İc siyasət

Ana səhifə
Xəbərlər
İc siyasət
Firqələrdə
Pauza
Aləm
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#96(320)
"BAB-ın fəaliyyəti dayandırılsın..."
"Həmsədrlik institutu ləğv olunmalıdır"
Gürcüstan erməniləri fəallaşıb


"BAB-ın fəaliyyəti dayandırılsın..."
Cahandar Bayoğlu deyir ki, İran belə bir tələblə çıxış edib

"Şimali və Cənubi Azərbaycanın birləşməsi ideyası İranı getdikcə daha çox narahat edir. Artıq Tehran rejimi rəsmi Bakı qarşısında "Bütöv Azərbaycan" ideyasını fəaliyyətində əsas tutan təşkilatlara qarşı sərt tədbirlər görülməsi barədə məsələ qaldırıb".
Bunu BAB mətbuat xidmətinin rəhbəri Cahandar Bayoğlu müxbirimizlə söhbətində deyib. O bildirib ki, bir müddət əvvəl Bakıda səfərdə olmuş İran Ali Təhlükəsizlik Şurasının sədri Həsən Rohani rəsmi Tehranın "Bütöv Azərbaycan" ideyası ilə bağlı narazılığını Azərbaycan rəhbərliyinə çatdırıb. Bayoğlu əlavə edib ki, həmin səfər zamanı İran nümayəndələri rəsmi Bakının NATO və Qərb dövlətləri ilə sıx əməkdaşlığına da e’tiraz ifadə ediblər: "Həsən Rohani hələ Bakıda olarkən Tehrandakı səfirliyimizə e’tiraz notası verildi ki, guya Azərbaycan Xəzərdə qeyri-qanuni kəşfiyyat işləri aparır. Bizə Cənubdan verilən mə’lumata görə, İran tərəfi Rohani vasitəsilə digər tələblərini də rəsmi Bakıya çatdırıb. Ən başlıca tələblər Azərbaycanın ABŞ və Qərb dövlətləri, eləcə də NATO ilə işbirliyinin dayandırılması olub. Digər bir tələb isə "Bütöv Azərbaycan" ideyasının tərəfdarı olan təşkilatların fəaliyyətinin məhdudlaşdırılması olub". Cahandar Bayoğlu BAB-ın fəaliyyətinin dayandırılmasını tələb edən AQB-nin İran kəşfiyyatı ilə əlaqəli olduğunu iddia edir: "İran tərəfi buradakı adamlarına göstəriş verib ki, BAB ideyasını gözdən salmaq, bizi ləkələmək istiqamətində fəaliyyət göstərsinlər. Təsadüfi deyil ki, AQB adlanan quruma daxil olan partiyalar Xəzərlə bağlı qarşıdurma zamanı İranı müdafiə etdilər. Eyni zamanda, İran kəşfiyyatı ilə əlaqəli olan bu partiyalar indi də xüsusi göstərişlə BAB-ın fəaliyyətinin dayandırılmasını tələb edirlər. BAB ideyasının Cənubda da sür’ətlə reallaşmağa doğru getməsi iranmeylli qüvvələri ciddi narahat edir". BAB funksioneri həmçinin bə’zi aparıcı partiya liderlərini də konyuktur maraqlar güdməkdə ittiham etdi. Onun fikrincə, partiya liderləri BAB-la bağlı ehtiyatlı mövqe tutmaqla milli maraqlardan çıxış etmirlər: "Təəssüf ki, bə’zi aparıcı müxalifət partiyaları da BAB ideyası ilə dövlətlərarası münasibətlərə xələl gətirilməsinin düzgün olmadığını qeyd edirlər".

"Həmsədrlik institutu ləğv olunmalıdır"
Araz Əlizadə: "Zərdüşt bəy istəyirsə, həmsədrlikdən gedə bilər"

"ASDP-də mövcud ziddiyyətlərin aradan qaldırılması üçün həmsədrlik institutunun ləğvinə ehtiyac var". Zərdüşt Əlizadə "Bizim ƏSR"ə açıqlamasında partiyadakı vəziyyətdən çıxış yolunu bu cür gördüyünü deyib.
Həmsədrlik institunun ASDP-yə ziyan vurduğunu söyləyən partiya həmsədri qurultayda idarəçiliyin dəyişdirilməsi təşəbbüsü ilə çıxış edəcəyini bildirib: "Həmsədrlik institutunun tətbiqi müəyyən dövr üçün partiyaya xeyir verdi. Ancaq zaman keçdikcə bu institut partiyada müəyyən fikir ayrılıqlarına gətirib çıxardı. Faktiki olaraq bu idarəçilik ASDP-yə ziyan vurur. Ona görə də hesab edirəm ki, partiyaya vahid sədrin rəhbərlik etməsi daha yaxşıdır. Bu bir çox problemlərin aradan qaldırılmasına kömək edə bilər. Amma təbii ki, son sözü qurultay deyəcək. Çünki bu halda, nizamnamədə də dəyişiklik edilməlidir. Partiya sədrini də qurultay seçəcək".
Digər həmsədr Araz Əlizadə isə ASDP-dəki problemlərin həmsədrlik institutu ilə bağlılığını qətiyyətlə inkar edir. O bildirir ki, mövcud gərginlik Zərdüşt Əlizadənin partiya nizamnaməsindən çıxış etməməsi ilə izah olunmalıdır: "Əslində, problem ondadır ki, Zərdüşt bəyin fikrincə, onun ətrafındakı müəyyən adamlara xüsusi imtiyazlar verilməlidir. Biz isə nizamnamə qarşısında hamının bərabər olduğunu deyirik. Mən həmsədrlik institutunun ləğvinin əleyhinəyəm.
Amma bu məsələni biz yox, qurultay həll edə bilər. Zərdüşt bəy bir dəfə həmsədrliyin ləğvi ilə bağlı qurultayda məsələ qaldırıb, amma qurultay bunu qəbul etməyib. Onun yenidən belə bir təklif vermək hüququ var. Zərdüşt bəy deyir ki, qurultay onun təklifini qəbul etməsə, həmsədrlikdən iste’fa verəcək. Əgər belə istəyirsə, indidən sonra da belə bir addım ata bilər".

Gürcüstan erməniləri fəallaşıb
Mais SƏfƏrli: "Onlar azərbaycanlılarla gürcülərin münasibətlərini gərginləşdirməyə çalışırlar"

"Gürcüstanda Azərbaycan məktəblərinin bağlanmasında ermənilərin rolu var". Millət vəkili, "Yurddaş" Partiyasının sədri Mais Səfərli belə deyir.
Onun sözlərinə görə, qonşu ölkədə yaşayan ermənilərin Azərbaycan-Gürcüstan münasibətlərini gərginləşdirmək istiqamətində fəallaşması müşahidə olunur. "Mən hesab etmirəm ki, bu, Gürcüstanın dövlət siyasətidir. Gürcüstan Azərbaycanla dostluq münasibətlərində maraqlıdır. Hazırda ermənilər Gürcüstan dövlətində bir sıra yüksək vəzifələr tuturlar. Hətta qeyri-gürcü təhsil müəssisələrinə nəzarət edən şəxs milliyyətcə ermənidir. Azərbaycan məktəblərinin bağlanmasında onun bilavasitə rolu var. Hesab edirəm ki, ermənilərin bu niyyətlərinin qarşısını almaq üçün dövlət səviyyəsində iş aparılmalıdır", - deyə Mais Səfərli vurğulayıb. Onun bildirdiyinə görə, son illərdə Gürcüstandakı Azərbaycan məktəblərinin sayı nəzərəçarpacaq dərəcədə azalıb: "Bir neçə il əvvəl Azərbaycan məktəblərinin statusu aşağı salınırdı. 10 illik məktəblər 8 illik natamam orta məktəblərlə əvəz olunurdu. Bu da azərbaycanlıların yaşadığı bölgələrdən məcburi deportasiyasına gətirib çıxarırdı. Daha sonra isə bununla kifayətlənməyərək maliyyə çatışmazlıqları adı ilə onlarla orta məktəbi bağladılar. Halbuki, həmin məktəblər uzun illərdir azərbaycanlıların öz vəsaiti hesabına fəaliyyət göstərirdi. Gürcüstanda elə Azərbaycan kəndləri var ki, orada ümumiyyətlə məktəb yoxdur".

 Ana səhifə | Xəbərlər | İc siyasət | Firqələrdə | Pauza | Aləm | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd