Xəbərlər

Ana səhifə
Xəbərlər
İc siyasət
Firqələrdə
Pauza
Aləm
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#96(320)
Prezident Heydər Əliyev İranı qınayıb
Ermənistan Paris prinsiplərindən əl çəkmir
Yolun hərəkət hissəsinə girməyin!
Zaqatalada fəlakət
Monitorinq Cəfərlidə olacaq
Həştərxanda hərbi tə`limlər keçiriləcək
Buş Şevardnadze ilə görüşəcək
"Xəzərin statusu yaxın zamanlarda həllini tapmayacaq"
Jurnalistər şəbəkə yaratdılar
"RLS-in tə`siri olduqca şişirdilib"
Tərxis Olunmuş Zabitlər Birliyinin tə`sis yığıncağı keçirildi
"Müxalifət bölücülük edir"


Prezident Heydər Əliyev İranı qınayıb

Prezident Heydər Əliyev Tehrana səfərinin İran tərəfindən yubadılması ilə bağlı narazılığını ifadə edib. Bu barədə Azərbaycan prezidenti dünən İranın Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Əli Əhani ilə görüşündə bildirib.
Heydər Əliyevin sözlərinə görə, rəsmi Tehran öncə səfərin tə`xirə salınmasını ölkədə keçirilən prezident seçkilərilə izah edib. Sonra səfər İran hökumətinin yeni tərkibinin formalaşması üzündən tə`xirə salınıb. Ölkə başçısı ümidvar olduğunu bildirib ki, indi onun İran səfərinin reallaşması üçün heç bir maneə qalmayıb. Əliyev xatırladıb ki, ondan öncə İrana Azərbaycanın milli təhlükəsizlik naziri Namiq Abbasov səfər edəcək. Dövlət başçısının fikrincə, yüksək səviyyədə görüşdən öncə prezidentlərin görüşünün gündəliyinə daxil olan məsələlərin müəyyən edilməsi məqsədilə ikitərəfli iqtisadi komissiyanın yığıncağının keçirilməsi də yaxşı olardı. Öz növbəsində Əhani Azərbaycana təklif edib ki, H.Əliyevin səfərindən 2-3 gün öncə İrana işçi nümayəndə hey`əti göndərsin. Xatırladaq ki, Azərbaycan prezidentinin İrana rəsmi səfəri sentyabrın ikinci dekadasında başlayacaq. İran səfirliyindəki mənbələr bildirib ki, səfər sentyabrın 17-də baş tutacaq. Lakin Bakıdakı rəsmi mənbələr hələlik bu tarixi təsdiqləmir.

Ermənistan Paris prinsiplərindən əl çəkmir

Ermənistan əvvəlkitək Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Paris prinsiplərinə tərəfdardır. Bu barədə Ermənistan xarici işlər naziri Vardan Oskanyan "Svoboda" radiostansiyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, münaqişənin nizamlanmasında irəliləyiş o halda mümkündür ki, rəsmi Bakı danışıqlar prosesini Paris prinsipləri çərçivəsində davam etdirməyə razılaşsın. Oskanyanın fikrincə, belə olan halda "ciddi irəliləyiş" nəzərə çarpacaq. Yerevanda səfərdə olan ABŞ dövlət katibinin müşaviri Elizabet Cons mətbuat konfransında bildirib ki, "Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz və edilməməlidir". Nizamlanma mövzusu Consla Ermənistan rəhbərliyinin görüşündə də müzakirə edilib. Ermənistan prezidenti mətbuat xidmətinin mə`lumatına görə, Yerevan Ki Uest prinsipləri əsasında danışıqlar prosesini davam etdirməyə hazırdır. Öz növbəsində Cons bildirib ki, qarşılıqlı iqtisadi əməkdaşlıq münaqişənin nizamlanması üçün əlverişli şərait yarada bilər. ABŞ dövlət katibinin müşaviri Qarabağ münaqişəsinin nizamlanması məsələsində ATƏT-in Minsk qrupunun fəaliyyətini yüksək qiymətləndirib. Ki Uest görüşünün yekunlarına toxunan Cons deyib ki, "orada irəliləyiş əldə edilib. Lakin məsələnin son həlli münaqişə tərəflərinin öz üzərinə düşür".

Yolun hərəkət hissəsinə girməyin!
Bakı Baş Polis İdarəsi yolun hərəkət hissəsində küçə alverini qadağan edib

Bakı Baş Polis İdarəsi (BBPİ) hərəkətin təhlükəsizliyini tə`min etmək məqsədilə yolun hərəkət hissəsində küçə alverini qadağan edib.
BBPİ-də bildiriblər ki, bundan sonra yolun hərəkət hissəsində maşınların yuyulması, avtomobillərin şüşələrinin silinməsi, Sim-Sim paketlərinin, qəzetlərin satışı da qadağan edilib. BBPİ xatırladıb ki, son altı ayda yolun hərəkət hissəsində küçə alveri edən iki şəxsi maşın vurub, bir neçə halda isə onların fəaliyyəti maşınların toqquşmasına səbəb olub. BBPİ-dən həmçinin deyiblər ki, yolun hərəkət hissəsində küçə alverinin qadağan edilməsi üçün çoxsaylı sürücü və piyada şikayət edib.

Zaqatalada fəlakət
Tala çayı hər an daşa bilər

Avqustun 28-də gecədən sübhədən yağan güclü leysan yağışları Zaqatalada sel axını yaradıb. Rayon ərazisinə 32 mm yağıntı düşüb.
Sel əsasən rayon mərkəzindəki dağətəyi evlərə ziyan vurub. 2 yaşayış evi dağılıb, 20-yə yaxın tikiliyə ciddi ziyan dəyib. Mikqar və Danaçı kəndlərinə gedən yolun üzərində yerləşən körpü uçub. Rayonun mərkəzində 2 transfarmator yanıb. Zaqatala ərazisindən keçən Tala çayının səviyyəsi qalxdığından daha bir sel axınının yaranması təhlükəsi var.

Monitorinq Cəfərlidə olacaq

Avqustun 31-də Ermənistan-Azərbaycan cəbhəsinin təmas xəttində ATƏT-in növbəti monitorinqi keçiriləcək.
Bu dəfə monitorinq Qazax rayonu Cəfərli yaşayış məntəqəsində olacaq. ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik monitorinqdə Ermənistan tərəfdən iştirak edəcək. Mə’lumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Həştərxanda hərbi tə`limlər keçiriləcək

Bu gün Həştərxanda MDB dövlətləri hava hücumundan müdafiə (HHM) qüvvələrinin taktiki tə`limləri keçiriləcək. Tə`limlər Aşuluk poliqonunda olacaq. Rusiya KİV-inin mə`lumatına görə, atıcılıq tə`limlərini Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan və Ukrayna hərbi idarələrinin rəhbərləri, həmçinin MDB dövlətləri hərbi əməkdaşlıq koordinasiyası qərargahının rəisi Vladimir Yakovlev müşahidə edəcək.
Tə`limlərə MDB ölkələri müdafiə nazirləri Şurası yanında HHM məsələləri üzrə Koordinasiya komitəsinin sədri, Rusiya hərbi hava qüvvələri (HHQ) baş komandanı Anatoli Kornukov rəhbərlik edəcək. Rusiya HHQ-nin baş komandan müavini Yuri Bondarevin sözlərinə görə, tə`limlərdə məqsəd HHM qoşunlarının hazırlığını təkmilləşdirmək və müharibənin ilkin mərhələsində kollektiv təhlükəsizlik regionlarında onlardan istifadə etməkdir. Tə`limlərdə Rusiya HHQ-yə məxsus iki S-300PM zenit raket diviziyası, radiotexniki qoşunlar bölməsi, qırıcı və hücumçu aviasiya, Belarus HHQ S-300PS diviziyası, Su-27 təyyarələri, Ermənistanın S-125 "Osa" diviziyası və Tacikistan HHM qoşunları S-125 divizasiyası iştirak edəcək.

Buş Şevardnadze ilə görüşəcək

Oktyabrın 5-də Vaşinqtonda Gürcüstan dövlət başçısının ABŞ-a işgüzar səfəri zamanı prezidentlər Corc Buş və Eduard Şevardnadzenin görüşü olacaq.
Bu barədə çərşənbə axşamı Ağ Evin mətbuat xidməti mə`lumat yayıb. Mə`lumata görə, Şevardnadzenin qarşıdakı səfəri "ABŞ və Gürcüstan arasında tərəfdaşlığı", hər iki tərəfin "Gürcüstanın müstəqilliyini möhkəmləndirmək", həmçinin "Gürcüstanın dünya iqtisadiyyatına inteqrasiyası və Qafqaz regionunda sabitliyi möhkəmləndirmək" cəhdlərini bir daha nümayiş etdirəcək.

"Xəzərin statusu yaxın zamanlarda həllini tapmayacaq"

"Azadlıq" və "Azad Avropa" radiostansiyasının tanınmış analitiki Maykl Leliveld uzun müddətdir ki, Xəzərin problemləri və Xəzəryanı dövlətlərin münasibətlərilə məşğul olur. Bostonlu jurnalistin "Media- PRESS" agentliyinə verdiyi eksklüziv müsahibəsi də adı çəkilən mövzuya həsr olunub.
- Bildiyiniz kimi, bu gün Bakı və Tehran arasında münasibətlərdə müşahidə olunan gərginlik ümumilikdə Xəzər regionunda baş verənlərə tə`sir göstərir. Oktyabrda Xəzəryanı dövlətlərin nəzərdə tutulan sammitinin tə`xirə salınmasında şübhəsiz ki, bu amil az rol oynamır. Sizcə, yaxın zamanlarda Xəzərin statusuyla bağlı sahilyanı dövlətlər vahid mövqeyə gələ bilməsələr, onda regionda hadisələr hansı istiqamətdə inkişaf edəcək?
- Təbii ki, sammitin tə`xirə salınmasında əsas səbəb dövlətlər arasında münasibətlərdə fikir ayrılığı və xüsusən də Bakı ilə Tehran arasında gərginliyin müşahidə olunmasıdır. Bunların mənbəyi isə 1994-cü ilin sentyabrında imzalanmış "Əsrin müqaviləsi"nə Rusiyanın e`tirazlarından başlayır. Rəsmi Tehranın mövqeyinə gəldikdə isə 1998-ci ildə, yə`ni "Araz- Alov- Şərq" yataqları üzrə Azərbaycan tərəfinin imzaladığı sazişin tarixindən 5 ay sonra İran bu müqavilənin əleyhinə çıxış etdi. İranın bu yaxınlarda Xəzərdə baş verən insident zamanı hərəkətləri zahirən gözlənilməz olsa da, hiss olunur ki, onlar bunun üçün məqam axtarırdılar. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Xəzərin statusu problemi yaxın zaman ərzində öz həllini tapmayacaq. Lakin ilk əvvəl iyulun 23-də Xəzərdə baş verən hadisələrin gələcəkdə təkrarlanmasına yol verməmək lazımdır. Bu baxımdan İİR-nın xarici işlər nazirinin müavini Əli Əhaninin Bakıya səfərini gərginliyin azalmasına yönələn addım kimi də qiymətləndirmək olar. Bununla belə, İran Xəzərin hərbləşdirməsinin yolverilməzliyi barədə xəbərdarlıq edib. İran əvvəlki kimi sərhəd xəttinin tə`yin edilməsini, Türkmənistan isə "mübahisəli yataqlar" polemikasını ayrıca problem mövzusuna çevirib. Dövlətlər minimum halda güc tətbiq edilməməsi və mübahisəli ərazilərdə işləməmək barədə razılıq əldə edə bilərlər. Nəticədə isə həmin ərazilər uzun müddət biznes üçün bağlı qala bilər.
- Sizə elə gəlmirmi ki, Azərbaycan Xəzər ətrafında hadisələr həlqəsində mərkəzi fiqura çevrilib? Mövcud vəziyyətdə Rusiyanın mövqeyini necə qiymətləndirirsiniz?
- Azərbaycan onsuz da "Əsrin müqaviləsini" imzalamaqla baş fiqura çevrildi. Çoxlu sayda neft şirkətlərilə imzalanan sazişlər Azərbaycanın şansını artırır. Bə`ziləri Azərbaycanın məhz artan statusuyla barışmaq istəmirlər. "Kəpəz" yatağı ətrafında fikir ayrılığı Xəzərdə münaqişələrin artmasına zəmin yaradır. Azərbaycanın özününkü saydığı ərazilərə Türkmənistanın iddiası və həmçinin Transxəzər qaz kəməri layihəsinin uğursuzluğu dövlətlər arasında çatı daha da dərinləşdirə bilər. Lakin Xəzərdə ən güclü hərbi qüvvəyə malik olan Moskva hər hansı nəticənin əldə edilməsinə tə`sir göstərmək iqtidarındadır.
- Bəs, "Şahdəniz" yatağından hasil olunan qazın Gürcüstan ərazisilə nəqlinin tarifləri barədə Bakı və Tbilisi arasında mübahisənin inkişafı necə olacaq? Əsas İxrac Kəmərində (ƏİK) olduğu kimi, Azərbaycan öz tariflərini Gürcüstana güzəşt etməyəcək ki?
- Bu gün tariflərlə bağlı danışıqların nəticəsi barədə bir söz demək çətindir. Mənə elə gəlir ki, "Şahdəniz"də hasil olunan qazın həcmi o qədər böyükdür ki, bu layihənin inkişafını ləngitmək qeyri-mümkündür. Güman edirəm ki, son qərarı konsorsium və maraqlı dövlətlər qəbul edəcəklər.

Jurnalistər şəbəkə yaratdılar
Bölgədə söz azadlığının tə’minatı niyyətilə

JuHİ-nin mətbuat xidmətinin verdiyi mə’lumata görə, Orta Asiyanın və Güney Qafqazın beş ölkəsindən altı jurnalist qurumu mətbuat və söz azadlığı sahəsində çalışmalarını əlaqələndirmək, azad mətbuatı dəstəkləmək və jurnalistlərin hüquqlarını qorumaq üçün Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (OAGQSAŞ) qurmaq barədə razılığa gəliblər.
Razılıq Jurnalistlərin Həmkarlar İttifaqı (Azərbaycan) və Beynəlxalq Mətbuat İnstitutu Azərbaycan Milli Komitəsi, Gürcüstan Jurnalistlərinin Müstəqil Birliyi (Gürcüstan), "Jurnalistlər" İctimai Birliyi (Qırğızıstan), Tacikistan Müstəqil KİV Milli Birliyi (Tacikistan) və Özbəkistan Müstəqil Jurnalistlər Birliyi arasında əldə edilib. Deyildiyinə görə, birgə fəaliyyətin ilkin mərhələsində üzv-qurumlar informasiya mübadiləsi edəcək, bir-birinin təşəbbüslərini dəstəkləyəcək və beynəlxalq səviyyədə birgə maraqlarını qoruyacaqlar. OAGQSAŞ-nin baş qərargahı Azərbaycan paytaxtı Bakıda yerləşəcək və fəaliyyəti JuHİ tərəfindən tə`min ediləcək. Növbəti altı ay ərzində üzv-təşkilatlar sonradan ümumi yığıncaq tərəfindən qəbul edilməsi nəzərdə tutulmaqla şəbəkənin Nizamnamə layihəsini hazırlayacaqlar. OAGQSAŞ birgə qarşılıqlı səfərlərlə yanaşı əcnəbi jurnalistlərin bölgəyə də`vətini də təşkil etmək niyyətindədir. Həmçinin Beynəlxalq Söz Azadlığı Mübadiləsi (IFEX) və başqa beynəlxalq qurumlarla əlaqə, Avropa Şurası, ATƏT və başqa dövlətlərarası qurumlarla işbirliyi də gələcək planlar içərisindədir. JuHİ OAGQSAŞ-nin materiallarını öz İnternet səhifəsində yerləşdirəcək. Şəbəkənin bütün fəaliyyəti hələlik JuHİ və BMİ Azərbaycan Milli Komitəsinin başqanı, IFEX-in Şura üzvü Azər H.Həsrət tərəfindən əlaqələndiriləcək.

"RLS-in tə`siri olduqca şişirdilib"

Qəbələ Radiolokasiya Stansiyasının yerləşdiyi regiona və ətraf mühitə tə`sirini araşdıran Rusiya və Azərbaycanın müvafiq nazirliklərinin nümayəndələrindən ibarət ekspertlər qrupu 4 ay ərzində apardığı araşdırmaları başa vurublar.
Bu barədə jurnalistlərlə söhbətində mə`lumat verən ekologiya və təbii ehtiyatlar naziri Hüseyn Bağırov bildirib ki, Qəbələ RLS-in ətraf mühitə və insanlara tə`siri həddən artıq şişirdilib. O bildirib ki, RLS-in ziyanı var, ancaq o qədər də yox. Hüseyn Bağırova görə, RLS-dən danışarkən milli və siyasi maraqları nəzərə almaq lazımdır.

Tərxis Olunmuş Zabitlər Birliyinin tə`sis yığıncağı keçirildi

Bu günlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis olunmuş bir qrup zabitlərin təşəbbüsü ilə yaradılan yeni qeyri-hökumət təşkilatı - Tərxis Olunmuş Zabitlər Birliyinin tə`sis yığıncağı keçirildi.
Ordu sıralarından tərxis olunmuş hər bir zabitin üzv ola biləcəyi bu qeyri-siyasi, qeyri-kommersiya təşkilatının əsas məqsədi hərbi vətənpərvərlik istiqamətində təbliğatın aparılması, silahlı qüvvələrin cəmiyyətdə nüfuzunun gücləndirilməsini təşkil etmək, peşəkar hərbçiləri də cəlb etməklə vaxtaşırı elmi konfranslar və simpoziumlar, hərbi hissələrdə mədəni-kütləvi tədbirlər keçirmək, gənclərin hərbi vətənpərvəlik ruhunda tərbiyyə olunması üçün orta və ali məktəblərdə təbliğat işini qurmaq, tariximizin qəhrəmanlıq səhifələrini bugünkü nəslə çatdırmaqdır. Yığıncaqda təşkilatın nizamnaməsi müzakirə olundu, iştirakçıların irad və təklifləri nəzərə alınmaqla bə`zi müddəalara düzəlişlər və əlavələr olunması qərara alındı. Yığıncaqda ehtiyatda olan zabit, BDU-nun hüquq fakültəsinin mə`zunu Emin Həsənli təşkilatın prezidenti, ehtiyatda olan kapitan Şöhrət Eyvazov isə vitse-prezident seçildi. Yığıncaqda həmçinin təşkilatın İdarə Hey’ətinin, Nəzarət Təftiş Komissiyasının da tərkibi müəyyənləşdi.

"Müxalifət bölücülük edir"
Millət vəkili Zahid Oruc ölkə başçısının son fərmanlarını alqışlayır

"Ölkə başçısının Ermənistandan Deportasiya olunmuş soydaşlarımıza və məcburi köçkünlərə yardım haqqında imzaladığı fərmanlar sosial durumuna və siyasi imkanlarına görə xüsusi dəyərləndirilən əhali kütlələrinin problemlərinin həlli ilə yanaşı, onları regional partiyaların, ambisioz qrupların tə’sir dairəsindən, ekstremist hədəfindən azad etdi".
AVP funksioneri, millət vəkili Zahid Oruc ölkə başçısının son fərmanlarını şərh edərkən belə deyib. Fərmanın müxalifət tərəfindən mənfi qarşılanmasının səbəblərinə toxunan Zahid Oruc bunları əlavə edib: "Azərbaycanlılara qarşı erməni azğınlığının miqyasını və tarixini göstərmək baxımından mükəmməl və ardıcıl xarakter daşıyan bu siyasətin müxalifət düşərgəsində az qala süngü ilə qarşılanmasının səbəbləri aydındır. İqtidarın neft strategiyasının real bəhrələri bir tərəfdən, insanların həyat şəraitinin yaxşılaşdırılmasına sərf olunur və bu da Heydər Əliyevi xalqla daha da birləşdirir, digər tərəfdən, 2003-cü ilə yönəlik elektorat uğrunda mübarizədə mövsümi müxalifəti tərksilah edir. Dövlət Neft Fondunun vəsaitlərinin indiyədək xərclənməməsini hakimiyyətə irad tutanların narahatlığı başa düşüləndir. Qrant maxinasiyalarından xalqa bir sent xərcləməyən qüvvələrin iqtidarı qaçqınlara və məcburi köçkünlərə ayrıseçkilik siyasətində ittiham etməsi absurddur. Çünki əslində xalqı "qarabağlı"lara və "ermənistanlı"lara ayıranların ajiotaj yaratmaq cəhdləri özü bölücülükdür".

 Ana səhifə | Xəbərlər | İc siyasət | Firqələrdə | Pauza | Aləm | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd