Pauza

Ana səhifə
Xəbərlər
İc siyasət
Firqələrdə
Pauza
Aləm
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#96(320)

ABŞ Qarabağ barədə düşünür...

Rəsmi Bakı hələlik bu təşəbbüsə birmə`nalı cavab verməyib və öncə həmsədrlərin gətirəcəyi yeni təkliflərlə tanış olmaq niyyətindədir. Yalnız bundan sonra Ermənistanla birbaşa danışıqların bərpası barədə danışmaq olar.
ABŞ dövlət katibinin müşaviri Elizabet Cons Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı Bakıda başladığı müzakirələri Yerevanda davam etdirib. ABŞ təmsilçisinin əsas məsləhətləşmələri Azərbaycanla Ermənistan arasında yüksək səviyyəli danışıqların bərpası ətrafında olub. Xatırladaq ki, bir neçə gün öncə Bakıda prezident Heydər Əliyevlə görüşən xanım Cons Vaşinqton administrasiyasının prezidentlərin yeni görüşünü təşkil etmək barədə düşündüyünü vurğulamışdı. Diplomatın sözlərinə görə, son vaxtlar sülh prosesinin dalana girməsi, habelə tənzimlənmənin hərbi müstəviyə keçirilməsinə dair çağırışların intensivləşməsi beynəlxalq vasitəçiləri narahat edir. Bununla belə, ABŞ rəsmisinini məhz ikitərəfli danışıqların bərpası zərurətini önə çəkməsi maraq doğurur. Bu o deməkdir ki, Vaşinqton (və bütövlükdə beynəlxalq vasitəçilər) yenə prosesdə passiv mövqedə durmaq və kompromisin əldə olunması yükünü bilavasitə prezidentlərin çiyninə qoymaq niyyətindədir. Halbuki Azərbaycan-Ermənistan arasında aparılmış birbaşa danışıqların təxminən iki illik xronikası bir faktı aşkar şəkildə ortaya qoydu ki, Ermənistan tərəfi siyasi dialoq və diplomatik dilətutmalarla mövqeyini konstruktivliyə doğru dəyişən deyil.
1999-cu ilin aprelində Vaşinqtonda başlayan Əliyev-Köçəryan görüşlərinin 20-dək raundu arxada qalsa da, məhz bu dialoqa vasitəçilik edənlərin faktiki kənarda durması üzündən nəticə hasil olmadı. Üstəlik, istər ABŞ rəhbərliyi, istərsə də digər iki həmsədr ölkə zəruri kompromisin əldə olunması üçün tərəflərə hansısa tə`sir göstərməyəcəklərini bəyan etməkdədirlər. Odur ki, Azərbaycan prezidentinin "Biz Köçəryanla çox görümüşük, amma real konstruktivlik görməmişik" deməsi Bakının səmərəsiz dialoqlara münasibətdə illüziyaya qapılmadığını təsdiqləyir.
Azərbaycan rəhbərliyi hələ may ayında həmsədrlərlə görüşdə bu məqamı önə çəkməklə ABŞ-ın ciddi-cəhdlə lobbiləşdirdiyi Cenevrə zirvəsinin növbəti dəniz (göl) gəzintisinə çevrilməsinin qarşısını almışdı. Prezidentin həmsədrlərə "Sizdən yeni və real təkliflər gözləyirik" xitabı sadəcə, təzə tənzimləmə planını nəzərdə tutmurdu. Bakı belə bir qənaətdədir ki, praktik sülh prosesi üçün gerçəkdən əlverişli şərait ortaya çıxmayınca Ermənistan rəhbərliyi ilə birbaşa danışıqlara lüzum yoxdur. İki prezidentin yay ərzində iki dəfə (Minsk və Soçi) nəticəsiz görüşü də bunu təsdiqləyir. Eyni zamanda Birləşmiş Ştatlar da "Cenevrə planı"ndan (görüşün məhz Cenevrə gölü sahilində baş tutması vacib deyil) vaz keçməyib və təşəbbüsünü sürdürür. Bu xüsusda ABŞ təmsilçilərinin ardıcıl vurğuladıqları məqam diqqət çəkir. Xanım Consun sözlərinə görə, Vaşinqton Ermənistan-Azərbaycan danışıqlarının Ki Uest prinsipləri əsasında bərpasını zəruri sayır. Üstəlik, erməni tərəfi bu faktdan mütəmadi olaraq sui-istifadə edərək Bakını guya Ki Uest (Paris) prinsiplərini pozmaqda günahlandırır. R.Köçəryan ABŞ təmsilçisi ilə srağagünkü görüşdə bunu yenə təkrarlayıb. Əslində nə Paris, nə də Ki Uestdə heç bir prinsip razılaşmasının olmadığı bəllidir. Sadəcə, tərəflər ayrı-ayrı məsələlərdə mümkün kompromisləri müzakirə etmiş və ona qarşılıqlı riayət etməyə hazırlıq bildirmişlər.
Lakin Azərbaycan prezidentinin vurğuladığı kimi, bu məramı birinci Yerevan pozmuş və onun ardınca Bakı da bə`zi məsələlərdə ilkin mövqeyini dəyişməyə məcbur olmuşdur. Çeşidli ehtimallara görə, tez-tez hallandırılan sözdə razılaşma Dağlıq Qarabağın statusu ilə işğaldan azad ediləcək torpaqların çevrəsini ehtiva edib. Məhz buna görə də Azərbaycan prezidenti ABŞ nümayəndələrinin Ki Uestlə bağlı optimizmini bölüşmədiyini təkrarən vurğuladı: "Bu görüş vacib idi, amma irəliyə doğru addım olmadı". Prezident bu addımın nədən ibarət ola biləcəyini də E.Consun diqqətinə çatdırıb: "Əgər sülh sazişi Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tə`min edərsə, digər məsələlərdə güzəştə gedə bilərik". Maraqlıdır ki, Amerika dövlət katibinin müşaviri də hazırlanacaq yeni təkliflərdə Azərbaycanın məhz bu marağını tə`min etmək üçün formula axtarıldığını təsdiqləyib.
Sözügedən formulun nədən ibarət olacağı isə həmsədrlərin regiona gəlişindən sonra aydınlaşacaq. Bu həftə E.Cons Vyanada Minsk Qrupu həmsədrləri ilə görüşməlidir, ondan sonra isə vasitəçilər sülh prosesindəki son durumu müzakirə edib regiona səfər barədə qərar verəcəklər. Yeri gəlmişkən, bir neçə gün Vaşinqtonun MQ-dəki həmsədrini dəyişdirməsi politoloqlar arasında təəccüblü canlanma doğurub. Onların bir qrupu səfir Keri Kavanonun Moldovada çalışan həmkarı ilə əvəzlənməsini ABŞ-ın Qarabağ danışıqlarından nisbətən uzaqlaşması, digərləri isə bu faktın Vaşinqtonun vasitəçilik sə`ylərinin aktivləşəcəyinin əlaməti kimi dəyərləndirir. Halbuki Kavanonun əvəzlənməsi diplomatik təcrübədəki rotasiya qaydasına uyğundur və bu tədbir mütəmadi olaraq (o cümlədən Rusiya və Fransa tərəfindən) həyata keçirilir. Kavano bu vəzifəyə 1999-cu ilin yayında tə`yin olunmuş və praktik (nəticəli) fəaliyyəti ilə sələfləri Cozef Pressel (1994-1997) və Donald Kayzerdən (1997-1999) ciddi fərqlənmişdi. ABŞ-ın yeni həmsədri Rudolf Perinadan da əlamətdar yenilik gözləmək lazım deyil. Ən azı ona görə ki, vasitəçilər sarıdan hansısa yenilik ekspert səfirlərin deyil, bilavasitə həmsədr dövlətlərin başçıları səviyyəsində tənzimlənir. Rəsmi Bakı da tənzimləməyə məhz bu səviyyədə real təkan gözləyir.
Prezident Aparatı xarici əlaqələr şö`bəsinin müdiri Novruz Məmmədovun qənaətinə görə, son bir neçə ayda istər Qarabağ tənzimlənməsi, istərsə də bilavasitə Azərbaycan ətrafında cərəyan edən (Xəzər böhranı) proseslər benyəlxalq vasitəçilər üçün də ibrətamiz olacaq və onlar sülhü tezləşdirmək barədə daha real düşünəcəklər. Hələliksə, həmsədrlərin yeni mülahizələri ilə tanış olmadan və Yerevanın münasibətində müəyyən korrektələr hiss etmədən Bakı birbaşa danışıqlara elə bir lüzum görmür.

 Ana səhifə | Xəbərlər | İc siyasət | Firqələrdə | Pauza | Aləm | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd