Aləm

Ana səhifə
Xəbərlər
Ölkə
Firqələrdə
Pauza
Aləm
İş günü
Mədəniyyət
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#94(318)
Altı ayda bir qarış, bir ayda altı qarış...
Nüvəni oyuncağa çeviriblər
Putin Traykovski ilə görüşüb
Klintonu "yarıtdılar", keçdilər Buşa
"Apaçi"lər Sinqapur səmasında


Altı ayda bir qarış, bir ayda altı qarış...
  Buş 1972-ci il müqaviləsinin dəfnini sür’ətləndirir

ABŞ prezidenti Corc Buş 1972-ci il müqaviləsinin sonrakı taleyi, ona münasibətin təfərrüatları ilə bağlı bütün sövdələşmə və proqnozlara birdəfəlik xitam verdi - o dedi ki, Birləşmiş Ştatlar lazım olan kimi, həmin müqavilədən birtərəfli qaydada çıxacaq.
Ağ Evin rəhbəri bu sözləri elə əminliklə deyib ki, bundan sonra danışıqların əks-göstərişləri haqda danışmaq artıq kimi görünə bilər: "Biz imkan düşəndə 1972-ci il müqaviləsindən imtina edəcəyik. Cənab Putin köhnəlmiş müqavilədən imtina edəcəyimizdən xəbərdardır".
Xatırladaq ki, bircə gün bundan əvvəl ABŞ nümayəndəsi ölkəsinin 72-ci il müqaviləsindən çıxacağını təsdiqləmiş, bu tədbir üçün son müddəti dəqiqləşdirməyə çalışmışdı. Müqavilənin əsas müdafiəçilərindən olan Moskva sənədin taleyi ilə bağlı açıqlamaları bir qədər soyuqqanlıqla qarşıladı (ona görə ki, həmin bəyanatın statusu bəlli deyildi), amma Kreml bu demarşı öz divarları arasında belə həzm etməyə vaxt tapmadı - bircə gün sonra Buş Kremlin əsəblərini tarıma çəkəcək qədər ciddi bəyanat verdi. Müşahidəçilərin dəyərləndirmələrinə görə, ABŞ prezidenti müqavilənin ləğvi ilə əlaqədar olaraq aparılan kampaniya boyu bu qədər kəskin mövqeyini ortaya qoymayıb. Şəksiz demək olar ki, Buşun son bəyanatı məşhur sünbül effekti doğurub - "altı ayda bir qarış, bir ayda altı qarış". Doğrudur, yaxın aylarda Rusiya ən müxtəlif vasitələrlə ABŞ-ın bu qərarına qarşı çıxacaq, ola bilər ki, Vaşinqtonu qıcıqlandırmaq üçün yeni silah sövdələşmələri imzalanacaq, bununla belə bir şey dəqiqdir - Buş bircə çıxışı ilə müqavilənin ləğvi tədbirində bir ildən artıqdır davam edən sə’yləri yekun mərhələyə gətirmiş sayıla bilər. Srağagün Buş Klinton dövründən davam edən uzun mübahisələrin, diplomatik get-gəllərin və dilətutmaların ardına yağlı bir nöqtə qoydu.
Doğrudanmı, Buş bu məsələdə yalnız suyu bulandırıb? Bu suala cavab vermək üçün raket müqaviləsinin ləğvi məsələsi ilə bağlı olaraq son aylarda aparılan işi, ümumi vəziyyəti nəzərdən keçirmək kifayətdir. Artıq bir neçə aydır ki, tərəflər öz mövqelərindən geri çəkilmirlər. ABŞ əvvəlkitək hesab edir ki, bir sıra dövlətlərin əlində nüvə texnologiyası cəmləşib və yaxın illərdə onların real təhlükə mənbəyinə çevriləcəyi heç kimdə şübhə doğurmamalıdır. Rusiya məhz bu amili qəbul etmir.
Artıq bir neçə ay idi ki, danışıqlar tərəflərin mövqeyində daşlaşmanı göstərmək üçün bir şouya çevrilmişdi. Təbii ki, belə bir şəraitdə Buş "baltanı kökündən vurmaqla" həm vəziyyətə aydınlıq gətirmiş, həm də hadisələri sür’ətləndirmiş olub.
Amma hələ Vladimir Putinlə Corc Buşun noyabr danışıqları taleyüklü bir məqam kimi ortadan götürülməyib. Yə’ni, indinin özündə də bə’zi tədbirlər həmin tarixə görə müəyyənləşdirilir. ABŞ prezidenti kifayət qədər sərt danışsa da, Rusiya qarşısında müəyyən qapıları açıq saxladığını deyib. O əmin olduğunu bildirib ki, son nəticədə Rusiya yola gələcək və müqaviləni əlində əsas tutarqa kimi saxlamaq sevdasından vaz keçəcək. Demək, ABŞ hələ də danışmaq, müzakirə etmək niyyətindədir. Doğrudur, bu bəyanat Moskva üzərinə açıq demarş xarakterli cümlələrdən sonra sadəcə, təskinlik kimi səslənir. Bununla belə, Rusiyanı mövqeyini dəyişdirməyə də’vət etmək öz-özlüyündə kifayət qədər güclü jest sayıla bilər. Görünür, Buş Moskvaya ləyaqətli məğlubiyyət təklif edir. Bu o deməkdir ki, növbəti danışıqlarda Moskva 1972-ci il müqaviləsini təhvil vermiş, indi buna görə müəyyən haqlar istəyən tərəf qismində iştirak edəcək, halbuki, bir qədər əvvəl Kreml sənədi yerə qoymaq belə istəmirdi.
Əvəzində Moskva Ümumdünya Ticarət Təşkilatına (WTO) üzvlük məsələsində ABŞ-ın nüfuzlu lobbisinin dəstəyinə, yollarına "çeçen düyünü" tıxanmış maliyyə tranşlarının artmasına ümid edə bilər, hələ mən əvəzləmə kimi nəzərdə tutulan cığallıqlara yol veriləcəyini demirəm.
Əslində vəziyyətlə barışmaq üçün xüsusi ölçü-biçiyə ehtiyac da yoxdur - bu vaxtadək aparılan fikir mübadilələrində Kremli qane edəcək bircə məqam olubsa, o da Moskvanın danışıqlarda yer alması məsələsidir, vəssalam. Bir ara Milli Raketdən Müdafiə Sisteminin müəyyən fazalarında Rusiya istehsallı raketlərdən istifadə edilməsi məsələsi Moskvanın 72-ci il müqaviləsindən vaz keçməsinə şərt kimi qoyulurdu, sonradan bu məsələ də aradan götürüldü və danışıqların mövzusuna yaxın buraxılmadı.

