İş günü

Ana səhifə
Xəbərlər
Ölkə
Firqələrdə
Pauza
Aləm
İş günü
Sağlamlığ
Mədəniyyət
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#95(319)
Qazımız olacaqmı?
Meşə yanğınları gözlənilir
Rusiya Qəbələ RLS-i tanımaq istəmir


Qazımız olacaqmı?
Respublikanın əyalətlərini qazla tə`min etmək hökumət səviyyəsində müzakirə olunur

Yerli qaz hasilatının hesabına "Azəriqaz" Qapalı Tipli Səhmdar Cəmiyyətinin qaz sistemindən "mavi yanacaq" alan məmləkət rayonlarının sırasını genişləndirmək yaxın vaxtlarda mümkün olmayacaq.
Bu barədə "Azəriqaz"dan verilən mə`lumata görə, xaricdən alınan qazla rayonları tə`min etmək məsələsi hökumət səviyyəsində 2001-ci ilin başlanğıcından müzakirə olunur.
"Azəriqaz"ın təklifinə əsasən, respublikanın rayonlarını qazla tə`min etmək mümkündür. Bunun üçün gündəlik "Azərenerji"yə verilən "mavi yanacaq" respublikanın rayonlarını tam tə`min edə bilər.
Ölkənin əyalətlərinə xaricdən alınmış qazın nəqlinin çoxaldılması ilə bağlı qərar "mavi yanacağ"ı Rusiyanın Azərbaycana stabil göndərməsindən asılıdır.
Hazırda məmləkətin cəmi 17 rayon mərkəzi və şəhəri qaz alır. Qeyd edək ki, təkcə Abşeron yarımadasının istehlakçıları 100 faiz qazla tə`min olunur.
Hələ ki, "Azəriqaz" nəql sistemindən qaz istifadə etməkdən məhrum olmuş rayonları "mavi yanacaq"la tə`min etmək məsələsi "AzTurkGaz" Birgə Müəssisəsinin və "Məişətmayeqaz" Səhmdar Cəmiyyətinin üzərinə düşüb. Bu müəssisələr hər ay rayonlarda 2 min ton maye qaz realizə edir.
Əhalinin bu növ yanacağa tələbatı sutkada 10 min tondur. Maye qazın istehsalının artmasına təbii qazın məhdud həcmdə hasilatı mane olur. Hökumət tərəfindən müəyyən edilmiş kvotaya əsasən, hər il "AzTurkGaz" və "Məişətmayeqaz" orta hesabla cəmi 24 min ton maye qaz ala bilərlər.

Meşə yanğınları gözlənilir
Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi narahatdır

Uzun müddətdir ki, Azərbaycanda davam edən quraqlıqlar meşə yanğınlarının baş vermə təhlükəsini kifayət qədər artırır.
Bu barədə Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin yaydığı xüsusi mə`lumatda bildirilir ki, bir sıra rayonların yaşıl massivində - Qobustan-Şamaxı, Şamaxı-İsmayıllı, Cəlilabad-Yardımlı zonalarında, əsasən də Bakı-Göyçay yolunun 168-ci kilometrliyində və Qızılağac qoruğunda yanğın hadisələri baş verib. Yanğınların böyük əksəriyyəti samanın yandırılmasından sonra baş verib. Nəticədə yanğın meşə massivlərinə keçib.
Bununla əlaqədar olaraq sözügedən nazirlik əhalinin, xüsusilə də fermerlərin nəzərinə çatdırır ki, yaşıl massivlərə yaxın olan və xüsusi qoruyucu zolaq olmayan ərazilərdə yanğın törətmək qadağandır. Əks təqdirdə hər bir qanun pozucusu ölkə qanunlarına müvafiq olaraq məs`uliyyət daşıyacaq.

Rusiya Qəbələ RLS-i tanımaq istəmir
Azərbaycanın mülkiyyəti kimi...

Qəbələ Radiolokasiya Stansiyasının statusu ilə bağlı Azərbaycanın təklifləri Rusiya tərəfindən qəbul olunduğu təqdirdə, Şimal qonşumuz respublikamıza 50 milyon dollar vəsait ödəməlidir.
Bu barədə Nazirlər Kabinetindəki mə`lumatlı mənbələr bildirirlər ki, Azərbaycan tərəfi hesab edir, RLS-in 10 il müddətində istifadə olunması üçün 50 milyon dollar həcmində icarə kompensasiyası ödənilməsi tələb olunur. Danışıqlarda hər iki ölkə arasında kəsişməyən nöqtə Rusiya tərəfinin sözügedən hərbi obyektin daşınmaz əmlakının Azərbaycana məxsus olmasını tanımaq istəməməsidir.
Rusiya Müdafiə Nazirliyinin irəli sürdüyü arqumentlərdən biri ondan ibarətdir ki, 90-cı illərin əvvəllərində Şimal qonşumuz Qəbələ RLS-də baha başa gələn modernləşdirmə aparıb. Son illər isə elektrik enerjisindən istifadəyə görə, yığılmış borcları vaxtlı-vaxtında ödəyir. Azərbaycan tərəfi təkcə elektrik enerjisindən istifadəyə görə deyil, kompleks şəkildə - bütün hərbi obyektin icarəsinə görə vəsait ödənilməsini istəyir.
Fikir ayrılıqlarından biri də Qəbələ RLS-in icarə müddəti ilə bağlıdır. Azərbaycan Qəbələ RLS-in icarə müddətinin məsələn, 3-5 il müddətində olmasını istəyir. Rusiya isə uzunmüddətli müqavilə imzalanmasında (20 il) tə`kid edir. RLS-in region əhalisinin sağlamlığına, ekologiyasına tə`siri ilə bağlı 4 ay ərzində ekspertiza aparan və araşdırmaların nəticəsi ilə əlaqədar yekun hesabat hazırlamış Azərbaycan və Rusiya mütəxəssisləri bu sənədi hər iki ölkənin prezidentlərinə təqdim ediblər.
RLS-in sonrakı taleyi məhz onların razılaşmasından asılı olacaq. Əgər razılıq əldə olunarsa, hərbi obyektlə bağlı saziş Azərbaycan prezidenti Heydər Əliyevin bu ilin noyabrında Rusiyaya planlaşdırılan rəsmi səfər zamanı imzalanacaq.

 Ana səhifə | Xəbərlər | Ölkə | Firqələrdə | Pauza | Aləm | İş günü | Sağlamlığ | Mədəniyyət | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd