|
|
|
|
#94(318)
|
 |
"Bu, başlanğıcdır"
Azərbaycan Professional Rejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyevin fikrincə,
piratçılığa qarşı mübarizə birgə aparılmalıdır
|
"Müəllif hüququ toxunulmazdır". Dünyanın bir sıra ölkələrində bu aksiom kimi səslənsə də, azərbaycanlı müəlliflər bunu teorem kimi isbat eləməyə çalışırlar. Çünki piratçılıqla mübarizə dünyanın ən inkişaf etmiş ölkələrində öz aktuallığını saxlasa da, Azərbaycan bu sahədə çox geridədir. Birbaşa mətləb üstünə gəlib onu deyək ki, Azərbaycan Professional Rejissorlar Gildiyasının təşəbbüsü ilə piratçılıqla mübarizəyə start verildi. Bu haqda Azərbaycan Professional Rejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyevin özünü dinləyək.
- Bu günlərdə bizim qurum, yə`ni Azərbaycan Professional Rejissorlar Gildiyası, Müəllif Hüquqları Agentliyi DİN ilə birgə reydlər keçirdi. Əvvəla onu deyim ki, bu tədbirin keçirilməsinə zərurət çoxdan yaranmışdı. Uzun illərdir qurumumuza çox sayda müraciətlər olub. Təbii ki, indiyə qədər müəllif hüquqlarını qorumaq nəticəsiz qalsa da, cəhdlər edilib. Sonda qərara gəldik ki, piratçılığa qarşı mübarizəni daha mütəşəkkil aparmalıyıq. Və bunun nəticəsidir ki, üç qurum birgə reydlər keçirdi. Reyd zamanı çoxlu faktlar aşkarlanıb, artıq bu işlə kimlərin məşğul olduğunu bilirik. Piratçılıqla "Sabuhi rekords" və "Şahin" səsyazma studiyaları məşğul olur. Reydlər sona yetsə də, DİN öz səlahiyyətləri çərçivəsində onlarla mübarizəni davam etdirəcək. Güman ki, müəlliflərə dəyən maddi və mə`nəvi ziyana görə qarşı tərəf məhkəmənin qərarı ilə cərimələnəcək.
- Deyəsən, bu piratçılığa qarşı görülən ilk tədbirdir.
- Elədir. Açığını deyim ki, bu işlə kimlər məşğul olduğunu, qeyri-qanuni kasetlərin harada satıldığını çoxdan bilirdik. Dönə-dönə onlarla danışıqlar da aparmışdıq. Təbii ki, bütün bunlar gözümüzün qarşısında olsa da, sözügedən faktlar aktlaşmadığından, yeri gələndə heç kimə bunu sübut eləmək mümkün deyildi. Studiyaları qanuni yolla fəaliyyətə sövq etməyə çalışsaq da, müqavimətlə rastlaşmadıqlarından, yenə deyirəm, məqsədimizə nail ola bilmirdik.
Kasetlərin səviyyəsindən isə söhbət gedə bilməz - çox aşağı səviyyədə buraxılır. Təsəvvür edin ki, "Bəxt üzüyü" filminin kasetində nə rejissorun adı qeyd olunub, nə ssenari müəllifinin. Yeganə filmin bəstəkarının adı yazılıb, o da dirijor təqdimatı ilə.
-Sizcə, görülən bu tədbirin nəticəsi olacaq? Yoxsa vəziyyət yenə dəyişməyəcək?
- Müəyyən tə`siri olsa da, vəziyyətin tam dəyişəcəyinə inanmaq məncə, absurddur. Tərəddüdsüz deyək ki, Amerika Rejissorlar Gildiyası ən nüfuzlu, mö`təbər qurumlardan biridir. Özü də onun yaranma tarixi 5-10 illə hesablanmır, 30-cu illərdən e`tibarən fəaliyyət göstərir. Gəlin, Amerikadakı vəziyyətə baxaq. Təsəvvür edin, ötən illər ərzində hər il, ən azı üç-dörd məhkəmə prosesi olub. Bütün bu məhkəmələrin son qərarı ilə qeyri-qanuni kaset çıxaranlar külli miqdarda cərimələnib. Ciddi nəticədən danışmaq mümkün olmasa da, hər halda bu işlə məşğul olanlar başa düşürlər ki, qanuni yolla kaset yayımlamaq onlara daha ucuz başa gələr. Yoxsa əks təqdirdə, nə qədər məhkəmə orqanlarından yayınmaq istəsələr də, sonda külli miqdarda cərimə ödəməli olurlar. Apardığımız reyd başlanğıcdır. Və mübarizəmizi davam etdirəcəyik. Hamı bilməlidir ki, müəllif hüquqları toxunulmazdır.
- Hüseyn müəllim, mübahisə doğuran bir məqam var. Bilirik ki, qanuni yolla Azərbaycanda kaset çıxarılmır. İstər-istəməz bu tələbat qeyri-qanuni yolla ödənilir.
- İlk baxışda belə görünür. Əslində isə, bu yanlış təsəvvürdür. Reydlər keçirərkən satıcılar özlərini müdafiə eləmək üçün adətən belə deyirdilər, "Qanuni yolla çıxarılan kasetləri verin, sataq". Azərbaycanda qanuni yolla kaset çıxarmaq yönümündə bir neçə studiya fəaliyyət göstərib. Ancaq piratçılar onların fəaliyyətinə maneçilik törədib, son nəticədə isə dayanmağa məcbur olublar. Qanuni yolla fəaliyyət göstərən studiya müəllif haqqını ödəyir, mülkiyyətçi ilə müqavilə bağlayır, üstəlik vergi, bir sözlə, kasetin maya dəyəri yüksək olur. Bütün bunlardan yayınanlar kasetləri qat-qat ucuz qiymətə satır. Alıcı isə keyfiyyətin fərqinə varmayaraq, ikinciyə üstünlük verir. Ona görə də bu gün qanuni yolla kaset çıxarılmır.
- Hər halda piratçılıqla mübarizə qanuni yolla buraxılan kasetlərsiz effekt verməyəcək.
- Elədir. APRG nəzdində "Film prodüsser" mərkəzi var. Güman ki, yaxın günlərdən e`tibarən onlar kaset yayımına başlayacaq. Onu da deyim ki, bu reydlər zamanı biz tamaşaçının hansı filmlərlə daha çox maraqlandığını müəyyənləşdirdik, birinci o filmlərin istehsalına başlayacağıq.
Yavər Rzayevin ekranlaşdırdığı "Sarı gəlin" bədii filminin daha bir kinofestivala qatılmaq şansı yaranıb. Belə ki, Yavər Rzayev noyabr ayı Çexiyada keçiriləcək beynəlxalq kino festivalına də`vət alıb.
Bu haqda mə`lumat verən rejissor bildirdi ki, şərait imkan verərsə, sözügedən kinofestival iştirakçıları "Sarı gəlin"i seyr edəcəklər. Söhbət əsnasında mə`lum oldu ki, uzun illər ərzində ərsəyə gələn "Sarı gəlin" bədii filmindən sonra rejissorun qələmə aldığı digər ssenarilər kağız üzərində qalıb. Xatırladaq ki, Yavər Rzayev "Həcc" və "Əlvida, Rusiya" adlı film çəkmək istəyir. Sonuncu film süqut etmiş sovet imperiyasının son dövründən bəhs edəcək. Hadisələr Azərbaycanda cərəyan eləsə də, problemlər ümumdövlət səciyyəsi daşıyır. Sözügedən filmlərin nə zaman çəkilişinə başlayacağına gəlincə, Yavər Rzayev bildirdi ki, bir-neçə yerdən ona söz versələr də, hələ ki, bir nəticə yoxdur. Digər tərəfdən isə, kino strukturunda aparılan dəyişikliklərlə əlaqədar olaraq, ümumiyyətlə bütün çəkilişlər dayandırılıb. Hal-hazırda Yavər Rzayev kino strukturunun tam formalaşmasını, eyni zamanda sponsorlardan soraq çıxacağını gözləyir.
|