IKS NƏSLİ
(roman)
Hiperfəzaya varmalısan
-
Aza qane olmalı:
Rifah səninçün deyil durumu ilə barışmağa yönəli uyuşma fəlsəfəsi. "Daha kapital yığmaq, ya böyük adam olmaq arzusuyla yaşamıram. Sadəcə, xoşbəxt olmaq və mümkün olarsa, Aydaxoda balaca bir yolüstü kafe açmaq istərdim".
-
Dəyişik dəyərlər:
Zaman-zaman dəbdə olan və intellektual hesab olunan bir əşyanın digər çox bahalı əşyaya dəyişdirilməsi. "Brayan, Kamyunun kitabını qardaşının BMW-sində unutmusan".
Əvvəli ötən
saylarımızda
- Endi, - Deq yağlı toyuq sümüyünü böyrümə dürtüb, məni xəyallardan məclisə qaytarır. - Nə susub-oturubsan. Sənin növbəndi, aşna, özü də, zəhmət çək, tutarlı bir şey danış, məşhurlardan olsun.
Əyləndir bizi, əzizim, - Kler - deyir. - Noolub, ovqatın təlx kimidi...
Ovulub-dağılıb da, sifilisli-qoturlu, bircə-dəfə-də-maşın-təkəri-dəyməmiş asfaltda, Pambıqlı və Sapfirli küçələrinin tinində fikrim başıma gəlmiş hekayətlərlə, əlim sürvənin ətirli budaqcıqlarını əzməyə məşğul ikən mənim ovqatımın bircə adı var - təlaş.
- Bir dəfə mənim qardaşım Tayler Devid Boui ilə bir liftdə gedibdilər.
- Neçə mərtəbə?
- Bilmirəm. Təkcə bu yadımdadı ki, Tayler danışmağa söz tapmamış, elə elə də heç nə deməmişdi.
- Mən özümçün yəqinləşdirmişəm ki, - Kler deyir, - məşhurlara deməyə bir sözün yoxsa da, həmişə bunu söyləmək olar ki: "Cənab məşhur adam! Mən Sizin bütün albomlarınızı yığıram, bircə-bircə" - qoy lap o, musiqiçi olmasın.
- Ora baxın, - başını yana çevirmiş Deq deyir, - adamlar gəlir, lap yəqin bura gəlirlər.
"Byüik" markalı, qara rəngli maşın dağın ətəyi ilə bizə tərəf şütüyür; içi də gənc yapon turistləriylə dom-dolu (əsasən kanadalı və Qərbi Almaniyalı turistlərin gəldiyi Vadi üçün nadir bir hal), - piknikdə olduğumuz vaxt ərzində ilk avtomobildi bu.
- Yə`qin ki, onlar Verbenovdan səhvən dönüblər. Mərc gələrəm, onlar "Kabazon" yük maşınları dayanacağının yanındakı sement dinozavrları axtarırlar, - Deq deyir.
- Endi, sən ki yapon dilini bilirsən, get gör nə istəyirlər, - Kler dillənir.
- Qabaqdangəlmişlik etməyək. Qoy bir maşını saxlayıb, yolu soruşsunlar, - yaponlar, təbii, elə belə də edirlər. Mən yerimnən qalxıb onlarla danışmağa gedirəm. Maşının elektronika ilə hərəkətə gətirilən şüşəsi aşağı enir. İçəridə təqribən mən yaşda iki cütlük; tərtəmiz (lap steril, sanki kimyəvi tullantılarla zəhərlənmiş zonaya girəcəksənmiş) yüngül yay paltarında və çöhrələrində də, yapon turistlərinin neçə ildi ki, Şimali Amerikada özlərinə qalxan etdikləri "sən-allah-məni-öldürməyin" təbəssümü. Bu təbəssüm bir anda məni müdafiəyə keçməyə vadar edir. Çünki onların zorakılığa hazır olduğuma əminliyi məni özümdən çıxarır. Bir Allah bilir, bizim bu müxtəlif tərkibli kvintetimiz və radiatorunun üstünə içi yemək artıxlı kələkötür nimçələr yığılmış köhnə maşınımız haqda nə düşünürlər. Kavboyların həyatından canlı reklam.
Mən ingiliscə danışıram (onların amerikan səhralığı haqda təsəvvürlərini dağıtmaq nə lazım) və həyəcanlı jestlərin hədərən-pədərənindən, "onlar-getmək-ora-ora"sından sonra aydın olur ki, yaponların niyyəti həqiqətən də dinozavrlara baş çəkməkmiş. Və tezliklə lazımi göstərişləri alıb, yol kənarı zibil və toz dumanının içində yoxa çıxırlar: maşının arxa şüşəsində fotoapparat görünür. Apparatı tərsinə tutmuş əl, barmağını uzadıb yuxarıdakı düyməni basır, şəklimizi çəkir. Bu yerdə Deq çığırır:
- Baxın! Fotoapparat! Cəld olun, yanaqlarınızı dartın. Almacıq, almacıq sümükləriniz çıxsın! - Maşın gözdən itir və Deq üstümə düşür. - Hə, indi icazə ver soruşum ki, özüvü cahil kimi aparmağın nəydi elə?
- Endryu, sən yaponca ə`la bilirsən, - Kler deyir. - Sən onları əməllicə təəcübləndirə bilərdin.
- Buna nə lüzum? - deyib, Yaponiyada adamlar mənimlə ingiliscə danışmağa başlayanda bunun mənimçün necə bir müsibət olduğunu yada gətirirəm. - Amma bütün buncığazlar mənim yadıma bir nağılı saldı; bəlkə bu gün elə onu danışım.
- Sən Allah, danış.
- Və beləliklə, dostlarım uzanıb günəş istisini kokos yağından parıldayan bədənlərində duyduqları dəm mən də öz hekayətimi söyləməyə başlayıram.
- Bir neçə il öncə mən Yaponiyada yeniyetmələr üçün bir jurnal redaksiyasında işləyirdim ki, - yarımillik tələbə mübadiləsi üzrə düşmüşdüm bura, - günlərin bir günü başıma qəribə iş gəldi.
- Dayan görüm, - Deq sözümü kəsir, - Əhvalat doğrudanmı olub?
- Hə.
- Aha.
- Əhvalat cümə günü səhər baş vermişdi. Mən xarici fotomateriallar üzrə mütəxəssis kimi Londona telefon açmışdım. "Depeş mod"un menecerindən tə`cili bir neçə şəkil qopartmalıydım, o isə həmin vaxt kiminsə evində qırğındaydı, xəttin o biri başında Avro-hayhəşirdi. Bir qulağımı dəstəyə sıxıb, o birisini əlimlə tutdum ki, ofisdəki səs-küyü - Ziqqi Stardast * işçilərinin dəlisov kazinosunu eşitməyim; burda durmadan hamı küçənin o tərəfindəki dükandan gətirilmə fincanı on dollar Tokio kofesi ilə özünü coşdurub-daşdırırdı.
Başımda nələr dolaşdığını yaxşı xatırlayıram. İş haqda düşünmürdüm, əsla. Hər bir şəhərin öz qoxusu olduğunu düşünürdüm. Məni belə düşünməyə vadar edən ət bulyonlu və əriştəli Tokio küçələriydi - az qala tamam yox olub getmiş natəmizlik; şokolad və işlənmiş qaz qoxusu. Və mən Milanın qoxusu - darçın ətri, dizel yanacağı və qızılgüllər barədə düşünürdüm; hə, bir də Vankuverin qoxusu: onun Çin qaydasıyla qızardılmış donuz əti, duzlu suyu və şam ağacları. Mən doğma Portlend üçün darıxmışdım. Və onun ağaclarının, pas və bataqlıqlarının qoxusunu xatırlamağa özənəndə birdən-birə ofisdəki hay-küy də səngimişdi.
Otağa əynində "Balmeyn" firmasının kostyumu olan balacaboy, yaşlı bir adam daxil oldu. Onun dərisi büzüşmüş alma təki qırış-qırış idi. Amma ki tünd torf rəngində; köhnə beysbol əlcəyi kimi parıldayırdı. Başında beysbol kepkası vardı və mənim rəislərimlə dost-tanışlar kimi danışırdı.
Qonşu masada oturan miss Ueno, moda şö`bəsinin koordinatoru (saçları a-lya Oliv Oul, ** köynəyi Venesiya qandoliyerininki sayağı, əynində "Hərəmxana arzusu" türk şalvarı və ayağında "Viva-Las-Veqas" çəkmələri) özünü itirdi. Eyzən qarlı qış gecəsində ölüncən içmiş ayıcüssəli dayısının qapını kəsdiyindən qorxan uşaq təki. Mən miss Uenodan bu kişinin kim olduğunu soruşdum. O cavab verdi ki, bu, mister Takamitidi, "katyö"dü, kompaniyanın böyük atasıdı, amerikanofildi və Paris bardellərində gözəl qolf oyunçusu kimi ad çıxarmasıyla, Los-Anceles sarışınlarını qoltuğuna vurub Tasmaniyanın qumar evlərini ağır-ağır gəzib dolaşması ilə lovğalanmağı çox sevir.
Miss Ueno əməlli-başlı həyəcanlanmışdı. Mən səbəbini soruşdum. O dedi ki, heç də həyəcanlı deyil, qəzəblidi. Qəzəblidi ona görə ki, lap on nəfərin yerinə işləsə də, bu masaya qulluq eləməkdən irəliyə gedə bilməyəcək (Yaponiyada bir neçə yan-yana masalar bizim cavanları kökəltmə ağılına bərabərdir). "Və ona görə yox ki mən qadınam, - o dedi, - həm də ona görə ki, mən yaponam. Başlıcası da elə yapon olduğum üçün. Mənim ambisiyalarım var. İstənilən ölkədə mən qabağa gedə bilərdim. Burda sadəcə oturmuşam. Mən öz ambisiyalarımı məhv edirəm". O dedi ki, mister Takamitinin gəlişi bəlkə vəziyyətini daha kəskin duymağa səbəb olmuş; tamam çıxılmaz vəziyyətdə olduğunu anlamışdır.
Elə bu dəm mister Takamiti mənim masama yaxınlaşdı. Elə belə də bilirdim. Tamam özümü itirdim. Yaponiyada, aman Allah, səni camaatdan ayırmayalar - deyə, qorxuya düşürsən. Adamın başına bundan da pis nə iş gələ bilər.
- Zənnimcə, siz Endryu olmalısınız, - dedi, əlimi sıxdı. Eyzən "ford" maşınları alverçisi təki. - Yuxarı qalxaq, biraz içək, söhbət edək. - Mən isə miss Uenonun hiddətdən necə alışdığını hiss etdim; işıqfor təki. Onu mister Takamitiyə təqdim etdim. O da öz növbəsində xalaxətrinqalmasın cavab verdi. Dodağının altında nəsə deyərək. Zavallı yaponlar. Zavallı miss Ueno. O haqlıymış. Onlar tələyə düşmüşlər. Hər biri öz mərtəbəsində, bu müdhiş, usandırıcı vəzifə pilləkəninə əbədən pərçim olub qalmışlar.
Liftə sarı getdiyimizdən, mən ofisdəkilərin bizi necə də paxıl nəzərlərlə izlədiyini hiss edirdim. Çox xoşagəlməz səhnəydi və mən onların nə düşündüklərini təsəvvür edirdim: "Qudurasan qurbağa". Mənə elə gəlirdi ki, vicdansız hərəkətə yol vermiş, əcnəbi olmağımdan sui-istifadə etmişəm. Elə bil məni sindzinruydan (yapon qəzetləri iyirmi yaşlı ofis işçilərini belə adlandırırlar - "yeni adamlar") ayırıb-aparırdılar. Bunun nəmənəliyini izah etmək çətindir. Amerikada da belə yeniyetmələr var. Və sayları heç də Yaponiyadakılardan az deyil. Lakin onların ümumi adı yoxdu - İks nəsli; onlar bilərəkdən özlərini gözə soxmurlar. Bizim gizlənəcək yerlərimiz çoxdu. Bu yerlərdən kamuflyaj kimi istifadə edib gizlənmək, qeyb olmaq mümkündü. Yaponiyada isə gözdən itməyə sadəcə icazə yoxdu.
Deyəsən, mətləbdən uzaq düşdüm.
Liftlə qalxdığımız mərtəbənin ayrıca açarı vardı və mister Takamiti yolboyu açıq-açığına amerikalıları təqlidlə baməzəlik edir, futboldan və sairədən danışırdı. Lakin yuxarı qalxan kimi o gözlənilmədən yapona çevrildi - lal-dinməz oldu. Elə bil düyməni basıb işığı söndürdüm. Mən hava haqqında üç saatlıq söhbətə dözməli olacağımdan yamanca qorxmuşdum.
- Biz qalın gəbəylə döşənmiş məzar sükutlu dəhlizlə kiçik ölçülü impressionist rəsmlər və viktorian üslublu gül buketlərinin yanından keçdik. Bu, mərtəbənin "Qərb" parçasıydı. Onu ötüb yapon qütbünə qədəm qoyduq. Sanki varıb hiperfəzaya çıxmışdıq. Bu an mister Takamiti işarə ilə tünd göy rəngli pambıq xalat geyməyimi təklif etdi. Elə də elədim.
İçərisində xrizantemli, lülə kağızlı və qızıl yelpikli toko-no-ma *** olan geniş bir yapon otağına varid olduq. Otağın ortasında terrakota rəngində döşəklərlə dövrələnmiş qara rəngli alçaq masa vardı. Masanın üzərində iki dənə damarlı əqiqdən karp və çay dəstgahı üçün gərəkli hər şey vardı. Bu otağa disharmoniya gətirən yeganə şey küncdəki balaca seyf idi; onu da deyim ki, heç də ə`la maldan deyildi; elə ucuz modellərdəndi ki, lap Nebraska ştatında, Linkolndakı ayaqqabı dükanının arxa otağını yada gətirirdi, "ikinci dünya savaşından heç bir ay da keçməyib" tipli; yoxsul görkəmli seyf otaqdakı digər əşyalarla heyrətamiz təzad yaradırdı.
- Mister Takamiti məni masaya də`vət etdi və biz oturub duzlu, yaşıl yapon çayı içməyə başladıq.
Şübhəsiz ki, mənim bura hansı sirli məqsədlə də`vət olunduğumu düşünürdüm. Mister Takamiti çox şirin müsahibiymiş... İşimdən razıyammı?.. Yaponiya xoşuma gəlirmi?.. Öz uşaqlarından danışdı... Ürəksıxıcı xoş söhbətlər. Əllinci illərdə Nyu-Yorkda yaşamağından, "Asaxi"nin ştatdankənar müxbiri olmasından, Diana Vrilend, Trumen Kapote və Cudi Holideylə görüşləri haqda neçə hekayət söylədi. Yarımca saat, ya da təqribən bu qədər keçmişdi ki, biz ilıq sake içməyə başladıq; sakeni mister Takamiti əlini əlinə vurduqdan sonra tutqun qəhvəyi rəngli - dükanda işlədilən kağız torbalar rəngində - kimonoda olan cırtdan-nökər gətirdi.
- Nökərin gedişindən sonra araya sükut çökdü. Elə onda da mister Takamiti öz əşyalarımdan hansını daha qiymətli bildiyimi soruşdu.
Hm. Əşyalarımın ən qiymətlisi. Səksən yaşında bir yapon maqnat-naşirə tələbə minimalizminin konsepsiyasını gəl başa sal görüm. Bu elə də asan iş deyil. Mənim qiymətli nəyim ola bilər ki? Böyük hesabla götürsək belə. İşlənmiş "böcək" - "folksvagen"? Stereo? Ən qiymətli əşyamın Oreqon ştatının Portlend şəhərindəki zirzəmi mənzilimdə köhnəlmiş yeni il oyuncaqları qutusunun altında, - bişmiş toyuğun da gülməyi gələr, - alman industrial musiqi vallarının olduğunu e`tiraf etməkdənsə, ölməyi üstün tütardım. Bir sözlə, tam səmimiyyətlə (və mənə elə gəlir ki, kifayət qədər də qeyri-standart) cavab verdim ki, heç bir qiymətli əşyam yoxdu.
Onda mister Takamiti var-dövlətin transportabel olmasının gərəkliyindən söz açdı. Yəni ki, pulu rəsm əsərlərinə, daş-qaşa, bahalı metala və sairəyə çevirmək lazımdır. (O, müharibələr və ekonomik dağıntılar görmüşdü. Nə danışdığını bilirdi). Lakin mən lazımi düyməni basmışdım, doğru cavab verib imtahandan çıxmışdım: onun səsində razılıq notları duyulurdu. Daha sonra, gərək ki, on dəqiqə keçmiş o yenidən əlini əlinə vurdu, bayaqkı dəbdəbəsiz qəhvəyi kimonolu cırtdan-nökər peyda oldu: nə edəcəyini əvvəlcədən bilirmiş kimi döşəməyə döşənmiş tataminin üzəriylə gedib küncdəki balaca ucuz seyfi döşəklərin üstündə bardaş qurub oturmuş mister Takamitiyə tərəf sürütlədi.
Mister Takamiti qətiyyətsiz, lakin sakit halda dairəvi dəstəkdə bir neçə rəqəm yığdı. Çıqqıltı səsi gəldi, o, dəstəyi fırladıb qapağı qaldırdı; orda nəsə vardı, amma nə olduğu mənə görünmürdü.
- Mister Takamiti əlini salıb, nəsə çıxartdı - hətta uzaqdan belə bunun fotoşəkil, əllinci illərin fotosu olduğunu anışdırdım. Məhkəmə tibb ekspertlərinin çəkdiyi ağ-qara şəkillərdəndi. Mübhəm fotoya baxıb köks ötürdü. Sonra şəkli çevirib yüngülcə nəfəsini dərdi: "Bax budur mənim ən qiymətli əşyam" demək idi bu. Şəkli mənə verdi. Düzünü deyim ki, gördüyümdən şaşırdım.
Bu, Merilin Monronun şəkliydi. O ətəyini qaldırıb taksiyə əyləşərkən (alt paltarsız olduğu görünür) fotoqrafa, yəqin ki, o zaman ştatdankənar müxbir işləyən mister Takamitiyə busə göndərirdi. Həyadan uzaq, seksual, sözü çəkinmədən gözünün içinə deyən (ki, şit-bayağı şeylər barədə düşünmək bəsdir; həm də qara, lap pik-tuz kimi), açıq-açığına provokasion bir şəkildi. Şəklə baxıb, zahiri bir laqeydliklə məndən reaksiya gözləyən mister Takamitiyə heyrət bildirən "Gör bir!", ya da buna bənzər hansısa mənasız sözlər dedim. İçimdə isə bu heç kimə gərək olmayan, daha betəri, nəşrə yaramayan paparatsi-şəklin mister Takamiti üçün ən qiymətli nəsnə olması məni əsl dəhşətə gətirmişdi.
Elə həmin andan reaksiyalarıma daha cavabdeh olmadım. Qulaqlarım qızardı, ürəyim yerindən qopdu: məni tər basdı. Başımda isə Rilkenin - şair Rilkenin sözləri eşidildi: - İçimizdəki yazı-məktubla doğuluruq biz və əgər özümüz-özümüzə sadiq qalarsaq, həmin yazını oxumaq rüsxətini alırıq ölməzdən öncə. Alışıb-yanan qanım qulaqlarımda nəbz tək vuraraq mənə deyirdi ki, mister Takamiti Merilinin seyfdə saxladığı şəklini içindəki məktubla dəyişik salıb. Və mən özüm də, bəli-bəli, belə bir səhv edə bilərəm.
Çox güman, iltifatla gülümsündüm, amma artıq şalvarımı götürüb liftə tərəf cummuş, ilk üzrxahlıq kəlmələrini söyləyərək köynəyimin düymələrini bağlayır və durmadan mister Takamitinin şəxsində məəttəl qalmış auditoriyaya baş əyirdim. Mister Takamiti ardımca yaşlı adam hıçqırtısıyla ayağını çəkə-çəkə gəlirdi. Bilmirəm, şəkli göstərərkən o məndən hansı reaksiyanı gözləyirmiş - heyranlıqmı, komplimentlər, ya bəlkə lap elə ağzımın ehtirasla sulanmasını. Amma hörmətsizliyi, zənnimcə, heç gözləmirdi. Zavallı.
Lakin artıq olanlar olmuşdu. Təbii duyğulardan utanmaq nəyə gərək. Ağır nəfəs ala-ala, elə bil bu dəqiqə kiminsə evini xaraba qoymuşdum, baş götürüb ofisdən qaçırdım, heç şeylərimi də götürmədən, lap sənin kimi, Deq, - elə həmin axşam da çemodanlarımı yığdım. Ertəsi gün təyyarədə yenidən Rilkenin sözlərini xatırlayırdım:
"Təkcə ayrıcalar, tənhalığa çəkilmişlər şeylər tək iç qanunlarına tabe; və onda ki sən yuxudan oyanmış səhərə varıb, ya kamillik timsalı axşamı seyrə dalıb, nə baş verdiyini duyursan, - bax onda, meyid tək, silkinib hər növ silkdən azadsan; hərçənd dövrəndə həyat qaynaşır".
- İki gün sonra Oreqondaydım, Yengi dünyada. Daha asudə nəfəs alırdım. Hərçənd, amma onu da anlayırdım ki, burdakı əhvalatlar da mənimçün çoxdu. Yaşamaqçün mənə daha az şey lazımdı. Daha az keçmiş.
Beləliklə də, tozla nəfəs almaq, itlərlə gəzmək, qayalara və kaktusa baxmaq və bu kaktusa, qayalara baxan ilk insan olduğumu bilib-anlamaqçün buraya gəldim. Və bir də içimdəki yazını oxumağa cəhd etmək üçün.
* - Devid Bouinin "Ziqqi Stardast və Mars hörümçəklərinin uçuşu və enişi" (1972) albomunun qəhrəmanı.
* * - Amerika çizgi filmində personaj.
* * * - Ən`ənəvi yapon mənzillərində gül dəstələri, lülə kağızlar və bə`zən Budda heykəlciyinin qoyulduğu dekorativ zəmin. Dərininə gözü aldatmaq üçündür.
Ardı var