İc siyasət

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Mədəniyyət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#121(345)
"Düşmən dəyirmanına su tökməyək..."
JuHİ başqanı Azər Həsrət jurnalistləri diqqətli olmağa çağırdı

"Azərbaycan mətbuatı ölkəmizin milli mənafelərini lazımi səviyyədə müdafiə edə bilmir". Jurnalistlərin Həmkarlar İttifaqı"nın sədri (JuHİ) Azər Həsrət "Bizim ƏSR"ə açıqlamasında belə deyib.
Avropa Şurası tribunasından Azərbaycanı "terrorizmi dəstəkləməkdə" ittiham edən Ermənistan nümayəndə heyətinin məhz ölkə mətbuatında getmiş bəzi məsuliyyətsiz yazılara istinad etdiyini deyən Azər Həsrət jurnalistləri diqqətli olmağa çağırıb. Onun fikrincə, kütləvi informasiya vasitələri "düşmən dəyirmanına su tökən" yazılara yol verməməlidirl: "Məsələn, ABŞ-dakı terror hadisələrindən sonra ölkə başçısı bir dəqiqəlik sükut elan etdi. Həmin gün digər telekanallar əsl vətəndaşlıq mövqeyindən çıxış etsələr də, ANS ciddi-cəhdlə guya, bu sükuta əməl olunmamasını ortaya çıxarmaq istədi. Yəni məsələnin əsasən mənfi tərəflərini qabartdı. Bununla, Azərbaycanın mənafeyinə ziyan dəydi. Azad söz, müstəqil mətbuat o demək deyil ki, Azərbaycanın milli maraqlarına ziyan vuran materiallar da mətbuata çıxarıla bilər. Hər halda, jurnalistlərdə vətənpərvərlik hisslərinin daha uca olmasını arzu edirəm. "Düşmən dəyirmanına su tökən" materialları mətbuatımız işıqlandırmamalıdır. Ölkənin beynəlxalq aləmdə vəziyyətini pisləşdirə biləcək, düşmənin əlinə bəhanə verəcək, ordunu, dövləti, milləti nüfuzdan salacaq materialların yayımlanması arzuolunmazdır".
Azər Həsrətin dediyinə görə, Ermənistan tərəfi çox vaxt Azərbaycan mətbuatındakı yazılardan "kompromat" kimi faydalanmağa çalışır. Onun fikrincə, KİV-də yayılmış bəzi məlumatlar sonradan öz əleyhimizə işləyir: "Mən özüm Ermənistan mətbuatında bu dövlətlə bağlı neqativ materialları toplayıram. Həmin materialları beynəlxalq təşkilatlara göndərməklə Ermənistanın mənfi imicinin möhkəmlənməsinə çalışıram. Yəqin ki, ermənilər də bu üsullardan istifadə edirlər".
JuHİ başqanı həmçinin bildirib ki, inkişaf etmiş ölkələrdə də KİV milli maraqlardan çıxış etməyə prioritet verir: "Məsələn, İspaniya hakimiyyəti etiraf edir ki, bu ölkənin mətbuatı milli maraqlar baxımından bəzən Yuqoslaviyadakı hadisələri obyektiv işıqlandırmayıb. Eyni zamanda, İspaniya jurnalistləri bildirmişdilər ki, bask terrorçularının çıxışları üçün yer ayırmırlar. Onlar deyirlər ki, biz terrorçuların səsi olmaq istəmirik. Eyni zamanda, ABŞ KİV-i terror hadisələrindən sonrakı insan tələfatı ilə bağlı dəhşətli kadrları göstərmədi. Yəni onlar dövlətin maraqlarını, milli qüruru daha uca tuturlar".

Terrorizmə qarşı yeni sənəd
İsaxan Aşurovun fikrincə, ABŞ-ın BMT-yə təqdim etdiyi yeni layihə terrorizmə qarşı mübarizəni gücləndirəcək

Rəsmi Vaşinqtonun terrorizmə qarşı beynəlxalq miqyasda mübarizə tədbirlərini gücləndirmək məqsədilə hazırladığı BMT Təhlükəsizlik Şurasında qəbul olunmuş sənəd BMT-yə daxil olan təşkilatları şübhəli terrorçu fəaliyyətə qarşı mübarizəyə çağırır. Layihədə ekstremist təşkilatlarla əlaqəli dövlətlərin aşkara çıxarılması üçün informasiya mübadiləsinin aparılması nəzərdə tutulur.
BMT-yə daxil olan ölkələr terrorizmin maliyyə kanallarının tapılıb aşkara çıxarılması istiqamətində də birgə fəaliyyət göstərəcəklər. ABŞ onu da təklif edib ki, terrorizmi dəstəkləyən dövlətlərə qarşı da birgə hərbi əməliyyatlar keçirilsin.
Hüquqşünas İsaxan Aşurovun fikrincə, ABŞ-ın BMT-yə belə bir layihə təqdim etməsi beynəlxalq arenada terrorizmə qarşı mübarizənin daha da güclənməsinə təkan verəcək. Bununla belə, ekspert Azərbaycanın işğal olunmuş ərazilərini antiterror əməliyyatı adı altında azad etməsini mümkün saymır: "Vətəndaşları müxtəlif vaxtlarda terrora məruz qalmış dövlətlər BMT-nin bu sənədindən istifadə edə biləcəklər. Ancaq biz indiki halda antiterror adı ilə əməliyyatlara başlamaqla münaqişənin real mahiyyətini öz kontekstindən çıxarmış olarıq. Məsələ burasındadır ki, biz indiyə qədər təbliğatı o istiqamətdə aparmışıq ki, Ermənistan ərazilərimizi işğal edib. Digər tərəfdən, ermənilər də təbliğatlarını bu istiqamətdə qurublar ki, guya, Dağlıq Qarabağda millətlərin özünüidarəetmə hüququ uğrunda mübarizə gedir".
İsaxan Aşurovun fikrincə, hazırkı şəraitdə Dağlıq Qarabağ ermənilərini terrorçu kimi tanıtmaq da çətin olacaq: "Əslində, terror və qiyam anlayışlarının mahiyyəti bir-birindən tamamilə fərqlənir. Düşünmürəm ki, biz indi təbliğata başlamaqla Dağlıq Qarabağ ermənilərinin terrorçu kimi tanınmasına nail olacağıq. Biz sadəcə, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizə aparmalıyıq".
Azərbaycanın Dağlıq Qarabağ ermənilərinə təslim olmaq üçün konkret vaxt verməsi ilə bağlı təkliflərini qeyri-ciddi sayan Aşurov bunları deyib: "Azərbaycanı ABŞ və Rusiya ilə müqayisə etmək sadəlövhlükdür. Biz bu addımı atıb hərbi əməliyyatlara başlamasaq, gülünc vəziyyətdə qala bilərik".

ADP Siyasi Şurasında qalmaqal düşüb
Baş katib təşkilat və mətbuat katiblərinin fəaliyyətindən narazılıq edib

ADP Siyasi Şurasında sentyabrın 29-a təyin edilmiş yürüş-mitinqin təxirə salınması ilə bağlı cümə günü aparılan müzakirələr gərgin şəraitdə keçib. Siyasi Şuranın bəzi üzvləri aksiyanın keçirilməsində təkid etsələr də, baş katib Sərdar Cəlaloğlu və buna ehtiyac olmadığını bildiriblər. Partiyaya yaxın mənbədən aldığımız məlumata görə, aksiyanın təxirə salınmasının başlığa səbəbi "demokratlar"ın icazəsiz aksiyaya təşkilati baxımdan hazırsızlığı ilə bağlı olub. Belə ki, əksər rayon təşkilatlarından alınmış məlumatlar əsasında bu nəticəyə gəlinib ki, partiya mütəşəkkil aksiya keçirə bilməyəcək.
Mənbə bildirir ki, müəyyən müddət ABŞ-da səfərdə olan baş katib Sərdar Cəlaloğlu mitinqə hazırlıq üzrə təşkilat komitəsinin fəaliyyətini kəskin tənqid edib. Mitinqə hazırlıq prosesindən narazılığını büruzə verən baş katib Azərbaycanda olmadığı müddətdə təşkilati işlərin lazımi səviyyədə aparılmamasından şikayətlənib. Bundan başqa, o, icazəsiz aksiyanın keçirilməsi üçün partiyanın yetərincə təbliğat aparmadığını etiraf edib. Və buna görə mətbuat katibi Şahin Nəcəfov və onun nəzarətində olan "Hürriyyət" qəzetinin fəaliyyətini tənqid edib. Baş katibin fikrincə, mətbuat katibliyi aksiyanın təbliği, ictimaiyyətin məlumatlandırılması istiqamətində ciddi fəaliyyət göstərməyib.
Bundan sonra ADP həmsədri Rəsul Quliyevin "aksiya ya mütəşəkkil olmalı, ya da keçirilməməlidir" fikrinə istinad edən Cəlaloğlu yürüş-mitinqin təxirə salınmasına tərəfdar olduğunu söyləyib. Digər partiyaların aksiyaya mənfi münasibətini əsas gətirən baş katib bildirib ki, aksiya möhtəşəm olmasa, müxalifətdəki rəqibləri bundan ADP-ni gözdən salmaq məqsədi ilə istifadə edəcək. Sərdar Cəlaloğlu yekun olaraq bildirib ki, ADP üçün aksiyanın təxirə salmaq onu keçirməkdən daha "az itki verəcək". O, bildirib ki, digər müxalifət partiyalarının etinasız münasibəti fonunda icazəsiz aksiya partiyanın maraqları baxımından məqsədəuyğun deyil. Cəlaloğlu Siyasi Şura üzvlərinə tövsiyyə edib ki, aksiyanın təxirə salınması ABŞ-dakı terraktlardan sonra yaranmış yeni siyasi situasiya, eləcə də Gürcüstan E.Şevardnadzenin Bakı səfəri ilə əlaqələndirilsin.
Baş katibin çıxışı ilə razılaşmayan Siyasi Şura üzvlərindən bir neçəsi yürüş-mitinqin mütləq keçirilməsi təklifi ilə çıxış ediblər. ADP Ali Şurasının sədri Nurəddin Məmmədli də bu sırada olub. Narazılar bildiriblər ki, aksiyanın təxirə salınması onsuz da ADP-yə qarşı müəyyən ittihamlara səbəb olacaq. Onlar meriyanın icazə verdiyi marşrut üzrə aksiyanın keçirilməsini təklif ediblər. Eyni zamanda, onlar təxirəsalma ilə bağlı qərarın sıravi partiya üzvlərinin narazılığına səbəb olacağını, eləcə də partiyanın nüfuzuna xələl gətirəcəyini bildiriblər.
ADP Ali Şurasının sədri Nurəddin Məmmədli Siyasi Şurada aparılan müzakirələrin mahiyyəti barədə açıqlama vermək istəməsə də, mitinqin təxirə salınması ilə əlaqədar müəyyən narazılıqların olduğunu gizlətməyib: "Ümumiyyətlə, ADP Siyasi Şurasında fikir müxtəlifliyi həmişə olub. Mitinqlə bağlı müzakirələrdə də müəyyən qism aksiyanın keçirilməsi, digər qism isə təxirə salınması təklifi ilə çıxıb edib. Mən gizlətmirəm ki, müəyyən mübahisələr də olub. Sonda mitinqin təxirə salınması tərəfdarlarının arqumentləri daha güclü görünüb. İndi qəbul olunmuş qərara hamı tabe olmalıdır. Mən müzakirələdə kimin hansı mövqedə durması barədə əlavə məlumat vermək istəmirəm. Çünki bu partiyanın daxili prinsiplərinə ziddir".

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd