Xəbərlər

Ana səhifə
Xəbərlər
İc siyasət
Firqələrdə
Pauza
Aləm
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
Sabotage
İks nəsli
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#93(317)
ABŞ konqresmenləri Yerevandadır
Tehran narahatdır
S.Rüstəm küçəsi müvəqqəti bağlanıb
Elçibəy anıldı
Fazil Qəzənfəroğlu ilə Arif Hacıyev BŞPİ-yə aparılıb
Bakıda Uşaq Reabilitasiya Mərkəzi inşa olunacaq
İlham Rəhimov qeydiyyata alındı
BSU da diplomatlar hazırlayacaq
Əli Əhani gəlir...
Ata və ana dənizdə boğulub
Artur Rasizadə Aşqabada gedəcək
Piruz Dilənçiyə sui-qəsd edilib
Ulduzlar yerə endi...
DAK-ın növbəti qurultayı Türkiyədə olacaq
Bakı və Aşqabad "dil tapacaq"
Elman Türkoğlu yenə tutuldu
Elizabet Cons Bakıya gəlir
AzTV-yə bütün Türkiyə baxacaq
Əcnəbi şirkətlərin nikbinliyi artır
Əlibayramlı DRES əsaslı tə’mir
Sərnişin avtobusuna basqın olub


ABŞ konqresmenləri Yerevandadır

"Ermənistan Cənubi Qafqaz regionunda azad iqtisadi zonaya malik ən sabit ölkəyə çevriləcək". Bu sözləri Ermənistan prezidenti Robert Köçəryan Yerevanda tanışlıq səfərində olan amerikalı konqresmenlərlə dünənki görüşündə deyib.
Ermənistan dövlət başçısının mətbuat xidmətinin bildirdiyinə görə, R.Köçəryan Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına dair görülən işlər barədə konqresmenlərə mə’lumat verib. Sonra həmsöhbətlər Ermənistan-Türkiyə münasibətlərinə, o cümlədən erməni-türk barışıq komissiyasının yaradılmasına dair məsələləri müzakirə edib. Köçəryan qeyd edib ki, erməni-türk münasibətləri probleminin mürəkkəbliyini nəzərə alaraq məsələnin ya dövlət səviyyəsində, ya da geniş siyasi qüvvələrin iştirakı ilə razılaşdırılmış siyasi variantda müzakirəsi arzuediləndir.

Tehran narahatdır

İran hakimiyyəti Türkiyə qırıcı təyyarələrinin Azərbaycana gəlməsilə bağlı rəsmi Bakıya "narahatlığını" bildirib və buna dair "izahat verməyi" xahiş edib. Bu barədə dünən İran XİN başçısı Kamal Xərrazi "Iran News" qəzetinə müsahibəsində bildirib.
"Türkiyə qırıcılarının Azərbaycana gəlişinin antiiran fəaliyyətini nəzərdə tutmaması barədə Bakının fikirləri Tehranı qane etmir," - deyən Xərrazi əlavə edib: "Biz hadisələrin inkişafını diqqətlə izləyəcəyik". "Heydər Əliyevi e’tibarlı qonşu hesab etmək olarmı" sualının cavabında Xərrazi deyib: "Əliyev qonşu ölkənin prezidentidir və o, həmişə Bakı ilə bizim ölkə arasında dost münasibətlərin inkişafını dəstəkləyir. Biz iki dövlət nümayəndələrinin rəsmi səfərlərinin genişlənməsini gözləyirik və hesab edirik ki, belə səfərlər xalqlarımızın həyat şəraitini yaxşılaşdıracaq". Tel-Əvivin sözügedən regionda iştirakını planlaşdırması barədə fikirləri şərh edən Xərrazi deyib ki, "İranın qonşuları ilə əlaqələrini genişləndirməsi İsrailin regionda iştirak imkanlarını məhdudlaşdırır".

S.Rüstəm küçəsi müvəqqəti bağlanıb

Dünən ABŞ-ın Azərbaycandakı səfirliyi Süleyman Rüstəm küçəsinin bağlanması barədə açıqlama verib.
Səfirliyin yaydığı press-relizdən mə’lum olur ki, sözügedən küçə "səfirliyin təhlükəsizliyi ilə bağlı Azərbaycan hökuməti və Bakı şəhər rəhbərliyi arasında aparılan müzakirələrin nəticəsində müvəqəti olaraq bağlanıb". Mə’lumatda deyilir ki, görülən tədbir S.Rüstəm küçəsindəki yaşayış kompleksinə xələl gətirməyəcək. Səfirlik öz ərazisini genişləndirmir. Ötən gün ANS teleşirkətinin xəbərlər proqramında göstərilən süjetdə Amerika səfirliyinin S.Rüstəm küçəsinin səfirliyə yaxın hissəsini zəbt etdiyi bildirilib.

Elçibəy anıldı

Dünən Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin vəfatının ildönümü ilə bağlı icazəsiz yürüş keçirilib. Avtomaşınlarla "Elmlər Akademiyası" metro stansiyasına qədər gələn yürüşçülər oradan Fəxri xiyabana kimi "Elçibəy!" şüarı səsləndirərək piyada gediblər.
Saat 18-də Fəxri xiyabanda mərhum eks-prezident Əbülfəz Elçibəyin məzarı önündə anım mərasimi başlanıb. Mərasimdə minlərlə insan iştirak edib. Ziyalılar, ictimai-siyasi xadimlər, Türkiyədən gəlmiş qonaqlar Elçibəyin həyat yolu ilə bağlı geniş nitq söyləyib, Cənubi Azərbaycan milli azadlıq hərəkatının lideri Mahmudəli Çehrəqaninin telefonla söylədiyi çıxışı səsləndirilib. Tədbirdə musiqiçilər Elçibəy haqqında mahnılar səsləndirib. Mitinqin əsas mövzusu Elçibəy və Bütöv Azərbaycan ideyası ətrafında olub. Tədbirin əsas şüarı da Bütöv Azərbaycan ideyası ilə bağlı olub: 22 avqust - Savalanı ziyarət günüdür!; Azərbaycan xalqının tək bir istəyi var, birləşmək! Şair Ramiz Rövşən bildirib ki, Elçibəyin ölüm günü Savalanı ziyarət günü e’lan edilib: "Bu gün Elçibəyin anım günü münasibətilə 300 nəfər cənublu soydaşımız Savalan dağını ziyarət edir".

Fazil Qəzənfəroğlu ilə Arif Hacıyev BŞPİ-yə aparılıb
AXCP sədrinin və Müsavat başqanının müavinlərinə xəbərdarlıq edilib

Mərhum AXCP sədri Əbülfəz Elçibəyin ölümünün ildönümü ilə bağlı birləşmiş müxalifətin yürüş-mitinq keçirmək istəyinə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) rəsmi şəkildə "yox" cavabı verdi. Buna baxmayaraq, ÿAXCP (klassiklər) rəhbərliyi bəyan elədi ki, nəzərdə tutulan bütün aksiyalar qeyd-şərtsiz keçiriləcək.
Elə dünən - Elçibəyin yas mərasimi başlayarkən AXCP sədrinin müavini Fazil Qəzənfəroğlu ilə Müsavat başqanının müavini Arif Hacıyev Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparılıblar. BŞBPİ yetgililəri Qəzənfəroğlu ilə Hacıyevi Əbülfəz Elçibəyin evindən aparıblar. Əldə etdiyimiz mə`lumatlara görə, müxalifət mərasimilə bağlı hər hansı bir aksiya keçirsə, məs`uliyyət onların üzərinə düşəcəyi ilə bağlı xəbərdarlıq edilib. Bununla belə, dünən mərhum Əbülfəz Elçibəyin yaşadığı mənzilin qarşısına toplaşan müxalifət nümayəndələri yürüş keçirməkdə israrlı olublar. Elçibəyin dəfn mərasimindən fərqli olaraq bu dəfə yürüşçülər aksiyaya piyada yox, avtomobillərlə qoşuldular. Aksiyaya meriya icazə vermədiyindən maşın karvanı 11 iri polis avtobusunun müşayiət edib. Günün sonuna əldə etdiyimiz mə`lumatlara görə, təxminən 20 nəfəryürüş iştirakçısı həbs edilib.

Bakıda Uşaq Reabilitasiya Mərkəzi inşa olunacaq

"Azərkurort" Qapalı Tipli Səhmdar Cəmiyyətinin "Kurort" Beynəlxalq Təsərüffat Tə`mir-Tikinti Birliyi Bakıda Uşaq Reabilitasiya Mərkəzinin inşası üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi tenderdə qalib gəlib. Tenderdə "Azərsənayetikinti" Açıq Tipli Səhmdar Cəmiyyəti və "Kəmalə-A" şirkəti də iştirak edib.
Smeta dəyəri 3.399,8 milyon manat olan Reabilitasiya mərkəzinin tikintisi doqquz ay müddətində başa çatdırılacaq. Dörd mərtəbəli binanın inşası üçün Nərimanov rayonu ərazisində, Keşlə qəsəbəsində sahə ayrılıb.

İlham Rəhimov qeydiyyata alındı
O, imza toplama kampaniyasına başlayıb

Ədalət Partiyası sədrinin müavini İlham Rəhimov bir gün əvvəl parlamentdə boş qalmış yerə keçiriləcək təkrar seçkilərdə iştirak etmək üçün 87 saylı Tovuz seçki dairəsinə müraciət edib.
Partiyadan aldığımız mə`lumata görə, DSK-da qeydiyyata alınan İ.Rəhimov artıq imza toplama kampaniyasına başlayıb. Xatırladaq ki, avqust ayının 21-də İlham Rəhimov Ədalət Partiyasının sədri İlyas İsmayılovla birgə Tovuz rayonu ictimaiyyəti ilə görüşmək üçün sözügedən rayonda olublar.

BSU da diplomatlar hazırlayacaq
Bu ali məktəbdə üç yeni ixtisas açılıb

Xəbər verildiyi kimi, Təhsil Nazirliyi 5 qeyri-dövlət ali təhsil müəssisəsinin bağlanmasına qərar verib. Bundan əvvəl isə digər özəl təhsil müəssisələrinin bə`zi ixtisaslarına qəbul dayandırılıb. Əvəzində isə dövlət məktəblərində yeni fakültə və şö`bələr yaradılıb.
2001-2002-ci tədris ilində Bakı Slavyan Universiteti (BSU) ötən illərdə olduğundan daha artıq tələbə qəbul edəcək. Universitetin ümumi işlər üzrə prorektoru Nurəddin Quliyevin bildirdiyinə görə, hazırda fəaliyyət göstərən 3 fakültənin tərkibində beynəlxalq əlaqələr, Azərbaycan dili və ədəbiyyatı, ibtidai təhsilin pedaqogika və metodikası kimi yeni şö`bələr açılıb. Həmin ixtisaslara 173 nəfərin qəbul edilməsi nəzərdə tutulub. Onlardan 80 nəfəri beynəlxalq əlaqələr, 45 nəfəri isə Azərbaycan dili və ədəbiyyatı şö`bələrində təhsil alacaqlar. Qeyd edək ki, bu tədris ili üçün təsdiq edilən qəbul planında BSU-ya 640 nəfərin qəbulu nəzərdə tutulub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanlarının nəticələri e`lan ediləndən sonra universitetdəki ixtisaslarda 600 nəfərdən çox abituriyent yerləşdirilib. Boş qalan yerlərə gəlincə, N.Quliyev onların sayının 18-ə yaxın olduğunu qeyd edib. O, həmçinin, bildirib ki, yeni açılan ixtisaslara tələbə qəbulu birinci mərhələdə yekunlaşıb. Onu da deyək ki, artıq TQDK boş qalan yerlərə əlavə yerləşdirməni başa çatdırıb. Əlavə yerləşdirmə əsasında ali məktəblərin bütün şö`bələrinə qəbul olunan abituriyentlər avqustun 23-dən 30-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər.

Əli Əhani gəlir...

Avqustun 27-28-də İranın Xəzərin statusu məsələləri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Əli Əhani Azərbaycana gələcək. İranın Bakıdakı səfirliyindən verilən mə`lumata görə, səfər zamanı Əhani rəsmi Bakı nümayəndələrilə Xəzərin hüquqi statusunun hazırlanması məsələsini müzakirə edəcək.
Bundan əlavə Azərbaycan-İran danışıqları zamanı sentyabrın ikinci dekadasında prezident Heydər Əliyevin İrana planlaşdırılan rəsmi səfəri ərəfəsində ikitərəfli münasibətlərə baxılacaq. Əhani iyulun 23-də Xəzərdə baş vermiş insidentdən sonra Azərbaycana səfər edən İranın ilk yüksək vəzifəli şəxsi olacaq. Həmin vaxt İran hərbi gəmisi güc tətbiqi barədə hədə-qorxu gələrək Azərbaycanın tədqiqat gəmisini "Alov" perspektiv neft strukturunu tərk etməyə məcbur edib. Bundan əlavə iki həftə ərzində İran HHQ-ə məxsus təyyarələr sistematik olaraq Azərbaycanın hava sərhədlərini pozub. Bu ay Əhani Rusiya və Türkmənistana da səfər edib.

Ata və ana dənizdə boğulub
Beş uşaq yetim qalıb

Dövlət Sularda Xilasetmə Xidmətindən "Olaylar"a verilən mə`lumata görə, ötən həftə Xəzərin Pirşağı ilə Kürdəxanı ərazilərində 1959-cu il təvəllüdlü Aydın Məmməd oğlu Məmmədov və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü Aybəniz Məlik qızı Məmmədova boğulublar.
Hadisə çimmək qadağan olduğu saatlarda baş verib. Həmin gün hava həddən artıq küləkli olub, dalğanın hündürlüyü 1.25 metrə qədər qalxıb. Şahidlərin bildirdiyinə görə, Aybəniz Məmmədova dənizdə batarkən həyat yoldaşı Aydın Məmmədov onu xilas etməyə çalışıb, lakin güclü dalğalar onları batırıb. Hadisə zamanı mərhumların beş uşağından üçü orada olub, onların ən böyüyünün 16-ı yaşı var. Qeyd edək ki, hadisənin baş verdiyi Pirşağı ilə Kürdəxanı arasındakı məsafədə xilasetmə xidmətinin məntəqəsi olmayıb.
Sabunçu Rayon Polis İdarəsindən verilən mə`lumata görə, baş vermiş hadisədən başqa sözügedən ərazidə daha 7 boğulma hadisəsi qeydə alınıb. Bu son hadisə ilə dənizdə boğulmaların sayı Bakı, Sumqayıt və Abşeron yarımadası da daxil olmaqla 28 nəfərə çatıb. Onlardan 16-sı çimərlikdən xaricdə, 5-i dövlət çimərliklərində, 7-si özəl çimərliklərdə boğulub.

Artur Rasizadə Aşqabada gedəcək

Baş nazir Artur Rasizadənin rəhbərlik edəcəyi Azərbaycan nümayəndə hey’əti sentyabrın 27-də Aşqabada rəsmi səfərə yola düşəcək.
Nazirlər Kabinetindən verilən xəbərə görə, nümayəndə hey’əti MDB dövlətlərinin hökumət başçılarının yığıncağında iştirak edəcək. Toplantıda 20-ə yaxın məsələ, o cümlədən xarici və yerli bazarın inkişafı üçün MDB dövlətləri arasında informasiya-marketinq şəbəkəsinin yaradılması ideyası müzakirə olunacaq.

Piruz Dilənçiyə sui-qəsd edilib

Avqustun 22-də saat 3-ə yaxın namə`lum cinayətkar Cənubi Azərbaycan milli azadlıq hərəkatının (CAMAH) lideri Piruz Dilənçinin mənzilinə basqın edərək ona tapançadan atəş açıb.
Lakin güllə yan keçib. Atəş səsinə gələn qonşular Dilənçiyə yardım göstərib və polis çağırıblar. Bu barədə mə`lumat verən Dilənçi atəş açanı tanımadığını və cinayətin motivləri haqda heç bir şey bilmədiyini deyib. Dilənçinin sözlərinə görə, Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsi, ev 50-də yerləşən mənzilinin qapısını cinayətkarın üzünə özü açıb:"Qapını açan kimi mənə tuşlanan tapançanı gördüm və dərhal otağa qaçdım. Ardımca 4-5 atəş açıldı. Özümü balkona çatdıraraq köməyə adam çağırmağa başladım. Cinayətkar aradan çıxdı. Lakin mən onu yadımda saxladım, hətta bir ildən sonra da tanıyaram". Dilənçi sui-qəsdin Tehran rejimi agentləri tərəfindən təşkil olunduğunu istisna etmir. Dilənçi Xətai rayon Polis İdarəsində baş verənlərlə bağlı ifadə verib. Xətai Rayon Prokurorluğundan bildiriblər ki, cinayət işi ölümə qəsd faktı üzrə qaldırılıb.

Ulduzlar yerə endi...
Onları ürəyimizcə qarşılamaq biz jurnalistlərə nəsib olmadı

Mə`lum olduğu kimi, avqustun 24-də Türkiyə Hərbi Hava Qüvvələrinin xüsusi eskadrilyası - "Türk ulduzları" Bakı səmasında nümunəvi uçuşlar keçirəcək. Bu məqsədlə 10 ədəd F-5 tipli hərbi təyyarə dünən saat 12-də Bakı Hava Limanına enib.
Onları qarşılamaq üçün Müdafiə Nazirliyi əməkdaşları ilə yanaşı jurnalistlər də hava limanına toplaşmışdı. Lakin "Türk ulduzları"nı və Türkiyədən gələn hərbçilərdən ibarət nümayəndə hey`ətini qarşılamaq media nümayəndələrinə nəsib olmadı. Onların hamısının Türkiyənin ölkəmizdəki səfirliyindən də`vət almasına baxmayaraq, hava limanına yalnız AzTV-nin çəkiliş qrupu buraxıldı. Digər jurnalistlər və çəkiliş qrupları təyyarələrin gəlişini kənardan izləmək məcburiyyətində qaldılar. Saat 12-də Türk Hərbi Qüvvələrinə məxsus beş təyyarədən ibarət ilk qrup havada qısa manevr edərək limana endi. Təxminən 15 dəqiqədən sonra eyni istiqamətdə növbəti beşlik hava limanına daxil oldu.
Xatırladaq ki, sabah, "Türk Ulduzları"nın 7 təyyarədən ibarət ekskadrilyasi "Azadlıq" meydanında 30 dəqiqə müddətində 24 nümunəvi akrobatik hərəkət nümayiş etdirəcək. Onların uçuşlarını Azərbaycan prezidenti Heydər Əliyev və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hüseyn Kıvrıkoğlu da seyr edəcək. Qeyd edək ki, 7 supersonik təyyarə ilə akrobatik uçuşlar nümayiş etdirən "Türk ulduzları" komanda kimi 1992-ci ildə formalaşıb. İlk rəsmi uçuşunu isə 1994-cü ildə həyata keçirib.

DAK-ın növbəti qurultayı Türkiyədə olacaq

Mə`lum olduğu kimi, bu yaxınlarda İsveçin Malmo şəhərində Dünya Azərbaycanlıları Konqresi 5-ci qurultayını keçirib. Dünən Bakı Mətbuat klubunda qurultayın nəticələri ilə bağlı Teymur Eminbəyli və millət vəkili İqbal Ağazadə mətbuat konfransı keçirdilər.
Tədbirdə çıxış edən T.Eminbəyli DAK-ın 1997-ci ildə Almaniyada yaradıldığını bildirdi. "DAK-ın məqsədi dünyada fəaliyyət göstərən təşkilatları Azərbaycan dövlətinin inkişafına yönəltməklə yanaşı xaricdə lobbimizi yaratmaqdır. Qurultayda 250 nəfər iştirak edirdi. Onların əksəriyyəti müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz idi. Azərbaycandan 150 nəfərin iştirakı nəzərdə tutulmasına baxmayaraq, onlardan 22-si tədbirə getmişdi. İsveçin Türkiyədəki səfirliyi 150 nəfərin ora getməsinə mane oldu. Onu da deyim ki əvvəlki qurultaylardan fərqli olaraq bu dəfə tədbir keçirdiyimiz binanın önündə və içərisində Azərbaycan və İsveç bayraqları dalğalanırdı. 4-cü qurultayımız əsasnamə şəklində olsa da 5-cidə təşkilatlanma məsələsi əsas yer tuturdu. Hətta qurultayda DAK-a sədr İsveç vətəndaşı Cavad Dirəxti, 3 müavin, 13 nəfərdən ibarət idarə hey`əti də seçildi. Millət vəkili İqbal Ağazadənin idarə hey`ətinin sədri olduğunu deyən Teymur bəy qurultayın respublikadan kənarda keçirilməsi məsələsinə də aydınlıq gətirdi.
"Azərbaycanın daxilində çox qurultaylar keçirilib. Ancaq bundan heç bir xarici ölkənin xəbəri olmayıb. Hesab edirəm ki, dünyaya daha tez səs salmaq üçün belə variant daha qənaətbəxşdir. Türkiyə və İsveç teleşirkətlərində ictimaiyyətə qurultayla bağlı kifayət qədər xəbərlər verildi. Qeyd edim ki, bizə qurultaydan 20-gün əvvəl İran tərəfin binada partlayış törədəcəkləri ilə bağlı mə`lumatlar verilirdi. İsveç mühafizə orqanlarının əməyi sayəsində bu problemdən yan keçə bildik. Qurultayda 8 mayın Beynəlxalq aləmdə Azərbaycan qaçqınlarının hüquqlarını müdafiə günü kimi qeyd olunması qərara alındı. T.Eminbəyli bildirdi ki DAK-ın növbəti qurultayı gələn il avqust ayında Türkiyədə olacaq. O, növbəti qurultayda 26 fevralı azərbaycanlıların soyqırımı günü e`lan edilməsi məsələsinin müzakirə ediləcəyini söylədi.

Bakı və Aşqabad "dil tapacaq"

"Türkmənistanla Azərbaycanın münasibətlərində hazırkı gərginlik iki qardaş arasındakı anlaşılmazlığı xatırladır. Hər iki dövlətin iradəsi ilə problem tezliklə öz həllini tapacaq".
ABŞ-ın "Poyal Dutch/Shell" şirkətinin nüfuzlu eksperti, neft sahəsi üzrə beynəlxalq məsləhətçi Fərrux Demirmen "Media-Press" agentliyinə müsahibəsində belə deyib. Ekspertin sözlərinə görə, Xəzərin statusu ilə bağlı məsələdə Azərbaycanın Türkmənistanla problemləri İranla olduğu qədər də ciddi deyil. O hesab edir ki, rəsmi Bakı və Aşqabad Xəzərin statusu ilə bağlı problemin həllini gözləmədən mübahisəli saydıqları yataqları birgə tədqiq və istismar edə bilərlər. Ekspertin fikrincə, hər iki dövlət aralarındakı mübahisəni Beynəlxalq Arbitrajın müdaxiləsi olmadan da həll edə bilər.

Elman Türkoğlu yenə tutuldu
Baş bayraqdar Əbülfəz Elçibəyin vəfatının ildönümü mərasimində iştirak edə bilmədi

Dünən Bayraqdarlar Hərəkatının lideri Elman Türkoğlu həbs edilib. O yaşadığı mənzildən çıxarkən saxlanılıb və polis idarəsinə aparılıb.
Xatırladaq ki, AXCP-nin mərhum sədri Əbülfəz Elçibəyin vəfatının ildönümü mərasimində hamıdan fərqlənəcəyini bildirən Elman Türkoğlu radikal addımlar atacağını demişdi. Halbuki, Bakı Şəhər İcra Hakimiyyəti mərasimlə bağlı yürüş-mitinqin keçirilməsinə icazə verməmişdi. Türkoğlunun da həbsinin icazəsiz aksiya keçirmək cəhdi ilə əlaqələndirilir. Onu da deyək ki, Elman Türkoğlu küçə ilə hərəkət edərkən əlində bayraq olub.

Elizabet Cons Bakıya gəlir

Avqustun 26-27-də ABŞ dövlət katibinin köməkçisi Elizabet Cons Bakıya səfərə gələcək. Bu barədə Birləşmiş Ştatların Bakıdakı səfirliyindən verilən mə`lumata görə, iki günlük səfər müddətində Elizabet Cons Azərbaycan prezidenti Heydər Əliyev, xarici işlər naziri Vilayət Quliyevlə görüşəcək.
Görüşlər zamanı Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi, regionda neft-qaz yataqlarının işlənməsi, Xəzər dənizində İranla Azərbaycan arasında baş vermiş insident və s. məsələlərin müzakirə olunacağı gözlənlir. Qeyd edək ki, Elizabet Cons Bakıdan Tbilisiyə ordan isə Yerevana yollanacaq.

AzTV-yə bütün Türkiyə baxacaq

Azərbaycan Milli Televiziyasının 1-ci kanalının verilişləri tezliklə bütün Türkiyə ərazisində yayınlanacaq. Bu məsələ teleradio şirkətinin sədri Nizami Xudiyevin avqustun sonu - sentyabrın əvvəlində Ankaraya səfəri zamanı həll ediləcək.
Şirkətdən bu barədə verilən mə`lumatda bildirilir ki, səfər zamanı N.Xudiyev "Turktelecom" birliyinin, TRT kanalının rəhbərliyi ilə danışıqlar aparacaq və müvafiq protokol imzalayacaq. Hazırda AzTV-1-in proqramları Ankara və İstanbul da daxil olmaqla Türkiyənin 3 iri şəhərində yayımlanır. AzTV-dəki mənbələr bildirirlər ki, proqramların Türkiyənin bütün ərazisinə yayımlanmasına heç bir texniki maneə yoxdur.

Əcnəbi şirkətlərin nikbinliyi artır

Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətləri, deyəsən, bədbinlik nümayiş etdirməkdə tələsirlər. "Media-Press" agentliyinə müsahibəsində amerikalı eksperti Fərrux Dəmirmen belə deyib.
Onun sözlərinə görə, bə’zi şirkətlər bir-iki kəşfiyyat quyusu qazdıqdan sonra uğursuz nəticələri görüb ruhdan düşürlər. Ancaq bu nəticələr göstərir ki, gələcəkdə Xəzərin dərinliklərində yerləşən yataqlarda daha ətraflı tədqiqatlar aparılmalıdır. Neft-qaz kəşfiyyatının yetərincə risqli biznes olduğunu xatırladan ekspert əlavə edib ki, Xəzərdəki neft ehtiyatlarının miqyası nikbinlik üçün əsas verir.

Əlibayramlı DRES əsaslı tə’mir

Əlibayramlı DRES-in 4-cü enerji blokunda aparılan əsaslı tə’mir işləri başa çatıb. Tə’mirə qədər 100 MVt gücündə olan enerji bloku bundan sonra 120 MVt gücündə enerji hasil edəcək. Hazırda "Azərenerji" SC-in mütəxəssisləri 6-cı enerji blokunun əsaslı tə’mirinə başlayıblar.
"Media-Press"ə verilən mə’lumata görə, "Azərenerji" SC Şimal DRES-ində də əsaslı tə’mir işləri aparır. Burada da enerji aqreqatının gücünün 50 faizə qədər artırılacağı gözlənilir. Tə’mir işləri bir ay müddətində başa çatacaq.

Sərnişin avtobusuna basqın olub

Srağagün Gürcüstanın Zestafoni şəhərində iki namə’lum şəxs Tbilisi-İstanbul sərnişin avtobusuna hücum edib. Gürcüstan DİN-nin yaydığı mə’lumata görə, avtobusda 36 sərnişin olub.
Onlar Gürcüstan, Azərbaycan və Türkiyə vətəndaşlarıdır. Basqınçılar sərnişinlərdən, əsasən, pul və zinət əşyalarını tələb ediblər. Avtobusdakılardan bir neçəsi müqavimət göstərmək istəyib. Bu onunla izah olunur ki, sərnişinlər arasında xəsarət alanlar var. Zərərçəkənlərin sözlərinə görə, basqınçılardan biri sərnişinlərin arasında olub və yol boyu mobil telefonla danışıb.

 Ana səhifə | Xəbərlər | İc siyasət | Firqələrdə | Pauza | Aləm | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə | Sabotage | İks nəsli

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd