|
|
|
|
#95(319)
|
 |
Qələbəli debütlər
XI milli çempionatın yeniləri -
"Ümid" və "Şahdağ" səfərdə qalib gəldilər
|
Ötən həftə UEFA kuboku uğrunda turnirin cavab qarşılaşmalarında "Neftçi" və "Şəfa"nın uğursuz çıxışları ilə klublarımızın bu mövsümdə Avropa miqyaslı yarışlardakı iştirakı başa çatmış oldu. Odur ki, futbol ictimaiyyətinin bütün nəzər-diqqəti yenicə start götürmüş daxili çempionata yönəldi.
XI milli çempionatın 25-27 avqust aralığında keçirilən ikinci turu bu yarışda iştirakı son günlərə kimi qaranlıq qalan "Araz"ın (Naxçıvan) güclülər dəstəsinə buraxılması ilə əlamətdar oldu. Ancaq təəssüf ki, Naxçıvan klubunun bu istəyi futbolumuzda tez-tez rast gəldiyimiz mənfi hallardan birinin gerçəkləşməsi - başqa bir komandanın ("Viləş"-in.red.) dağılması hesabına baş tutdu.
Ancaq ikinci turda baş vermiş gözlənilməz hadisələr bununla bitmir. Güclülər dəstəsində yeni olan komandaların - "Araz" və "Şahdağ"ın çempionata qələbə ilə başlaması xüsusilə qeyd edilməlidir. MOİK öz stadionunda "Şahdağ"ı qəbul etdi. Hərbçi-futbolçular oyunun ilk dəqiqələrindən təşəbbüsü ələ almağa çalışsalar da, sonda 2:1 hesabı ilə məğlub oldular. Maraqlıdır ki, ordu klubunun "Şəfa"dan gətirdiyi Avtandil Hacıyev, Ayxan Abbasov və Emin İmamaliyev həmin oyunu tribunadan izləyirdilər.
"Araz" da çempionata qələbə ilə başladı. Özü də bu qələbə yad meydanda - "Dinamo-Bakılı"ya qarşı oyunda əldə edildi. Naxçıvan futbolçuları bütün oyun ərzində üstünlüyü əldə saxlayaraq, məntiqi qələbə qazandılar - 2:4. Bu, "Araz"ın mövsümdə ən böyük qələbəsi idi.
Gəncədə yerli "Kəpəz" çempion "Şəmkir"i qəbul etdi. Özünəməxsus dramatik şəkildə keçən görüş 3:2 hesabı ilə qonaqların qələbəsilə başa çatdı. "Qarabağ-Azərsun"la "Ümid" arasında Sumqayıtda keçirilən görüş maraqla qarşılanıb. Maraqladır ki, bu görüşdə də qonaqlar qalib gəliblər. Oyunun başa çatmasına beş dəqiqə qalmış meydan sahibləri hesabı bərabərləşdirmək imkanı qazansalar da, "Ümid"in qapıçısı Vitali Uzlovatı 11 metrlik cərimə zərbəsini dəf etməklə komandasının qələbəsini tə’min edib.
Turun son görüşləri dünən keçirilib. Onların nəticələri
belədir:
"Neftçi" - "Xəzər Universiteti"- 0:0
"Turan" - "Şəfa" - 0:2
Növbəti - III tur sentyabrın 8-də keçiriləcək. Ancaq o vaxtadək ölkənin futbol həyatı davam edəcək. Belə ki, Azərbaycan milli seçmə komandası Dünya çempionatının seçmə mərhələsinin çərçivəsində sonuncu matçlarına hazırlıq məqsədilə bu gündən e’tibarən tə’lim məşqlərinə başlayıb. Xatırladaq ki, milli komandamız sentyabrın 1-də Kişinyovda Moldova komandasına qarşı, sentyabrın 5-də isə Bakıda Makedoniya futbolçularına qarşı oynayacaq.
Dünən Azərbaycanın basketbolçu kişilərdən ibarət seçmə komandası Bolqarıstana yola düşüb. Basketbol üzrə Avropa Çempionatının seçmə qrup mərhələsində iştirak edən komandamız sabah, avqustun 29-da Sofiyada yerli komanda ilə qarşılaşacaq.
Qeyd edək ki, 33-cü Avropa çempionatının seçmə qrup turnirində komandamız Bolqarıstan, Belorus və Gürcüstan seçmələri ilə mübarizə aparır. Bu mərhələnin birinci dövrəsində Azərbaycan basketbolçuları keçirdiyi üç görüşün hamısında məğlub olub. Bundan sonra bir müddət istirahət edən və sonradan məşqlərə başlayan basketbolçularımızın ikinci dövrədə nisbətən uğurla çıxış edəcəyinə inam var idi.
Ancaq Bakıda avqustun 25-də Belorus komandasına qarşı keçirdiyi qarşılaşma ilə ikinci dövrəyə uğursuz başlayan komandamız ona bəslənən bütün ümidləri puça çıxardı.
Oyuna fəal başlasa da, Teymur Hüseynovun komandası az sonra təşəbbüsü əldən verdi və son nəticədə 106-59 hesabı ilə ağır məğlubiyyətə uğradı. Qeyd edək ki, Azərbaycan seçmə komandasının seçmə qrup turniri çərçivəsində cəmi iki oyunu qalıb. Komandamız son görüşünü sentyabrın 1-də Tbilisidə Gürcüstan komandasına qarşı keçirəcək.
2002-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində İngiltərə komandasına qarşı oynayacaq Almaniya seçmə komandası aparıcı futbolçularından birini - Münhenin "Bavariya" komandasının yarımmüdafiəçisi Mehmet Şolu "itirib".
Dizindən aldığı zədəsinə görə, futbolçu superkubok uğrunda "Liverpul"la keçirilən matçı buraxmalı olmuşdu. Almaniya komandasının baş məşqçisi Rudi Feller deyib ki, Şollun olmaması, almanların oyununa tə’sir edəcək.
|