|
|
|
|
#95(319)
|
 |
Avqustun 26-da Azərbaycan prezidenti Heydər Əliyev və ABŞ dövlət katibinin müşaviri Elizabet Consun görüşündə Qarabağ problemi, Xəzər dənizinin statusu və iqtisadi məsələlər müzakirə obyekti olub.
E.Cons qeyd edib ki, ABŞ münaqişə tərəflərinin qəbul edəcəyi qərarla razılaşacaq. O, H.Əliyevdən münaqişənin sülh yolu ilə həll edilməsilə bağlı ictimaiyyət arasında "izahat işləri" aparmağı xahiş edib.
H.Əliyev cavab sözündə deyib ki, Azərbaycan ölkənin ərazi bütövlüyünü nəzərə almayan həll variantını qəbul etməyəcək.
Xəzərin hüquqi statusu məsələsinə toxunan Cons ABŞ-ın Xəzərin cənubunda baş vermiş son İran-Azərbaycan insidentindən narahat olduğunu bildirib. O qeyd edib ki, ABŞ bu insidenti "Tehranın təxribatı" hesab edir və bu, Xəzərin statusunun müəyyən olunmasına əngəl törədə bilər.
H.Əliyev deyib ki, Türkmənistan və İranın sözügedən məsələ ilə bağlı mövqeyini "qeyri-konstruktiv" hesab edir.
Bakı-Ceyhan neft kəmərinin çəkilişi mövzusuna toxunan Cons Qazaxıstan neftinin də bu marşrutla ixracında öz ölkəsinin maraqlı olduğunu deyib. O həmçinin yaxın vaxtlarda "Şahdəniz" yatağından qaz ixrac edəcək kəmərin çəkilişinin reallaşmasına dair müvafiq sənədlərin imzalanacağına ümid etdiyini bildirib.
Görüşdə həmçinin Azərbaycanda xarici sərmayədarlar üçün müvafiq şəraitin yaradılması məsələsinə də toxunulub. H.Əliyev deyib ki, Azərbaycanda iş görüb ölkə iqtisadiyyatına sərmayə qoymayan şirkətlər deyil, sərmayə qoymağa və iş yerləri açmağa hazır olan şirkətlər lazımdır,
Görüşdən sonra E.Consla Azərbaycanın neft və yanacaq naziri Məcid Kərimov Azərbaycan hökumətinin 600 min dollar həcmində qrant almasına dair sənədi imzalayıb. Qrantı ABŞ Ticarət və İnkişaf Agentliyi ARDNŞ-in neftayırma zavodlarının, Dübəndi və digər terminalların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə ayırıb.
Gürcüstan prezidenti Eduard Şevardnadzenin Bakıya səfərinin ertələnməsinin əsas səbəbi tədricən bəlli olur. Öncə Gürcüstan rəhbərinin ölkədəki gərgin ictimai-siyasi vəziyyətlə bağlı (telejurnalist Georgi Sanayanın qətlindən sonra) səfərini tə`xirə saldığı bildirilsə də, ABŞ dövlət katibinin yardımçısı Elizabet Consun Bakıda verdiyi bəyanat gerçək motivi önə çəkir. Regional turnesində enerji məsələlərinə xüsusi diqqət ayıran xanım Consun sözlərinə görə, "Şahdəniz" kəməri üzrə danışıqların yekunlaşması Vaşinqton administrasiyasında narahatlıq doğurur.
Çünki Birləşmiş Ştatlar Azərbaycan-Gürcüstan-Türkiyə qaz kəmərinin tezliklə reallaşmasını Bakı-Ceyhan strateji neft kəmərinin tikintisi üçün təkan hesab edir. Xatırladaq ki, ilkin müqavilələrə görə, Bakı-Tbilisi-Ərzurum kəmərinin tikintisi 2002-ci ildə başlanmalı və artıq 2004-cü ildən boru ilə ilk qaz nəql olunmalıdır. Bütövlükdə 2004-2008-ci illərdə kəmərlə "Şahdəniz" yatağından çıxarılacaq 89,2 milyard kubmetr qaz nəql olunmalıdır. 800 kilometrlik kəmərin 280 kilometri Gürcüstan ərazisindən keçməlidir. Lakin Tbilisi ilə tarif və kəmərə evsahibliyi məsələləri üzrə danışıqlar hələ başa çatmayıb. Avqustun əvvəlində Bakıda səfərdə olan Gürcüstan XİN başçısı İrakli Menaqaraşvili hər hansı problemin qalmadığını bildirsə də, Gürcüstan Neft Şirkətindən yayılan xəbərlər bunun əksini göstərirdi. Mə`lumatlara görə, bir il öncə Bakı-Ceyhan məsələsində olduğu kimi, Gürcüstan yenə böyük tarif haqqı tələb edir. O vaxt Azərbaycan öz tarif payını Tbilisiyə güzəştə getmişdi. Layihəyə himayəçilik edən ABŞ Azərbaycanı yenə "konstruktiv" olmağa sövq edir və xanım Cons Bakıda bu məsələni müzakirə edib. ABŞ təmsilçisi bu gün müzakirələri Tbilisidə davam etdirəcək. Gürcüstanın köhnə dəbli davranışı, təbii ki, Azərbaycanı da narahat edir. Prezident Heydər Əliyev "Belə getsə, kəmər bir il ləngiyəcək" deyə xəbərdarlıq edib.
Avqustun 29-30-da Rusiya prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi, RF xarici işlər nazirinin müavini Viktor Kalyujnı Bakıda səfərdə olacaq.
Diplomatik mənbələrdən verilən mə’lumata görə, səfərdə məqsəd sentyabrın 8-10-da Astanada keçiriləcək beş Xəzəryanı dövlət xarici işlər nazirləri müavinlərinin Xəzərin hüquqi statusunun müəyyən edilməsilə bağlı görüşünə dair danışıqların aparılmasıdır.
Kalyujnı XİN və ARDNŞ rəhbərliyilə görüşəcək. Rusiya diplomatının prezident Heydər Əliyevlə görüşü də ehtimal edilir.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının yaradılmasının 50-ci ildönümü ilə bağlı Fransada Azərbaycan qaçqınlarına həsr olunmuş marka istehsal edilib.
"Azərmarka" şirkətinin rəhbəri İntiqam Bağırlının "Bizim ƏSR"ə verdiyi açıqlamaya görə, 25 min tirajla istehsal olunmuş markada azərbaycanlı qaçqınlar təsvir edilib. Markanın üzərində azərbaycan və ingilis dillərində Ermənistanın təcavüzü nəticəsində respublikamızda 1 milyona yaxın qaçqının olması göstərilir. Markadakı təsvirlər azərbaycanlı qaçqınların hansı məşəqqətlərdən keçməsini açıq-aydın əks etdirir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından aldığımız mə`lumata görə, 2001-2002-ci tədris ili üçün orta ixtisas məktəblərinə qəbul imtahanları başlayır. İmtahanlar Bakı, Naxçıvan şəhərlərində avqustun 30-da, Lənkəran, Gəncə, Şəki, Göyçayda isə avqustun 31-də keçiriləcək.
Bundan başqa, mə`lumatda deyilir ki, abituriyentlər avqustun 27-dən başlayaraq sənədlərini təqdim etdikləri sənəd qəbulu komissiyalarından - "Abituriyent vəsiqəsi" ilə yanaşı imtahanın keçirildiyi yer, gün, vaxt, göstərilən "İmtahana buraxılış"vərəqəsini ala bilərlər. Abituriyentlərin imtahana aşağıdakı sənədləri gətirmələri vacibdir. Pasport və ya şəxsiyyəti bildirən 9 nömrəli forma, abituriyent vəsiqəsi və imtahana buraxlış vərəqəsi. TQDK-dan bildirildiyinə görə, bu il orta ixtisas məktəblərinə 15.449 abituriyent ərizə verib. Dövlət qəbul planında 12.911 nəfər üçün yer var. Ödənişli təhsil daxil olmaqla Azərbaycan bölməsi üzrə 14.331, rus bölməsinə isə 1118 ərizə verilib. Dövlət planı üzrə 8577 yer Azərbaycan, 864 yer rus bölməsinə verilib. Birgə müsabiqə üçün hər iki bölməyə 3470 yer nəzərdə tutulub. Orta ixtisas məktəblərinə qəbul imtahanlarında Bakı şəhərindən 12.849, Naxçıvandan 283, digər bölgələrdən 2317 abituriyent iştirak edəcək.
Hanı, mitinq həvəsi?..
Sərdar Cəlaloğlu: "Mitinqin baş tutmaması
üçün partiya sədrləri uydurma arqumentlər gətirdilər"
|
ADP baş katibi Sərdar Cəlaloğlunun müxalifətin birgə kütləvi aksiyasının təşkili istiqamətində siyasi partiya sədrləri ilə keçirdiyi intensiv görüşlər nəticəsiz qalıb.
"Bizim ƏSR"ə verdiyi eksklüziv müsahibədə ADP baş katibi bunu müxalif partiyaların yürüş-mitinq həvəsində olmaması ilə izah edib. Onun sözlərinə görə, danışıqlar zamanı partiya sədrləri birgə aksiyaların baş tutmaması üçün müxtəlif bəhanələr gətiriblər: "Biz bu təkliflə AXCP (klassiklər), Müsavat, ALP və AMİP-ə müraciət etmişdik. Təəssüf edirik ki, heç bir partiya bizim payız aylarında kütləvi aksiyalar keçirmək barədə təklifimizə razılıq vermədi. Səbəbləri barədə həmin partiya liderləri özləri danışsalar, daha yaxşı olar. Amma bir söz var ki, insan bəhanə axtaranda həmişə onu tapır, həqiqəti təhrif olunmuş formada təqdim edir. Xüsusən də tənbəllər belə yalanlara daha çox meyllidir. Müxalifət liderlərinin də gətirdiyi bəhanələrdə yalançı vətənpərvərlik tezisləri, yalançı intellektual əsaslandırmalar var. Yə’ni onlar siyasi aksiyaların ölkənin demokratikləşməsindəki rolunu düzgün dərk etmirlər. Ona görə də əvvəlcədən özlərinin uydurduğu bəhanələrdən istifadə edirlər".
Zaqatala Polis Şö`bəsinə mə`lum silahlı basqından artıq 9 gün keçir. Bu müddət ərzində cinayətkarları tutmaq mümkün olmasa da, bölgədə nisbi sabitlik yaranıb. Artıq axtarışda olanların fotorobotları bütün polis şö`bələrinə və gömrük, keçid məntəqələrinə paylanıb. Cinayətkarların fotorobotlarını sizə təqdim edirik:
Qeyd edək ki, onlar Zaqatalada yaşayan milli azlıqların nümayəndələridir və əsasən gənclərdir. Hadisə zamanı maşından atəş aça-aça şəhəri tərk etmiş cinayətkarların artıq respublikamızın sərhədlərini keçdikləri də ehtimal edilir. Buna baxmayaraq, əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xatırladaq ki, hadisə zamanı yaralanan 5 polis əməkdaşı paytaxtdakı tibb müəssisələrində yerləşdirilib. DİN hərbi qospitalının rəis müavini Ramiz Əkbərovdan dünən aldığımız mə`lumata görə, qara ciyərində cərrahiyyə əməliyyatı aparılmış leytenant Arzu Abdullayev və bağırsağından güllə yarası almış serjant Əhməd Əmirov hələlik reanimasiya şö`bəsindədirlər. Onların vəziyyətinin yaxşılaşdığını bildirən R.Əkbərov stasionar müalicəni davam etdirəcəklərini söylədi.
DİN-nin mətbuat xidməti isə yüksək peşəkarlıqlı əməliyyatçıların bölgəyə e`zam olunduqlarını və ciddi tədbirlər görüldüyünü bildirdi.
"Lider" TV-nin bölgə müxbiri Əli Səmədov da Zaqatalada polis nəzarətinin gücləndiyini, Gürcüstan və Dağıstanın hüquq-mühafizə orqanlarının əməliyyatçılarımızla əməkdaşlıq etdiklərini söylədi.
Qeyri-rəsmi mənbələrdən aldığımız mə`lumata görə, Zaqatala Çörək və Pivə Zavodlarının direktorları şübhəli şəxs qismində istintaqa cəlb ediliblər. Onların cinayətkarlara havadarlıq etmələri barədə şübhələr araşdırılır. Ümumiyyətlə, Zaqatalada ticarətlə məşğul olan şəxslərin əksəriyyəti istintaqa cəlb olunaraq, dindirilir.
Milli Mətbuat, Teleradio və İnternet Şurasının formalaşdırılmasını sentyabrda başa çatdırmaq planlaşdırılır.
Bu barədə mə`lumat verən Prezident Aparatı ictimai-siyasi şö`bəsinin müdiri Əli Həsənov bildirib ki, yaxın vaxtlarda sözügedən strukturun hər üç komissiyasının tərkibi müəyyənləşəcək. Ə.Həsənov qeyd edib ki, əsasnaməyə uyğun olaraq Şuranın hey`əti hər 2 ildən bir 30 faiz dəyişəcək. Ə.Həsənovun qənaətincə, bu hal bütün mətbuat xadimlərinin Şuranın işində iştirakına və mass-media məkanının inkişafına öz töhfələrini verməyə şərait yaradır.
Danışığa
polis getsin!
Zərdüşt Əlizadə:
"Ermənilərin bəhanəsini
kəsmək üçün bu variantı nəzərdən keçirməliyik"
|
Dağlıq Qarabağ separatçı rejiminin lideri Arkadi Qukasyan növbəti dəfə Azərbaycan rəhbərliyinə birbaşa dialoq təklif edib. O deyib ki, rəsmi Bakının "DQR"-lə danışıqlardan imtina etməsi münaqişənin sülh yolu ilə həlli perspektivini minimuma endirib.
Qukasyanın bəyanatını şərh edən ASDP həmsədri Zərdüşt Əlizadə separatçılarla birbaşa danışıqların mümkün olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan əks tərəfin bəhanələrini kəsmək üçün bu variantı da nəzərdən keçirməlidir: "Separatçılarla danışıq aparmaq heç də qəbahət deyil. Əslində, onlar da bizim vətəndaşlarımızdır. Biz müstəqil "DQR"-lə danışıq aparmırıq. Amma bu danışıqları aparan idarə Daxili İşlər Nazirliyi olmalıdır. Dağlıq Qarabağdakı ermənilərlə dəfələrlə görüşüb danışmışam. Onlar təhlükəsizliklərinə tə’minat verilməsini istəyirlər. ASDP xeyli müddətdir ki, bu danışıqların vacibliyini diqqətə çəkir. Məsələ burasındadır ki, biz Dağlıq Qarabağ erməniləri ilə danışıqlardan imtina etdiyimizə görə həmişə müxtəlif qınaqlara mə’ruz qalmışıq. Digər tərəfdən, onlarla danışıqlardan imtina etdiyimiz üçün sülh danışıqlarında da fasilə yaranıb. Biz ermənilərin bəhanəsini kəsmək üçün bu varianta da əl atmalıyıq".
Zərdüşt Əlizadənin fikrincə, Dağlıq Qarabağ erməniləri ilə birbaşa danışıqlara getmək Azərbaycan üçün hansısa problem yaratmır: "Çünki beynəlxalq praktikada bu hallar kifayət qədər olub. Vaxtilə İngiltərə irlanlandlarla danışıqlar aparıb. İspaniya dəfələrlə separatçı basklarla danışıqlar aparıb. Rusiya Çeçenistanla danışıqlar apardı, amma Çeçenistanın müstəqilliyini heç bir dövlət tanımadı. Separatçı rejimlə danışığa getmək heç də o demək deyil ki, biz onları tanıyacağıq. Bunu əsas gətirənlər tamamilə yanılırlar".
Sabiqlər - Eldar Namazov və Tofiq Zülfüqarov müəllifləri olduqları "Qarabağ Xartiyası"nın təqdimetmə mərasimini sentyabr ayının birinci yarısında keçirəcəklər.
Bu barədə millət vəkili İqbal Ağazadə "Bizim ƏSR"ə mə’lumat verib. Sənədin bir çox partiya və ictimai təşkilatlar tərəfindən imzalandığını deyən Ağazadə iqtidaryönlü millət vəkillərinin də bu prosesdən kənarda qalmadığını deyib: "Artıq bir çox millət vəkilləri sənədə imza atıblar. Onların arasında iqtidaryönlülər də var. Ancaq hələlik adları açıqlamaq istəmirik".
İqbal Ağazadə "Qarabağ Xartiyası"nın əleyhinə olanların mövqeyinin anlaşılmaz olduğunu deyir: "Hazırlanan sənəd Azərbaycan xalqının maraqlarına tam uyğundur və bu baxımdan onun əleyhinə çıxanların hansı məntiqə əsaslandığını başa düşmürəm".
|