|
|
|
|
#94(318)
|
 |
Qarabağ danışıqları bərpa olunur
Yay istirahətindən sonra həmsədrlərin tənzimləməyə hansı təkliflər hazırladığı və tərəflərin dialoqa nə qədər hazır olduğu bəlli olacaq
|
Başa çatan yay sülh prosesi üçün ən sakit və darıxdırıcı mövsüm oldu. Hələ bir neçə ay öncə böyük ümidlər bəslənən və tənzimləmədə ciddi dönüş mərhələsi kimi dəyərləndirilən cari yay faktiki hərəkətsiz keçdi. İyunun ortasında regiona növbəti nəticəsiz səfər edən vasitəçilər mövsümün qalan hissəsini istirahət ediblər. Avqustun əvvəlində (1-3) Soçidə keçirilən Heydər Əliyev-Robert Köçəryan görüşü də vəziyyətə aydınlıq gətirmədi. Bununla belə, mövsümün tamamilə uğursuz keçdiyini vurğulamaq hələ tezdir. Əvvəla, bu yay bilavasitə danışıqlar prosesi getməsə də, tərəflər qiyabi siyasi mükaliməni (o cümlədən beynəlxalq müstəvidə) davam etdirmiş, istər özlərinin, istərsə də bir-birinin imkanlarını (siyasi, diplomatik, təbliğati, hərbi) nəzərdən keçirmişlər.
Bu, bir növ gələcək sərt dialoq üçün "palazaltı" hazırlıq mərhələsi olub. Digər tərəfdən, sülh prosesinin əhəmiyyəti cari deyil, məhz yekun nəticə ilə hesablanır. 1999-cu ilin yayı danışıqlar prosesində nə qədər əlamətdar olsa da (tərəflər faktiki sülh sazişinin əsas prinsiplərini razılaşdırmışdılar), nəticə gözlənildiyinin tam əksi oldu.
Maraqlıdır ki, beynəlxalq vasitəçilər də cari yayın hərəkətsiz keçməsinə rəğmən tənzimlənmənin perspektivi barədə nikbin tonda danışırlar. Gələn həftə (27-28 avqust) Bakıda olacaq ABŞ dövlət katibinin Avropa məsələləri üzrə müavini Elizabet Cons Cənubi Qafqaza səfər turundan sonra Vyanada ATƏT Minsk Qrupu həmsədrləri ilə görüşəcək. Xanım Cons indiyədək Dağlıq Qarabağ tənzimlənməsində iştirak etməsə də, bu regionun problemlərinə yaxşı bələddir (uzun müddət ABŞ-ın Qazaxıstanda, sonra Xəzər hövzəsi üzrə böyükelçisi olub) və həmsədrlərlə prosesi dalandan çıxarmaq yollarını müzakirə edəcəyini bildirib. E.Consun cari statusu da diqqət çəkir. ABŞ dövlət katibinin Avropa məsələləri üzrə müavininin Qarabağ tənzimləməsi ilə məşğul olması Vaşinqtonun xarici siyasət prizmasında bu münaqişənin bilavasitə Avropadakı konfliktlər cərgəsində dəyərləndirildiyinə sübutdur. Halbuki son vaxtlaradək Dağlıq Qarabağ problemi Ağ Evin sülh vasitəçiliyi üçün ikinci planda dayanırdı və məhz Avropanın içində olan problem kimi qəbul olunmurdu.
Birləşmiş Ştatlar hazırda sülh prosesinin hansı əngəllərə dirəndiyini bilir və onun önünü açmaq üçün təkcə xarici siyasət idarəsi xətti ilə iş görmür. Ermənistanda səfərdə olan ABŞ Konqresi hey`əti "Daşnaksütyun" partiyası və tənzimləmə prosesində xüsusilə sərt mövqe tutan digər qüvvələrlə məsləhətləşmələrə böyük yer ayırıblar. Konqresdəki erməni lobbisinin liderlərindən olan Adam Şiff Ermənistanın siyasi dairələrində Türkiyə ilə yumşaq münasibətlərin yaradılmasına doğru atmosferi zəruri addım sayır. Onun qənaətinə görə, bu istiqamətdə yaradılan "Barışıq komissiyası" (Dövlət Departamentinin təşəbbüsüdür) istər Ermənistan-Türkiyə, istərsə də Ermənistan-Azərbaycan münasibətlərinə müsbət elementlər gətirə bilər. Konqresmenin sözlərinə əsasən, "barışıq komissiyası"nın sə`yləri ilə ABŞ-ın qanunverici məclisində "erməni soyqırımı" iddialarının təzədən gündəmə gəlməsini önləmək mümkündür. Hərçənd amerikalıların Cənubi Qafqazda sülhə məhz bu cür dolanbacla (əvvəlcə Ermənistan-Türkiyə münasibətlərinin sahmanlanması, onun tə`siri ilə Yerevan-Bakı xəttində qarşılıqlı e`timadın formalaşdırılması və yalnız bundan sonra Dağlıq Qarabağ münaqişəsinin həlli) nail olmaq niyyətinin perspektivi şübhə doğurur. Çünki bu, rəsmi Bakının dəfələrlə qeyd etdiyi kim konfliktə qeyri-real baxışın və vasitəçilik aksentlərinin tamamilə ayaq-baş vurulmasının göstəricisidir və qəbul edilə bilməz. Bakı əvvəlkitək bildirir ki, öncə münaqişənin nəticələri (işğal, məcburi köçkünlər) aradan qaldırılmalı, yalnız bundan sonra Ermənistanla sülhə yol açılmalıdır. Prezident Aparatı xarici əlaqələr şö`bəsinin müdiri Novruz Məmmədovun sözlərinə əsasən, Azərbaycan bu prinsipi dəyişmək niyyətində deyil. Eyni zamanda PA rəsmisi də sentyabrdan e`tibarən tənzimləmə prosesinin canlanacağı fikri ilə şərikdir.
Sözsüz ki, tənzimləmənin inkişaf istiqaməti və səmərəliliyi sentyabrın 14-16-da Rusiya prezidentinin Yerevana səfərindən sonra daha aktuallaşacaq. Çünki prosesin istər dalandan çıxması, istərsə də Ermənistanın zəruri konstruktivliyə məcbur edilməsi Moskvanın yeridəcəyi siyasətdən çox asılıdır və bunu digər həmsədrlər, o cümlədən regionu təkbaşına nəzarətə götürə bilməyəcəyini anlayan Birləşmiş Ştatlar e`tiraf edir. Rusiya prezidentinin Yerevandan mühüm sazişlər paketi ilə dönəcəyi bəllidir. Ermənistan rəhbərliyi Vladimir Putinin prezident qismində ilk rəsmi səfərinə Rusiyanın iqtisadi ambisiyalarını da tə`min edəcək (Moskvanın Ermənistandakı hərbi-siyasi iddiaları çoxdan və artıqlaması ilə ödənilib) layihələr hazırlanıb və ölkənin bir neçə strateji sənaye müəssisəsinin də dövlət borcunu Rusiya verəcək. Xatırladaq ki, Ermənistanı kreditləşdirən Qərbin maliyyə təşkilatları sonuncu məsələdə Yerevanı sərt qınayır. Amma Ermənistan həlledici seçimi məhz Rusiyanın xeyrinə etdiyini bir daha təsdiqləyir. Belə bir halda prezident Putinin Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsinə dair konkret mülahizə söyləyəcəyi şübhə doğurur. Xatırladaq ki, Rusiya rəhbəri ilin əvvəlində Bakıda Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etsə də, bu məqama aydınlıq gətirməmiş, sadəcə, "Ermənistanla Azərbaycan hansı razılığa gəlsə, onu dəstəkləyəcəyik" deməklə kifayətlənmişdi. Bütün hallarda Qarabağda sülh axtarışının tədricən bərpa olunduğu faktdır və uzağagedən nəticə çıxarmaq üçün hələlik onun gedişini diqqətlə izləmək zorundayıq.
|