|
|
|
|
#94(318)
|
 |
Ölkə kubokuna yiyələnməklə Avropa miqyaslı futbol turnirində iştirak hüququ qazanmış "Şəfa" komandası Sloveniya "Olimpiya"sı ilə qarşılaşmalarda yaxşı heç nəylə fərqlənə bilmədi. "Şəfa" stadionunun açılış gününə təsadüf edilən cavab görüşündəki 0:3 hesablı məğlubiyyət isə tarixilik baxımından daha çox təəssüf doğurur.
Amma digər klub komandalarımızın debüt matçlarında büdrəməsini nəzərə alsaq, əsasını gənclərin təşkil etdiyi "Şəfa"nın uğursuzluğunu təbii qarşılamaq məcburiyyətindəyik. Faktlara diqqət yetirək: "Turan" - 0:7; "Kəpəz" - 1:9; "Neftçi" - 0:3; "Xəzri" - 2:11; "Dinamo" - 1:7; "Şəmkir" - 0:5.
Matçdan öncə "Şəfa" stadionunun açılış mərasimi oldu. Azərbaycanın dövlət himninin sədaları altında üçrəngli bayrağımız yeni arenada dalğalanmağa başladı. Təntənəli mərasimdə UEFA-nın yardım və inkişaf komitəsinin sədri Henri Royemer xanımı ilə, həmin komitənin baş meneceri Erix Epple, Avropa futbol təşkilatının komitə üzvləri Bents, Volfizberq, Türkiyə Futbol Federasiyasının vitse-prezidenti Ata Aksun, komitə üzvü Şekib Məstəpoğlu, Bolqarıstan Futbol Federasiyasının nümayəndəsi və başqa rəsmi şəxslər iştirak edirdilər. "Şəfa" - "Olimpiya" görüşünün komissarı Aleksey Spirin həm də Rusiya futbol təşkilatının tədbirdəki nümayəndəsi idi. UEFA prezidenti Lennart Yohansson isə əlamətdar hadisəyə münasibətini təbrik teleqramı göndərməklə bildirmişdi.
İki həftə əvvəl olduğu kimi (onda həmyerlilərimiz 0:4 hesabıyla uduzmuşdu), üstünlük yenə sloveniyalıların tərəfində idi və onlar layiqli qələbə qazandılar - 3:0. "Şəfa" stadionunda ilk qolun müəllifi isə Duşan Kosiç oldu: o, matçın 29-cu dəqiqəsində fərqləndi.
Səfərdə "Hit Qoritsa"ya 0:1 hesabı ilə uduzan "Neftçi" də (ilk oyun 0:0) mübarizəni dayandırdı: Azərbaycan klubları üçün daha bir mövsüm ilk addımdaca başa çatdı. Yekun son dərəcə təəssüfləndiricidir: 8 oyunda 7 məğlubiyyət və cəmi 1 heç-heçə, topların nisbəti 1:14.
AFFA-dan verilən mə`lumata görə, çempionatın təqvim-cədvəlini yenidən tərtib etməyə, yaxud təzədən puşkatma keçirməyə lüzum yoxdur. Sadəcə, mətbuatda dərc olunmuş (bax: "Bizim ƏSR", 18 avqust 2001-ci il) təqvim-cədvəldə harada "Viləş" yazılıbsa, həmin yerdə "Araz" qeyd olunmalıdı.
Beləliklə, futbol üzrə XI milli çempionatın güclülər dəstəsində ikinci turun afişasını təqdim edirik:
-
25 avqust
"Dinamo" - "Araz". Bakı, Tofiq Bəhramov adına respublika stadionu. Hakim: Minus Abdullayev.
MOİK - "Şahdağ". Bakı, Mərkəzi Ordu İdman Klubunun stadionu. Hakim: Xaqani Məmmədov.
- 26 avqust
"Kəpəz" - "Şəmkir". Gəncə şəhər stadionu. Hakim: İmanxan Sultani.
"Qarabağ/Azərsun" - "Ümid". Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Hakim: Zöhrab Qədiyev.
- 27 avqust
"Turan" - "Şəfa". Tovuz şəhər stadionu. Hakim: Eldar Kərimov.
"Neftçi" - "Xəzər Universiteti". Bakı, Tofiq Bəhramov adına respublika stadionu. Hakim: Eldar Nacıbəyov.
Oyunlar saat 18.00-da başlanır.
İntertoto turnirində cari mövsüm iki fransız və bir ingilis klubunun qələbəsiylə sonuclandı.
İki oyundan ibarət final qarşılaşmalarında "Pari Sen-Jermen" (Fransa) öz meydanında İtaliyanın "Breşiya" komandasına qalib gəldikdən sonra (1:0), səfərdə heç-heçə oynayıb - 1:1.
Fransanın digər təmsilçisi "Trua" isə İngiltərənin "Nyukasl" kollektivini mübarizədən kənarlaşdırıb: "ev"də 0:0, səfərdə 4:4.
"Aston Villa" (İngiltərə) futbolçularısa İsveçrə "Bazel"inin yolunu bağlayıblar: səfərdə 1:1, "ev"də 4:1.
İntertoto qaliblərinin hər üçü UEFA kuboku turnirində mübarizəyə qoşulacaqlar.ÿ
|