Xəbərlər

Ana səhifə
Xəbərlər
Eksklüziv
İç siyasət
Firqələrdə
Pauza
Aləm
Mədəniyyət
Sosium
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
Sabotage
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
3 iyul, 2001-ci il. Çərşənbə axşamı|#70(294)|Həftədə II, IV, VI günlər təzələnir
"Qarabağ separatçıları da Haaqa tribunalına verilməlidir"
Gürcüstanda azərbaycanlılar...
Bərdədə qətl törədən kimlərdir?
Bəzz qalasına yürüş başladı


"Qarabağ separatçıları da Haaqa tribunalına verilməlidir"

Yuqoslaviyanın keçmiş prezidenti Slobodan Miloşeviçin Haaqa tribunalına verilməsinə Azərbaycan siyasətçiləri də öz münasibətlərini bildiriblər. Prezident Aparatı beynəlxalq əlaqələr şö’bəsinin müdiri Novruz Məmmədov şərh verməyərək bildirib ki, "bu, Yuqoslaviyanın daxili işidir".
ADP Ali Şurasının sədri Nurəddin Məmmədli bildirib ki, onun təşkilatı Miloşeviçin beynəlxalq məhkəməyə verilməsini birmə’nalı şəkildə "alqışlayır". Onun fikrincə, II Dünya Müharibəsindən sonra dünya ictimaiyyətinin ən böyük nailiyyəti bəşəriyyətə qarşı cinayətlərin birgə müzakirə edilməsidir. Məmmədlinin fikrincə, Miloşeviç on minlərlə bosniyalı müsəlmanın, xorvatın, albanın ölümündə təqsirkardır və layiq olduğu cəzanı almalıdır. Eyni zamanda Məmmədli təəssüflə vurğulayıb ki, çağdaş beynəlxalq münasibətlərdə "ikili standartlar" mövcuddur və keçmiş Yuqoslaviya diktatoru ilə bağlı prinsipial mövqe Ermənistan prezidenti Robert Köçəryana və digər erməni liderlərinə - Dağlıq Qarabağda terrorizm və separatizmin ilhamvericilərinə, işğal edilmiş ərazilərdə azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsinin təşkilatçılarına tətbiq edilmir.
Liberal Partiyası bəşəriyyətə qarşı cinayətlər törədənlərin həbsini, onların üzərində məhkəmə qurulmasını dəstəkləyir. Bu barədə ALP sədrinin müavini Rəşad Rzaquliyev bildirib. "Ümid edirik ki, gün gələcək, Yuqoslaviya cinayətkarlarının yerində onların Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırım siyasəti aparan erməni həmkarları oturacaq," - deyə o vurğulayıb.
Bəşəriyyətə qarşı cinayət törədən şəxslərin mühakimə olunması bütün hallarda müsbət amildir. AXCP "klassiklər" qanadının lideri Mirmahmud Mirəlioğlu bu fikirdədir. O hesab edir ki, Miloşeviçin təhvil verilməsi göstərir ki, belə cinayətlərin təşkilatçılarını nə kimi aqibət gözləyir. Mirəlioğlunun fikrincə, gec-tez Ermənistan rəhbərləri və Qarabağ separatçılarına qarşı da haqq-ədalət yerini tapacaq.
Müsavat Partiyasının baş katibi Arif Hacıyev Miloşeviçin beynəlxalq tribunala verilməsini ədalətin "gecikmiş" bərpası adlandırıb.

Gürcüstanda azərbaycanlılar...
Onların insan haqları haqda mə’lumatlara ehtiyacı var

İyunun 22-dən 28-dək Azərbaycan Qadın Hüquqlarını Müdafiə Komitəsinin sədri Novella Cəfərova Gürcüstanda bir sıra tədbirdə iştirak edib. Onun sözlərinə görə, həmin müddətdə azərbaycanlıların kompakt yaşadığı Qardabani, Bolnisi və Marneuli rayonlarında azərbaycanlı, erməni və digər icmaların birgə iştirakı ilə "Sülh uğrunda" "dəyirmi masa"lar keçirilib.
Tədbirlərdə Qafqaz xalqları arasındakı münaqişələr, onların aradan qaldırılması yolları müzakirə edilib. Azərbaycan diasporunun fəaliyyətini təqdir edən N.Cəfərova burada həm də bir sıra problemlərin olduğunu vurğulayıb. O qeyd edib ki, digər icmalar kimi, azərbaycanlı icması da insan haqları sahəsində geniş mə’lumatlara ehtiyac duyur və bunun aradan qaldırılması üçün ciddi tədbirlər görmək lazımdır.
Onun fikrincə, bu mə’nada Gürcüstanda yaşayan diaspora ilə Azərbaycanın insan haqları və qeyri-hökumət təşkilatları arasında sıx təmas yaradılmalı, Azərbaycan dövləti onların insani haqlarını müdafiə etmək nümunəsi göstərməlidir.
Səfərin digər aspektlərinə toxunan AQHMC sədri deyib ki, Rustavi şəhərində "Demokratik təhsil" mövzusunda seminarlar keçirilib. Onun sözlərinə görə, tədbirdə gürcü pedaqoqlarla yanaşı erməni, alman, azərbaycanlı pedaqoqlar da iştirak edib. Tədbirdə məqsəd tələbələrin dərslərdə fəal iştirakı yollarını araşdırmaq olub. Bundan əlavə, demokratiya, insan haqları, qeyri-hökumət təşkilatlarının yaradılması barədə də müzakirələr aparılıb.

Bərdədə qətl törədən kimlərdir?
Zərərçəkənlər rayonun hüquq-mühafizə orqanlarını qeyri-obyektivlikdə günahlandırırlar

İyunun 9-da Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən qətl hadisəsi baş verib. Qeyd edək ki, qətlə yetirilənlərdən biri biznesmen Əli Şərifi, digəri isə onun qayını Məzahir olub. Faktla əlaqədar Bərdə Rayon Prokurorluğunda cinayət işi qaldırılıb və Rəşad adlı şəxs həbs edilib. Lakin hadisədən 10 gün sonra Ə.Şərifinin qardaşı Qüdrət Şərifi də heç bir əsas olmadan həbs edilib. Həbsdə olarkən hətta ona vəkili ilə görüşməyə də icazə verilməyib.
Olayla bağlı dünən Bakı Mətbuat Klubunda Q. Şərifinin müdafiəçisi, 6 saylı hüquq məsləhətxanasının vəkili Afət Qazıyeva mətbuat konfransı keçirdi. Qeyd edək ki, tədbirdə Şərifi qardaşlarından digəri - Nicat da iştirak etməli idi. Lakin Q.Şərifi iyunun 28-də həbsdən azad edildiyindən hadisə barədə ətraflı mə`lumatı konfransda elə onun özündən eşitdik.
Qüdrətin sözlərinə görə, mart ayında Bərdə rayon sakinləri Elşən və Rəşad adlı şəxslər xurma satmaq məqsədilə qardaşı Əlinin köməkliyi ilə Rusiyaya gediblər. Orada malı qardaşının tanışı Rafiqə həvalə ediblər ki, satsın.
Bir neçə gün sonra satılmış malın pulunu almaq üçün geri qayıtdıqda Rafiqi tapa bilməyiblər. O vaxtdan Rafiq yoxa çıxıb. Hadisədən sonra mal sahibləri kor-peşman rayona qayıdıblar. Həmin vaxtdan onlar Əlini günahkar bilərək, pullarını tələb ediblər. Pulun miqdarı 10 min dollar olub. Əli borc-xərc edərək, 6 min dolları ödəyib. İyunun 9-da isə Elşən və Şahin adlı şəxslər rayondakı mağazanın qarşısında Əli və qardaşı Qüdrətin qarşısını kəsərək, pulun yarısını tələb ediblər. Qüdrətin dediyinə görə, bu zaman münaqişə düşüb. Həmin şəxslərlə gəmiş 28-30 nəfər Şərifi qardaşlarına hücum edib. Qüdrət qaçmağa nail olsa da, Əli buna imkan tapmayıb. 5-6 nəfər onu əhatəyə alıb və bıçaq zərbələri endirməyə başlayıblar. Qüdrət qardaşının yerə yıxıldığını görüb qayıdıb və onu xəstəxanaya çatdırmağa çalışıb. Yolda can verən Əli deyib ki, "məni Mahir və Şahin vurdu". Qüdrət qardaşının meyitini xəstəxanaya çatdıranda orada Əlinin qayını Məzahirin də qətlə yetirildiyini görüb.
Hadisədən bir həftə sonra Q.Şərifi Bərdə Rayon Polis Şö’bəsinə gətirilib və hadisə vaxtı üzərində silah olması ilə suçlandırılaraq, həbs edilib.
Qüdrətin dediyinə görə, qardaşını və onun qayınını rayonda "reketlik" edən bir qrup şəxs qətlə yetirib. Bu faktı vurğulayan vəkil A.Qazıyeva da bir nəfərin həbs edilməsini işin qeyri-obyektiv aparılması ilə əlaqələndirdi. O həmçinin, heç bir günahı olmadığı halda Qüdrətin həbsə alındığını və təcridxanada psixi tə`sirə mə’ruz qaldığını bildirdi. Vəkilin sözlərinə görə, bunda məqsəd Qüdrətdən istintaqa lazım olan ifadə almaq olub. "Bərdə Rayon Prokurorluğunda cinayət işi birtərəfli, qərəzli və qeyri- obyektiv aparılır. İki ölüm faktı olmasına baxmayaraq, iyunun 26-na, yə`ni Respublika Prokurorluğuna şikayət verilənə qədər ölənlərin qohumları iş üzrə zərərçəkmiş şəxs qismində tanınmayıb," - deyən vəkil zərərçəkmişlərin cinayət işində tanınmamasını əsl cinayətkarların məs`uliyyətdən uzaqlaşdırılmasına şərait yaradılması kimi qiymətləndirdi və istintaqın obyektiv aparılması üçün cinayət işinin Respublika Prokurorluğuna verilməsi barədə Baş Prokurora müraciət etdiyini bildirdi.

Bəzz qalasına yürüş başladı

İyunun 29-da Güney Azərbaycanda azadlıqsevərlər Babəkin ad günü münasibətilə Ərdəbil yaxınlığındakı Bəzz qalasına yürüşə başlayıblar. Bu xəbər Bütöv Azərbaycan Birliyinin mətbuat xidməti mə’lumat verib.
Yürüş qalanın başında iki tonqal qalanması ilə başa çatacaq. Bu tədbir iyunun 24-də Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin doğum günü münasibətilə Kələkidə Ə.Elçibəy qalasına edilən yürüşün davamıdır. Növbəti yürüş avqustun 22-də Savalan dağına olacaq.

 Ana səhifə | Xəbərlər | Eksklüziv | İç siyasət | Firqələrdə | Pauza | Aləm | Mədəniyyət | Sosium | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə | Sabotage|

Copyright©by Media LTD,2001 E-mail:webmaster@media-az.com

©WEB Design Group Media Ltd