Nüvəni oyuncağa çeviriblər
  Yaponlar nüvə reaktorlarını məişətə gətirmək istəyirlər

Yaponiyada bir qrup alim kvartal və evlərin ayrılıqda enerji ilə tə’min edilməsində istifadə edilə biləcək kiçik nüvə reaktorlarının hazırlanması ideyası üzərində işləyirlər.
Alimlər "Rarid-L" tipli mikroreaktoru məişətdə istifadəyə uyğunlaşdırmağa çalışırlar. Alimlər güman edirlər ki, hündürlüyü altı, eni iki metr olan 200 kilovatlıq reaktorlar yaşıyış binalarını və ofisləri elektrik enerjisi ilə tə’min edə bilər. Amma tədqiqatlara rəhbərlik edən Mitsuru Kambe hesab edir ki, ictimai rə’y belə reaktorların həyata vəsiqə qazanmasına mane ola bilər.

Putin Traykovski ilə görüşüb
  Makedoniya Rusiyanı yenidən bölgəyə gətirmək istəyir

Dünən Rusiya prezidenti Vladimir Putin və Makedoniyanın dövlət başçısı Boris Traykovski Ukraynanın paytaxtı Kiyevə gəliblər.
Respublikanın müstəqillik qazanmasının 10 illik yubileyi münasibətilə Kiyevdə keçirilən təntənəli mərasimlərdə iştirak edən prezidentlər həm də Balkanlarda və Makedoniyada etnik münaqişələrin tənzimlənməsində Rusiyanın rolunu müzakirə ediblər. Bu günlərdə isə Makedoniyada NATO-nun üç minlik sülhməramlı qüvvələrinin yerləşdirilməsi kampaniyası davam edir. Plana əsasən, NATO sülhməramlılarının bu ölkəyə gətirilməsi 10-12 günə başa çatmalıdır. Mavi dəbilqəlilərin əsas vəzifəsi silahların alban yaraqlılarından alınması və məhv edilməsidir. Onlar bu işin icrasına gələn həftədən başlamalıdırlar. Albanların silahı könüllü şəkildə təhvil verəcəyi nəzərdə tutulsa da, bu prosesin asanlıqla keçəcəyi inandırıcı görünmür.

Klintonu "yarıtdılar", keçdilər Buşa
  Monikanın rəfiqəsi Ağ Evə yol arayır

Monika Levinskinin rəfiqəsi Linda Tripp Corc Buş administrasiyasında işlə tə’min olunması üçün fəal işə başlayıb.
Xatırladaq ki, rəfiqəsi Monika Levinskinin ABŞ-ın keçmiş prezidenti Bill Klintonla yaxınlığı haqqında mə’lumatları bütün dünyaya məhz o yaymışdı.
"Linda Trippin müdafiəsi assosiasiyası" adlanan təşkilatın son bir ay ərzində Ağ Evə ünvanladığı məktubda deyilir ki, Linda əvvəlki prezidentin dövründə ona qarşı aparılan kampaniya nəticəsində ictimaiyyətin gözündən düşüb və hazırda işsizdir. Məktubda ABŞ prezidenti Corc Buşdan xahiş edilir ki, Linda Trippi öz administrasiyasında layiqli işlə tə’min etsin. Daha sonra xatırlanır ki, Linda dövlət idarələrində 20 il nöqsansız çalışıb və sonuncu dəfə çalışdığı Pentaqonda illik məvacibi 98 min ABŞ dolları həcmində olub.

"Apaçi"lər Sinqapur səmasında
  Ölkə hərbi qüdrətini artırır

Sinqapur Müdafiə Nazirliyinin ABŞ hökuməti ilə imzaladığı razılaşmaya əsasən, bu ölkə 2005-ci ildən başlayaraq "Apache AN-64D" tipli 12 vertolyot alacaq.
Beləliklə, Sinqapur hava donanmasında bu növdən olan vertolyotların sayı 20-yə çatacaq. "Apache" vertolyotları ABŞ-ın "Boeing" şirkətinin istehsalı olub, onlardan əsasən İran körfəzində və 1999-cu ildə Albaniyadakı hərbi əməliyyatlar zamanı istifadə edilib. Bu hava maşınları "Longbow" tipli radar sistemi və lazer nişangahlı raket qurğusu və 30 millimetrlik topla təchiz edilib.

 Ana səhifə | Xəbərlər | Ölkə | Firqələrdə | Pauza | Aləm | İş günü | Mədəniyyət | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə

Copyright©by Media LTD,2011 E-mail

©WEB Design Group Media Ltd