Aləm

Ana səhifə
Xəbərlər
Ölkə
Firqələrdə
Pauza
Aləm
İş günü
Sağlamlığ
Mədəniyyət
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#95(319)
Hədəf liderlərdir
"Toshiba" ixtisar edir
"Qızıl üçbucaq" narkotiklərə qarşı
"Gəl, məni gör" kampaniyası
"Zəruri biçin"in ilk fəsadları


Hədəf liderlərdir
  İsrail FAT-ın radikal qanadını qırmağa çalışır

Dünən səhər İsrail qoşunları İordan çayının qərb sahilində yerləşən Ramallahda Fələstin Xalq Azadlıq Cəbhəsinin (FXAC) qərargahını bombalayarkən həmin təşkilatın rəhbəri Əbu Əli Mustafanı qətlə yetiriblər. Mustafa münaqişənin canlandığı son 11 ayda öldürülmüş liderlər arasında ən yüksək mənsəbli Fələstin nümayəndəsidir.
Əsas dayaqları Suriyada yerləşən FXAC FAT-ın tərkibində fəaliyyət götərən üç qrup arasında ən radikal qurum sayılır. Adı çəkilən təşkilat Fələstin muxtariyyəti haqqında 1993-cü ildə qəbul edilmiş mə’lum razılaşmanın müddəalarına qəbul etmir. Əbu Əli Mustafa FXAC-ın yaradıcılarından biri sayılır. 1967-ci ildə ən yaxın silahdaşlarını yeni qurumda birləşdirmiş bu adam son iki ildə təşkilatın baş katibi vəzifəsini icra edirdi.
Fələstin informasiya mənbələrinin verdiyi mə’lumatlara görə, FXAC qərargahının baş ofisinə ən azı iki İsrail raketi düşüb. Bu onu göstərir ki, əməliyyatı səpmə bombalaması adlandırmaq düzgün deyil və İsrail hərbiyyəsi FXAC rəhbərini hədəfə götürübmüş. Bombalama əməliyyatının həyata keçirilməsində əsas məqsədin radikal liderlərin öldürülməsi olduğunu İsrail hökumətinin yüksək vəzifəli nümayəndələri də təkzib etmir.
Müşahidəçilər Mustafanın öldürülməsini iyulun son günü Nablusda "Həmas" liderlərinə qarşı həyata keçirilən əməliyyatla müqayisə edirlər. Xatırladaq ki, o zaman İsrail hərbi vertolyotları raketləri bu təşkilatın liderlərindən olan Camal Mənsurun otağının açıq pəncərəsindən birbaşa içəri atmış və onu qətlə yetirmişdilər. Baş verənlər bir daha göstərir ki, İsrail onunla danışıqlara hazır olan yeganə siyasi qüvvədə - FAT-da belə, "ekstremist" hesab etdiyi liderləri aradan götürməkdə israrlıdır. Güman etmək olar ki, Təl-Əviv BMT-nin regiondakı hadisələrə hələlik ən azı müşahidəçilər səviyyəsində müdaxilə edə biləcəyindən xəbərdar olduğuna görə, ekspertlərin gəlişinə uyğun zəmin hazırlamaq, qarşı tərəfdə özünə sərf edən "mülayim" əhval-ruhiyyə yaratmaq istəyir. Ümumiyyətlə, liderlərə qarşı həyata keçirilən terror hərəkatı, "gücə qarşı güc, terrora qarşı terror" siyasəti zaman keçdikcə İsrail rəhbərliyinin dəst-xəttinə daha çox yaxınlaşmağa başlayır. Son zamanlar İsrail hərbiyyəsi təkcə müxtəlif islamçı təşkilatların deyil, həm də muxtariyyətin obyektlərinə hücumları müntəzəm əməliyyatlara çevirib. Bu hücumlar arasında həmin qurumlarda yer alan yüksək mənsəbli şəxslərin fiziki məhvi xüsusi yer alır. Bəs nə üçün İsrail daha çox liderləri hədəf götürür? İsrail hesab edir ki, oxşar qurumların idarə edilməsində liderlərin rolu əvəzsizdir, təşkilatın bütün işləri vahid əldən idarə edilir. Buna görə də rəhbərlərin fiziki məhvi sədarətin ruhca yeniləşməsinə səbəb ola bilər. Əslində bu siyasətdə müəyyən məntiq var, bununla belə, münaqişədə ərəb-müsəlman müqavimətinin artıq yenidən kamil bir hərəkata çevrildiyi indiki məqamda oxşar reseptlər özünün doğrultmaya da bilər.
Bu məntiq belə düşünməyə əsas verir ki, oxşar tədbirlər haçansa Ərəfata qarşı da həyata keçirilə bilər. Barak hökumətindən fərqli olaraq Şaron komandasında Ərəfatın adının ekstremistlər arasında hallanması daha çox müşahidə edilir. Artıq bir neçə dəfə İsrailin təhlükəsizlik xidmətləri Ərəfatın fiziki məhvini nəzərdə tutan planlarını ortaya qoyublar. Hələlik beynəlxalq aləmdə hökmran olan ümumi əhval-ruhiyyə Fələstin liderinin məhv edilməsinə imkan verməsə də, ən azı "ekstremist ovu" dəst-xəttinə qarşı e’tirazın olmaması sonda daha ciddi siyasi fiqurların aradan götürülməsi üçün psixoloji zəmin hazırlaya bilər.
Bir sıra dəyərləndirmələrə görə, FXAC liderinin öldürülməsi Ərəfatın FAT-dakı mövqelərini bir qədər də möhkəmləndirəcək. Guya, Ərəfat komandası ümumi baxışlarla müqayisədə barışdırıcı görünən planlarını FAT sədarətində daha asan qəbul etdirəcək. Əslində isə radikal həmsədrin öldürülməsi Ərəfatın işini xeyli çətinləşdirib. Əvvəla, Mustafa kimi liderlərin, hətta "Həmas" və "Hizbullah"ın mövcudluğunun özü Ərəfata sərfəlidir, ən azı ona görə ki, məhz qalan qüvvələrin daha radikal olması amili muxtariyyət liderini danışıqların ən ümidverici namizədi səviyyəsinə qaldırır. Bundan başqa, Mustafanın öldürülməsi Ərəfat komandasını açıq duelə çağırmaq qədər sərt addımdır və şəksiz, Ərəfat bu qalmaqaldan nüfuzunu itirmədən çıxmaq üçün çox iş görməli olacaq. Görünür, elə buna görədir ki, Ərəfat administrasiyası Mustafanın öldürülməsini sakit qarşılamayıb. Yasir Ərəfatın nümayəndəsi bildirib ki, İsrail Mustafanı qətlə yetirməklə sonuncu həddi də aşıb. Amma son hədd hələlik bəlli deyil, ən azı ona görə ki, İsraildəki hakimiyyətin təbiəti haçansa Ərəfatı da qanına boyaya bilər.

"Toshiba" ixtisar edir
  Məşhur şirkət 21 müəssisəsinin fəaliyyətinə xitam verir

Elektrotexnika sahəsində ixtisaslaşmış məşhur "Toshiba" şirkəti 2004-cü ilə kimi işçilərinin 10 faizini ixtisara salacağını bəyan edib.
Şirkətdən verilən mə’lumatda deyilir ki, Yaponiyanın özündə hazırda 17 min fəhlənin çalışdığı "Toshiba"ya məxsus 21 müəssisə bağlanacaq. Bu ixtisarların korporasiyanın Yaponiya hüdudlarından kənardakı müəssisələrinin taleyinə necə tə’sir göstərəcəyi bilinmir. Xatırladaq ki, Yaponiyanın aparıcı kompüter şirkəti olan "Fuyitsu" ötən həftə ABŞ, Tailand və Filippində 16 min işçisini ixtisar edəcəyini xəbər vermişdi.

"Qızıl üçbucaq" narkotiklərə qarşı
  Bölgə dövlətləri "ağ ölüm"ün pəncəsindən qurtulmağa çalışırlar

Çin, Birma, Laos və Tailand nümayəndələri narkotik maddələr qaçaqmalçılığına qarşı mübarizə yollarını müzakirə etmək məqsədilə dünən Pekində toplantı keçiriblər.
Tailand nümayəndəsi deyib ki, hazırda ən vacib məsələ Çində e’mal edilən kimyəvi maddələrin "Qızıl üçbucaq" ölkələri - Tailand, Birma və Laosa axınının qarşısını almaqdır. Çünki, sonradan həmin kimyəvi məhsullardan narkotik maddələr hazırlanır. Çin nümayəndəsinin verdiyi hesabatda deyilir ki, son yarım il ərzində 30 min nəfər narkotik maddə alverçisi həbs edilib və onlardan 6 ton heroin müsadirə edilib. Son illər Çində narkotik maddələrlə bağlı olaraq cinayətlərin sayı xeyli artıb.

"Gəl, məni gör" kampaniyası
  İslam ölkələri turizmin inkişafına təkan vermək istəyir

Dünən Tehranda İslam Konfransı təşkilatına daxil olan ölkələrdə turizm gəlirlərinin artırılması problemlərinə həsr edilən iki günlük konfrans öz işinə başlayıb.
Toplantıda 20 müsəlman ölkəsindən gəlmiş turizm nazirləri ilə yanaşı, bank sistemində çalışan mütəxəssislər və sosioloqlar da iştirak edir. Verilən mə’lumatlara görə, tarixi abidələrin və istirahət zonalarının zənginliyinə baxmayaraq, qlobal turist industriyasından əldə edilən ümumi gəlirin cəmi 7 faizi islam ölkələrinin payına düşür. İslam ölkələri içərisində turizm yalnız Türkiyədə və İndoneziyada güclü inkişaf edir. Həmin ölkələrin büdcəsinə yalnız turizmdən 4-5 milyard ABŞ dolları daxil olur.

"Zəruri biçin"in ilk fəsadları
  Makedoniyalılar Britaniya hərbçisini daşqalaq etdilər

Makedoniyada yerləşdirilən NATO əsgərləri alban yaraqlılarından silahları təhvil almağa başlayıblar.
Alban nümayəndələrindən biri 3.300 ədəd silahın NATO-ya təhvil veriləcəyini və’d edib. Makedoniyanın baş naziri Lyubço Georgiyeviç bu rəqəmi gülünc adlandırıb.
Ancaq NATO qüvvələrinin Makedoniyaya gəlişi qurbansız ötüşməyib. Xəbər verilir ki, dünən bir britaniyalı əsgər avtomobil qəzası nəticəsində həlak olub. Məsələ bundadır ki, yerli yeniyetmələr onu daşa basıblar. Əsgər xəstəxanaya çatdırılsa da, aldığı yaralardan dünyasını dəyişib. Makedoniyalıların bir hissəsi NATO-ya qarşı düşmən münasibət bəsləyirlər. Onlar hesab edirlər ki, Şimal Alyansı qüvvələri alban yaraqlılarının tərəfini saxlayacaqlar.

 Ana səhifə | Xəbərlər | Ölkə | Firqələrdə | Pauza | Aləm | İş günü | Sağlamlığ | Mədəniyyət | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd