Pauza

Ana səhifə
Xəbərlər
Ölkə
Firqələrdə
Pauza
Aləm
İş günü
Sağlamlığ
Mədəniyyət
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#95(319)

Türkiyə ilə hərbi sazişlər imzalanacaq

Türkiyə ordusunun komandanı ilə Bakıda aparılan danışıqlar Ankarada davam etdiriləcək. Azərbaycan müdafiə nazirinin qardaş ölkəyə cavab səfərində bir sıra sənədlər imzalanacaq. Hələlik onların mahiyyəti açıqlanmasa da, Səfər Əbiyevin sözləri diqqət çəkir: "Azərbaycana hansı kömək lazımdırsa, Türkiyə onu edəcək".
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hüseyn Kıvrıkoğlunun səfəri başa çatsa da, onun önəmi barədə müzakirələr hələ uzun sürəcək. Təbii ki, rəsmi açıqlamalar içində ən diqqətçəkəni prezident Heydər Əliyevin Kıvrıkoğlunun səfər proqramına verdiyi qiymət oldu. "Azərbaycan xalqı özünü də güclü hiss etdi". Fikir bilavasitə "Türk ulduzları"nın mə`lum uçuşlarına münasibət kontekstində səslənsə də, mübaliğəsiz olaraq Azərbaycan-Türkiyə hərbi tərəfdaşlığı prizmasında qəbul edilməlidir.
Bu bir faktdır ki, Azərbaycan məhz qardaş ölkəni (onun bütün güc və qüdrəti ilə) yanında görəndə özünü arxalı və sanballı hiss edir. Təbii ki, Türkiyə ordusu komandanının Bakıya səfəri bu baxımdan xüsusilə əlamətdar oldu. Azərbaycan Türkiyə ilə tərəfdaşlığa ümumilikdə önəm versə də, indiki şəraitdə hərbi-texniki əməkdaşlıq daha zəruri və arzuediləndir.
Hələ bu ilin martında Azərbaycan prezidenti Türkiyəyə rəsmi səfəri gedişində bu məqamı önə çəkmişdi. TBMM-dəki çıxışında Azərbaycanın Türkiyədən gözlədiyi ən böyük dəstəyin məhz Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı olduğunu vurğulayan Heydər Əliyev "Ermənilərin cavabını birgə verməliyik" deyə bildirmişdi. Sözsüz ki, bu bəyanatın arxasında məxsusi emosiya ilə yanaşı, Ermənistanın təcavüzünə son qoymaq üçün hərbi yolun qaçılmaz olacağı təqdirdə qardaş ölkənin köməyinə bəslənən ümid də vardı. Qeyd edək ki, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının keyfiyyətcə daha yüksək müstəviyə qaldırılması hələ o vaxt aktual idi və Bakı rəsmiləri Ankara ilə müəyyən sazişlərin imzalanmasını istisna etmirdilər. İndiyədək Azərbaycanla Türkiyə arasında nə hərbi pakt, nə də buna bənzər hüquqi anlaşma yoxdur. Halbuki, bunun zərurət olduğunu hər iki tərəf e`tiraf edir. Prezidentin səfərindən sonra onun gerçəkləşməsi üçün addımlar atıldığı, o cümlədən H.Kıvrıkoğlunun ziyarəti gedişində konkret sənədlərin imzalanacağı bildirilsə də, bunun şahidi olmadıq. Hərçənd, bu heç də tələsik nəticə çıxarmağa əsas vermir. Bakı rəsmilərindən birinin e`tiraf etdiyi kimi, cari şəraitdə (Azərbaycanın ətrafındakı mürəkkəb geosiyasi situasiya, Türkiyə ilə imzalanacaq hərbi müqavilələrin böyük qonşularımızda doğuracağı qısqanclıq və s. fəsadlar) Azərbaycan üçün hərbi tə`yinatlı sazişin olmaması daha vacibdir. Yə`ni bu tərəfdaşlığın konkret hüquqi sənədlərlə rəsmiləşdirilməsi vacib deyil, bir sıra hallarda isə hətta məqsədəuyğun deyil. Görünür, Türkiyə ordusu komandanının səfərində də sözügedən məqsədəuyğunluq əsas tutulub. Bununla belə, hətta səfərin zahiri tərəfi ("Türk ulduzları"nın nümayişi və Türkiyə (NATO) məktəbində hərbi kadrların buraxılışı) onun əhəmiyytəini vurğulamağa imkan verir.
Türkiyə ordusunun qüruru sayılan ali pilotaj eskadrilyasının Bakı üzərində uçuşları nəzərdə tutulan siyasi missiyanı yerinə yetirdi. O da dəqiqləşdi ki, "Türk ulduzları"nın Bakıya gəlişi rəsmi izahatda bildirildiyi kimi, bir il (bir neçə ay) öncə deyil, məhz son anda ortaya çıxmış təşəbbüs olub. İranın Xəzərdəki 23 iyul insidenti və ardınca Azərbaycanın hava məkanını təhdid etməsindən sonra Türkiyə tərəfi bu təşəbbüslə çıxış etmiş və Bakı da onu bəyənmişdi. H.Kıvrıkoğlu ilə görüşdə Azərbaycan prezidenti bu təşəbbüsə görə xüsusi təşəkkür etdi. Türkiyə eskadrilyasının Bakı üzərindəki nümayişinin taktiki yöndən İrana mesaj, strateji baxımdan isə Ermənistana gözdağı verildiyi artıq faktdır. Lakin Kıvrıkoğlunun səfəri gedişində NATO standartlarına uyğun tədris keçmiş 400 azərbaycanlı zabitin buraxılış mərasimi istər əzəmətinə, istərsə də əhəmiyyət göstiricisinə görə, "Türk ulduzları"nın nümayişindən geri qalmır. Türkiyənin maliyyə və kadr dəstəyi ilə hazırlanan bu zabitlər sözsüz ki, Azərbaycan ordusunun elit qrupunu təşkil edəcək. Eyni zamanda bu korpus Azərbaycanın yüksək peşəkarlığa sahib növbəti hərbçilər dəstəsinin hazırlanmasında mühüm rol oynayacaq.
Türkiyə-Azərbaycan hərbi əməkdaşlığında təhsil və kadr hazırlığına üstünlük verilməsi də əlamətdar faktordur. Türkiyənin Bakı böyükelçisi Qədri Ecvet Tezcanın sözlərinə görə, bu təsadüfi deyil. Çünki Azərbaycan Silahlı Qüvvələrinin keyfiyyətcə yüksək zirvə fəth etməsi məhz təhsildən başlanır. Böyükelçinin "NATO standartlarına uyğun təhsil keçmiş hərbçilərin sovetdənqalma köhnə texnikanı mənimsəməsi çətin olur.
Tədricən bu problem də aradan qalxacaq" sözləri də diqqət çəkir. Bu o deməkdir ki, müvafiq peşə hazırlığına paralel Azərbaycan ordusunun texniki təchizatı da tə`min olunacaq. Güman etmək olar ki, Azərbaycan müdafiə nazirinin Türkiyəyə gözlənilən cavab səfəri (oktyabr ayına nəzərdə tutulub) gedişində bu iki cəhət xüsusi diqqət mərkəzində olacaq. İlkin informasiyaya görə, müdafiə naziri Ankarada müvafiq sazişlər də imzalayacaq. Azərbaycan və Türkiyə cəmiyyətində tezliklə açıq hərbi alyans yaratmaq çağırışlarına zəruri soyuqqanlıqla yanaşan rəsmi dairələr hər şeyi qabartmadan fəaliyyət göstərməyə üstünlük verirlər. Necə deyərlər, əsas məsələ nəticədir və ona doğru hay-küysüz də addımlamaq olar.

 Ana səhifə | Xəbərlər | Ölkə | Firqələrdə | Pauza | Aləm | İş günü | Sağlamlığ | Mədəniyyət | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd