Şərh

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Mədəniyyət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#121(345)
Enerji tərəfdaşlıqdan separatizmlə mübarizəyədək
Azərbaycan və Gürcüstanın terrorizmin mahiyyətinə baxışları üst-üstə düşür

Eduard Şevarnadze erməni separatizminin Cənubi Qafqazda əsas destabilizasiya faktoru olduğunu işarə vurdu. Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan aqressiv millətçiliyə qarşı birgə mübarizə aparmalıdır. Gürcüstan prezidenti "Azərbaycan terrordan və təcavüzkar millətçilikdən əziyyət çəkən ölkədir" dedi. Şevardnadzenin sözlərinə görə, terrorizmə qalib gəlmək üçün mütləq təcavüzkar separatizmin və təcavüzkar millətçiliyin kökünü kəsmək lazımdır.
Dünən Bakıya birgünlük səfərə gələn Gürcüstan prezidenti Eduard Şevardnadze "Şahdəniz" layihəsi üzrə ixrac müqavilələrin imzalanmasını iki ölkə arasındakı strateji tərəfdaşlığın növbəti təntənəsi kimi dəyərləndirib. 980 kilometr uzunluğunda kəmər Azərbaycanın təbii qazını Gürcüstan ərazisi ilə Türkiyəyə nəql edəcək. Müqaviləyə görə, 2004-cü ildə işə düşəcək Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə birinci il 2, sonrakı il 3, 2006-cı ildə isə 5 milyard kub metr "mavi yanacaq" nəql olunmalıdır. 2007-ci ildən isə nəql həcmi ildə ən azı 6,6 milyard kubmetr təşkil etməlidir. Hərçənd Azərbaycan nümayəndələri 2008-ci ildən etibarən ixrac həcminin layihəsindən 2-3 dəfə artırıla biləcəyini deyirlər. Bütün hallarda "Şahdəniz" müqaviləsi Bakı-Tbilisi-Ceyhan sazişi birlikdə regionda iri enerji layihələrinin təməlini qoyur. Bu layihələr həmçinin Azərbaycan-Gürcüstan-Türkiyə strateji əməkdaşlığına mühüm zəmin yaratmaqla böyük siyasi əhəmiyyət daşıyır.
Dünənki mərasimdə bu fikri xüsusi vurğulayan prezident Heydər Əliyev Azərbaycanın enerji strategiyasında Gürcüstan və Türkiyənin müstəsna yer tutduğunu vurğulayıb. Bu strategiyanın təməli 1998-ci ildə Bakı-Supsa neft kəməri ilə qoyulub. "Əsrin müqaviləsi" ("Azəri-Çıraq-Günəşli") çərçivəsində çıxarılan "ilkin neftin" Gürcüstan vasitəsilə nəqli Azərbaycanın prioritet mövqeyi olub. Qeyd edək ki, kəmərin fəaliyyəti (indiyədək 15 milyon ton neft nəql olunub) ciddi sıxıntılar çəkən Gürcüstanın büdcəsinə gəlir gətirməkdədir. Prezident xatırladıb ki, həm Bakı-Tbilisi-Ceyhan neft, həm də Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri bir sıra xarici qüvvələrin ciddi təzyiq və təhdidləri ilə üzləşsə də, Azərbaycan prinsipial mövqeyindən daşınmayıb.

"Azərbaycan bizə çox yardım edib"
Prezident Eduard Şevardnadze də Azərbaycanla sıx tərəfdaşlığın Gürcüstan üçün həyati əhəmiyyətli məsələ olduğunu vurğulayaraq burada enerji layihələrinin müstəsna rolunu qeyd edib: "Gürcüstanda da çoxları inanmırdı ki, bu layihələr işə düşəcək. Lakin Azərbaycan prezidentinin böyük əməyi və iradəsi sayəsində biz çətin mərhələni keçdik".
Şevardnadze ötən il Bakı-Tbilisi-Ceyhan ixrac kəməri üzrə tranzit tarifləri müzakirə olunarkən prezident Heydər Əliyevin tarixi qərarını və Azərbaycanın özünün tarif payından Gürcüstanın xeyrinə imtina etməsini bir daha minnətdarlıqla qeyd etdi: "Bu qərar bir daha göstərdi ki, Azərbaycan mehriban qonşuluq münasibətlərinə nə qədər böyük önəm verir".
Qeyd etmək lazımdır ki, tarif məsələsi "Şahdəniz" müqaviləsi üzrə danışıqlarda da fikir ayrılığı yaratmışdı. İlkin olaraq Gürcüstanın payına düşən tarif qiymətləri aşağıdakı kimi razılaşdırılmışdı: birinci 5 il hər 1000 kub metrə 2 dollar, növbəti 5 il 2,75, sonra 3,50 və nəhayət 4,25 dollar. Lakin iki ay öncə Dünya Bakının tövsiyələrinə qulaq asan Gürcüstan tarif qiymətlərini artırmaq üçün məsələni təzədən gündəmə gətirdi. Gərgin danışıqların yekunu olaraq kompromisin əldə edildiyi bildirilsə də, detallar hələlik bəlli deyil. Yalnız o vurğulanır ki, Gürcüstan tarif xərcini həm valyuta, həm də natura şəklində (Azərbaycanın təbii qazı ilə) alacaq. Hər halda Gürcüstan prezidenti qaz kəməri ilə bağlı danışıqlardan razı qaldığını bildirdi. Onun sözlərinə görə, Gürcüstan Azərbaycan kimi qonşusunun olması ilə fəxr edir: "Azərbaycan bizə hər zaman yardım edib. Gürcüstan belə bir xeyirxah qonşuluğa görə sizə dərin minnətdardır". Eduard Şevardnadze müqavilədə Gürcüstanın təkcə qazın ixracatçısı qismində deyil, həm də qazın alıcısı kimi təmsil olunmasını Azərbaycanın tərəfinin növbəti xeyirxahlığı kimi dəyərləndirdi: "Bu bizim üçün strateji məsələdir. Çünki biz qazı ədalətli qiymətə alacağıq".

