İdman

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Mədəniyyət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#121(345)
"Kiçik arzular elə kiçik yaşlarda da qalır"
Dünya çempionu Zeynəb Məmmədyarovanın qənaətinə görə böyük arzulu insanlar məqsədləri naminə özlərini fəda etməyi bacarmalıdırlar

Bu həftənin idman həyatında önəmli hadisələrdən biri şahmat üzrə Azərbaycan çempionatının başa çatması oldu. Bir il əvvəl 18 yaşlı qızlar arasında dünya çempionu tituluna yiyələnmiş Zeynəb Məmmədyarova ölkənin ən güclü şahmatçısı adını da qazandı. Çempionatda məğlubiyyətsiz çıxış edən beynəlxalq usta keçirdiyi 9 oyundan 8,5 xal toplayaraq, vaxtından əvvəl birinciliyin qalibi oldu. Ölkə çempionluğunu ilk dəfə bayram edən Z.Məmmədyarova ilə söhbətə bu nailiyyəti münasibətilə təbriklə başladıq və öncə nəticənin onun üçün gözlənilməz olub-olmaması ilə maraqlandıq.

- Qadınlar arasında respublika birinciliyinə özümü tam hazır bilirdim. Yarışda 3 usta şahmatçı - Elmira xanım Əliyeva, beynəlxalq usta Mehriban Şükürova və 10 yaşlı qızlar arasında dünya çempionu adını qazanmış Pərvanə İsmayılova çıxış edirdi. Əvvəlki birinciliklərdən fərqli olaraq, bu dəfə qalib şahmatçı beynəlxalq usta tituluna layiq görüləcəkdi. Ona görə də mübarizə daha gərgin keçdi. Digər yenilik isə o idi ki, 9 oyundan 7 xal toplayan şahmatçı beynəlxalq usta normasını ödəmiş sayılacaqdı. Bayaq adını çəkdiyim şahmatçılar əsas rəqiblərim idi. Ancaq özlüyümdə tam əmin idim ki, onlara qalib gələ biləcəyəm.
Bu əminlik haradan idi?
- Son vaxtlar ən müxtəlif əyani vəsaitlərdən, o cümlədən şahmat ədəbiyyatlarından istifadə etməklə oyun texnikamın cilalanması üçün çox məşğul oluram. Əmin idim ki, öyrəndiklərim məni məqsədimə çatdıracaq. Doğrusu, yarışdan əvvəl hətta yüzfaizlik nəticə göstərməyi də planlaşdırmışdım. Buna da çox yaxın idim, amma...alınmadı.
Azərbaycan çempionu adını qazanmaq şansı nə vaxtsa olmuşdumu?
- İki il əvvəl. O vaxt onqat Azərbaycan çempionu, FİDE ustası Fənarə Babayeva da çempionatda çıxış edirdi. Onda birinci yeri Elmira xanım, ikinci yeri Fənarə tutdu. Hərçənd mən onların hər ikisinə qalib gəlmişdim, ancaq sonuncu turda məğlub oldum və üçüncü yeri tutdum. Amma uduzduğum həmin görüşdə qalib gəlsəydim, çempion olacaqdım. Vaxtından əvvəl arxayınçılıq bu adı qazanmağımı iki il ləngitdi. İdmançının ən böyük bəlası özünə arxayın olub, rəqibini zəif sanmasıdır. Odur ki, indi rəqibimin kimliyindən, səviyyəcə güclü, yaxud zəifliyindən asılı olmayaraq, hamısına eyni ciddilikə yanaşdım.
Səni yarışlara kim hazırlaşdırır, yəni məşqçin kimdir?
- Xüsusi məşqçim yoxdur. Bu missiyanı atam yerinə yetirir.
İdmançı püxtələşdikcə o, güclü məşqçiyə ehtiyac duyur. Özündə həmin ehtiyacı hiss edirsənmi?
- Düzünü desəm, yox. Hərçənd atam şahmatçı olmasa da, keçmiş idmançı kimi onun psixoloji, tibbi-bioloji biliyi yarışlara yüksək səviyyədə hazırlaşmağıma kifayət edir. Bir şahmatçı kimi yetişməyimdə şahmatçı qardaşım Şəhriyarın böyük əməyi var.
Güclü qadın şahmatçılarımız Aynur Sofiyeva, Firuzə Vəlixanlı, İlahə Qədimovanın irsindən faydalanırsanmı?
- Dediyiniz insanların güclü şahmatçı olması danılmazdır. Ancaq dünya səviyyəli güclü şahmatçıya çevrilmələri üçün, zənnimcə onların şahmat biliyi kifayət qədər olmayıb. Ona görə də mən şahmat biliyimi zənginləşdirməkdən ötrü tanınmış, özü də kişi şahmatçıların təcrübəsinə istinad edir, onlardan öyrənməyə üstünlük verirəm. Və hesab edirəm ki, dünya səviyyəsində nəyəsə nail olmaq üçün güclü kişi şahmatçılardan öyrənmək daha doğru yoldur.
Dünya şahmatçıları arasında idealın varmı?
- Mənə elə gəlir ki, macarıstanlı Polqar bacıları bütün qadın şahmatçılar üçün nümunə ola bilər. Böyük bacı kişilər arasında çempion olmaq istəyib, ancaq arzusuna çatmayıb, qadınlar arasında isə istəyinə nail olub. Kiçik bacı Yudit isə indi kişilər arasında çıxış edir. O, 2680 balla reytinq cədvəlində ilk 20-liyə daxildir.ÿBu məqam kişilər arasında elita sayılır. İstərdim ki, Yudit Polqar səviyyəsinə çatım. Kişilər arasında mübarizə aparmağım isə artıq gecdir. Buna baxmayaraq, inanıram ki, kiçik bacım Türkan bunu edə biləcək.
Qadın şahmatçılarda özlərini məhz kişilər arasında təsdiq etmək istəyi nədəndir? Oyun zamanı kişi şahmatçıların üstünlüyü özünü nədə göstərir?
- Kişilər fiziki cəhətdən qadınlardan güclü olurlar. Qadınlar 7 saatlıq oyunun ən yaxşı halda 3-4 saatını normal oynaya bilirlərsə, kişilər 6 saat asanlıqla mübarizə aparırlar. Üstəlik kişilər oyun zamanı daha qətiyyətli və qərarlı olurlarsa, qadınlar riskli gedişlər etməkdən qorxurlar. Kişilər etdiklərində daha əminliklə həyata keçirir və bu səbəbdən nəticələri də yaxşı olur. Evimizi kiçiyi Türkan sırf Şəhriyarın stilində qətiyyətli və aqressiv oynamağa çalışır. İndidən onun belə oynaması, gələcəklə kişilərlə bərabər səviyyədə çıxış etməsinə imkan verəcək.
Sən gəncsən. Həyatının elə bir dövrünü yaşayırsan ki, bu yaşdı əylənmək, gəzmək istəyi insanda çox güclü olur. Şahmat bunların əvəzini verirmi?
- Böyük arzusu olan insanlar özlərini böyük məqsədlər naminə fəda etməyi bacarmalıdırlar. Adi, kiçik arzular, elə kiçik yaşlarda da qalır. Mənim arzularımsa böyükdür. O arzulara çatmaq üçün əyləncəyə yox, daha çox şahmat biliklərimi artırmağa çalışıram.
Bəziləri kompüterin şahmatçının yetişməsində müstəsna müsbət cəhətini qeyd edir, digərləri isə əksini söyləyir...
- Kompüteri bizə "BP" bağışlayıb, ona görə şirkətə münnətdarıq. Ancaq kompüteri əvvəllər də əldə edə bilərdik. Sadəcə, atam lazım bilmirdi. O, deyir ki, güclü şahmatçı kimi yetişmək üçün nəzəriyyəni gözəl bilmək və daim öz üzərində işləmək lazımdır. A.Karpovun, H.Kasparovun dövründə kompüter yox idi. Düzdür, kompüterlə çox şeyə nail olmaq mümkündür. Biz isə ondan yalnız rəqiblərin oyununu saf-çürük məqsədilə istifadə edirik. Daha çox şahmata dair ədəbiyyat və digər vəsaitlərə istinad edirik.
Yəqin ki, kompüterlə qüvvəni sınamısan? Canlı oyunla fərq çoxdumu?
- Kompüterlər hətta qrossmeyster səviyyəsində "oynaya bilir". Fərq ondadır ki, kompüterlə oynayanda qorxu, həyəcan hissi keçirmirsən. İmkan və bacarığından istədiyin kimi istifadə edirsən. Risk etmək imkanların böyük olur. Kompüterlə oyun zamanı yaranan situasiyalar və onlardan çıxış yolları yarış vaxtı şahmatçının karına gəlir. Ancaq maşınla oynamaq, insanla oyunun yerini heç cür vermir.
Sənə şahmat ailəsinin köməyi çox dəyir, yoxsa kompüterin?
- Biz kompütersiz də bu səviyyəyə gəlib çatmışdıq. Bizə kompüter bağışlananda, artıq mən dünya çempionu, Şəhriyar isə gənclər arasında şahmat olimpiadasının qızıl medalçısı idik. Gürcüstanın məşhur şahmatçısı Azmayparaşvili deyib ki, Şəhriyar güclü qrossmeysterlər səviyyəsində oynamağı bacaran idmançıdır. Yarışlara qardaşımla birgə hazırlaşmağım mənim üçün də, bacım Türkan üçün də səmərəli olur.
Qarşıda hansı yarışlar var?
- Ənənəvi Bakı kuboku uğrunda beynəlxalq turnirdən sonra, necə deyərlər, ailəlikcə - mən, qardaşım Şəhriyar və bacım Türkan İspaniyanın Oropesa şəhərində müxtəlif yaş qrupları üzrə keçiriləcək gənclərin dünya çempionatına yola düşəcəyik. Hələ yaşım tamam olmadığından, yenə 18 yaşlılar arasında oynayacağam. Bu yarışların dərhal ardınca mən və Şəhriyar İspaniyanın digər bir şəhərində təşkil ediləcək növbəti Avropa çempionatında çıxış edəcəyik. Həmin yarışlarda iştirakımız Azərbaycan Şahmat Federasiyası, Sumqayıt şəhər icra hakimiyyətinın başçısı və "Anqlooyl" şirkətinin birgə himayədarlığı sayəsində mümkünləşib. Üst-üstə düz bir ay Azərbaycanda olmayacağıq. Çox darıxacağıq. Amma həm dünya, həm də qitə çempionatında uğurla çıxış etməklə hamımızı sevindirməyə çalışacağıq.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd