Tarixçə

Ana səhifə
Xəbərlər
Ölkə
Firqələrdə
Pauza
Aləm
İş günü
Sağlamlığ
Mədəniyyət
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#95(319)

"Bakıda fitçalan bəstəkarlar peyda olub"
  Bundan gileylənən Faiq Sücəddinov onlara oxumağı məsləhət bildi

Bakıya qədəm qoyan kimi, birinci şəhəri gəzir, dost-tanışdan əhval tutur. Sonra isə ölkənin bir illik həyatına dair uzaqdan-uzağa eşitdiyi yenilikləri çözüb, bütün diqqətini yönəldir musiqi aləminə. Bakını tərk edincə isə mütləq yeni bəstələrini eşidirik. Söhbət 1997-ci ildə Kipr Doğu Ağdəniz Universitetinə də`vət alan Faiq Sücəddinovun dördillik yay tə`tilindən, yə`ni Bakıda keçən günlərindən gedir. Bakıya bu dəfəki gəlişində fürsəti əldən qaçırmadıq, Faiq Sücəddinov müsahibimizdir.
- 1997-ci ildə siz Azərbaycan Dövlət Estrada Simfonik Orkestrinin bədii rəhbəri idiniz. Bu məs`uliyyəti üzərinizdən atıb birdən-birə Azərbaycanı tərk etməyiniz təəccüb doğurdu.
- Bunu çoxları deyir. Adətən də soruşurlar, "Axı nə olmuşdu?" Əvvəla deyim ki, Kiprdən də`vəti ilk dəfə 1996-cı ildə almışdım, getmədim. 1997-ci ildə isə vəziyyət elə gətirdi ki, onların də`vətini qəbul etdim. Nə üçün getməyimin üzərində dayanmaq istəmirəm. Necə deyərlər, keçmiş olsun. Ancaq həmin ərəfədə sənət aləmində vəziyyət mürəkkəb idi. Hər ay Azərbaycanı 10-15 sənətkar tərk edirdi. Hamısı da yaxşı sənətçilər. Baxmayaraq ki, özüm də getmişəm, ancaq adama doğrudan da ağır gəlir. Professional bir musiqiçinin yetişməsi üçün düz 30 il vaxt gərəkdir, sonda isə, o kadrı itirirsən.
- Bakıdan uzaqda necə yaşayırsınız? Faiq Sücəddinovun son dörd illik həyatından demək olar ki, xəbərsizik.
- Vətəndən uzaqda yaşamaq mənim üçün çox çətindir. Darıxıram. Hər gün Bakını xatırlayıram. Baxmayaraq ki, Kipr çox gözəl bir yerdir, insanları xeyirxahdır. Çoxlu dostlarım var. Və təvazökarlıqdan uzaq çıxmasın, hörmətimi saxlayırlar. Hər sənətçiyə qürbət eldə hörmət qazanmaq nəsib olmur. Çünki orada kənardan gələn sənətçiyə yad kimi baxırlar. Belə ögey münasibəti dəyişmək elə də asan məsələ deyil, çox şeydən asılılığı var. Gərək sənətinin necə deyərlər, xiridarı olasan, eyni zamanda öz qiymətini biləsən.
Son zamanlar nə müşahidə edirəm, dünyanın istənilən yerində ilk təqdimatın mənsub olduğun ölkə ilə bağlıdır. Qüdrətli dövlətin vətəndaşlarına necəliyindən asılı olmayaraq, ehtiramla yanaşırlar.
- Həyatınızın Kipr dövrü yaradıcılığınızda yeni səhifə açıbmı?
- Kiprdə yaşadığım illər yaradıcılıq baxımından məhsuldar keçib. Skripka, violonçel və simfonik orkestr üçün çoxlu sayda əsərlər yazmışam. Və bu 4 il ərzində 240-a yaxın mahnı bəstələmişəm. Əksəriyyəti səslənməyib, inşallah, Azərbaycana qayıdanda, eşidərsiniz.
Kıprıs türklərinin folklor yaradıcılığını öyrənib, onların şe`r mətni əsasında 30 kıprıs mahnısı bəstələmişəm. Kitab şəklində də çapa hazırlanır. Noyabrın sonunda Kiprin böyük konsert zalında onların təqdimat mərasimini keçirəcəyik. Bayraq radio televizorla sıx əlaqələrim var, çoxlu sayda konsertlər vermişəm, bax belə çalışıram. Onu da deyim ki, günüm-güzəranım da yaxşıdır.
- Xaricə üz tutan sənətçilərimiz e`tiraf edirlər ki, sənət aləminə daxil olmaq müşkül məsələdir. Belə deyək də, Bakı məşhurunu getdiyi ölkədə çoxları tanımır. Üstəlik hər bir ölkənin tamaşaçı auditoriyasının zövqü, sənətə münasibəti fərqlidir.
- Kiprdə azərbaycanlılar çox azdır. Sənətçilərdənsə, yeganə mənəm. Açığını deyim ki, bə`zi ölkələrlə müqayisədə siz dediyiniz cəhətlər burada daha qabarıq duyulur. Çünki bu ölkə keçmiş ingilis koloniyası olub. Qərb mədəniyyətinin tə`siri açıq-aşkar duyulur. Təsəvvür edin ki, Kipr ingilisdilli şəhərdir. Bakıda hər kəs rus dilini bildiyi kimi, onlarda da ən sıravi şəxs belə ingilis dilində mükəmməl danışır. Bunu özü artıq çox mətləblərdən xəbər verir. Həqiqətən də, sənət mühitlərinə də daxil olmaq çox müşkül məsələdir. Hərgah bu mənə nəsib olub.
- Musiqi duyumları qərb, yoxsa şərq ruhunda köklənib?
- Bu suala cavab vermək çətindir. Çünki qovuşuqdular, üstünlüyün hansında olduğu sezilmir. Dünyanın ən məşhur sənətçilərini orada tez-tez görərsən. Xüsusən də, Türkiyədən, Livandan, Amerikadan çox gəlirlər. Mən gələndə Tom Consu yola salıb, Ajda Pekanı gözləyirdilər.
Zövq və dünyagörüşləri çox yüksəkdir. Kipr Avropanın düz tən ortasındadır. Adanın qurtaracağı çox maraqlı bir yerdir, burada qədim monastr var. Yanından isə suyu şirin olan bir bulaq axır. Bu yer Müqəddəs Pavelin adı ilə bağlıdır.
Rəvayət edirlər ki, monastra gələn Müqəddəs Pavel içməyə su tapmır. Əlindəki əsanı vurur yerə, oradan bulaq qaynayır. Nə isə, çox maraqlıdır, ab-havasından duyulur ki, müqəddəs yerdir. Dünyanın hər yerindən bu monastrı ziyarət eləməyə gəlirlər.
- Bir aydı Bakıdasınız. Hansı təəssüratınızı oxucularımızla bölüşmək istərdiniz?
- Çoxlu oxuyanlar peyda olub. "Bəstəkarların", daha dəqiq desək, mahnı yazanların sayı-hesabı yoxdur. Azərbaycan musiqisinə dəxli olmayan bəstələr səslənir. Tez-tez belə bir fikir söylənir ki, gəlin dilimizi qoruyaq. Məncə, Azərbaycan musiqisinin də eyni münasibətə ehtiyacı var. Müasir Azərbaycan musiqisində hansı xalqın ladın desən, tutmaq olar. Türk, fars, ərəb, rus. "Bəstəkarlar" ayrı xalqlardan bəhrələnincə, musiqimizin keçmişi ilə maraqlansınlar. O gün Vasif Adıgözəlovun "Köndələn Bakı" mahnısını dinlədim, heyran oldum. Gözəl bəstələnib. Başa düşə bilmirəm, bu cür mahnıları onlar dinləmir? Təbii ki, burada əsas günah Dövlət Televiziyasının musiqi redaksiyasındadır. Nə üçün belə musiqiləri efirə buraxırlar? Şəxsi maraqları var? Həmişə bunu deyirəm, Türkiyənin Dövlət Televiziyalarında İbrahim Tatlısəs bir dəfə də çıxış etməyib. Çünki hesab edirlər ki, o bir az ərəb musiqisinə meyllənən sənətçidir. O cümlədən onun kimi bir çox tanınmış başqa sənətçilər də. Dövlət Televiziyası onlar üçün məmləkətin, vətənin güzgüsüdür, çox ciddi yanaşırlar. Ancaq gəlin Azərbaycan Dövlət Televiziyasına baxaq. Efirə kimlər çıxmır, nə cür musiqilər səslənir? Bakıda olduğum bu bir ay ərzində hələ professional bəstəkarların əsərlərini eşitməmişəm. Professional və qeyri-professional bölgüsü sadəcə itib.
- Son zamanlar professional və qeyri-professional bölgüsü tez-tez mübahisə mövzusuna çevrilir. Bu dəyərləndirmədə fərqli me`yarlar əsas tutulur. Siz necə yanaşırsınız?
- Türkiyədə yetərincə məşhur, sevilən, qüdrətli sənətkarlar təhsil almayıbsa, buna doğru can atırlar. Baxın, Kamal Sunal 49 yaşında ali təhsil aldı, 3-4 ildən sonra isə dünyasını dəyişdi. İbrahim Tatlısəs deyir, "Mən bədbəxt adamam. Niyə vaxtında oxumamışam". Həmişə bunu e`tiraf edir və az qala özünün bədbəxtçiliyi kimi qiymətləndirir. Bizdə necədir? Heç fərqinə varmırlar. Və qürur hissi ilə özlərini təqdim edirlər ki, bəstəkaram. Yaxşı, bəs onda biz kimik? Onların yazdığını heç cızma-qara kimi üzə çıxarmağa özümüzə rəva bilmirik. Qoy gedib, oxusunlar. Heç olmasa, bir az bu sənətdən baş çıxarsınlar. Məs`uliyyəti başa düşsünlər. Axı bu sənətdə Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Cahangir Cahangirovun neçə-neçə başqalarının adı var.
- Faiq müəllim, sizcə, niyə belə vəziyyət yaranıb?
- O zaman bədii şura var idi, istənilən əsəri saf-çürük edib efirə buraxırdılar. İndi bədii şuralar yoxdur.
- Deyəsən, axı var.
- Varsa, hardadır? Fəaliyyəti nəzərə çarpmır. O zaman hər bir qurumun öz bədii şurası var idi. Məsələn, Bəstəkarlar İttifaqının təqdimatı ilə müğənnilər televiziyaya göndərilirdilər.
- Müəyyən qurumların nəzarəti öz yerində, sizcə, o zaman musiqinin qorunmasında yaradıcı mühitin tə`siri olmayıb? Bəlkə sələflərinizdən fərqli olaraq, siz gerçəkliyə loyal yanaşırsınız? Və buna münasibətdə həmrə`ylik nümayiş etdirmirsiniz? Nəticədə isə özünüzün söylədiyi kimi, "bəstəkarların" sırası genişlənir.
- Xeyr, sizinlə razı deyiləm. Kifayət qədər həmrə`yik, münasibət də bildiririk. Sadəcə, onların yolunu kəsə biləcək rıçaqlar işləmir və ya lazımi əldə deyil. Bu gün Mədəniyyət Nazirliyinin o qədər pulu yoxdur, bəstəkarlardan əsərlər alsın, geniş auditoriyalarda səsləndirsin. Azərbaycan musiqisinin təmizliyini qorumağa qadirlərsə, bayaq adlarını çəkdim, öz mənafelərini güdürlər. Emin Sabitoğlunun bir sözü var idi, hər dəfə Bakıdan Türkiyəyə dönəndə deyərdi, "Faiq, xəbərin var, Bakıda fitçalan bəstəkarlar peyda olub". Yenə deyirəm, biz loyal yanaşmırıq. Məsələn, mən Azərbaycana qısa müddətə gəlsəm də, münasibətimi bildirirəm, yaxamı kənara çəkmirəm. Tam dönəndə isə, onu gələcəkdə görərsiniz. Ən azı xüsusi bir qurum yaratmalıyıq.
- Nə zaman Bakıya dönəcəksiniz? Müqavilə müddəti nə vaxt bitir?
- Müqavilənin müddəti ömrümün sonuna qədər bitməz. Sadəcə, hər il özüm birillik müqavilə bağlayıram. Hər dəfə də soruşurlar, "Niyə bir illik bağlayırsınız". Özüm elə bağlayıram ki, istədiyim vaxt dönə bilim, daha problem yaranmasın. Bir də, əlaqələrim genişdir, Kanadadan, Almaniyadan də`vətlər alıram. Fikrim var bu yaxınlarda gəlim. Ya Bakıda qalacam, ya da Kanadaya gedəcəm.

 Ana səhifə | Xəbərlər | Ölkə | Firqələrdə | Pauza | Aləm | İş günü | Sağlamlığ | Mədəniyyət | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd