|
|
|
|
#96(320)
|
 |
İnsan "qaçaqmalçılığı"
İlk dəfə olaraq Azərbaycanda nəzarət-buraxılış məntəqələrində sənədlərin yoxlanılmasında
sərhədçi qadınlar da iştirak edəcək
|
Bu ilin sonuna kimi Azərbaycandan insanların "qaçaqmalçılıq" yolu ilə başqa ölkələrə aparılmasıyla bağlı tədqiqatlar başa çatdırılacaq. Bu barədə mə`lumat verən Beynəlxalq Miqrasiya Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Yost Van Der Alst bildirib ki, tədqiqatların nəticəsi kimi yekun hesabat hazırlanaraq Prezident Aparatına və Nazirlər Kabinetinə təqdim olunacaq. Həmin hesabat hər il qeyri-qanuni yolla xarici ölkələrə aparılan vətəndaşların sayı, onların arasında qadınların faiz dərəcəsi (bu məsələyə xüsusi diqqət yetiriləcək), insan "qaçaqmalçılığı" barədə qabaqcadan mə`lumatları verilməsi və s. məsələlər öz əksini tapacaq.
Bundan başqa, BMT insanların "qaçaqmalçılıq" yolu ilə xarici dövlətlərə aparılmasına görə cinayət məs`uliyyətinin müəyyən olunması məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə daxil ediləcək bir neçə əlavə maddələrin hazırlanmasını təklif edəcək.
Qeyd edək ki, BMT-nin əsas proqramlarından biri - miqrasiya proseslərinin idarə edilməsi üçün potensialın yaradılması, insan "qaçaqmalçılığı" ilə mübarizə metodlarının müəyyənləşdirilməsini nəzərdə tutur. Bu proqram vasitəsilə BMT miqrasiya sahəsində qanunların hazırlanmasında Azərbaycan hökumətinə yardım etmək və sərhəd zonasının idarə edilməsində potensialın yaradılmasına texniki kömək göstərmək niyyətindədir. Bu məqsədlə ölkə prezidenti Heydər Əliyevin sərəncamı ilə sərhəd nəzarəti komissiyası yaradılıb. Həmin komissiya nəzarət-buraxılış məntəqələrinin fəaliyyətini təkmilləşdirmək istiqamətində BMT-nin tövsiyələrini həyata keçirir.
Bu ilin sentyabrından başlayaraq BMT Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə insanların qeyri-qanuni xarici ölkələrə keçirilməsi ilə bağlı mə`lumatların yayılması layihəsini həyata keçirməyə başlayacaq.
Bundan başqa, BMT-nin yardımı ilə Milli Təhlükəsizlik Akademiyasının tədris mərkəzində 200 sərhədçi tə`lim keçəcək. Akademiyanın tədris mərkəzi BMT-nin sərhəd zonasının idarəedilməsi proqramının əsas tərkib hissəsindən biridir. Tədris 3 ay müddətində olmaqla 8 dəfə (24 ay) keçirilir. Tədris proqramına ingilis dili, kompüter, miqrasiya qanunvericiliyi, nəzarət-buraxılış məntəqələrində sənədlərin düzgün yoxlanılması və s. fənlər daxildir.
Yaxın gələcəkdə isə tədris proqramına miqrasiya üzrə yeni fənn - insanların "qaçaqmalçılıq" yolu ilə sərhəddən keçirilməsi daxil ediləcək.
BMT sərhədçilərin hazırlanmasını 2 il ərzində sona yetirmək niyyətindədir. Bu ilin sonuna kimi 100 sərhədçi tə`limlərini başa vurmalıdır. Yaxın gələcəkdə isə sərhədçilərin hazırlanmasını yerli kadrlar həyata keçirəcək.
Onu da bildirək ki, bu günlərdə 20 sərhədçi qadın hazırlıq kurslarının 3-cü mərhələsini başa vurub. İlk dəfə olaraq beynəlxalq standartlara uyğun şəkildə Azərbaycanda nəzarət-buraxılış məntəqələrində sənədlərin yoxlanılmasında qadın sərhədçilər də iştirak edəcək.
İnsan "qaçaqmalçılığı"nın həyata keçirilməsində məmləkətimiz tranzit ölkələrdən biri rolunu oynayır. Məmləkətin daxilində onlarla qrup bu cür sərfəli bizneslə məşğul olur. Belələrinin arasında turizm firmaları da var. İdman, Gənclər və Turizm Nazirliyi yaradılandan sonra mətbuat konfransı keçirən nazir Əbülfəs Qarayev də bə`zi turizm firmalarının belə əməllərdə bulunmasına işarə vurmuşdu. Bir çox işbazlar sərfəli iş, yaxşı yaşayış adı ilə respublikadan xeyli adamı xaricə - Hollandiya, Almaniya, ABŞ və s. ölkələrə aparmağa müvəffəq olublar. Lakin aparılan şəxslərin sonrakı taleyi müəmmalı qalır. Yuxarıda qeyd etmişdik ki, BMT-nin Azərbaycandakı tədqiqatlarında qadınların "qaçaqmal" yolu ilə xaricə aparılmasına xüsusi diqqət yetiriləcək. O da mə`lumdur ki, yaxşı iş yeri tapmaq, gözəl həyat, inkişaf etmiş dövlətin vətəndaşı olmaq kimi və`dlərə inanan bir çox azərbaycanlı qadınlar xaricə aparılaraq sonradan fahişəliklə məşğul olmağa məcbur edilir.
Xarici dövlətlərin vətəndaşı olmaq üçün işbazlara iri miqdarda vəsait ödəyib, sonradan aldanan vətəndaşlarımızın acı taleyi də mə`lumdur. Faktlara diqqət yetirək.
Bu ilin əvvəllərində Milli Təhlükəsizlik Nazirliyinə Azərbaycan ərazisindən istifadə etməklə külli miqdarda pul müqabilində əcnəbilərin İrandan Avropa ölkələrinə qanunsuz mühacirəti üzrə ixtisaslaşan beynəlxalq mütəşəkkil cinayətkar dəstənin fəaliyyəti barədə əməliyyat mə`lumatı daxil olmuşdu. Həmin mə`lumat ətrafında keçirilmiş tədbirlər nəticəsində dəstənin fəal üzvü - İran vətəndaşı Səməd Məmmədsadıq oğlu Tağızadə Həssas bir qrup əcnəbinin saxta sənədlərlə Binə hava limanından Avropa ölkələrinə maneəsiz ötürülməsi məqsədi ilə Sərhəd Qoşunları Baş İdarəsinin əməliyyat işçisinə 2 min 300 ABŞ dolları məbləğində rüşvət verərkən yaxalanmışdır. Axtarış zamanı onun üzərində və yaşadığı mənzildən Rusiya Federasiyası vətəndaşları Maqomed Maqomedovun, Şakila Maqomedovanın, Musa Musayevin adlarına verilmiş pasportlar, özünə məxsus İsveç vətəndaşı pasportu aşkar olunmuşdur. Ekspertiza həmin sənədlərin saxta olduğunu müəyyənləşdirib. Qeyri-qanuni miqrasiyanın təşkilində, saxta pasport və vizaların hazırlanmasında iştirak edən digər İran vətəndaşı Məhəmməd Kəbir Qızılbaş da həbs olunub.
Bakının Şərifzadə və Naxçıvanski küçələrindəki iki mənzildə mütəşəkkil cinayətkar dəstənin qaçaq yolla Azərbaycan ərazisinə keçirdikləri 12 nəfər əcnəbi müəyyən edilib.
Təxminən bir neçə il öncə azərbaycanlı qızların xarici ölkələrə satılması ilə bağlı söz-söhbətlər dolaşsa da, ortaya elə bir tutarlı fakt çıxarmaq mümkün deyildi. Bununla bağlı ilk və ən dəhşətli fakt təxminən bir il öncə aşkarlandı. Olay ətrafında söylənilən mülahizələrə görə, epilepsiya xəstəliyindən əziyyət çəkən 13 yaşlı qız Lalə Quliyeva 80 min dollara Ərəb Əmirliyində yaşayan bir şeyxə satılmışdı. Sonralar aparılan araşdırmalardan bəlli olub ki, zavallı qızcığazı Dubayda yaşayan Sevda adlı azərbaycanlı qadın şeyxdən 8 min dollara geri alıb. Lalə Quliyevanın başına gətirilən oyunlardan dövlət mə`murlarının mə`lumatı olsa da, nədənsə, bu fakta göz yumulub. Quliyevlər ailəsi dəfələrlə dövlət instansiyalarına müraciət edib. Lalənin tapılıb geri qaytarılmasında onun valideynlərinə yaxından köməklik etmək istəyən "Təmiz Dünya" cəmiyyəti isə qızın geri alınması ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə, İnterpola müraciətlər edib. Amma heç bir nəticə əldə edilməyib.
İndi isə bir il əvvəl Türkiyəyə aparılmış və orada satılmış Montin qəsəbəsinin sakinlərindən - Sevinc və Arzu Qədirova bacılarından söhbət açacağıq. Haqqında danışdığımız bacılar atalarını itirdikdən sonra ana himayəsində yaşayırdılar. Bir gün necə olubsa qonşuluqda yaşayan bir qadınla guya gəzmək adı ilə Türkiyəyə gediblər. Qədirova bacılarını aldadaraq Türkiyənin İzmir şəhərinə aparan qonşu onları bir mehmanxana sahibinə satıb. Deyilənə görə, həmin qonşu qadın mütəmadi olaraq Türkiyəyə və digər ölkələrə gedib-gəlir və əsasən qadın alveri ilə məşğul olur.
Bir neçə ay İzmirdə zorla fahişəlik etməyə məcbur edilən Sevinc Qədirova xoşbəxtlikdən qaçıb Bakıya gələ bilib. Bakıya gəldikdən sonra əvvəlcə onu cinayət məs`uliyyətinə cəlb etmək istəyirdilər. Amma sonradan bu fikirdən vaz keçilib.
Daha bir fakta diqqət edək. Ötən il Bakı şəhər sakini Rüfət Hacızadə qızının Türkiyədə saxlanması barədə hüquq-mühafizə orqanlarına xəbər verib. Onun bildirdiyinə görə, 28 yaşlı qızı Nigar ötən ilin fevral ayında həyat yoldaşından boşandıqdan sonra qəflətən yoxa çıxıb. Həmin vaxtdan indiyədək qızını axtaran binəva ata son günlər dəqiqləşdirib ki, Nigar Türkiyədədir.
Miqrasiya ilə bağlı ötən ilin ən qalmaqallı hadisəsi Bakıda fəaliyyət göstərən immiqrasiya firması ilə bağlı olub. İran mənşəli Kanada vətəndaşı Kevin Hevzi bir neçə azərbaycanlı qadından külli miqdarda vəsait alaraq onları sözügedən ölkəyə aparmağı və`d edib. Lakin zərif cinsin nümayəndələri sonradan anlayıblar ki, Kevinin dedikləri boş və`dlərdən başqa bir şey deyilmiş. Bax belə...
|