"Terrora qalib gəlməliyik"
Prezidentlər Azərbaycan və Gürcüstanın strateji əməkdaşlıq sahəsində sıx əməkdaşlığını iki xalqın xoşbəxt gələcəyinin təminatı kimi səciyyələndirdilər. "Biz xoşbəxtik, çünki ən çətin anlarda bir-birimizə arxa duran xalqlarıq və böyük gələcəyimiz var" deyə Şevardnadze bildirdi. Azərbaycan-Gürcüstan danışıqlarında regional enerji layihələrinin, o cümlədən reallaşdırılmağa başlanan qaz kəmərinin təhlükəsizlik məsələsi də gündəmə gəldi. Bu barədə jurnalistlərin sullarına cavab olaraq hər iki prezident bildirdi ki, sözügedən layihələr təkcə regionun deyil, dünya enerji sisteminin də mühüm hissəsidir və o səbəbdən təhlükəsizlik məsələlərinə müstəsna diqqət veriləcək. Azərbaycan prezidenti son vaxtlar xüsusilə güclənmiş beynəlxalq terrorizm təhlükəsinin Cənubi Qafqaz üçün də ciddi problem olduğunu və ona qarşı geniş mübarizənin vacibliyini vurğuladı: "Biz bu kəmərlərin təhlükəsizliyini təmin etmək üçün maksimum tədbirlər görəcəyik. Azərbaycan və Gürcüstan terrordan əziyyət çəkən ölkələrdir və biz istər beynəlxalq miqyasdakı, istərsə də regiondakı aqressiv separatizmdən qaynaqlanan terrorizmə qarşı fəal mübarizə aparmalıyıq". Bu fikrə Gürcüstan prezidenti də şərik çıxaraq Cənubi Qafqazdakı aqressiv separatizmin və potensial terror mənbəyinin ünvanına işarə vurdu. Azərbaycanın təcavüzkar millətçilikdən və separatizmdən əziyyət çəkdiyini xatırladan Şevardnadzenin sözlərinə görə, terrora qalib gəlmək üçün onun görüntüləri ilə deyil, bilavasitə kökləri ilə mübarizə vacibdir. "Təcavüzkar separatizmin və təcavüzkar millətçiliyin kökünü kəsmədən terrorla mübarizə səmərəli olmayacaq" - deyə Şevardnadze əlavə edib. Qeyd etmək lazımdır ki, son vaxtlar Gürcüstanda da erməni separatizminin güclənməsi bu ölkənin Azərbaycanın illərdən bəri üzləşdiyi problemə daha həssas yanaşmasını şərtləndirir. İndiyədək Gürcüstan Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə bitərəflik nümayiş etdirməyə çalışırdısa, indi özü də erməni millətçiliyinin təhlükəsini hiss etməkdədir. Güman etmək olar ki, iki ölkənin strateji enerji layihələri ilə "sementlənən" və qarşılıqlı səmərəyə hesablanan tərəfdaşlığı perspektivdə Cənubi Qafqazın əsas destablizasiya faktoru olan erməni separatizminə birgə mübarizədə də özünü büruzə verəcək. Azərbaycanla Gürcüstanın bu məsələdə fəal əməkdaşlığı isə nəticə etibarilə Ermənistanın regiondakı mövqelərinin daha da zəifləməsinə gətirəcək.

Əhməd Qədirov danışıqlara etiraz edir

Avropa Şurasının insan hüquqları üzrə komissarı Alvara Hil Roblesunun səyi nəticəsində Rusiya hökuməti tanınmamış Çeçenistan İçkeriya Respubliksının lideri Aslan Məshədovun emissarları ilə danışıqların keçirilməsinə razılıq verib.
İspaniyalı diplomat "Pais" qəzetinə verdiyi müsahibədə bəyan edib ki, noyabrın ortalarına planlaşdırılan görüşün başlıca məqsədi Çeçenistandakı zorakılığın qarşısını almaq yollarını aramaqdır. Roblesin sözlərinə görə, dialoq Avropa Şurasının vasitəçiliyi ilə keçiriləcək və görüşdə heç bir siyasi qərarın qəbul olunacağı gözlənilmir. Onun fikrincə, siyasi ambisiyaların qabardılması sülhə olan ümidləri puça çıxara bilər. Xatırladaq ki, bu günlərdə ATƏT-in təşəbbüsü ilə belə bir görüşün keçirilməsinə cəhd göstərilsə də, konkret nəticələr əldə olunmamışdı. Danışıqlarda Rusiyanı Dövlət Dumasının deputatları təmsil etmişdi. Qeyd etmək lazımdır ki, rəsmi Moskva Avropa Şurasının danışıqlar prosesinə müdaxiləsindən öncə, ümumiyyətlə, dialoqun gündəmə gətirilməsi ideyasını belə yaxına buraxmırdı. Sağçı Qüvvələr İttifaqının lideri, millət vəkili Boris Nemtsovun "Moskva çeçenlərlə danışıqlar masası arxasında oturmasa, əks təqdirdə Rusiya ikinci Xasavyurd sazişinə imza atmalı olacaq" bəyanatı Kreml mənsublarının qəzəbinə səbəb olmuşdu.
İTAR-TASS agentliyinin verdiyi məlumata görə, hazırda federal mərkəzin nümayəndələri A.Məshədovun müşavirləri ilə gələcək danışıqların gündəliyi və detalları üzərində məsləhətləşmələr aparır. İşçi qrupuna Zakayevdən əlavə, Məshədovun səlahiyyətli nümayəndələri - hacı Əhməd Yarıxanov və Kazbek Maxaşov də qoşula bilər. Prezidentin cənub dairəsindəki səlahiyyətli nümayəndəsinin müavini Nikolay Britvin məsələ ilə bağlı şərh verməkdən boyun qaçırıb, eyni zamanda qeyd edib ki, hazırda ciddi təbliğ olunmayan iş gedir və silahların təhvil verilməsinin ilkin şərtləri dəqiqləşdirilir. Rusiya prezidentinin çeçen qiyamçılarına hərbi əməliyyatları dayandırmaq və bütün növ silahları 72 saat ərzində təhvil vermək təklifi dağlıq rayonlara səpələnmiş döyüşçülər arasında heç bir reaksiya doğurmayıb. Bu arada İordaniyada səfərdə olan Çeçenistan administrasiyası rəhbəri Əhməd Qədirov bəyan edib ki, "Məshədovun əli qana bulanmış dəstələri ilə danışıqlara başlamaq mənasızdır". O yalnız səhra komandiri Ruslan Gilayevlə dialoqun mümkünlüyünü istisna etməyib. Çünki o nə insan alveri, nə də ki, vəhhabiliyin təbliği ilə məşğul olub.

Tbilisi üçün erməni siqnalı

Hələ AŞPA iclaslarından bir qədər əvvəl erməni nümayəndə heyətinin başçısı Ovanes Ovanesyan demişdi ki, parlamentin gürcü deputatları Ermənistana qarşı "qərəzli mövqe" tuturlar.
Ovanesyan gürcülərə guya, Azərbaycan deputatlarının təsir göstərdiyindən söz açmışdı. Amma AŞPA divarlarında baş verən sonrakı hadisələr məhz Ermənistan deputatlarının suyu bulandırmaqda maraqlı olduğunu göstərdi. Ermənistan əvvəlcə Gürcüstanda, daha sonra uzaq Ukraynada baş verən proseslərə münasibətini bildirərkən Rusiyanın dəyirmanına su tökdüyünü isbatladı. "Azad Gürcüstan" qəzeti yazır ki, bu ölkədə dəfələrlə olmuş, hər yerdə gürcülərdən hörmət görmüş Rüstəmyanın bu qədər həyasız nitqi sadəcə, təəccüb doğurur.
Erməni deputatlarının AŞPA-dakı rüsvayçı çıxışı təkcə Gürcüstanda deyil, Ermənistanda da narazılıqla qarşılanıb. Amma Gürcüstandan fərqli olaraq Ermənistanda yerli siyasi qüvvələr və mətbuat erməni deputatlarını qonşuluğa xəyanətdə deyil, diplomatik səriştəsizlikdə qınayır. Faktiki olaraq heç kim Gürcüstanda yaşayan ermənilərin öz dillərində 100-dən artıq məktəbinin olmasını, onların Gürcüstan parlamentində təmsil edilməsini, bir sözlə, gürcülərlə eyni hüquqlara malik olmasını xatırlatmır.
AŞPA-da baş verən son ixtilaflar həm Gürcüstan hökuməti, həm də Ermənistan üçün ciddi siqnaldır. Tbilisi ilk simptomları görünən erməni yarası haqda düşünməli, şimaldakı dayaqları ilə bütün növdən olan əlaqələri yalnız Gürcüstan vasitəsilə həyata keçirən Yerevan isə iyrənc xarici siyasətinin gələcək fəsadlarını göz altına almalıdır.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd