|
|
|
|
#121(345)
|
 |
|
...yaşın nə fərqi var ki?
|
İri partiyalar arasında mövqe axtarışı davam edir. Onların hər biri daha sanballı dəstək almaq üçün bir-birinin, necə deyərlər, "ağzını arayırlar".
"Azadlıq" qəzeti redaksiyasında "Beynəlxalq terrorizmlə mübarizədə Azərbaycanın yeri və rolu" mövzusunda keçirilən "Dəyirmi masa"dan sonra AXCP (islahatçalar) sədri Əli Kərimli ilə Ədalət Partiyasının sədri İlyas İsmayılov ayrıca görüşürlər. Artıq belə görüşlərin bir neçə dəfə təkrarlandığını nəzərə alsaq, bir-birinə "qarmaq" atmaqla prosesləri öz xeyrinə dəyişməyə can atan siyasilərin də məqsədini başa düşmək olar. AXCP-AMİP sazişi iflasa uğradıqdan sonra Ə.Kərimlinin artıq üzünü başqa səmtə çevirdiyi güman edilir.
Ancaq AXCP (islahatçılar) - Ədalət Partiyası yaxınlığında hələ xeyli irəlicədən ortaya atılan vahid namizəd məsələsi də təbii olaraq, gündəmə gətiriləcək. Bu məsələdə Ə.Kərimlinin İ.İsmayılova güzəştə gedəcəyini gözləmək olar. Liderlər arasındakı yaş fərqi bu gümanlara əsas verir.
Vəhdət Partiyası ilə Ayaz Mütəllibovun sədr olduğu Vətəndaş Birliyi Partiyası arasında soyumuş münasibətlərin istiləşəcəyi gözlənilir. Hər iki tərəf hazırda buna səy göstərməkdədir. Vəhdət Partiyasının sədri Tahir Kərimli hələlik bu barədə rəsmi danışığın olmadığını deyir: "Bu Vətəndaş Birliyi Partiyasından asılıdır. Onlar müraciət etsələr, düşünürəm ki, bu, müsbət nəticələnə bilər".
Hazırda yaxınlaşmanın olduğunu etiraf edən T.Kərimli normal münasibətlərin tərəfdarı olduqlarını qeyd etdi: "Elə-belə danışıqlar gedir. Ancaq Ayaz müəllim səviyyəsində hələlik danışıq başlamayıb".
AXCP-nin (klassiklər) ALP və ADP ilə üçtərəfli əməkdaşlıq sazişi imzalayacağı barədə xəbərlər yayılıb. Lakin AXCP (klassiklər) funksioneri Fazil Qəzənfəroğlu bu xəbəri təkzib edir. Onun sözlərinə görə, partiyanın Rəyasət Heyəti ikitərəfli əməkdaşlığa üstünlük verməyi məqbul sayıb: "Üçtərəfli və çoxtərəfli əməkdaşlıqdan söhbət gedə bilməz. Çünki biz siyasi blokdayıq, müttəfiqlik münasibətlərimiz olan partiyalar var. Ancaq konkret məsələlər ətrafında müxalifət partiyalarının ikitərəfli əməkdaşlığına zərurət var. Bu baxımdan istər ADP, istərsə də ALP ilə saziş bağlanması mümkündür. İndi konkret olaraq bizə iki partiya müraciət edib. Onlarla saziş layihələri hazırdır. Yəqin ki, bu istiqamətdə yaxın iki həftəyə işlər yekunlaşacaq. Bir neçə partiya da birləşmə təklif edib. Hesab edirəm ki, yazılı müraciət olsa, bu məsələyə baxıla bilər." F.Qəzənfəroğlu bu partiyaların adını çəkmək istəmədi.
|