|
|
|
|
#95(319)
|
 |
ABŞ səfirliyi isə bu günlərdə yaydığı bəyanatda Azərbaycan hökuməti və Bakı şəhər rəhbərliyi ilə aparılan müzakirələrdən sonra S.Rüstəm küçəsinin müvəqqəti olaraq bağlandığını bildirib. Səfirlik öz ərazisinin hazırkı sərhədlərini genişləndirməyəcəyini bildirib. Bununla belə, səfirliyin barəsində danışdığı müvəqqətiliyin nə qədər davam edəcəyi bildirilmir. Bizi maraqlandıran bu və digər suallara cavab olaraq səfirliyin mətbuat xidmətindən Sevinc Mirzəyeva bəyanatdan əlavə mə`lumat verməyəcəklərini qeyd etdi: "Burada bizim mövqeyimiz açıqlanır, bundan əlavə mə`lumat vermirik. Bu bəyanatda hər şey deyilib".
Səfirliyin ətrafında yerləşən binaların sakinləri ilə danışmaq və tikintinin şəklini çəkmək üçün Süleyman Rüstəm küçəsinə yollandıq. Şəkli xeyli kənardan götürməyimizə baxmayaraq binanı qoruyan polislər foto-müxbiri xeyli çək-çevirə saldı, hətta polislərdən biri fotoaparatdakı şəkli də götürməyə çalışdı, rəis isə jurnalist vəsiqəsinin nömrəsini götürərək, binanı öndən çəkməməyi tapşıraraq foto-müxbiri "azad etdi".
Təhlükədən sovuşduğumuza sevinərək bu dəfə üz tutduq sakinlərin yaşadığı binaya. İlk rastlaşdığımız sakin (adının çəkilməsini istəmədi) yolu kəsdiklərinə görə gedib-gələ bilmədiklərini söylədi. "Deyirlər müvəqqətidir. Müvəqqəti olsa, orada şlaqbaum qoyarlar? O başdan da, bu başdan da bağlayıblar. Gediş-gəliş çox çətindir. Bir var "Azadlıq" prospektindən fırlanıb gələm, bir də var burdan çıxıb gedəm. Qonşular çox şikayət ediblər (bu sakinin maşını var-A.). Hələ əvvəl həyətə gələn yolu kəsmək istəyirdilər. Camaat e`tiraz edəndən sonra bir müddət icazə verdilər. İndi maşını saxlayan kimi, gözətçilər tökülür ki, burada maşın saxlamaq, bura baxmaq olmaz".
37-ci binanın digər sakini Gülnisə Qasımova isə əksinə, yolun kəsilməsinə sevinir, çünki maşınların gediş-gəlişinin olmaması həyətdə oynayan uşaqlar üçün təhlükəsizlik yaradır. "Bir dəfə o əraziyə (səfirliyin binası ətrafı - A.) partladıcı maddə atmışdılar, ona görə yazıqlar oranı genişləndirdilər".
Digər sakin Təhminə Şükürova gediş-gəlişin çətinləşdiyini deyir: "Maşınla getməyə yolumuz çox uzaqlaşıb, dükana getmək üçün gərək nə qədər yol fırlanasan. Oradan keçəndə qışqırırlar ki, niyə baxdın və ya niyə buradan keçdin. Elə bil öz yerləridir, gəlib ağalıq edirlər".
n Vaxtilə səfirliyin ərazisində olmuş, indi tamamilə sökülmüş 48 saylı binanın sakinlərindən biri - Maya Həsənova isə həm səfirliyin rəhbərliyindən, həm də Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş rəhbərliyindən "yanıqlıdır": "Bizi keçən il iyulun 18-dən bayıra atıb, evlərimizi də sökdülər. Bizə demişdilər ki, evinizin hər kvadratmetrinə 2000 dollar verəcəyik. Sonradan Baksovetin işçiləri F.Mehdiyev, A.Mehrəliyev və D.Nəzərov pulun az qismini bizə təklif etdiklərinə görə, binadakı 11 ailədən 8-i razılaşmadı. Xəbərimiz olmadan Nəsimi Rayon Məhkəməsi bizim evdən çıxarılmağımız haqda qərar çıxardı və bizi qəddarcasına küçəyə atdılar, indi də onun-bunun evində yaşayırıq".
Maya Həsənova şikayət ərizələri ilə indiki merə müraciət etdiklərini, işin gedişindən razı qaldıqlarını dedi: "Bu günlərdə səfirliyin qarşısında piket edərək, səfirin məsələyə münasibətini öyrənmək istədik, müavini dedi ki, gedin öz hökumətinizin yanına. 16 otağım, 260 kvadratmetr evim vardı, 12 baş ailəyik. Bizim pulumuzu R.Allahverdiyev yeyib. Yaxşı ki, indiki mer məsələyə diqqət yetirir, hazırda iş gedir".
Bütün gün ərzində Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlərimiz cavabsız qaldı. Paytaxt merliyinin, demək olar ki, bütün telefonlarına zəng etsək də, konkret cavab ala bilmədik. Merliyin ictimai-siyasi şö`bəsinin əməkdaşı Səyyaf Musayev sözügedən məsələnin Hacıbala Abutalıbovun səlahiyyətində olduğunu dedi: "Bu işi o bilir".
Bakı şəhər meri ilə əlaqə yaratmaq isə mümkün olmadı. Amerika səfirliyi ilə sakinlər arasında insidentin nə cür həll ediləcəyini deyə bilmərik, hər halda səfirliyin öz ərazisində apardığı tikinti və ya hansısa digər məsələ əhalinin gediş-gəlişinə mane olmamalı, onların hüququnu pozmamalıdır.
Azərbaycan Sosial-Demokrat Partiyası oktyabr ayında növbədənkənar qurultay keçirə bilər. Partiya həmin vaxta qədər təşkilatlanma işini başa çatdıracaq.
ASDP həmsədri Araz Əlizadənin "Bizim ƏSR"ə verdiyi mə`lumata görə, partiyanın MNK üzvlərinin mətbuatda yaydığı mə`lumatlara baxmayaraq ASDP-də vəziyyət normaldır: "Hələlik onlar haqda heç bir tədbir görülməyəcək. Çünki qurultaya qədər bu şəxslər toxunulmazdır". Hazırda ASDP-nin yalnız təşkilatlanma ilə məşğul olduğunu söyləyən Əlizadə onu da bildirdi ki, partiyada bu canlanma Milli Məclisin siyasi partiyalar haqqında qəbul edəcəyi güman olunan qanunla bağlıdır: "Milli Məclis siyasi partiya üzvlərinin ümumi sayının artırılması ilə bağlı qərar verə bilər. Ona görə də biz bu say həddinə hazır olmalıyıq. Bununçün partiya üzvlərimizin sayının 7 minə çatdırılmasına çalışırıq. Güman edirəm ki, oktyabra qədər bu məsələni həll edə biləcəyik. Ondan sonra isə qurultay keçirmək olar".
Müsavat başqanının öz aralarında ayrıseçkiliklə bağlı müavinlərinə tutduğu iradlar nəticəsiz qalmaqdadır. Əsas "mübarizə" isə yenə də R.Arifoğlu ilə Arif Hacıyev arasında davam etməkdədir.
Bildirilir ki, partiya başqanı İsa Qəmbər yenidən R.Arifoğluna irad tutub. İradın məğzində isə R.Arifoğlunun "Yeni Müsavat" qəzetində özünü daha çox reklam etməsi, qəzetdə A.Hacıyevə və divan üzvü İ.İsmayıla "embarqo" qoyması durur. Əldə etdiyimiz mə`lumatlara görə, başqan öz müavinlərinə daha ciddi xəbərdarlıqlar etmək niyyətindədir: lakin hələlik ipə-sapa yatmayanları yerində oturtmaq uğurlu nəticələr verməyib. Bildirilir ki, İsa Qəmbər sözügedən müavinlər barəsində ciddi ölçü götürməyə hələ də ehtiyatlanır.
Ədalət Partiyasında müavin postları artmaqdadır. ƏP-nın mətbuat xidmətinin rəhbəri E.Şükürlünün "Bizim ƏSR"ə verdiyi mə`lumata görə, MTN-nin sabiq zabiti Elçin Vəliyev avqustun 27-də partiyaya qəbul edilmiş və İ.İsmayılov elə həmin gün onu sədrin təhlükəsizlik məsələləri üzrə müşaviri və partiyanın təhlükəsizlik xidmətinin rəhbəri tə`yin etmişdir. Həmin gün şair D.Gədəbəyli da partiyaya qəbul edilib.
Eks-spiker Yaqub Məmmədovun, eks-baş nazir Rəhim Hüseynov və DİN-in sabiq naziri Abdulla Allahverdiyevin də yaxın günlərdə Ədalət Partiyasına gələcəkləri ilə bağlı aldığımız mə`lumatı E.Şükürlü ilə dəqiqləşdirmək istədik. Konkret proqnoz vermək istəmədiyini söyləyən E.Şükürlü yalnız onu bildirdi ki, adıçəkilən şəxslərin, xüsusilə Y.Məmmədovun dövlət təcrübəsi var və əksəriyyətini gənclər təşkil edən Ədalət Partiyasında belə şəxslərin olmasına ehtiyac duyulur.
Rəhbəri qadınlar olan qeyri-hökumət təşkilatları bu günlərdə birgə tədbir keçirmək niyyətindədir. Tədbirin keçirilməsində məqsəd son zamanlar çoxalan əsgər ölümünün artmasından yaranan narahatlıqdır.
Siyasi Plüralizm İnstitutunun rəhbəri, AMİP Mərkəzi Şurasının üzvü S.Həmidova "Bizim ƏSR"ə bildirib ki, tədbir sentyabr ayının ilk günlərində keçiriləcək. "Tədbirdə müdafiə nazirliyi əməkdaşının da iştirakı nəzərdə tutulub. Müdafiə Nazirliyindən məsələyə aydınlıq gətirilməsi xahiş ediləcək, tədbirin sonunda ölkə rəhbərliyinə müraciət qəbul ediləcək".
Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə bu tədbirdən xəbəri olmadığını bildirdi. "Bizə deyilməyib, təklif olunsa iştirak edəcəyik".
Qadın təşkilatlarının birgə qurum yaratmaq məsələsinə də toxunan T.Rüstəmxanlı bundan sonra heç bir birliyə qoşulmayacaqlarını dedi. (Xatırladaq ki, Azəri Türk Qadınlar Birliyi əvvəl mövcud olmuş Qadınlar Konqresinin üzvü idi): "Hansısa quruma qoşulanda iş alınmır. Bloklara qoşulmaq iş görməyə mane olur. Artıq söz-söhbətlər ortaya çıxır, görəcəyimiz iş də kənarda qalır".
|