Firqələrdə

Ana səhifə
Xəbərlər
İc siyasət
Firqələrdə
Pauza
Aləm
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#96(320)
"Təklənsəm, partiyadan gedəcəm"
"VBP ilə Vəhdət birləşə bilər"
Ermənistan Suriya ilə hərbi anlaşma imzaladı


"Təklənsəm, partiyadan gedəcəm"
Qüdrət Həsənquliyev: "Hara gedəcəyimi demək istəmirəm"

AMİP-lə AXCP-nin "islahatçılar" qanadı arasında imzalanacaq müttəfiqlik sazişi əvvəlcədən gözlənildiyi kimi, Əli Kərimovu ciddi problemlərlə üz-üzə qoyub.ÿİndiyədək sazişin imzalanmasına qarşı çıxanlar öz düşüncələrini mətbuata çıxarmaqla Kərimovu dilemma qarşısında qoyublar. İndi sazişin əleyhdarları belə deyirlər: "Ya AMİP-lə müttəfiqlik sazişi, ya da biz". Narazılar əks halda partiya sıralarını tərk edəcəklərini deyirlər.
İlk gündən sazişə qarşı çıxan AXCP Rəyasət Hey`ətinin üzvü, müxalifətin MSK-dakı katibi Qüdrət Həsənquliyev artıq vəziyyətin qəlizləşdiyini və partiyadan gedə biləcəyini gizlətmir: "Partiyada müəyyən məsələlərdə fikir ayrılığı ola bilər. Mütəmadi olaraq mənim səhv hesab etdiyim qərarlar qəbul edilirsə, onda istər-istəməz partiyadan getməliyəm. Amma partiyadakılarla normal insani münasibətlərimiz qalacaq. Çünki həmin insanlarla birgə siyasi fəaliyyət göstərmək mümkün olmaya bilər".
Bütün bunlara baxmayaraq, Qüdrət Həsənquliyev hesab etmir ki, vəziyyət güman edilən qədər qəlizləşəcək və o AXCP sıralarını tərk edəcək. Amma son bir neçə ayda Həsənquliyev təkləndiyini də görür: "Söszüz ki, partiyada belə bir vəziyyət yaranarsa, AXCP-də bir gün də qalmaram. Mən həmişə partiyanın ali orqanlarının qəbul etdiyi qərarlara hörmətlə yanaşmışam. Hər zaman səhv hesab etdiyim, yanlış olduğunu gördüyüm qərarlara da hörmətlə yanaşmaq, onu icra etmək məcburiyyətində qalacamsa, yüz faiz əmin ola bilərsiniz ki, o partiyada qalmayacağam".
Qüdrət Həsənquliyev AXCP-dən gedəndən sonra siyasi fəaliyyətini harada davam etdirəcəyini indidən demək istəmədi. Dedi ki, partiyada həmin vəziyyət yaranan gün bu barədə açıqlama verəcək. Hələlik isə bu barədə danışmaq istəmir.

"VBP ilə Vəhdət birləşə bilər"
Hacı Cəbrayıl: "Yollarımız eynidir"

Vəhdət Partiyası rəhbərliyində bir-birinin ardınca baş verən qalmaqallar hələ də səngimir. Partiya rəhbərliyində təmsil olunan yetgililərdən birinin bizə verdiyi açıqlamaya görə, bu günlərdə Tahir Kərimli ilə Ağsaqqallar Şurasının sədri Hacı Cəbrayıl arasında insident baş verib.
İnsident bu dəfə eks-prezident Ayaz Mütəllibova görə olub. Bildirilir ki, Hacı Cəbrayıl Ayaz Mütəllibovun Vəhdət Partiyasına sədr gətirilməsini istəyib, amma Tahir Kərimli ciddi-cəhdlə buna mane olub. Tahir Kərimli bildirib ki, VBP dövlət qeydiyyatından keçmədiyinə görə, Ayaz Mütəllibovun Vəhdətə sədr gəlməsi həm ona, həm də özlərinə sərf edəcək. Tahir Kərimli isə mövqeyindən dönməyib. Elə buna görə də Kərimli ilə Hacı Cəbrayıl arasında növbəti qalmaqal baş verib.
Hacı Cəbrayıl bizimlə söhbətində dedi ki, prezident seçkisinidə Vəhdət Partiyasının kimin namizədliyini dəstəkləyəcəyini hələ də müəyyənləşdirə bilməyib: "AQB kimin namizədliyi üzərində dayansa, yəqin ki, biz də o cür addım atacağıq. Əgər Vəhdət Partiyası prezident seçkisinə ayrı gedərsə, onda bizim öz namizədimiz olacaq. Açığını deyim ki, həmin namizədin kim olacağını hələ ki, dəqiqləşdirməmişik".
Ağsaqqallar Şurasının sədriÿAyaz Mütəllibovun Vəhdət Partiyasına də`vət edilməsi xəbərini nə təsdiq, nə də, təkzib etdi. Onun sözlərinə görə, Vətəndaş Birliyi Partiyasından (VBP) onlara bu barədə hələ ki, heç bir rəsmi müraciət daxil olmayıb: "Belə bir müraciət daxil olsa, bu, partiya rəhbərliyində müzakirə olunacaq. Açığı, bizim Ayaz Mütəllibov problemimiz yoxdur. Amma onu da deyim ki, VBP ilə Vəhdət Partiyası birləşə bilər. Çünki bizim yollarımız demək olar ki, üst-üstə düşür. Bu, o halda baş verəcək ki, VBP-çilər həmin məsələ ilə bağlı bizə müraciət edəcəklər. Bizim dövlət qeydiyyatımız olduğuna görə, müraciəti onlar etməlidir. Buyurub müraciət etsinlər".

Ermənistan Suriya ilə hərbi anlaşma imzaladı
İsa Sadıqov: "Bu əməkdaşlıq Türkiyə-Azərbaycan yaxınlaşmasına atılan adekvat addımdır"

Hərbi sahədə Azərbaycanın Türkiyə ilə yaxınlaşdığı bir dönəmdə Ermənistan Suriyaya doğru analoji addım atdı. Rəsmi Yerevan Suriya ilə danışıqlar masası arxasına əyləşərək hərbi anlaşma imzalayıb. Anlaşmaya Suriyanın müdafiə naziri, general Mustafa Talas ilə Ermənistanın müdafiə naziri Serj Sarkisyan imza atıb.
Maraqlıdır ki, iki dövlət arasındakı hərbi anlaşma ilə bağlı hələ də tam təfərrüatlı açıqlama verilmir. Rəsmi açıqlamalarda təkcə o deyilir ki, Ermənistanla Suriya arasında əsgəri ilişgilər daha da gücləndiriləcək.
Keçmiş müdafiə nazirinin müavini, Ehtiyatda Olan Zabitlər Birliyinin sədri İsa Sadıqov Suriya ilə Ermənistan arasındakı hərbi anlaşmanı o qədər də ciddi addım hesab etmir: "Suriyada, Livanda erməni lobbisi çox güclüdür. Buna baxmayaraq, Ermənistanın bu addımı adi bir jestdən başqa bir şey deyil. Çünki Suriyanın Ermənistanla və Türkiyə ilə münasibətləri bəllidir. Onlar Türkiyənin son dövrlər Azərbaycanla hərbi sahədə də yaxınlaşmasından narahatlıq keçirməyə başlayıblar. Suriyanın elə də böyük, qüvvətli hərbi sənaye kompleksi yoxdur. Ona görə də bu əməkdaşlıq Türkiyə-Azərbaycan yaxınlaşmasına atılan adekvat addımdır".
İsa Sadıqov dedi ki, Ermənistanın hərbi sahədə əməkdaşlıq etdiyi normal dövlətlər İran və Rusiyadır. Yə`ni Suriya-Ermənistan sazişinin əhəmiyyəti olmayacaq: "Artıq hamıya bəllidir ki, Azərbaycanı dəstəkləyən daha güclü dövlətlər var. Xüsusilə də İranla Azərbaycan arasında baş verən son hadisələr bunu çılpaqlığı ilə ortaya qoydu. Türkiyə, İsrail, ABŞ, Pakistan birmə`nalı şəkildə bizə dəstək verdi. Hətta gözlənilir ki, Azərbaycan bu sahədə Çinlə də yaxınlıq etsin".

 Ana səhifə | Xəbərlər | İc siyasət | Firqələrdə | Pauza | Aləm | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd