|
|
|
|
#96(320)
|
 |
Bu günlərdə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Bərdə rayonunun Mirzəcəfərli kənd sakini Rüstəm Qarayevin müşakiməsi başlanacaq. O, doğma əmisi Ənvər Qarayevi öldürməkdə təqsirləndirilir. İstintaqla müəyyən edilib ki, R.Qarayev bu ilin may ayının 23-də səhər saat 6 radələrində su üstündə əmisi ilə mübahisə edərkən onu belin kəsici tərəfi ilə vuraraq qətlə yetirib.
İbtidai istintaqda verdiyi ifadədə R.Qarayev göstərib ki, mərhum əmisi ilə qonşuluqda yaşayıb. Beş il əvvəl isə Ə.Qarayevlə yola getmədiyindən şəxsi münasibətləri pozulub və hadisə baş verən günə kimi onunla küsülü qalıb.
Rüstəm həmin gün həyətində soğan əkdiyi sahəni suvarmaq üçün gecə saat 3 radələrində evdən çıxıb. Hava işıqlanana kimi sahənin bir hissəsini suvarıb. Səhər saat 6 radələrində birdən-birə su kəsilib. O, suyun mənbəyinə gəlib və burada əmisinin əlində bel dayandığını və suyu bağladığını görüb. Rüstəm "nə üçün suyumu kəsirsən, gözlə suvarım qurtarım sonra açarsan" deyərək, onunla mübahisə etməyə başlayıb. Müttəhim istintaqa verdiyi ifadədə göstərib ki, mərhum Ə.Qarayev bu sözlərdən sonra onun ailəsinin ünvanına təhqiramiz ifadələr işlədib və əlindəki bellə ona xəsarət yetirib. Biləyindən yaralanan Rüstəm əmisinin dava zamanı yerə düşmüş belini götürərək onun başından bir dəfə zərbə endirib. Ə.Qarayevin qışqıraraq yerə yıxıldığını görən Rüstəm təkrarən iki dəfə bellə onun başından zərbə endirərək beynini paralayıb. Əmisinin öldüyünü görən Rüstəm evlərinə qaçaraq həyətdə inək sağan həyat yoldaşı Əsli Qurbanovaya əmisini öldürdüyünü deyib. Bu xəbəri eşidən qadın qışqıraraq hay salıb. Səsə gələn mərhum Ə.Qarayevin gəlini Kəmalə Abdullayeva qayınatasının qətlə yetirildiyini görüb. Hadisə yerinə gələn rayon polis şö`bəsinin əməkdaşları R.Qarayevi həmin gün həbs ediblər.
İstintaq zamanı dindirilən mərhum Ə.Qarayevin həyat yoldaşı Şəfiqə Qarayeva ifadəsində göstərib ki, həmin gün qayını Hüseyn Qarayev oğlu Rüstəmə "Ənvər suyu kəsəcək, imkan vermə. Öldür onu birdəfəlik canımız qurtarsın" deyib.
Dələduzluqla məşğul olanlar pul qazanmaq üçün müxtəlif orijinal üsullar seçirlər. Ağdaş rayon sakini, 1954-cü il təvəllüdlü Bəbiş Əsədov da belə "üsullar"dan birinə əl atıb: bir neçə ay ərzində gizirlikdən polkovnikliyədək "yüksəlib". Nəinki hərbi xidmətdən yayınmaq istəyənlərin, hətta maşın alanların da "işini düzəltməyi" bacaran "pokovnik" tezliklə "Milli Qəhrəman" adı alacağını da deyirmiş... İndi bu adı o, həbsxananın dörd divarı arasında gördüyü yuxularda alacaq.
Əvvəllər iki dəfə (ikiarvadlılığa və dələduzluğa görə) mühakimə edilmiş B.Əsədovun sadaladığı hərbi rütbələrin siyahısı isə daha uzundur. Rəsmi sənədlərdə əksini tapan hökmləri, həyat yoldaşını və iki uşağını inkar edən "polkovnik" xalqa lazımlı bir adam kimi, onun həbs edilməsinin günah olduğunu sübut etmək istəyir.
Dediyinə görə, guya, 1967-ci ildən Rusiya Federasiyasının Yaroslavl şəhərində yaşayıb. Orta məktəbi orada bitirdikdən sonra Politexnik İnstitutuna girib, sonra Artilleriya Məktəbini bitirib, Rusiyada tank istehsal edən zavodun rəhbəri olub. Müdafiə Nazirliyinin "gizli poçtlar idarəsi"ndə işlədiyini bildirən "polkovnik" barədə nazirliyin bir rəsmi sənədi belə yoxdur.
Cinayət işinin materiallarına görə, öz "rütbə"sindən istifadə edən B.Əsədov yeməkxanaların pulsuz müştərilərindən olub, həmin obyektlərin sahiblərinin verdiyi cibxərcliyi ilə dolanıb. Hüquq-mühafizə orqanlarının bə`zi əməkdaşları da "polkovnik"ə hörmət ediblər.
İstintaq materiallarına görə, bu il martın 6-da Bakı şəhər sakini Elxan Babayevin rəhbərlik etdiyi kafeyə zəng vuran bir qadın "bağışlayın, bura Müdafiə Nazirliyidir, Bəbiş müəllimi olar" deyib. "Xeyir bura kafedir" cavabını alan qadın çaşqın halda bu nömrəni ona B.Əsədovun verdiyini bildirib. Onun sözlərinə görə, oğlunu hərbi xidmətdən saxlatdırmaq üçün Bəbişə 1300 dollar verib. Bununla bağlı E.Babayevin polisə verdiyi mə`lumatdan sonra "polkovnik"in bazarı bağlanıb.
İttihamnaməyə görə, Salyan şəhərindəki yeməkxananın sahibi Natiq Dadaşov 1998-ci ildən bəri aldığı maşını adına keçirə bilmədiyindən B.Əsədova gileylənib. Hər yerdə sözü keçdiyini, hamının ona hörmətlə yanaşdığını bildirən Bəbiş bu işi həll etməyi öz üzərinə götürüb. N.Dadaşovun e`tibarnamə ilə Fazil Məmmədovdan aldığı "VAZ-2106" markalı maşını 3 dəfə Bakıya gətirib. Hər dəfə də ondan cibxərcliyi alıb. B.Əsədovun Bakıya sonuncu gəlişi isə uzun çəkib. N.Dadaşov ona zəng vuraraq, "mənim işim düzəldimi" deyə soruşub. Bəbişin "maşını neynirsən" söyləməsindən şübhələnən Natiq Bakıya gəlib, onun mobil telefonuna zəng çalıb. "Maşın Müdafiə Nazirliyinin qarajındadır," - deyən Bəbiş bir neçə dəqiqədən sonra qırmızı rəngli "VAZ-21099" markalı maşınla Azneft meydanına təşrif buyurub. "Qohumumun toyudur, maşınımı bir günlük ver, rayona aparım" bəhanəsiylə maşını alan N.Dadaşov bir də ona maşın verməyib. Özü leytnant olan N.Dadaşov həmişə hörmətlə yanaşdığı "polkovnik"in Bakı sərgüzəştlərindən xəbərsiz olub. Sən demə, B.Əsədov Bakıda polisə müraciət edərək, döyüş yoldaşlarının hədiyyəsi olan maşınının sənədlərini itirdiyini bildirib. Bu yolla maşına yeni sənədlər alan Bəbiş Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, başqasının avtomobilinə mülkiyyətçi çıxıb. Bu il fevralın 20-də isə Dövlət Yol Polis İdarəsindən 10 SÜ 396 dövlət nömrə nişanı alıb.
Beləcə, polislər Salyana N.Dadaşovun yanına gedərək, həmin maşının oğurluq olduğunu bildiriblər. Natiq "nə danışırsınız, bu mənim maşınımdır", deyəndən sonra Yasamal rayonundakı 27-ci Polis Bölməsinin əməkdaşlarının yerindəcə topladıqları dəlil-sübutlara əsasən, tezliklə B.Əsədovun kimliyi bəlli olub.
Məhkəmədə şahid qismində ifadə verən E.Babayevin sözlərinə görə, Bakıda kirayənişin qaldığını deyən "kapitan" B.Əsədov 13 gündən sonra "polkovnik" formasında onun kafesinə təşrif buyurub. Yaxın vaxtlarda "Milli Qəhrəman" adı alacağını bildirən Bəbiş tez-tez bir qrup əsgər və zabitlə onun qonağı olub.
Qeyd edək ki, müttəhim məhkəmədə 1978-ci ildə Sona İsmayılova ilə evləndiyini və 2 uşaq atası olmasını da müstəntiqin quraması adlandırdı. "Mənim haqqımda qəzetlər də yazıb," - deyə fəxr edən B.Əsədovun "getdiyimiz yol haqqı" and-amanından başqa bir sübutu yoxdu.
Dünən Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Abid Abdinbəyovun sədrlik etdiyi məhkəmə kollegiyasının hökmüylə Bəbiş Əsədov 5 il müddətinə azadlıqdan məhrum olundu.
|