İdman

Ana səhifə
Xəbərlər
İc siyasət
Firqələrdə
Pauza
Aləm
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#96(320)
İ.Ponomaryov: "Uğurlu sonluğa ümid edirəm"
Gedirik, ya yox?
Futbol barışdırır


İ.Ponomaryov: "Uğurlu sonluğa ümid edirəm"
Azərbaycan komandası Moldova matçına itki ilə gedir

Sentyabrın birinci günü futbol üzrə Yaponiya və Koreyada 2002-ci ildə keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsinin növbəti görüşləri keçiriləcək. Dördüncü qrupda mübarizə aparan Azərbaycan milli seçmə komandası həmin gün Kişinyovda Moldova seçməsinin qonağı olacaq. Sentyabrın 5-də Bakıda Makedoniya və oktyabrın 7-də İsveçdə bu ölkənin milli komandasına qarşı keçirəcəyi görüşlərlə İqor Ponomaryovun komandasının seçmə qrup mərhələsində iştirakı yekunlaşacaq.

Qarşıdakı oyunlara hazırlıq məqsədilə milli komandamız srağagündən e’tibarən Tofiq Bəhramov adına Respublika stadionunda tə’lim məşqlərinə başlayıb. Tə’lim məşqlərinə çağırılmış 19 futbolçu baş məşqçi İqor Ponomaryovun başçılığı altında gündə iki dəfə məşq edir. Baş məşqçi Moldova matçına hazırlıq məqsədilə bu oyunçuları məşqlərə də`vət edib: qapıçılar: Cahangir Həsənzadə ("Neftçi") və Nadir Şükürov ("Qarabağ-Azərsun"), müdafiəçilər: Emin Quliyev ("Çerno More"), İqor Getman ("Neftçi"), Ədaim Niftəliyev ("Neftçi"), İlham Yədullayev ("Şəmkir"), Mehman Yunusov ("Şəmkir"), Aslan Kərimov ("Şəmkir"), yarımmüdafiəçilər: Tərlan Əhmədov ("Neftçi"), Kamal Quliyev ("Neftçi"), Bəxtiyar Musayev ("Neftçi"), Mahmud Qurbanov ("Şəmkir"), Zaur Tağızadə ("Şəfa"), Rüf’ət Quliyev ("İstiqlal"), hücumçular: Qurban Qurbanov ("Neftçi"), Vadim Vasilyev ("Neftçi"), Fərrux İsmayılov ("Neftçi"). Tə’lim məşqlərinin gedişini izləmək və Moldova komandası ilə görüş ərəfəsində komandamızın durumu ilə tanış olmaq üçün ölkənin bir nömrəli idman arenasına üz tutduq. Stadionda futbolçular səy’lə məşq edir, baş məşqçinin tapşırıqlarını yerinə yetirirdilər. Məşq başa çatan kimi İqor Ponomaryov meydanın kənarında dayanan jurnalistlərə yanaşdı və ayaqüstü onların suallarına qısa cavab verdi.
Əvvəlcə futbolçuların hazırlıq səviyyəsindən o qədər də razı qalmadığını deyən məşqçi onların daha yaxşı formada olmasını arzuladığını bildirdi. Onun sözlərindən aydın oldu ki, "Şəmkir" və "Neftçi"nin Avropa miqyaslı yarışlara hazırlığı və bundan sonra yaranan fasilə futbolçuların vəziyyətinə tə’sirsiz ötüşməyib. Əsas hücumçulardan olan Qurban Qurbanovun zədələnməsi ilə bağlı məsələyə toxunan baş məşqçi bu problemin üzərində xüsusilə dayandı. Onun sözlərinə görə, Qurban Qurbanovun zədəsi ciddidir və bu səbəbdən də hücumçu nəinki Moldova, hətta sentyabrın 5-də Bakıda Makedoniya komandasına qarşı keçiriləcək oyunda meydana çıxa bilməyəcək: "Əlbəttə, mö’cüzə baş verib, o, tezliklə sağalarsa, bu, ayrı məsələ. Ancaq hələlik, yaranmış vəziyyətdən yollar arayırıq". Moskvada keçirdiyi cərrahiyyə əməliyyatından sonra hazırda müalicəsini davam etdirən Emin Ağayevin olmaması və moldovanların yalnız qələbə uğrunda mübarizə aparacaqlarını düşünsək, komandamızın müdafiə xəttində xeyli problemlərin yaranacağını indidən söyləmək olar. "Komandamızın müdafiə xətti Moldova hücumçularının təzyiqlərinə davam gətirə biləcəkmi?" sualına münasibətini bildirən İqor Ponomaryovun fikrincə, komandamız artıq yetkin kollektiv kimi formalaşıb: "Biz bu komanda ilə öz meydançamızda Slovakiya üzərində qələbə çalmışıq. Odur ki, qarşıdakı oyunda uğurla çıxış etmək üçün mən və komandamız bütün sə’ylərimizi birləşdirəcəyik".
"Şəmkir"in hücumçusu Vidadi Rzayevin məşqlərdə iştirak etməməsi də jurnalistləri maraqlandıran məsələ idi. Məşqçi onların bu sualını "Sadəcə olaraq, 30 nəfərin hamısını apara bilmərik. Biz yalnız yaxın gələcəkdə inanıb meydana çıxaracağımız futbolçuları məşqlərə cəlb etmişik", - deyə cavablandırdı. "Bundan əvvəlki səfər görüşlərindən fərqli olaraq, Moldova komandasına qarşı oyunun mahiyyətində dəyişiklik olacaqmı?" sualına baş məşqçinin cavabı belə oldu: "Mən bu fikirdəyəm ki, Türkiyə və Slovakiya futbolçularının oyun təcrübəsi və peşəkarlığı Moldova komandasından qat-qat artıqdır. Təbii ki, buna görə oyunumuzun mahiyyəti də dəyişəcəkdir. Biz öz oyunumuzu oynamağa çalışacağıq və əlbəttə ki, görüşün əvvəlində fərqlənməyə çalışacağıq".
Komandanın psixoloji hazırlığına toxunan məşqçi uşaqlarla söhbət edərək onları qarşıdakı oyuna hazırlamağa çalışdığını vurğuladı: "Biz komandamızını özəyini təşkil edən "Neftçi" və "Şəmkir" komandalarının oyunçuları ilə söhbət aparmışıq. Bilirsiniz ki, bu komanların hər ikisi Avropa miqyaslı yarışlarda uğursuz çıxış edərək, mübarizəni dayandırıblar. Bu uğursuzluq onlara pis tə’sir edib. Söhbət edərkən onlara anlatdım ki, artıq olan-olub, keçən-keçib, hər şey arxada qalıb. Belə şeyləri yaddan çıxarmaq lazımdır. Əksinə, indi bütün daxili gücümüzü və müsbət keyfiyyətlərimizi toplayıb, onu rəqib üzərində qələbəyə yönəltməliyik. İndi bu, bizə çox vacibdir. Elə bilirəm ki, uşaqlar qarşıdakı oyunun məs’uliyyətini başa düşürlər. Jurnalistləri maraqlandıran məsələlərdən biri də milli komandanın qapısının kimə tapşırılacağı idi. Mə’lum olduğu kimi, AFFA arasında münasibətlər soyuq olduğuna görə, Dmitri Kramarenko milli komandanın oyunlarını baykot edir.
"Cahangir Həsənzadə həm olimpiya və həm də əsas komandanın qapılarını qoruyacağı təqdirdə bu onun üçün ağır olmayacaq ki?" sualına İ.Ponormaryovun cavabı belə oldu:
"Əlbəttə, onun üzərinə böyük yük düşür. Biz indi qapıçılarımıza görə çox narahatıq. Qarşıdakı iki oyuna gəldikdə isə, biz indi Moldova haqqında düşünürük". Sonda qarşıdakı oyunda əldə edə biləcəyi nəticə haqqında ehtimallarına toxunan baş məşqçi uğurlu oyuna ümid etdiyini bildirdi.

Gedirik, ya yox?
Beynəlxalq Voleybol Federasiyası Azərbaycanı intizarda qoyub

Dünya çempionatının Avropa üzrə seçmə qrup mərhələsinin yarışları dünən başa çatıb. "E" qrupunda mübarizə aparan Azərbaycan voleybolçuları ikinci yeri tutmaqla dünya çempionatının final mərhələsinə düşmək şansını saxlayıb. Qrupda voleybolçularımızdan başqa Hollandiya, Fransa və Türkiyə komandaları da mübarizə aparıb.
Mə’lumdur ki, bu qrupda birinci yeri tutan hollandlar finalda iştirak etmək hüququ qazanıblar. Dünya birinciliyinin "avropalı" son iki iştirakçısı isə 8 qrupda ikinci yeri tutub, daha yaxşı nəticə göstərən komandalar arasından seçilməli idi. Odur ki, dünya çempionatında iştirak edib-etməməsini müəyyən etmək üçün komandamız "F" (Polşa, Latviya, Yuqoslaviya və Sloveniya) və "G" (Xorvatiya, Bolqarıstan, Yunanıstan və Finlandiya) qruplarında keçiriləcək seçmə oyunların nəticəsini gözləməli oldu. Ancaq Azərbaycan Voleybol Federasiyasından aldığımız mə’lumata görə, beynəlxalq federasiya bu günlərdə qruplarda ikinci yeri tutan komandaların seçim reqlamentində dəyişiklik edib və Azərbaycan komandasının dünya çempionatında iştirakı məsələsi qaranlıq qalıb.

Futbol barışdırır
Türkiyə və Yunanıstan 2008-ci il futbol üzrə Avropa çempionatını birgə keçirmək niyyətindədir

Türkiyə və Yunanıstan 2008-ci il futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün birgə mübarizə aparmaq haqqında razılığa gəliblər.
Dünən İstanbulda Türkiyə futbol federasiyasının sədri Haluk Ulusoy və onun yunanıstanlı həmkarı Vassilis Qaqatsis bu barədə sənədə imza atıblar. Qeyd edək ki, 2008-i il qitə birinciliyində ev sahibliyi etmək uğrunda Macarıstan və Xorvatiya, Şotlandiya və İrlandiya, İsveç və Finlandiya, Danimarka və Norveç də birgə mübarizə aparacaqlarını bildiriblər. Çempionatın sahibi isə 2003-cü ildə mə’lum olacaq.

 Ana səhifə | Xəbərlər | İc siyasət | Firqələrdə | Pauza | Aləm | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd