İş günü

Ana səhifə
Xəbərlər
İc siyasət
Firqələrdə
Pauza
Aləm
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
Sabotage
İks nəsli
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#93(317)
Valyuta idxalına gömrük rüsumu ləğv olundu
Təmiz suyu nə vaxt içəcəyik?
Mobil telefonlar üzrə birinciyik
"Şəfa" həyatımızı sığorta edəcək


Valyuta idxalına gömrük rüsumu ləğv olundu
  Bununla da dolların məzənnəsinin artımının qarşısına sədd çəkildi

Dövlət Gömrük Komitəsi (DGK) hüquqi şəxslər tərəfindən Azərbaycana gətirilən valyutaya tətbiq edilən gömrük rüsumunun ləğv edilməsi barədə qərar qəbul edib. Nazirlər Kabinetinin 16 aprel 2001-ci il tarixli qərarına əsasən, valyuta idxalına məbləğin 0,5 faizi qədər gömrük rüsumu tətbiq edilirdi. Bu yeniliyin tətbiqinə kimi belə bir rüsum yox idi, yə’ni "sıfır" dərəcəsi tətbiq edilirdi.
Gömrük orqanları bir neçə dəfə hökumətə müraciət etmişdilər ki, əvvəlki qaydalara ("sıfır" dərəcəsinə) qayıdılsın. Bununla yanaşı, "Gömrük tarifi haqqında" Qanunun 34-cü maddəsinin "q" bəndinə uyğun olaraq, gömrük işçiləri idxal edilən valyutadan gömrük rüsumunun yığımını dayandırıblar. Həmin bənddə deyilir ki, gətirilən nağd valyutaya gömrük rüsumu tətbiq edilmir. Görünür, bu məsələ ilə bağlı Milli Bankın və Azərbaycan Banklar Assosiasiyasının müraciətləri belə bir qərarın qəbul edilməsinə tə’sirini göstərib.
Aprel ayına qədər "Mostbank-Azərbaycan", NSBC British Bank-ın Bakı filialı və Beynəlxalq Bank respublikaya valyuta idxal edirdilər, lakin sonradan bu, onlara da sərf etmədi və idxal dayandırıldı. Belə ki, 0,5 faizlik rüsumdan əlavə, bankirlər gömrük qeydiyyatına görə 0,15 faiz ödəməli idilər. Ölkəyə valyuta gətirilən zaman tətbiq edilən ƏDV ilə birlikdə məsrəflər 0,18 faiz təşkil edirdi. Belə əməliyyatların bahalığı ucbatından "Azərdəmiryolbank" və "Bank of Baku" ümumiyyətlə bu fəaliyyət növündən əl çəkdilər. Lakin gömrük rüsumunun tətbiq edilməsinə qədər ölkəyə gətirilən valyutanın həcminə görə, adları çəkilən bu beş bank liderlik edirdi.
Gömrük rüsumunun tətbiqi bank işçilərinin narazılığına səbəb olmuşdu, onların maraqları nəzərə alınmamışdı. Rüsumun tətbiqi bankların xərclərini iki dəfə artırmışdı. Düzdür, bu vəziyyət dolların məzənnəsinə bir o qədər də tə’sir göstərmədi, lakin bank işçiləri bunu da istisna etmirdilər. Hətta Milli Bankın idarə hey’ətinin sədri Elman Rüstəmov deyirdi ki, banklar məsrəfləri marjaya, yə’ni alıcının üzərinə köçürməyə məcbur olacaqlar. Lakin valyutanın idxalına tətbiq edilən rüsumun aradan qaldırılması ilə bütün bunlardan qurtulmaq mümkün oldu.

Təmiz suyu nə vaxt içəcəyik?
  Proqnozlara görə, bu xoş arzu 2002-ci ildə gerçəkləşəcək

Bakı əhalisi uzun illərdir ki, dadsız, iysiz, şəffaf mayeni - Mendeleyevin dövri elementlər cədvəlindən N2O kimi tanıdığmız suyu dadmaq arzusu ilə alışıb-yanır. Onsuz da əhaliyə fasilələrlə verilən su ekoloji standartlara heç cür cavab vermir. Dünya ölkələrinin əksəriyyətində suyun təmizlənməsi azon üsulu ilə aparılsa da, bizdə isə hələ də xlorlaşdırmadan istifadə olunur. Heç də xoş qoxuya malik olmayan xlor camaatı lap təngə gətirib. Bəs görəsən, Bakı əhli neyləsin, dərdini kimə söyləsin? Doğrudanmı, biz həmişə belə üfunətli su içməkdə davam edəcəyik.
"Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi"nin həyata keçirilməsi və dünya standartları səviyyəsinə çatdırılması üçün 1 milyard ABŞ dolları məbləğindən artıq həcmdə vəsait tələb olunur. Həmin vəsaitin birdəfəlik verilə bilməməsi səbəbindən Dünya Bankı Azərbaycan hökuməti ilə razılaşdırılmış qaydada bərpa xarakterli ən zəruri istiqamətləri seçib. Bu istiqamətlər regionun mövcud su təchizatı sistemində sabitliyin qorunub saxlanılması, suyun keyfiyyətinin yaxşılaşdırılması və itkilərin aradan qaldırılmasına yönəldilmiş tə`xirəsalınmaz tədbirlərdən ibarət idi. Bu məqsədlə 1998-ci ildə ayrılmış vəsaitin məbləği 94 milyon 900 milyon dollardır. Əgər dünya standartlarına görə, təmizlənmə prosesindən sonra istehlakçılara verilən suyun bulanıqlıq həddinin 1,5 milliqram litr qəbul edildiyini, bizim hazırda içdiyimiz suyun isə 3-5, mövsümə uyğun olaraq yağışlar yağarkən Kür çayının özündə bulanıqlıq həddinin 8-10 min, hətta bə`zən 25 min milliqram litrə çatdığı dövrdə əhaliyə verilən təmizlənmiş suyun bulanıqlıq həddinin 12-14 milliqram litr olduğunu nəzərə alsaq, o zaman vəziyyətin nə dərəcədə acınacaqlı olmasını təsəvvür etmək çətin deyil.
Hazırda Bakı şəhəri üzrə adambaşına düşən suyun həcmi ayda orta hesabla 12 kubmetrdir. Əhaliyə verilən suyun həcmi sayğac qoyulmuş mənzillərdə bu qurğunun göstəriciləri əsasında, sayğac qoyulmayan mənzillərdə isə orta aylıq normaya uyğun olaraq müəyyən edilir. İstehlakçılara verilən suyun 1 kubmetrinin tarif qiyməti ƏDV-siz 185 manatdır. Mövcud tələbatın ödənməsi üçün Bakı şəhərinin su təchizatı əsasən 4 mənbədən ödənir. Bunlar I və II Bakı su kəməri, eləcə də Ceyranbatan və Kür su kəmərlərindən ibarətdir.
Əhalinin yoluxucu xəstəliklərlə yoluxmasının qarşısının alınmasında içməli su təchizatı böyük əhəmiyyət kəsb etdiyindən bu sahə daim paytaxtın sanitariya nəzarəti orqanlarının ciddi nəzarəti altında olmalıdır. Mərkəzin mütəxəssislərinin bildirdiyinə görə, Kür və Ceyranbatan baş su təmizləyici qurğularındakı radial çökdürücülərdə, reagent sexlərində yenidənqurma işləri İtaliya və Türkiyə dövlətlərinin "ATK-MTQ", "termomexanika" qurğuları tərəfindən aparılır. Baş qurğular kifayət qədər dezinfeksiyaedici maddə və reagentlə tə`min olunur. Lakin baş təmizləyici qurğularda və paylayıcı şəbəkələrdə bir sıra nöqsanlar hələ də qalmaqdadır. Belə ki, Kür baş təmizləyici qurğuların, təmiz su anbarlarının yuyulub zərərsizləşdirilməsi təşkil olunur. Laboratoriyanın avadanlıq və reaktivlərlə təchizatı lazımi səviyyədə təşkil olunmamış, vizkozimetr yoxdur, avtoklaf, mufel peçi, quruducu şkaf işləmir. Ona görə də təmiz suda poliakrilemid və alüminiumun qalıq miqdarı tə`yin olunmur. Səngəçal nasos stansiyasında xlorlama məntəqəsinin ventilyasiya sistemlərinin tə`miri aparılmadığından hazırda istifadəyə yararsız vəziyyətə düşüb.
Şəhərdaxili paylayıcı şəbəkədə uzun müddət su borularının dəyişdirilməməsi səbəbilə tez-tez qəzalar baş verir ki, bu da böyük miqdarda su itkisinə səbəb olmaqla, suyun çirklənməsinə gətirib çıxarır. Qəzalar əsasən Nəsimi, Səbail, Nərimanov və Xətai rayonlarında tez-tez baş verir.
İçməli su ilə bağlı narahatlıq doğuran amillərdən biri də suyun mikrobioloji və sanitar kimyəvi göstəricilərə görə standarta uyğun olmamasıdır. Ceyranbatan su anbarının mühafizəsinin gücləndirilməsi, müxtəlif tullantılarla çirklənmənin qarşısının alınması və obyektin yaxınlığında qeyri-qanuni tikililərin ləğv edilməsi məqsədi ilə Meliorasiya və Su Təsərrüfatı Komitəsinə, DİN-ə, "Azərmeşə" İB-ə, Respublika Prokurorluğuna dəfələrlə müraciətlər edilib. Təəssüf ki, görülmüş tədbirlərə baxmayaraq, əhali arasında kütləvi surətdə su ilə yayıla biləcək xəstəliklər (dizenteriya, qarın yatalağı, vəba və s.) üçün real şərait qalmaqdadır. Bununla yanaşı, Kür və Ceyranbatan baş su təmizləyici qurğularında yenidənqurma başa çatdıqdan sonra sağlamlığımıza tə`minat verilə bilər. Sözügedən qurğularda görülən işlərin başa çatması isə təxminən bu ilin noyabrında başa çatmalıdır. Beləliklə, əgər proqnozlara inansaq 2002-ci ildə ekoloji cəhətdən təmiz su içə biləcəyik.

Mobil telefonlar üzrə birinciyik
  Hər 1000 nəfərə 54,44 mobil telefon düşür

Bu ilin 6 ayının yekunlarına görə, respublikamızda mobil rabitədən istifadə edənlərin sayı 530 min nömrə təşkil edir.
Məmləkətimizdə fəaliyyət göstərən iki mobil rabitə operatorunun - Azercell, Bakcell-in texniki bazası abonentlərin sayını 800 min nəfərə çatdırmağa imkan verir.
Postsovet dövlətləri içərisində mobil rabitənin inkişaf göstəricilərinin səviyyəsi üzrə Azərbaycan 1-ci yerdə gedir. 1 yanvar 2001-ci il tarixinə görə, respublikamızda hər 1000 nəfərə 54,44 mobil telefon düşür.

"Şəfa" həyatımızı sığorta edəcək
 

"Şəfa" "Azərsığorta" dövlət sığorta təşkilatının yardımçı şirkətidir və tibbi sığorta xidmətləri üzrə ixtisaslaşıb. Artıq həmin şirkət Azərbaycanda fəaliyyət göstərən 20 klinika ilə əməkdaşlıq barədə müqavilə bağlayıb.
Şirkətin sədri Avtandil Hacıyevin verdiyi mə’lumata görə, payıza kimi, tibb müəssisələri ilə müqavilələrin bağlanması prosesini başa çatdırmaq nəzərdə tutulur. Planlaşdırıldığına görə, tibb xidməti göstərən bütün müəssisə və özəl təşkilatlarla əməkdaşlıq əlaqələri qurulacaq. Nəzərə alsaq ki, "Azərsığorta"nın Azərbaycan üzrə 80-ə yaxın filialı (agentliyi) var, "Şəfa" öz fəaliyyətini respublikanın regionlarında da genişləndirəcək. Şirkətin birinci yarımillik üzrə fəaliyyəti haqqında göstəriciləri əldə edə bilmədik, bunun səbəbi isə şirkətin yalnız bu ilin aprel ayından işə başlamasıdır. İlk gəlirin daxil olması sentyabr ayında gözlənilir.
"Şəfa" şirkəti tibbi sığorta üzrə (ilk vaxtlarda könüllü əsasda, sonradan isə məcburi) xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış ikinci sığorta şirkətidir. Həmin şirkətin xarici ölkələrə gedən şəxslərin tibbi xərclərini ödəyəcəyi və bədbəxt hadisələr zamanı xərcləri kompensasiya edəcəyi güman edilir. "Tibbi sığorta haqqında" Qanuna müvafiq normativ hüquqi baza formalaşdırıldıqdan sonra "Şəfa"nın icbari sığorta növləri üzrə fəaliyyətə başlayacağı nəzərdə tutulur. Hazırda tələb olunan sənədlərdən yalnız biri - "Tibbi sığorta haqqında müqavilənin bağlanması qaydaları" təsdiq olunub. Nəticədə, respublikada fəaliyyət göstərən bir çox sığorta şirkətləri tibbi sığorta üzrə layihələrini genişləndirməyə başlayıblar. Mütəxəssislərin fikrincə, Azərbaycan əhalisinin könüllü tibbi sığortaya olan ehtiyacının tam ödənilməsi üçün ən azı 10 aktiv fəaliyyətdə olan sığorta şirkətinin mövcudluğu labüddür. Hazırda Azərbaycanda xidmətin bu növü üzrə ixtisaslaşmış yalnız bir şirkət - "Şəfəq" fəaliyyət göstərməkdədir. Lakin bu şirkət də ancaq Bakının ərazisində işləyir. "Azərsığorta" şirkəti gələcəkdə həyatın sığorta olunması üzrə xidmət göstərəcək daha bir yardımçı şirkət yaratmaq fikrindədir.

 Ana səhifə | Xəbərlər | İc siyasət | Firqələrdə | Pauza | Aləm | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə | Sabotage | İks nəsli

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd