İş günü

Ana səhifə
Xəbərlər
Ölkə
Firqələrdə
Pauza
Aləm
İş günü
Mədəniyyət
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#94(318)
"Türk ulduzları"na heyran qaldıq
  Bu gün isə onlar Ali Hərbi Məktəbin ilk buraxılışında iştirak edəcəklər

Ötən gün Türkiyə Hərbi Hava qüvvələrinə məxsus qırıcı təyyarələr Bakı səmasında nümunəvi uçuşlar keçirdilər. Paytaxt sakinləri 10 ədəd F-5 tipli təyyarədən ibarət "Türk ulduzları" eskadrilyasının ilk uçuşlarını hələ üç gün əvvəl seyr etmişdilər. Ağ-qırımızı rəngli "ulduzlar" sadəcə, məşqə çıxmışdılar.Dünən isə türkiyəli "şahinlər"in nümayiş etdirdikləri akrobatik uçuşları izləmək üçün bütün Bakı əhli - uşaqlı-böyüklü Azadlıq meydanına toplaşmışdı...
Saat 17.52 dəqiqədə meydana yayılan Türkiyə dövlət himninin sədaları altında ilk qırıcı təyyarə havada göründü. Ardınca isə daha iki təyyarə bakılıları salamladı. Nəhayət, eskadrilyanın əsas uçuşlarını həyata keçirən yeddi təyyarə Xəzər dənizi tərəfdən uçaraq bir göz qırpımında Azadlıq meydanı üzərində "pərvazlandı". Əllərində Türkiyə və Azərbaycanın dövlət bayraqlarını dalğalandıran seyrçilər "Türk ulduzları"nı hərarətlə qarşıladılar. Yarım saat müddətində səmada yüksək pilotaj, müxtəlif akrobatik hərəkətlər nümayiş etdirən təyyarələrin manevrləri bir-birini əvəz etdikcə tamaşaçıların əhval-ruhiyyəsi yüksəlirdi.
"Türk ulduzları"nın nümunəvi uçuşlarını seyr etmək üçün daxili işlər naziri Ramil Usubov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, ictimai-siyasi şö`bəsinin müdiri Əli Həsənov, Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev, Bakı şəhər meri Hacıbala Abutalıbov və digər rəsmi şəxslər də Azadlıq meydanına gəlmişdilər.
Yeri gəlmişkən, tədbirdə iştirakından istifadə edib milli siyasət məsələləri üzrə dövlət müşaviri Hidayət Orucovun "Türk ulduzları"nın nümunəvi uçuşlarıyla bağlı fikirlərini öyrəndik. Hidayət müəllim uçuşların onda qürur hissi doğurduğunu bildirdi.
"Türk ulduzları"nın qeyri-adi məharəti Bakı şəhər icra hakimiyyətinin başçısı H.Abutalıbovda da eyni hisslər oyadıb. O, ürək sözlərini belə ifadə etdi: "Həmişə belə tədbirlər keçiriləcək. Gələcəkdə isə öz ulduzlarımızın göstərəcəyi gözəl çıxışları seyr edəcəyimizə əmin ola bilərsiniz."
Şəhər sakinləri də türkiyəli təyyarəçilərin Bakı səmasında nümayiş etdirdikləri ustalıqdan iftixar duyduqlarını söylədilər. Evdar qadın Təranə Nəsibova həyatında ilk dəfədir belə bir uçuşu izlədiyini bildirdi: "O təyyarələri idarə edənləri mən əsl igid sayıram. Çox istərdim ki, bizim övladlarımız da onlar kimi həmin qırıcıları idarə edə bilsinlər. Biz türk qardaşlarımızın bu qəhrəmanlığı ilə fəxr edirik."
Bizim Türkiyə ilə qaynayıb-qarışmağımızın, yaxınlaşmağımızın tarixi ideya olduğunu qeyd edən Bakı Məişət Kondisionerləri zavodunun mühəndisi Məhyəddin Xıdırovun qənaətinə görə, bu əlaqələr Azərbaycana da dost ölkə kimi qüdrətli dövlətə çevrilmək imkanı qazandıracaq. "Türk ulduzları"nın Bakı səmasındakı uçuşlarından qürur duyan hərbçi gənclər də özlərini onlarla bir sırada görmək istədiklərini gizlətmirdilər. Onlar hesab edirlər ki, yaxın gələcəkdə Azərbaycan dövləti bu cür hərbi gücə malik olacaq. Şəhər sakinləri müstəqil Azərbaycana qardaş Türkiyə Respublikasının həmişə diqqət və qayğı göstərməsindən məmnunluqlarını bildirdilər.

 Ana səhifə | Xəbərlər | Ölkə | Firqələrdə | Pauza | Aləm | İş günü | Mədəniyyət | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd