər | İc siyasət | Firqələrdə | Pauza | Aləm | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə | Sabotage | İks nəsli

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd